Üzeyir dünyası… Üzeyir dühası ilə yaradılan musiqi dünyası… Bizim dünyamız…
XX əsrdə Azərbaycanın professional musiqi mədəniyyəti – bəstəkarlar, musiqişünaslar, musiqi ifaçıları, musiqi kollektivləri, professional musiqi təhsili sistemi və s… - bütün bunların hamısı Azərbaycan xalqının dahi oğlu Üzeyir Hacıbəyovun adı ilə bağlıdır. Təsadüfi deyil ki, Üzeyir bəyin ənənələrinin davamçılarından biri, böyük bəstəkarımız Fikrət Əmirovun dediyi «Biz hamımız Üzeyir məktəbindən çıxmışıq» sözləri dilimizdə aforizmə çevrilib.
Bəli, biz Üzeyir bəyin varisləriyik və təbii ki, Üzeyir bəyin yaratdığı musiqi dünyasını qorumaq, yüksəltmək və onu dünyaya tanıtmaq, gələcək nəsillərə ötürmək missiyası bizim üzərimizə düşür.
Hər il Üzeyir bəyin anadan olduğu tarixi günü – sentyabr ayının 18-ni musiqi ictimaiyyəti və bütün Azərbaycan xalqı «Musiqi günü» kimi bayram edir. Bu il isə bu bayram xüsusilə əlamətdardır. Bu il Üzeyir Hacıbəyovun anadan olmasının 120 illiyi tamam oldu və bu yubiley Azərbaycan Respublikasının Prezidenti cənab Ilham Əliyevin fərmanı ilə təntənəli bir şəkildə qeyd olundu.
Respublikanın bütün musiqiçiləri və musiqi kollektivləri kimi «Musiqi Dünyası» jurnalı və elektron nəşrlər mərkəzi də bu yubileyi öz hədiyyəsi ilə qarşıladı.
Xatırladım ki, elə «Musiqi Dünyası»nın 1999-cu ildə işıq üzü görmüş ilk sayının təqdimatı da məhz Üzeyir Musiqi günündə olmuşdu. Və bundan sonra, demək olar ki, hər il Üzeyir Musiqi günündə yaradıcı kollektivin yeni bir layihəsinin təqdimatı ənənəyə çevrilmişdir.
Bu il də «Musiqi Dünyası» tərəfindən Azərbaycan Internet məkanında ilk dəfə olaraq, Üzeyir Hacıbəyovun anadan olmasının 120 illiyi münasibətilə onun həyat və yaradıcılığının bütün sahələrini tam əhatə edən multimediya Internet portalı hazırlanmışdır.
Portalın təqdimatı bəstəkarın yubiley tədbirlərinin bir hissəsi olaraq, sentyabrın 17-də Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Bakı Musiqi Akademiyası və «Azərbaycan Mədəniyyətinin Dostları» Fondunun təşəbbüsü ilə Bakı Caz Mərkəzində keçirildi.
Qeyd etmək istərdim ki, «Üzeyir Hacıbəyov» Internet portalı ilə yanaşı, bu tədbirdə, həmçinin, «Musiqi Dünyası» tərəfindən həyata keçirilmiş digər layihələr də musiqi ictimaiyyətinə təqdim olundu. Bunlardan biri «Azərbaycan ənənəvi musiqi atlası» layihəsinin bir hissəsi olan «Azərbaycan etnik musiqisi» (CD) audio nəşridir. Burada Azərbaycan Respublikasının ərazisində yaşayan - Azərbaycan xalqı başda olmaqla etnik xalqların folkloru toplanmışdır. Layihənin müəllifi sənətşünaslıq doktoru, professor Tariyel Məmmədovdur. Bu layihə Azərbaycan Açıq Cəmiyyət Institutu və «Bakı Rotari klub»un maliyyə dəstəyi ilə həyata keçirilmişdir.
Digəri isə Bakı Musiqi Akademiyası ilə «Musiqi Dünyası»nın birgə hazırladığı multimediya «Bakı Musiqi Akademiyası» (azərbaycan, rus və ingilis dillərində) elektron nəşridir (DVD-CD). Layihənin müəllifi BMA-nın rektoru, xalq artisti, professor Fərhad Bədəlbəylidir. Burada BMA-nın tarixi, fəaliyyəti, strukturu əhatə olunmuşdur. Bu nəşrin daxilində Azərbaycanda ilk dəfə olaraq, «Musiqiçinin elektron kitabxanası» da öz yerini tutmuşdur və bu kitabxanadan istifadə edən şəxslər musiqi və elmi əsərlərin mətni ilə audio-vizual şəkildə tanış ola bilərlər. Onu da deyim ki, ilk dəfə olaraq belə bir nəşr Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qeydiyyata alınmışdır. Layihənin sponsoru Dünya Bankının Azərbaycan filialı və Açıq Cəmiyyət Institutudur.
Bütün bunlarla yanaşı, tədbirdə iki cildlik «XX əsr Azərbaycan musiqi mədəniyyətinin qaynaqları» (I cild: 1901-1911; II cild: 1912-1917-ci illər; Bakı, «Nurlan», 2005) kitabının təqdimatı da oldu.
Toplayanı və tərtib edəni, ön sözün, qeydlərin, lüğət və adlar göstəricisinin müəllifi: Bakı Musiqi Akademiyasının musiqi tarixi kafedrasının professoru Fərəh Əliyevadır. Kitablar Bakı Musiqi Akademiyasının Elmi Şurasının qərarı ilə Ü.Hacıbəyovun 120 illik yubileyi münasibətilə hazırlanmış və çap olunmuşdur.
I və II cildlərdə XX əsrin əvvəllərində Azərbaycan dövri mətbuatında dərc edilmiş, Üzeyir Hacıbəyovun yaradıcılığına, Bakının musiqi həyatına həsr olunmuş 500-dən artıq musiqi-tənqidi, elmi-publisistik məqalə, resenziya, oçerk toplanmışdır. Üzeyir Hacıbəyovun əsərlərinə həsr olunmuş 100- dən artıq tarixi və elmi əhəmiyyət kəsb edən məqalələr xüsusi maraq doğurur. Nəşrlər Azərbaycan musiqi tarixi mədəniyyəti ilə maraqlanan geniş oxucu kütləsi və musiqişünaslar üçün nəzərdə tutulmuşdur.
Bütün bu layihələrin məhz bəstəkarın yübileyi ərəfəsində təqdimatının böyük rəmzi mənası var. Çünki Azərbaycanda professional bəstəkarlıq məktəbi ilə yanaşı, həm etnomusiqişünaslığın, həm musiqi təhsilinin bünövrəsi Üzeyir Hacıbəyov tərəfindən qoyulub. Eyni zamanda, Ü.Hacıbəyov publisist kimi də mədəniyyət tariximizdə mühüm rol oynamışdır.
Təbiidir ki, bütün bunlar Üzeyirsevərlərə gözəl töhfədir.
Xüsusilə «Üzeyir Hacıbəyov» portalı barədə bir qədər ətraflı danışmaq istərdim. Ona görə ki, bu, nəinki Azərbaycanda, həmçinin, digər ölkələrdə də analoqu olmayan layihədir. Portalın məzmunu və əhəmiyyəti haqqında söhbət açmazdan əvvəl mən bu möhtəşəm işi həyata keçirənlərin adlarını qeyd etmək istərdim. Onun müəllifi «Musiqi Dünyası» jurnalının baş redaktoru, sənətşünaslıq doktoru, professor Tariyel Məmmədovdur. Portalın redaktoru – sənətşünaslıq namizədi, dosent Cəmilə Həsənova, Web-ustası – Alina Cahangirova, proqramçı – Dmitriy Podzvezdov, HTML kodlar - Irina Tişakova, kompüterdə hazırlama - Natəvan Rəsulova, musiqi redaktorları – əməkdar incəsənət xadimi Cavanşir Quliyev, Azad Zahid, fotoqraf – Raid Abbasovdur. Ümumiyyətlə, portalın hazırlanmasında Bakı Musiqi Akademiyasının aparıcı müəllimləri, respublikada fəaliyyət göstərən arxivlər, muzeylər, kitabxanalar iştirak etmişlər. Onlardan Azərbaycan Respubl
ikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Bəstəkarlar Ittifaqı, « Azərbaycan Mədəniyyətinin Dostları» Fondu, Azərbaycan Açıq Cəmiyyət Institutu – Yardım fondu, Azərbaycan Dövlət Televiziya və Radio verilişləri şirkəti, Azərbaycan Dövlət Səsyazıları arxivi, Azərbaycan Respublikası Dövlət Kino-Foto sənədlər arxivi, Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Milli Elmlər Akademiyası Əllyazmalar Institutu, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Bakı Musiqi Akademiyası, C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi, S. Mümtaz adına Azərbaycan Respublikasının Ədəbiyyat və Incəsənət Dövlət Arxivi, Xalq Təhsili Muzeyi, Üzeyir Hacıbəyovun xatirə Ev-muzeyi, Üzeyir Hacıbəyovun Şuşa Ev-muzeyi və Şuşa şəhəri Mədəniyyət idarəsini qeyd etməliyik.
«Üzeyir Hacıbəyov» Internet portalına çox böyük həcmdə informasiya daxil edilmişdir. Onun tutumu 20 q/b – bərabərdir. Müqayisə üçün, deyək ki, bu, 625 min çap vərəqini əhatə edir.
Bu portalın əsas səhifəsinə ümummilli liderimiz Heydər Əliyevin Üzeyir Hacıbəyov haqqında söylədiyi fikri epiqraf kimi daxil edilmişdir: «Üzeyir Hacıbəyov yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir». Elə ilk səhifədə -«Bəstəkar və şəxsiyyət» səhifəsində Heydər Əliyevin Ü.Hacıbəyovun 110 illik yubileyi münasibətilə nitqinin audio, video və çap mətni tam şəkildə öz əksini tapmışdır.
«Geneologiya» səhifəsində ilk dəfə olaraq Hacıbəyovlar ailəsinin nəsil ağacı tərtib olunmuşdur və aparılan araşdırmalar sayəsində bu nəslin nümayəndələri haqqında məlumatlar əldə edilmişdir.
Portala Ü.Hacıbəyovun musiqi əsərləri: «Leyli və Məcnun», «Koroğlu» operaları, «O olmasın, bu olsun», «Arşın mal alan» musiqili komediyaları, instrumental və vokal əsərləri daxil edilmişdir. Onu da deyim ki, bu əsərlər ayrı-ayrı Internet saytları şəklində hazırlanmışdır. Belə ki, bu saytlardan istifadə edən hər bir şəxs əsərin librettosunu, notlarını, musiqisini görüb - eşidə bilər. Bütün saytlar üç dildə tərtib olunmuşdur – azərbaycan, rus, ingilis; - «Arşın mal alan»ın isə bundan əlavə, Çin və fars dillərində səsyazısı verilir.
Məlum olduğu kimi, Ü.Hacıbəyov böyük publisist və dramaturq olmuşdur. Onun ədəbi irsi də portalda ayrıca bölmə kimi öz əksini tapmışdır. Publisistika və felyetonlar, librettolar və s. onun ədəbi irsinin qiymətli hissəsidir və bütün bunların mətnləri burada verilir. O cümlədən, Üzeyir bəyin epistolyar irsinə və elmi məqalələrinə ayrıca səhifələr həsr edilmişdir.
Ü.Hacıbəyov Azərbaycan musiqi elminin banisi olmuşdur. Onun elmi irsini əks etdirən bölmədə «Azərbaycan xalq musiqisinin əsasları» fundamental əsəri öz əksini tapıb. Ümumiyyətlə, «Azərbaycan xalq musiqisinin əsasları» Azərbaycan internet məkanında ilk elektron dərslikdir. Üç dildə tərtib olunmuş bu elektron dərslik vasitəsilə dünyanın müxtəlif yerlərində Azərbaycan ladları ilə maraqlanan hər bir şəxs əhatəli elmi didaktik məlumat ala bilər. Məsələn, hər bir ladın quruluşu, ona aid not nümunələri səslənir. Amma didaktik materiallar bölməsində bütün bu ladlar əsasında ayrı-ayrı janrlarda musiqi əsərlərini eşitmək olar.
Portalda həmçinin, Ü.Hacıbəyovun tələbələri olmuş və sonradan Azərbaycan musiqi mədəniyyətinin görkəmli simalarına çevrilmiş musiqiçilərin fotoşəkilləri verilmişdir. «Musiqi Dünyası» gələcəkdə hər bir bəstəkarın yaradıcılığını əhatə edən saytlar hazırlamağı düşünür. Hal-hazırda isə «Qara Qarayev» saytı üç dildə fəaliyyət göstərir.
Portalın «Fotoqalereya» bölməsində bəstəkarın anadan olduğu şəhərin – Şuşanın şəkilləri, ailəsi ilə birgə şəkilləri, təhsil illəri ilə bağlı şəkillər, əlyazmalarının fotosurəti, yaşadığı Bakı şəhərinin fotoları yığılmışdır.
«Videoteka» bölməsində Ü. Hacıbəyovun çıxışını, həmçinin onun əsərlərinin videolentlərini görə bilərsiniz. Onu da deyim ki, hər hansı bir əsərin videoroliki ilə yanaşı, onun not və çap mətnini eyni zamanda izləmək olar. Bu da Azərbaycan Internet məkanında yenilikdir.
«Fonoteka» hissəsində Ü. Hacıbəyovun demək olar ki, bütün musiqi əsərlərinin audio yazıları toplanmışdır.
Portalda «Ədəbiyyat» hissəsində ilk dəfə olaraq «Ü.Hacıbəyov elektron ensiklopediya»sı Azərbaycan və rus dillərində yaradılmışdır. Qeyd edim ki, «Ü.Hacıbəyov ensiklopediyası»nın çap nəşri 1996-cı ildə Azərbaycan, 2003-cü ildə isə rus dilində Nazim Ibrahimovun redaktorluğu ilə çıxmışdır. Onun icazəsi ilə indi həmin nəşrin elektron versiyası yaradılmışdır. Belə ki, burada verilmiş hər bir informasiya audio, video, not, yazı mətnləri ilə, foto materiallarla zənginləşdirilmişdir. Burada bir növ, bütün informasiyalar canlandırılır.
Portalın «Üzeyirşünaslıq» səhifəsində onun haqqında musiqişünasların elmi əsərləri toplanmışdır. «Bəstəkarın xatirəsi» səhifəsində isə tanınmış mədəniyyət xadimlərinin bəstəkar haqqında ürək sözləri verilmişdir.
Portalın «Ü.Hacıbəyova ithaf» bölməsi də bir neçə səhifədən ibarətdir.
«Tarixin canlı səsləri» hissəsində görkəmli mədəniyyət xadimlərinin Ü.Hacıbəyova həsr olunmuş çıxışları, ayrı-ayrı respublikalardan olan bəstəkarların canlı səsləri toplanmışdır. Bu bölmədə, həmçinin, musiqişünaslarımızın Ü.Hacıbəyova dair mühazirələri, çıxışları səsləndirilir. Əfrasiyab Bədəlbəylinin, Zemfira Səfərovanın, Fərəh Əliyevanın, Cəmilə Həsənovanın, Zümrüd Dadaşzadənin mühazirələri qeyd olunmalıdır.
Burada həm də Ü.Hacıbəyova həsr olunmuş musiqi əsərləri, rəsm, heykəltaraşlıq əsərləri, poeziya nümunələri, bədii film nümayiş etdirilir.
Portalın «Ü.Hacıbəyova dair» bölməsində isə dahi bəstəkarın adı ilə bağlı olan, onun yaratdığı Bakı Musiqi Akademiyası, Azərbaycan Bəstəkarlar Ittifaqı ayrıca saytlar şəklində təqdim edilir. Bu bölmədə eyni zamanda, musiqi kollektivləri Azərbaycan Dövlət Simfonik orkestri, Azərbaycan xalq çalğı alətləri orkestri və Dövlət xor kapellasının saytlarını yaratmaq nəzərdə tutulmuşdur.
Ü.Hacıbəyovun Bakıdakı ev muzeyinin görüntüləri, Şuşadakı ev muzeyinə dair məlumat və arxiv sənədləri də bu bölmədə verilmişdir.
Tədbirdə dəvət olunmuş qonaqlar- Azərbaycan Respublikasının Təhsil Naziri professor Misir Mərdanov, Təhsil Nazirinin müavini Elnar Qasımov, Əmək və Əhalinin Sosial Təminatı Naziri Əli Nağıyev, Gənclər Idman və Turizm Naziri Əbülfəz Qarayev, Rabitə və Informasiya Texnologiyaları Naziri Əli Abbasov, Ali Attestasiya Komissiyasının sədri, akademik Arif Mehdiyev, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri, professor Məleykə Abbaszadə, Prezident Aparatının Informasiya resursları və texnologiyaları mərkəzinin rəhbəri Elnur Vəlizadə, Milli Arxiv Idarəsinin direktoru Ataxan Paşayev, Neft Akademiyasının rektoru, professor Səyavuş Qarayev, Xəzər Universitetinin rektoru, professor Hamlet Isaxanlı, Texniki Universitetin rektoru, professor Havar Məmmədov, Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, Bəstəkarlar Ittifaqının I katibi, xalq artisti Vasif Adıgözəlov, respublikamızın görkəmli alim-musiqişünasları, mədəniyyət xadimləri, ziyalıları, BMA-nın professor-müəllim heyəti iştirak edirdi.
Tədbiri BMA-nın rektoru professor F.Ş.Bədəlbəyli açdı. Üzeyir Hacıbəyov multimediya internet portalı haqda sənətşünaslıq doktoru, professor Tariyel Məmmədov, təqdim olunmuş kitablar haqda professor Fərəh Əliyeva məlumat verdi. Konsert proqramında xalq artisti, professor Ramiz Quliyev, əməkdar artist Həsən Enami, əməkdar artist Murad Hüseynov, artistlər Fərid Əliyev, Dinarə Əliyeva, Nərminə Əfəndiyeva, Eyyub Quliyevin və başqalarının ifasında Üzeyir Hacıbəyovun əsərləri səsləndi.
Portalın təqdimat mərasimində iştirak edən respublikanın tanınmış ziyalıları, elm və mədəniyyət xadimləri bu layihənin əhəmiyyətindən böyük şövqlə, heyranlıqla, səmimiyyətlə danışdılar. Onların fikirlərini də diqqətinizə çatdırmaq istərdim.
Misir Mərdanov, Azərbaycan Respublikasının Təhsil Naziri: «Bu gün mən həyatımın ən əziz günlərindən birini yaşayıram. Çünki, birincisi, musiqiçilərin arasındayam, ikincisi də Azərbaycan xalqının ən böyük övladı olan Üzeyir bəyin ad gününə həsr olunmuş tədbirdə iştirak edirəm. Biz hamımız fəxr etməliyik ki, Üzeyir bəy kimi Azərbaycan xalqının yetirdiyi böyük bir şəxsiyyət olub. Lakin bu böyük şəxsiyyəti, onun gördüyü işləri nəinki dünyada, hətta Azərbaycanda yetərincə təbliğ edə bilməmişik. Bu baxımdan, mən də özümü müəyyən mənada borclu hesab edirəm. Və bu gün gördüklərim, bu gün təqdim olunan portal onu deməyə imkan verir ki, biz artıq ayılmışıq, biz dünyaya çıxmağa başlamışıq. Və bu portalın vasitəsilə biz Üzeyir bəyin ruhu qarşısında borclarımızı ödəməyə başlamışıq. Buna görə mən bu portalın yaradıcılarına təşəkkür edirəm. Bakı Musiqi Akademiyasının rektoruna və bütün əməkdaşlarına minnətdarlığımı bildirirəm».
Vasif Adıgözəlov, Azərbaycan Bəstəkarlar Ittifaqının birinci katibi, xalq artisti, professor: «Bu gün həyatımızın ən gözəl anlarını yaşayırıq, Üzeyir bəyin anadan olmasının 120 illiyini qeyd edirik. Amma Üzeyir bəy elə şəxsiyyətdir ki, biz onu hər gün yad etməliyik, hər gün onun musiqisinə, ədəbi irsinə, yaradıcılığına müraciət etməliyik. Çünki onun yaradıcılığı insanları saflığa, təmizliyə, qəhrəmanlığa, vətənpərvərliyə çağırır. Üzeyir bəyə həsr olunmuş portalın əhəmiyyəti çox böyükdür. Bu portal bütün dünyada bir daha Azərbaycan xalqının böyük istedada malik olan dahi oğlunun yaradıcılığını bütün incəliklərilə yayacaq. Üzeyir bəyin necə şəxsiyyət olduğunu bir daha dünyaya sübut edəcək. Bu baxımdan portalın əhəmiyyəti böyükdür. Lakin mən deyərdim ki, gecikmiş bir portaldır. Bu, çoxdan yaradılmalı idi. Amma geciksə də, nə yaxşı ki, indi yaradıldı. Azərbaycan Üzeyir bəyə börcludur, xalqımız ona borclu
dur. Biz hələ onu demirik ki, bu gün Üzeyir bəyin torpaqları ermənilərin ayağı altında tapdalanır. Nə qədər biz o torpaqlarımızı qaytarmamışıq, Üzeyir bəyin ruhu sakit olmayacaq. Ona görə də birinci növbədə, gərək Üzeyir bəyə borcumuzu verək. Bu baxımdan, əlbəttə ki, portal çox vacib bir işdir. Mən bu portalı yaradanları təbrik edirəm».
Əli Nağıyev, Əmək və Əhalinin Sosial Təminatı Naziri: «Mən bu portalı yaradanları ürəkdən təbrik edirəm, Sizə eşq olsun, deyirəm. Bu gün səhər belə bir söhbətin şahidi oldum: professor Abdulla müəllimdən soruşanda ki, Üzeyir bəyin ruhuna xidmət etmək necə olar; o dedi ki, vətəndaş olmaq lazımdır. Çox gözəl sözdür. Məncə, bu portalı yaratmaq vətəndaşlıqdır. Üzeyir bəy elə bir bünövrədir ki, elə bir zəngin irsə malikdir ki, bunu bir neçə kəlmə ilə ifadə etmək qeyri-mümkündür. Üzeyir bəy Azərbaycanı, azərbaycanlılığı müəyyən edən bir şəxsiyyətdir. «Dədə Qorqud», Azərbaycanın 130 yaşlı teatrı, 100 yaşı olan operası, Azərbaycanın Nizamisi, Füzulisi, Azərbaycan dili – bütün bunlar Azərbaycanlılığı müəyyən eləyən dəyərlərdir. Üzeyir bəy də təkcə şəxsiyyət deyil, Azərbaycanlılığı müəyyən edən dəyərdir».
Əbülfəz Qarayev, Gənclər, Idman və Turizm Naziri: «Mən belə hesab edirəm ki, bu gün Üzeyir Hacıbəyov portalının təqdimatı bizimçün böyük bir bayramdır. Üzeyir Hacıbəyovun dünya miqyasına müasir texnologiyalar vasitəsilə çıxarılmasında qətiyyətli və lazımlı bir addımdır. Bu, inqilabi bir addımdır. Mən bütün müəlliflərə və bu portalın yaradılmasında iştirak etmiş insanlara öz təşəkkürümü bildirirəm. Çünki bu, həqiqətən də musiqi, ədəbi, mədəniyyətşünaslıq, tarixi nöqteyi – nəzərdən çox vacib və önəmli bir portaldır. Və Internet vasitəsilə ora daxil olacaq hər bir insana bir aləm, bir dünya açılacaq. Mən ora gözəl səyahət edən insanların sayını daha çox görmək istərdim. Milyonlarla olmasını istərdim. Mən Üzeyir Hacıbəyovun Azərbaycan mədəniyyətinə verdiyi töhfəni, onun yerini və rolunu müzakirə etmək fikrindən uzağam. Çünki onun rolu danılmazdır və böyükdür. Mən bu gün böyük ustadın xatirəsini belə əzizləyən, belə yüksək tutan və onu real olaraq təbliğ edən insanlara təşəkkürümü bildirirəm».
Kamran Imanov, Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin Sədri: «Qarşımızdakı çoxlu sayda əlaqəli saytlardan ibarət olan Internet-portaldır və bu, təkcə dahi Üzeyir bəyə həsr olunmuş gözəl rəqəmli kitabxana deyildir. Internet - portal yalnız dahi bəstəkarın yaradıcılığı və onun əsərləri ilə bağlı olan zəngin multimedia bazası da deyildir, bu, ilk növbədə, bizim bənzərsiz musiqi mədəni irsimizin sistemləşdirilməsi, qorunub saxlanması və yayılmasmın ən müasir vasitəsidir. Portal həm də açıq sistemdir, bu sistem mədəni zənginləşməyə və artmağa xidmət edən elektron, rəqəmli xəzinədir. Onun professionallıqla, zərrə-zərrə və böyük məhəbbətlə toplanmış və tərtib edilmiş səhifələri insanlarda unudulmaz bir təəssürat yaradır və bu portal Azərbaycan musiqi məktəbinin banisinin yubileyi münasibəti ilə onun əziz xatirəsinə layiqli töhfədir. Internet - portal qiqabaytlarla ölçülən informasiya mənbəy
idir, lakin bu mənbənin əhəmiyyətini onun həcminin böyüklüyü müəyyən etmir, bu böyüklük dahi sənətkarın incilərinə, böyük sənət varidatına həsr olunmasındadır. Millətin böyüklüyü də onun vətəndaşlarının böyüklüyü ilə müəyyənləşdirilir. Bu layihəni həyata keçirməklə dahi Üzeyir bəyin böyüklüyünü dünyaya çatdıran şəxslərin ünvanına deyilən bütün təbriklərə böyük minnətdarlıq hissi ilə qoşuluram».
Zemfira Səfərova, AMEA-nın Memarlıq və Incəsənət institutunun şöbə müdiri, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor: «Bu günlərdə biz Üzeyir Hacıbəyovun anadan olmasının 120 illiyini qeyd edirik. Əlbəttə, bu, bizim borcumuzdur. Üzeyir Hacıbəyov Azərbaycan xalqı üçün, Azərbaycan mədəniyyəti üçün o qədər böyük işlər görüb ki, biz nə qədər eləsək, yenə də onun xatirəsi qarşısında borclu qalacağıq. Ona görə bu günkü portalın təqdimatı məni çox sevindirdi. Əlbəttə ki, bütün bunlar böyük zəhmətin nəticəsində başa gələn işlərdir. Arzu edirəm ki, bu portal daha da zənginləşsin, artsın, genişlənsin, məncə, bu, planda var. Çünki Üzeyir bəyin yaradıcılığı ilə əlaqədar olaraq, yeni əsərlər, yeni tamaşalar, yeni kitablar meydana gəlir. Bütün bunlar önəmli hadisələrdir. Mənə elə gəlir ki, belə təqdimatlar həm bizim mədəniyyətimiz üçün, həm bizim sənət adamlarımız üçün bir inkişaf stimuludur. Üzeyir bəy elə bir dühadır ki, XX əsrin elə böyük simalarındandır ki, onun yaradıcılığını ancaq yu
bileylər vaxtı yox, həmişə anmalıyıq, tədqiq etməliyik. Biz də yubiley ərəfəsində onun beş kitabdan - üç cilddən ibarət əsərlərini təqdim etdik: «Leyli və Məcnun»un klaviri və partiturasını, «Koroğlu»nun partiturasının sonuncu pərdələrini və bununla da «Koroğlu»nun partiturası bütövlükdə ərsəyə gəldi. Gələcəkdə onun bütün əsərləri çap olunacaq və mənə belə gəlir ki, portal da genişlənəcək. Üzeyir bəy çox təvazökar bir insan idi və öz əsərlərini çap etdirməmişdi. Azərbaycan xalqının onun əsərlərinə böyük ehtiyacı vardır. Onun səslənən əsərləri dillərdə əzbərdir. Ancaq onun arxivdə qalan, işıq üzü görməyən əsərləri də var. Bütün bunları üzə çıxaranda, bütövlükdə külliyyatını nəşr edəndə, biz əlbəttə ki, Üzeyir bəy qarşısında borcumuzu yerinə yetirmiş saya bilərik. Indi bu təqdimatlar da Üzeyir bəyin yubileyinə töhfədir. Mən dəfələrlə öz çıxışlarımda demişəm ki, biz Üzeyir bəyi xaricdə göstərməliyik. Onun yaradıcılığın
ı təbliğ edən ingilis dilində tədqiqatlar olmalıdır. Bu baxımdan mənim ingilis dilində nəşr olunmuş «Üzeyir Hacıbəyov və onun görkəmli sələfləri» kitabının da böyük əhəmiyyəti vardır. Mən bu portalla məşğul olanları təbrik edirəm, yeni uğurlar arzulayıram».
Hamlet Isaxanlı, Xəzər Universitetinin rektoru, professor: «Düzü, uzaqdan mənə söyləsəydilər, təsvir etsəydilər ki, belə bir portal hazırlanıbdır, heç vaxt onun bu dərəcədə gözəl, möhtəşəm, hər-tərəfli olacağını başa düşməzdim. Bunu yalnız gözünlə görüb, hiss etmək lazımdır. Bu, qeyri-adı bir əsərdir. Necə ki, Üzeyir bəy Azərbaycan musiqisinin, mədəniyyətinin tacıdır, şah əsəridir, hesab edirəm ki, bu portal da elektron dünyasının şah əsəri adlanmağa layiqdir. Bu, Üzeyir Hacıbəyovla bağlı bir dünyadır. Faktiki olaraq, Azərbaycan musiqi mədəniyyəti və ümumiyyətlə Azərbaycan mədəniyyəti haqqında çox böyük, möhtəşəm portaldır. Mən onun yaradıcılarını təbrik edirəm. Yenə deyirəm, bu, qeyri-adi bir əsərdir və mən belə başa düşdüm ki, bu, bir az da böyüyəcək və davam edəcək. Hətta mat qaldım ki, nə qədər insan bunun üzərində işləyib. Çox müxtəlif sənət adamları, musiqiçilər, proqramçılar, dizaynerlər, tərtibçilər, texniki işləri görən adamlar… Belə deyim ki, Azərbaycan elektron məkanında buna bənzə
r əsər uzun müddət yaranmayacaq. Mən sizin kollektivi bir daha təbrik edirəm və istərdim ki, sizinlə geniş əlaqələrimiz olsun, çünki Xəzər Universiteti mədəniyyətə, musiqiyə geniş yer verən, təbliğ edən bir təhsil ocağıdır. Ona görə də gərək səylərimizi birləşdirək».
Ramiz Zöhrabov, Azərbaycan Bəstəkarlar Ittifaqının katibi, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor: «Üzeyir Hacıbəyov Azərbaycanda bəstəkarlıq məktəbinin əsasını yaradıb. Çox vaxt deyirlər ki, siz xoşbəxt xalqsınız ki, belə bir bəstəkarınız var. Üzeyir Hacıbəyovun yaratdığı üçpilləli: uşaq, orta və ali musiqi məktəblərində muğam tədrisi heç yerdə yoxdur. Çünki özbəklər, taciklər muğamı ali məktəb proqramına salsalar da alınmadı. Mənə sual verəndə, deyirəm ki, Üzeyir Hacıbəyov elə əsas qoyub ki, muğam bata bilməz. Bu üç pillədə muğamı keçən adam muğamı itirə bilməz. Üzeyir Hacıbəyovun musiqi məktəblərinin, konservatoriyanın yaranmasında böyük rolu olub. Biz də onun nəvələri, nəticələriyik. Biz Üzeyir bəyin yolunu davam etdirməliyik. Bu yolu Üzeyir bəy açıbdır, biz isə onu genişləndirməliyik. Bu gün mən deməzdim ki, musiqişünaslıq geri qalıb. Əksinə, Üzeyir bəydən sonra XX əsrin II
yarısında musiqişünaslıq inkişaf edib. Biz onun lad sistemini də inkişaf etdirmişik, məqalələrində dediklərini də, çünki onun hər bir məqaləsi böyük bir məktəbdir. Bu gün «Musiqi Dünyası»nın yaratdığı Internet portalı, F.Əliyevanın tərtib etdiyi kitablar – bütün bunlar bizim tariximizdir. Bu gün böyük bir bayramdır. Üzeyir bəyin də ruhu şad olacaq».
Gülnaz Abdullazadə, BMA-nın elmi və yaradıcılıq işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru, professor: «Bu gün bu portalın təqdimatı böyük bir hadisədir. Əlbəttə ki, biz hamımız sevinirik, çünki bura bizim evimizdir və bunun bünövrəsini Üzeyir bəy qoymuşdur. Biz də bu bünövrədən qidalanırıq. Bu günlər Üzeyir bəyin 120 illiyi ilə bağlı tədbirlərdə böyük şadlıq hissi ilə iştirak edirik. Bu gün nümayiş olunan portal, kitab təqdimatı, bizim aparıcı professor – müəllim heyətinin iştirakı ilə təşkil olunan konsert, bütün bunlar, bir növ, Üzeyir bəyə kiçicik hədiyyəmizdir. Bu, bizim ona olan sonsuz məhəbbətimizin təzahürüdür. Qeyd etmək istəyirəm ki, hələ bir neçə gün yubiley tədbirləri davam edəcək, Bakı Musiqi Akademiyasının qarşısında Üzeyir bəyin heykəli önünə gül dəstələri qoyulacaq, Fəxri Xiyabanda məzarı ziyarət olunacaq, Memorial ev-muzeyinin yeni ekspozisiyasının açılışı olacaq. Əlbəttə ki, bütün bunlar bizi fərəhləndirir. Mən bu bayram münasibətilə bütün xalqımızı və bütün Üzeyirsevə
rləri təbrik edirəm».
Nazim Ibrahimov, «Üzeyir Hacıbəyov ensiklopediyası»nın baş redaktoru: «Mənə belə gəlir ki, bu portal Azərbaycanı Üzeyir Hacıbəyovun adı ilə dünyada tanıtdıracaq. Bu porlal imkan verir ki, dahi Üzeyiri tam əvvəldən axıra kimi hamı dərk etsin. Mən demək istəyirəm ki, bu, böyük zəhmətdir. «Musiqi Dünyası» jurnalı bu saat çox işlər görür. Mən də balaca bir kömək göstərdim. Üzeyir bəyin yaradıcılığını çox sevdiyim üçün vaxtilə belə bir məsələ qaldırdım və «Üzeyir Hacıbəyov ensiklopediyası»nın Azərbaycan dilində, sonra isə rus dilində çapına nail oldum. Indi həmin ensiklopediyanı latın qrafikası ilə çapa hazırlamışam. Gələcəkdə isə ingilis dilində nəşri nəzərdə tutulub. Mənə elə gəlir ki, bu da Üzeyir Hacıbəyova heykəlin bir hissəsidir. Vaxtilə mən Üzeyir Hacıbəyovun 90, 100, 110 illiyində Dövlət Komissiyasının üzvü olmuşam. Mən musiqiçi olmayaraq, Üzeyir bəyin musiqisinə vurulmuşdum və ona görə də bu işi boynuma götürmüşdüm. Bu gün də çox əlamətdar bir gündür. Mən sizə böyük təşəkkürümü bildirirəm
. Siz Üzeyir bəyin yubileyinə gözəl bir hədiyyə hazırladınız. Mən arzu edərdim ki, bizim böyük musiqiçilərimizin hamısının belə bir portalı olsun. Bunu siz edə bilərsiniz. Belə böyük işlərin öhdəsindən gələ bilərsiniz. Mən buna inanıram və sizə uğurlar arzulayıram».
Alla Bayramova, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq namizədi: «Zənnimcə, hətta xaricdə bəstəkarların yaradıcılığını əhatə edən belə portalın yaranması nadir hadisədir. Bu portal çox böyük təfsilatlarla işlənilmiş, Üzeyir Hacıbəyovun fəaliyyətinin bütün aspektləri burada çox geniş əhatə olunmuşdur. Bu, möhtəşəm bir işdir. Mən «Musiqi Dünyası»nın kollektivini təbrik edirəm və yeni uğurlar arzulayıram.».
Biz, əlbəttə ki, haqqında söhbət açdığımız təqdimat mərasiminin təşkilatçılarını qeyd etmək və öz minnətdarlığımızı bildirmək istərdik. Ilk növbədə, tədbirin sponsoru «AzEvrotell» şirkətinin prezidenti Nuru Əhmədov cənablarına təşəkkürümüzü bildiririk.
Təqdimat mərasiminin uğurlu keçməsi üçün BMA-nın rektoru, xalq artisti, professor Fərhad Bədəlbəyli, tədris işləri üzrə prorektor, professor Oqtay Abasquliyev, Elm və yaradıcılıq işləri üzrə prorektor, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə, Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Yeganə Axundova öz köməklərini əsirgəməmişlər. Buna görə biz onlara minnətdarıq.
Eyni zamanda, "Space" müstəqil teleradio şirkətinə, şəxsən musiqi redaksiyasının rəhbəri Nadir Axundova təqdimat mərasimindən apardığı çəkilişə və televiziyada işıqlandırdığına görə təşəkkürümüzü bildiririk.
Sonda Tariyel Məmmədovun çıxışından bir fikri diqqətinizə təqdim etmək istərdim. Mənə elə gəlir ki, portalın əhəmiyyətini və görülən işin həcmini qiymətləndirmək üçün bu fikrin əlavə şərhə ehtiyacı olmayacaq:
«Bütün fəaliyyətimiz boyu Üzeyir Hacıbəyovun şəxsiyyəti, yaradıcılığı bizimçün nümunə olub və qırmızı xətlə keçib. Biz hər zaman Üzeyir Hacıbəyovun amallarını həyata keçirməyə çalışmışıq. Onun 120 illiyinə həsr etdiyimiz bu portalla onu bütün dünyada təbliğ etmək məqsədini qarşımıza qoymuşuq. Müasir dövrdə isə internet məkanı bunun ən optimal, yaxın yoludur. Və nəhayət, biz istərdik ki, Üzeyir Hacıbəyov milli musiqimizin tacı olduğu kimi, eyni zamanda bu yolla ümümbəşəri sərvətə çevrilsin. Dünyanın hər bir nöqtəsində Üzeyir Hacıbəyovun adı səslənsin. Virtual dünyaya daxil edilən Üzeyir Hacıbəyovun əsərləri daim yaşayacaq».
p align>
|