FAYDALI ƏMƏKDAŞLIQ
2005-ci il iyun ayının 7-dən 15-nə kimi Litvanın paytaxtı Vilnüs şəhərində Azərbaycan musiqi mədəniyyətinə həsr olunmuş multimediya saytlarının təqdimatı keçirilmişdir. Bu tədbirdə «Musiqi dünyası» jurnalının saytlarının tədqimatı da bizimçün əlamətdardır.
Deməliyəm ki, artıq neçə vaxtdır, milli musiqi irsimizin qorunması yolunda «Musiqi dünyası» kollektivinin gördüyü işlər musiqi ictimaiyyətinin diqqət və marağına səbəb olur. Bizim hazırladığımız Azərbaycanın ənənəvi musiqisi Atlası, müxtəlif saytlar, klassik xanəndələrin səsi yazılmış disklər bu qəbildəndir.
Bu yaxınlarda Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti, professor Fərhad Bədəlbəylinin təşəbbüsü ilə BMA-da tədris kompüter mərkəzinin yaradılması layihəsinin hazırlıq işlərinə başlanmışdır. Bu layihənin koordinatorluğu «Musiqi dünyası» jurnalına həvalə olunmuşdur. Layihənin reallaşması yolunda təcrübə mübadiləsi üçün, jurnalın baş redaktoru olaraq, mənim Litvaya səfərim faydalı oldu.
Məlumdur ki, Azərbaycanın demokratik dövlət quruculuğunda açıq informasiya yolları mühüm həyatı əhəmiyyətli bir məsələdir. Lakin dövlət maliyyə dəstəyinin olmaması və infrastrukturun zəifliyi səbəbindən yerli kitabxanalar öz inkişafına görə Avropadakı analoqlarından geri qalır. Bütün bunlar təhsil ocaqlarına da aiddir. Çünki Ali məktəb kitabxanaları tələbələr üçün əsas informasiya mənbəyi kimi böyük əhəmiyyətə malikdir. Buna görə də Bakı Musiqi Akademiyasının kitabxanasında yeni informasiya texnologiyalarından geniş şəkildə istifadə olunmağa başlanması yeni təhsil sisteminin tərkib hissəsidir.
Bəs layihənin ümumi ideyası nədən ibərətdir? BMA-nın mediatekası layihəsində elə bir kompleks qurumun yaradılması nəzərdə tutulur ki, burada ənənəvi qiraət zalı qeyri ənənəvi informasiya daşıyıcıları fondunu və müxtəlif növ daşıyıcılarla (SD, DVD, audio-,video-və s.) təchiz olunmuş informasya mərkəzini özündə cəmləşdirsin. Mediatekanın bütün kompüterləri öz aralarında birləşdirilməklə yanaşı, həm də vahid məlumat bazasına qoşulur ki, bu da informasiyanın fakultələr və kafedralar üzrə paylanmasına xidmət edir. Bütün bunlar, əlbəttə ki, gələcəkdə videokonfransların keçirilməsinə və internet-radionun yaradılmasına da imkan verəcəkdir.
Bu mediatekadan yalnız BMA-nın müəllim və tələbələri deyil, həmçinin, milli mədəniyyətlə maraqlanan hər bir şəxs istifadə edə biləcəkdir. Onun tərkibində elmi-metodik laboratoriyalar da yaradılmalıdır ki, tələbələr burada səs rejissorluğu, səs yazılarının bərpası, elektron musiqinin bəstələnməsi sahəsində bilik və vərdişlərə yiyələnsinlər. Laboratoriyalarda, həmçinin, musiqişünaslar natiqlik sənətinin sirlərini də öyrənə biləcəklər.
Mediatekanın əməkdaşları tərəfindən istifadəçilərə müstəqil olaraq lazımı informasiya resurslarını axtarıb tapmaq üçün imkan veriləcək. Eyni zamanda, burada müxtəlif informasiya xidmətləri göstəriləcək,məsləhətlər veriləcək, sənədlərlə işləmək qaydaları öyrədiləcək. Mediatekada ənənəvi məlumat kitabçaları, geniş spektrli rəgəmsal elektron materiallara malik dövri nəsrlər həyata keçirilə bilər.
Mediatekanın yaradılması, həmçinin, mediatəhsilin aparılmasını da tələb edir. Bu da, təbii ki, təkcə pedaqogika və estetik tərbiyə ilə deyil, həm də bizimçün çox vacib olan sənətşünaslıq, kulturologiya, tarix, psixologiya kimi humanitar elmlərlə, musiqi təhsilinin əsas istiqamətlərinin harmonik vəhdəti ilə bağlıdır.
Mediatəhsilin metodikası tələbənin fərdi keyfiyyətlərini, onun müstəqil təfəkkür tərzini inkişaf etdirən, onun istedadını tənzimləyən, bilavasitə yaradıcı fəalliyyətə, mediamətnin qavranılmasına, struktur təhlilinə və təfsirinə yönəldən səmərəli tədris formalarından istifadə olunmasına, məsələn, evristik oyun problemlərinə dair dərslər keçirilməsinə əsaslanır. Mediatekanın yaradılması həm də musiqiçinin distansion tədris prosesini tənzimləyəcək. Onu da deyim ki, Azərbaycanda artıq bu istiqamətdə uğurlu işlər aparılır.
Qeyd etmək lazımdır ki, bu layihənin respublikamızda analoqu yoxdur. Buna görə də biz bu sahədə daha çox təcrübəyə malik ölkələrlə əlaqə yaradırıq. Bu baxımdan Litvada mövcud olan təhsil sahəsində informasiya-kompüter texnologiyalarından istifadə diqqətəlayiqdir. Belə ki, burada mütərəqqi avropa səviyyəsində informasiya-kompüter mərkəzləri fəaliyyət göstərir. Xüsusilə,elektron arxivlərin, depozitlərin metodoloji və metodik işlənilməsində, biblioqrafik və müəllif yazılarının elementlərinin təsvirində qabaqcıl təcrübə özünü büruzə verir. Bütün bunların öyrənilməsi, arxivlərin, elektron resursların, kataloqların məlumat bazasının yaradılması, onların saxlanılması və BMA-nın mediatekasında bu proqram və formalardan istifadə olunması vacibdir. Bu sahədə Vilnüslü həmkarlarımızla təcrübə labüddür.
Vilnüsə səfər çərçivəsində Azərbaycan elektron musiqi mədəniyyətinə dair «Musiqi Dünyası» jurnalının layihələrinə həsr edilmiş üç tədqimat mərasimi oldu. Bu tədbirlər Litva Musiqi və Teatr Akademiyasında,Milli Kitabxanada və Kaunas Texnologiya Institutunda keçirildi. «Musiqi dünyası»nın bütün saytları: musiqiçinin elektron kitabxanası, rəqəmsal bərpa olunmuş şərqin ilk səs yazıları ,Azərbaycan ərazisində yaşayan kiçik xalqların folkloru, virtual muzeylər, elektron kitablar və mühazirələr litvalılara təqdim olundu.
Müzakirə vaxtı Litva Akademik kitabxanalar şəbəkəsinin layihələşdirmə qrupunun rəhbərlərindən biri Vilius Kuçukas hətta qeyd etdi ki, «Mən bilmirdim,Azərbaycanda bu səviyyədə işlər görülür». Məlum oldu ki, Litvada bu cür multimediya layihələrinin həyata keçirilməsinə yenicə başlanmışdır.
Deməliyəm ki, təqdim olunan audio-videomaterialların bir hissəsi və Üzeyir Hacıbəyovun «Azərbaycan xalq musiqisinin əsasları» elektron dərsliyi Litva Musiqi Akademiyasında «Şərq musiqisi» kursunun tədrisində istifadə ediləcəkdir. Bunu, ədlbəttə ki, «Musiqi Dünyası» kollektivinin, BMA-nın professor-müəllim heyətinin nailiyyəti hesab etmək olar.
Litvalıların təqdim etdiyimiz layihələrə elmi marağı çox böyük idi. Eyni zamanda, onların bizə qarşı səmimiyyəti, diqqəti və xüsusilə Litva Musiqi və Teatr Akademiyasının rektoru, professor Eduardas Qabnis, incəsənət və elmi işlər üzrə prorektoru Yuozas Antanaviçus, Beynəlxalq əlaqələr üzrə prorektor Rima Rimsayte ,Audiovizual informasiya mərkəzinin direktoru Antanas Auskalnis, Milli kitabxananın direktor müavini Reqina Varniqe, Kaunas humanitar universitetinin musiqi texnologiyaları kafedrasının müdiri Darius Kuçinskas ilə xoş ünsiyyətlərimizi qeyd etməliyəm.
Tezliklə litvalı həmkarlarımız BMA-nın əməkdaşları ilə birlikdə mediatekanın yaradılması üzrə işə başlayacaqdır. Məsələ burasındadır ki, Tempus proqramının bütün layihələri Avropa birliyi ölkələri ilə bağlı olduğuna görə litva bu layihənin koordinatorlarından biri olacaq.
Əlbəttə ki, belə bir yüksək səviyyəli müştərək layihənin həyata keçirilməsi investisiya mühiti olmadan mümkün deyil. Bu layihənin aktuallığını qiymətləndirdiklərinə və onun reallaşması yolunda göstərdikləri köməyə görə Tempus proqramının rəhbərliyinə və onun Azərbaycandakı koordinatoru Mahir Kazımova öz dərin minnətdarlığımı bildirirəm. Insan faktoru və maliyyə dəstəyi olmadan heç bir layihə həyata keçirilə bilməz. Inanıram ki, birgə səylərimiz sayəsində yaxın gələcəkdə müasir informasiya mərkəzi BMA-nın mediatekası yaradılacaq.
Tariyel MƏMMƏDOV
ŞƏKI BÖLGƏSINƏ ELMI EKSPEDISIYA
1992-ci ildən hal-hazıradək Bakı Musiqi Akademiyası nəzdində elmi laboratoriya fəaliyyət göstərir. Son zamanlar BMA-nın professor-müəllim və tələbə heyəti ilə bərabər Azərbaycanın bir çox bölgələrinə ekspedisiya səfərlərində iştirak etmək və toplanmış materialı audio-video şəklində lentə almaq həmin laboratoriya əməkdaşları tərəfindən həyata keçirilir.
Belə ekspedisiyaların sonuncusu 2005-ci il avqust ayının 8-də Şəki bölgəsinə təşkil edilmişdir. Ekspedisiyada Bakı Musiqi Akademiyasının elmi-tədqiqat və yaradıcılıq işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə (ekspedisiya rəhbəri), həmin Akademiyanın elmi laboratoriyasının əməkdaşı Rauf Verdiyev və dosent Yalçın Abdulla iştirak etmişlər.
Şəki - Azərbaycanın ən qədim bölgələrindəndir və bildiyimiz kimi burada milli musiqimizin bir çox növləri geniş yayılmışdır. Onlardan biri yallı rəqs növüdür. Yallı - xalqımızın ibtidai, ilkin rəqs formasıdır. Əsasən Naxçıvan və Şəki bölgələrində inkişaf etməsinə baxmayaraq, milli musiqimizin digər növlərindən fərqli olaraq məhz Şəki bölgəsinin yallıları az tədqiq edilmişdir.
Ekspedisiya əməkdaşları tərəfindən qısa müddət ərzində çox geniş materiallar əldə etmiş, qocaman sənətçilərin müsahibələri və ifaları lentə alınaraq çox maraqlı faktlar əldə edilmişdir. Bu nailiyyətlərin əldə olunmasında köməyini əsirgəməyən və ekspedisiya qrupunu ilk gündən səmimiyyətlə qarşılayan rayonun Mədəniyyət şöbəsinin müdiri Elmira xanım Məmmədovanın göstərişi ilə misilsiz köməklik göstərən Mədəniyyət evinin direktoru Vaqif Kərimovun və Kiş kəndindəki Qafqaz-alban muzeyinin müdiri Ilhamə Hüseynovanın əməyini xüsusi qeyd etməliyik.
Qısa müddət ərzində hələ də qədim el havalarını, yallı və zorxanaları hafizələrində saxlayan xalq ifaçıları ilə görüş ekspedisiya qrupunun ilk nailiyyəti idi. Çünki onların ifasında 30-dan çox rəqs nümunəsi lentə alındı. Bu havaların içərisində adı bizə məlum olmayan çox qədim yallılar da vardı. Bu havalardan: Daş bulağı, Hönə Qaradağlı, Dərviş baba, Dal Dağıstanı, Kəkliyi, Cindaboru, Şəmili, Yegara, Altı qızlar və s. göstərə bilərik.
Yallılar öz tərkibinə, musiqisinə və oyun tərzinə görə bir-birindən fərqlənirlər. Yallı kütləvi rəqs olduğundan onun tərkibi 15-20 nəfərdən (və ya bundan daha artıq) ibarət olur. Elə yallı var ki, onun iştirakçıları yalnız kişilərdən və ya yalnız qadınlardan ibarət olur. Qarışıq yallılar isə (həm kişi, həm də qadınlardan ibarət) çoxluq təşkil edir. Onlar ardıcıl düzülərək (bir kişi, bir qadın) əl–ələ verib dövrə vuraraq eyni hərəkəti təkrar edərək oynayırlar. Bu dəstənin əvvəlində gedən (dəstəbaşı) iştirakçı bir əlində yaylıq və ya çubuq tutar, qalan iştirakçılar isə onun etdiyi hər bir hərəkəti olduğu kimi, eyni vaxtda təkrar edirlər.
Yallılar əsasən zurna alətinin müşayiəti altında oynanılır. Zurnaçılar dəstəsi 4 nəfərdən ibarət olur.
1. Zurna (solo);
2. Züyçü (dəmkeş);
3. Kos (böyük nağara);
4. Bala nağara (kiçik nağara).
Şəkidə zurnaçılar dəstəsi öz tərkibinə görə başqa bölgələrdəki dəstələrdən fərqlənir. Belə ki, Naxçıvanda zurnaçılar dəstəsi 3 nəfərdən ibarətdir:
1. Zurna (solo);
2. Züyçü (dəmkeş);
3. Çubuq nağara.
Çubuq nağarası iri diametrli nağaradır. Ifaçı sağ əli ilə ağzı düyülmüş iri çubuqla, sol əli ilə isə yuxarıdan ağzı düz kiçik çubuqla ifa edir.
Şəkidə də bu tərkibdə musiqiçi dəstələri çoxdur. Çünki bura zurna ifaçılıq sənətinin çox inkişaf etdiyi bölgələrdəndir. Bu da səbəbsiz deyil. Əgər Şirvan zurna ifaçılıq sənətinin təməli Əli Kərimovun adı ilə bağlıdırsa, Şəki zurna ifaçılıq məktəbinin banisi Həbibullah Cəfərovdur. Bu məktəbi zirvələrə çatdıran isə Ələfsər Şəkili (Rəhimov) olmuşdur. Onun virtuoz, əzəmətli ifası nəinki Azərbaycanda, onun hüdudlarından kənarda da tanınmışdır.
Həbibullah Cəfərov məktəbinin davamçılarından Şəkinin Böyük Dəhnə kəndində yaşayan 74 yaşlı Mərdiyev Ağamirzə Qarasim oğlunu, Oravan kənd sakini 73 yaşlı Musayev Ağasəf Abdulhəşim oğlunu və H.Cəfərovun öz nəvəsi Bayramov Laçın Əşrəf oğlunu qeyd etməliyik. 1963-cü ildə Kiçik Dəhnə kəndində anadan olmuş Laçın Bayramov hal-hazırda H.Cəfərov adına zurnaçılar dəstəsinin rəhbəridir. Dəstənin digər üzvləri aşağıdakılardır:
- 1932-ci il təvəllüdlü Alxasov Minnət Yəhya oğlu (zilçi);
- Sadıqov Məmmədiyyə Azad oğlu (kos);
- 1963-cü il təvəllüdlü Səlimov Xaqani Yaqub oğlu (kos)
Yuxarıda qeyd etdiyimiz kimi, Şəkili Ələfsər çox mahir zurna ifaçısı olmuşdur. Onunla sənətdə çiyin-çiyinə addımlayan sənətkarların, eləcə də tələbələrinin dediklərindən çox maraqlı bir faktı əldə etmiş olduq. Bu da ondan ibarətdir ki, Ələfsər Rəhimov zurna alətinə yenilik edərək, ona VIII dəliyi açmaqla bu alətin imkanlarını artırmış, daha gözəl səslənməsinə nail olmuşdur.
Hal-hazırda Ələfsər Şəkilinin nəvəsi Rəhimov Ələfsər Allahverdi oğlu, tələbələri – Məmmədov Əyyub Salman oğlu, Ismayılov Mübariz Qurbanəli oğlu, Ibrahimxəlilov Ilham Cəmaləddin oğlu bu möhtəşəm sənəti davam etdirirlər. Ibrahimxəlilov Ilham Ş.Ələfsər adına zurnaçılar dəstəsinin də rəhbəridir. Dəstənin digər üzvləri də Ələfsərlə birlikdə çiyin-çiyinə işləyiblər. Mustafayev Zabit Mustafa oğlu (zilçi) 1935-ci ildə Şəkidə anadan olub. Məmmədov Zakir Məmməd oğlu (kos) 1934-cü ildə Böyük Dəhnə kəndində doğulub. Kərimov Bəşarət Cəlil oğlu (bala nağara) 1936-cı idə Oxut kəndində anadan olub.
Sonda belə bir nəticəyə gəlirik ki, H.Cəfərovun təməlini qoyduğu və Ş.Ələfsərin zirvələrə qaldırdığı Şəki zurna ifaçılıq məktəbi bu gün çox etibarlı əllərdədir. Bu möhtəşəm sənətin artıq ənənəyə çervilərək gələcək nəsillərə ötürülməsi onu göstərir ki, bu sənətin davamçıları zurna sənətini yaşadacaq, bu böyük məktəbi qoruyub saxlayacaqlar.
Gülnaz ABDULLAZADƏ,
Rauf VERDIYEV
2005-ci il mayın 4-6 tarixlərində Türkiyənin Yüzüncü Yıl Universitetində «Genel müzik egitimində geleneksel müziklərimiz» simpoziumu keçirildi. Turkiyənin tanınmış alimlərinin iştirakı ilə düzənlənmiş simpoziumda Bakı Musiqi Akademiyasının elm və yaradıcılıq işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə və Akademiyanın elmi katibi, , musiqi tarixi kafedrasının professoru Fərəh Əliyeva iştirak etmişlər. Simpoziumda Turkiyənin tanınmış alimlərindən professorlar Ilhan Başgöz, Ali Uçan, Necati Gedikli, Abdullah Uz, görkəmli bəstəkar Yalçın Tura çıxış etdilər.
Gülnaz Abdullazadənin «Bakı Musiqi Akademiyasında milli musiqi folklor ekspedisiyalarının tədris prosesində rolu», Fərəh Əliyevanın «Azərbaycan milli musiqi alətləri üçün yeni repertuarın yaranması» mövzusunda elmi məruzələri böyuk maraqla qarşılandı
.
p align>
|