Bu məqalədə «Intelektual mülkiyyət hüquqları» anlayışı altında müəlliflik hüququ və əlaqəli hüquqlar nəzərdə tutulur. «Hüquqların təminatı» dedikdə, qanunla qorunan hüquqlara əməl edilməsini təmin edən müddəalar, «hüquqların müdafiəsi» kimi isə, pozulduğu və yaxud mübahisə obyektinə çevrildiyi hallarda müəlliflik hüququ və əlaqəli hüquqların tanınmasına yönəldilmiş tədbirlərin məcmuyu başa düşülür. Intellektual mülkiyyət hüquqlarının təminatı və müdafiəsi ilk növbədə Azərbaycan Respublikasının Konstitusiyası, «Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında» Azərbaycan Respublikası Qanunu və müəlliflik hüququ və əlaqəli hüquqlarla bağlı müddəalar daxil edilmiş digər qanunlarla tənzimlənir.
«Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında» Qanun mütəxəssislərin və beynəlxalq ekspertlərin fikrinə görə, elm, ədəbiyyat və incəsənət əsərlərinin demokratik cəmiyyətlər üçün ümümqəbul edilmiş yüksək qorunma səviyyəsinin bütün tələblərinə cavab verir.
Bu materiala əlavə etdiyimiz 1-ci cədvəldə müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində milli qanunvericiliyin və normativ-hüquqi aktların ümumi mənzərəsi, həmçinin Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq sazişlərin siyahısı əks etdirilmişdir. Göstərilən milli və beynəlxalq xarakterli sənədlər Respublika rəhbərliyinin müdrik və uzaqgörən daxili və xarici siyasəti hesabına gənc Azərbaycan dövlətçiliyinin intellektual mülkiyyət sahəsində həyata keçirdiyi əhəmiyyətli irəliləyişləri aydın göstərir.
Mövcud qanunvericilik bazasına əsasən intellektual mülkiyyət hüquqlarının təmin edilməsi məsələlərinə baxarkən, hər şeydən öncə qeyd etmək lazımdır ki, biliklərin bir sahəsi kimi intellektual mülkiyyət fövqəladə dərəcədə çoxcəhətlidir. Mahiyyətcə bu elə fəaliyyət dairəsidir ki, orada tamamilə müxtəlif planlı başlanğıclar birləşmişdir: onun mahiyyəti menecer, texniki, hətta kulturoloji, forması - həmişə hüquqi, təyinatı isə - iqtisadidir.
Ən geniş mənada intellektual mülkiyyət (müəlliflik hüququ və əlaqəli hüquqlar) elmi, ədəbi və bədii sahələrdə intelektual fəaliyyətin nəticələrinə olan qanunla təmin edilən hüquqları bildirir.
Intellektual mülkiyyət hüquqları təbiətinə görə müstəsna hüquqlardır. Mütəxəssislərin fikrincə, intellektual mülkiyyət haqqında hər hansı qanunun vacib hissələrindən biri bu qanunla intellektual mülkiyyətə verilən hüquqlara əməl edilməsinin təminatına yönəldilmiş müddəalardır. Müasir dünyada texnologiyaların və elmi-texniki yeniliklərin nəhəng artımı şəraitində hüquqların təminatı üzrə bu cür müddəalar getdikcə daha böyük rol oynayır. Söhbət təkcə təqdim olunan müəllif-hüquq qorunmasının yüksək səviyyəsi haqqında getmir, eyni zamanda əsərlərdən hüquqların pozulması ilə mümkün istifadənin təsəvvürə gəlməyən həcmi səbəbindən hüquqların pozulmasına qarşı adekvat qanunvericilik və idarəçilik reaksiyasından gedir. Bir sözlə, hər hansı ən layiqli intellektual mülkiyyət sistemində müəlliflik və əlaqəli hüquqların sahibləri üçün hüquq pozuntularının aradan qaldırılması və itkilərin kompensasiya edilməsi, hüquq pozucularına qarşı müəyyən hərəkətlərin görülməsi, həmçinin ko
ntrafaksiya məsələləri üzrə dövlət orqanlarına apelyasiya üçün onların hüquqlarının müdafiəsi təminatının məqbul imkanı yoxdursa, o, qeyri mükəmməl sistem sayılır.
Deməli, hüquqların müdafiəsini təmin edən güclü mülki-hüquqi və cinayət-hüquqi baza ilə möhkəmləndirilmiş, işi çevik və ədalətli formada qurulmuş məhkəmə sistemi olmayan milli sistem, intellektual mülkiyyətin milli institutu öz dəyərini itirir. Məşhur polyak şairi Adam Mitskeviçin dediyi kimi, “Ölkənin yaşaması üçün qanunların yaşaması gərəkdir.”
Intellektual mülkiyyət hüquqları iki istiqamətdə pozula bilər: ona məxsus olmayan intellektual əməyin nəticələrinə müəllifliyin tam, yaxud qismən mənimsənilməsi - plagiat, həmçinin intellektual nəticənin müəllifinin (hüquq sahibinin) icazəsi, yaxud razılığı olmadan istifadəsi - kontrafaksiya.
Deməli, intellektual mülkiyyət hüquqlarının təmin edilməsi -hüquq pozuntuları zamanı bu hüquqların müdafiəsinin qanunvericiliyə uyğun şəkildə rəsmiləşdirilməsi, həmçinin müəlliflik hüququ və əlaqəli hüquqların müdafiəsi və cəza tətbiq edilməsi mexanizmini göstərən proseduraların tə“in edilməsi deməkdir. Milli qanunvericilik müəllif-hüquq pozuntularına görə mülki, cinayət və inzibati məsuliyyət nəzərdə tutur.
2-ci cədvəl müdafiənin predmeti, subyektləri, forma və növləri də daxil olmaqla, müəlliflik hüququ və əlaqəli hüquqların müdafiəsi üzrə ümumi müddəaları, müəllif-hüquq pozuntularının və tətbiq olunan sanksiyaların ümumi xarakterini əks etdirir. Qeyd etmək maraqlıdır ki, müdafiənin predmeti nəinki subyektiv hüquqlar, həm də qanunla qorunan maraqlar ola bilər. Bu anlayışların yaxınlığına baxmayaraq (hər hansı müəllif hüququnun əsasında maraq vardır), bu anlayışlar fərqlənə bilirlər, yəi müəllif hüquqlarının subyektlərinin maraqları subyektiv hüquqlarla ortaq olmaya da bilər.
Hüquqların müdafiəsinin subyektləri ilk növbədə müəlliflərin özləri, əlaqəli hüquqların sahibləri, onların vərəsələri və digər hüquqi varislər ola bilərlər. Müəllifin sağlığında, adətən onun özü, yaxud vəkil edilmiş nümayəndəsi pozulmuş hüquqların müdafiəsi haqqında tələblə çıxış edir. Müəllifin ölümündən sonra onun vərəsələri, müəllif-hüquq orqanları, yaxud başqa səlahiyyətli orqan müəllifin müəllifliyinin pozulmasından, adının düzgün göstərilməməsindən, əsərinin toxunulmazlığından doğan tələblə çıxış edə bilərlər. Müəllifin şəxsi (qeyri əmlak) hüquqlarının bu kateqoriyası ayrılmaz olub, müəllifin ölümündən sonra da verilə bilməz, ancaq hüquq pozuntusundan qoruna bilər, yəni müstəsna olaraq hüquq- mühafizə funksiyası daşıyır.
Əmlak hüquqlarına münasibətdə vərəsələrin və hüquqi varislərin özlərinin əmlak maraqlarının müdafiəsi hüquqları vardır. Həmçinin qeyd edək ki, əmlak hüquqlarının pozulmasına qarşı hərəkətlər həm səlahiyyətli dövlət orqanları, həm də müəlliflərin əmlak hüquqlarını kollektiv əsada idarə edən təşkilatlar tərəfindən də həyata keçirilə bilər.
Müəllif-hüquq qanunvericiliyinin tələblərini yerinə yetirməyən fiziki və hüquqi şəxslər hüquq pozucuları hesab olunur. Qeyd edək ki, əsərin, yaxud fonoqramın hüquqi və fiziki şəxslər tərəfindən qeyri-qanuni istifadəsi: əsərin yayılması, efirə verilməsi və s. müxtəlif qeyri-qanuni hərəkətləri doğurur. Burada pozucular qismində fiziki və hüquqi şəxslər ola bilərlər. Məsələn, hətta istifadəçinin bilmədən kontrafakt məhsuldan efirdə istifadə etməsi müəllif-hüquq pozuntusu kimi təsnif olunur. Şübhəsiz, istifadəçinin kontrafakt məhsuldan istifadə etdiyini bilməməsi onun günahını yüngülləşdirən amil kimi nəzərə alına bilər, lakin bu, müəllif, yaxud əlaqəli hüquqların pozulması faktını dəyişdirmir.
Qeyd etmək lazımdır ki, müdafiə olunması barədə iddia qaldırılan müəlliflik hüququ, yaxud əlaqəli hüquqlar əgər müəyyən olunmuş qaydaların pozulması ilə əldə edilmişdirsə, itirilmiş sayılır və bu cür iddialara baxılmır.
Müdafiənin yurisdiksiya formasında hüquqları pozulan şəxs hüquqlarının müdafiəsi üzrə tədbir görülməsi üçün vəkil edilmiş səlahiyyətli orqana, məsələn məhkəməyə, yaxud yuxarı orqana müraciət edir. Bu zaman ümumi müdafiə qaydaları məhkəmə qaydaları ilə əlaqələndirilir, məhkəmə müdafiəsi vasitəsi kimi isə iddia çıxış edir. Həmçinin cavabdehə qarşı maddi - hüquqi tələblər qoyulur. Qeyd etmək lazımdır ki, şəxsi (qeyri əmlak) hüquqların pozulması ilə bağlı iddialara iddia müddəti şamil edilmir, əmlak hüquqları ilə bağlı pozuntular üzrə iddia müddəti isə iddiaçının hüquqlarının pozulması haqqında xəbər tutduğu (xəbər tutmalı olduğu) andan 3 il müddətində müəyyən edilir.
Hüquqların müdafiəsinin xüsusi forması onların inzibati qaydada müdafiəsidir, yə“ni zərərçəkən cavabdehin yuxarı orqanına müraciət edir, belə halda müdafiə vasitəsi kimi şikayət çıxış edir.
Müdafiənin qeyri yurisdik forması da mövcuddur, bu forma vətəndaşların, yaxud təşkilatların öz hüquqlarının müdafiəsi üzrə müəyyən qanuni hərəkətlərini bildirir. Məsələn, müəlliflik və əlaqəli hüquqları pozulmasına aparan göstərişlərin yerinə yetirilməsindən imtina etmək qaydasında özünü müdafiə vasitəsi ola bilər.
Müəlliflik və əlaqəli hüquqların müdafiəsinin mülki-hüquqi forması ən vacib forma sayıldığına görə, 3-cü cədvəldə hüquqların müdafiəsinin bu formasının xüsusi təsnifatı verilmişdir. Bu cədvəl bütövlükdə özündə müdafiə üsullarının ümumi mülki-hüquqi növlərini, həmçinin müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında Qanunun 45-ci maddəsi ilə nəzərdə tutulan müdafiə vasitələrini birləşdirir. Bununla yanaşı, həmin cədvəldə müəlliflik və əlaqəli hüquqların pozulması üzrə iddiaların tə“min olunması üzrə tədbirlər əks etdirilmişdir.
Mülki-hüquqi müdafiə üsulları iki qrupa bölünür: ümummülki-hüquqi və bilavasitə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunda nəzərdə tutulanlar.
Birinci qrupda nəzərdə tutulan üsullar öz təbiətinə görə birtipli deyildir, buna görə də onları müdafiə və məs“uliyyət tədbirlərinə bölmək olur. Məs“uliyyət tədbirlərinin əsas xüsusiyyəti ondadır ki, onları ancaq pozuculara qarşı tətbiq etmək olar və onların hüquq pozmasının dərəcəsi əlavə iş və öhdəliklər şəklində rəsmiləşdirilir. Məsələn, zərərin əvəzinin ödənilməsi, qeyri qanuni gəlirin tutulması, kompensasiya verilməsi, həmçinin mə“nəvi zərərə görə kompensasiya ödənilməsi məs“uliyyət tədbiri kimi tanınır. Iddiaların tə“minatı üzrə bütün xüsusi tədbirlər isə (əmlaka həbs qoymaq, əsərin kontrafakt güman edilən nüsxələrinin götürülməsi) müəlliflərin və əlaqəli hüquq sahiblərinin maraqlarının müdafiəsinin əlavə tə“minatlarıdır.
4-cü cədvəl cinayət və inzibati məs“uliyyətin təsnifatını əks etdirir və cinayətin müəyyən təsnif olunmuş əlamətlərini və tətbiq olunan sanksiyaları özündə əks etdirir. Göstərmək lazımdır ki, cinayətin tərkibini müəlliflik hüququnun obyektlərindən düzgün olmayan istifadə, həmçinin müəllifliyin mənimsənilməsi ilə böyük məbləğdə zərər vurulması təşkil edir.
O ki qaldı inzibati tədbirlərin və sanksiyaların tətbiq olunmasına, bu tədbirlərin üstünlüyü onların həyata keçirilməsinin tezliyi və sadəliyi ilə bağlıdır. Lakin etiraf etmək lazımdır ki, istər əvvəllər, istərsə də hazırda bu tədbirlərin tətbiqi kifayət qədər səmərəli deyildir.
Şərh edərkən aşağıdakıları göstərmək vacibdir: Bir halda ki, hüquq-mühafizə orqanları cinayət-hüquqi və inzibati-hüquqi normaları rəhbər tuturlar, onda həmin normaların mülki hüququn normaları ilə nisbətinə baxmaq maraqlı olardı.
Bizim fikrimizcə, normaların məcmusunda qarşılıqlı uyğunluq olmalıdır və bu, qanunvericiliyin strukturunun müsbət tərəfidir. Mövcud cinayət, üstəlik də inzibati-hüquqi sanksiyaların zəifliyi haqqında danışmazdan əvvəl, ilk növbədə onların tətbiq dairəsinin səlis olmamasını qeyd etmək lazımdır. Əslində bu qeyri-səlisliyin mənfi tərəfi intellektual sahədəki piratlara özünün müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsindəki bütün qeyri qanuni fəaliyyətini mülki-hüquqi meydana keçirməklə cinayət və inzibati məs“uliyyətdən qaçmağa imkan verir.
01.09.2000-ci il tarixə qədər qüvvədə olan köhnə qanunda belə idi (Cinayət Məcəlləsinin 140-cı maddəsi). Yeni Cinayət Məcəlləsində (165-ci maddə) hüququ tətbiq etmənin sərhədləri daha çox dürüstləşdirilib, bu sahədə tədbirlər differensiallaşdırılıb və dəqiqləşdirilib, lakin “böyük zərər” anlayışı vardır. Bu anlayış məs`uliyyətin bölünməsi tədbiri kimi xidmət edir.
Demək lazımdır ki, prinsipcə biz güclü dövləti cinayət-inzibati məcburiyyətin tərəfdarı deyilik. Lakin elə vəziyyət yaranır ki, bu zaman intellektual mülkiyyət sahəsində hüquq pozuntuları hədsiz miqyas alır və təhlükəli həddə çatır, nəinki təkcə iki subyektin (hüquq pozucusunun və zərər vurulan şəxsin) eyni zamanda çoxlu vətəndaşın, dövlətin maraqlarına toxunur. Belə hallarda münasibətlər artıq fərdi hüquq dairəsindən kütləvi hüquq dairəsinə keçir.
Məsələn, piratların həddən artıq iri məbləğdə gəlir götürmələri, üstəlik həmin məbləğdən vergi ödəməmələri, istehsalçıların birbaşa aldadılması və s. cinayətlər artıq ictimaiyyət üçün kifayət qədər təhlükəli bir vəziyyətə gətirib çıxarır. Nəhayət, cəzasız qalan hüquq pozucuları müəyyən mənada özlərini qanundan yüksəkdə, cəmiyyətin üstündə hiss edirlər. Bu, məsələnin bir tərəfidir. Ikinci tərəf onunla bağlıdır ki, kütləvi miqyaslı pirat məhsulunun qeyri leqal yayılmasının qarşısını mülki məhkəmələr çərçivəsində almaq mümkün olmur. Audio-video yazmaların kommersiya dövriyyəsi ilə bağlı yüzlərlə iddialar üzrə cavabdehlər ola bilər, üstəlik də həmin cavabdehlərin arxasında təşkil olunmuş qruplar dayana bilər.
Bir sözlə, söhbət kütləvi və fərdi ittihamların ağlabatan birləşdirilməsindən gedir. Üstəlik, onu da yaddan çıxarmaq olmaz ki, cinayət-hüquqi tədbirlərin əsas məqsədi təkcə cəzalandırmaq yox, eyni zamanda xəbərdarlıq, cinayətin profilaktikası xarakteri daşımalıdır. Cinayət-hüquqi tədbirlərin tətbiq olunmasının sərhədlərinin dəqiqləşdirilməsi ilə yanaşı, onlar tətbiq olunarkən pirat məhsulun müsadirə olunması məqsədəuyğundur, həmçinin cərimələrin tətbiqi zamanı onların ölçüləri artırılmalıdır.
Bu hissənin sonunda xüsusi qeyd etmək lazımdır ki, hüquqların müdafiəsi üzrə əsas qayğı müəlliflərin, yaxud onların nümayəndələrinin (məsələn, Müəllif Hüquqları Agentliyinin) üzərinə düşməli və mülki məhkəmə çərçivəsində həll olunmalıdır. Bu inamı bizdə ilk növbədə cinayət işlərinin o qədər də tez-tez qaldırılmadığı Avropa və Amerika hüquq tətbiqetmə praktikası yaratmışdır.
Dünyanın heç bir ölkəsində polis, hüquq-mühafizə orqanları hüquqların müdaifəsi işində hüquq sahiblərindən qabaqda getmirlər, təşəbbüs həmişə müəllifdən, yaxud hüquq sahibindən çıxmalıdır.
Göstərilən cədvəllər üzrə deyilənləri şərh qaydasında ümumiləşdirməklə bir daha qeyd edək ki, intellektual mülkiyyət hüquqlarının müdafiəsi işində fərdi və kütləvi ittiham arasında balans olmalı, onların tətbiq dairəsi dəqiq məhdudlaşdırılmalı, lakin müstəsna hüquqlar müdafiə edilərkən əsas iş fərdi hüquq, mülki proses çərçivəsində həyata keçirilməlidir. Bu, fikrimizcə, intellektual mülkiyyət dairəsində hüquqpozmalara dövlət reaksiyasının vahid prosesidir.
p align>
|