Fevralın 22-i Opera studiyasının zalında «Brodvey Bakıda» başlığı altında dinləyicilərə təqdim olunmuş konserti böyük məmnuniyyətlə xatırlayıram. Xüsusən də geniş auditoriyalı bu gecəyə müəyyən parlaqlıq gətirmiş məhşur «Uestsayd əhvalatı» müziklindən fraqmentləri. Yəqin ki, buna görə əsərin natamam, başqa məhşur ifadə ilə desək, «kupyuralı» ifasını nəzərə almayıb, həmin günü «Uestsayd əhvalatı»-nın Bakıdakı premyerası hesab edənlərlə, ilk növbədə konsert barədə resenziyalar dərc etdirmiş müəlliflərlə razılaşmaq olar. Auditoriyanın əksəriyyətində özünü büruzə verən bu cür münasibət Bakı dinləyicilərinin XX əsrin şedevrlərindən birinə olan xüsusi marağını təsdiqləyir. Əslində konsertin əsas təşkilatcılarından biri Amerika musiqisinin təbliğatı ilə məşğul olan «Amerika səsləri» assosiasiyasının bədii rəhbəri Con Fergüson tərtib etdiyi proqramda sadəcə XX əsrin məşhur dirijoru, musiqi təbliğatcılarından biri, bəstəkar
Leonard Bernstaynın (1918-1991) ölümünün 10 illiyini qeyd etmək məqsədini güdürdü. Bunun üçün bəstəkarın ən populyar əsərini seçmiş, iştirakçılar kimi Boliviya Simfonik Orkestrinin rəhbər və dirijoru Deyvid Həndel, amerikalı bariton və xor dirijoru Ayra Spoldinqi, habelə bizim musiqiçilərimiz-Opera studiyasının bədii rəhbəri Azad Əliyevin başcılığı altında Opera studiyasının orkestrini, özlərini dəfələrlə səhnədə sınamış gənc vokalçıları (Fəridə Məmmədova, Həsən Enəmi, Gülnaz Ismayılova, Ruslan Əliyev, Əkrəm Poladov və başqaları) cəlb etmişdi.
Qeyd edək ki, proyektin həyata keçirilməsində ABŞ Səfirliyinin, o cümlədən ictimai əlaqlər attaşesi Ceyms Siyardın böyük rolu olmuşdu.
XX əsr musiqi dramının inkişaf tarixi cağdaş dövrün rəngarəngliyi, mozaikliyini əks etdirən orijinal, yekparə əsərlər çoxluğu ilə əlamətdardır. Bu sıradan S.Prokofyevin «Romeo və Cülyetta» baleti, F.Pulenkin «Insan səsi» monooperası, C.Gerşvinin «Porgi və Bess» operası, E.L.Uebberin «Iisus Xristos» rok operasını vurğulamaq olar. Onlardan biri də L.Bernstaynın «Uestsayd əhvalatı» müzuklidir ki, məhz onun yarandığı-1957-ci il tarixindən etibarən musical janrı öz çicəklənmə dövrünə qədəm qoyur, bu sahədəki növbəti tapıntılara «Mənim gözəl ledim», «Gülməli qız», «Əziz Ceriti» , «Musiqi səsləri», «Oliverə»-ə yol açır. Bakı melomanlarına «Uestsayd əhvalatı» 1961-ci ildə ssenari müəllifi Ernst Leman, rejissor Robert Uayz, horeoqraf Cerom Robbins və bəstəkar Leonard Bernstaynın əməkdaşlığıyla yaranmış eyniadlı kinofilmdən yaxşı tanışdır: qaynar, enercili, gözəl, lirik, ülvi səhifələrlə zəngin musiqi, filmin ayrılmaz atributu-rəqslər, əsas ifacılar, Uestsaydın, eləcə də XX əsrin ab-havasını, çalarları
nı canlandıran dekorasiyalar, kostyumlar..
Umumiyyətlə bu əsəri «bəxti gətirənlərə» şamil etmək olar. Və bunun ilkin səbəbkarı musiqidir. Onun mövcud məişət mahnı və rəqs janr ənənələrilə əlaqələrini qırmayan, eyni zamanda orijinal, yeni, müəllif dəst-xəttini üzə çıxaran musiqisində elə bir məxfi məftunedici bir qüvvə, ruh, ifa və təfsir potensialları cəmlənib ki, bircə qənaətə gətirib: «Uestsayd əhvalatı»-nın gələcək versiyaları hələ irəlidədir (hər halda musiqinin bəzi üslub layları - caz və rok sferalarında bu axtarışlar başlanıb). Fərqli və vacib cəhətlərdən digəri də odur ki, əsərin dramaturji ideyası, materialın, fonun təsviri və təqdimatında zəmanəyə münasiblik prinsipini hakim seçərək maksimal dərəcədə ətraflılığı, geniş, əhatəli rakurslu, qəhrəmanların çoxplanlı ifadəsini şərtləndirir. Kinomüzikl bunu daha əyani şəkildə əks etdirib: böyük bir şəhərin ucqarları, həyətləri, qəhrəmanların gündəlik həyatının vaqe olduğu yerlər, zirzəmilər ön planı tutur. Mətnin müxtəlif səviyyədə danışıq, ifadəli melodik oxuma, recitativ, qışqırıq, müx
təlif intonasiya eniş-yoxuşlarında təqdimatı konsepsiyadan törənib musiqini özünə tabe edir.
Və nəhayət müəllifin özqə materiala müraciət vasitəsilə süjet seçməsi-dahi Şekspirin «Romeo və Culyetta» faciəsinin XX əsr qoynunda canlandırılması - əbədi mövzunun bütün traktovkaları kimi maraq doğurur. Lakin bir qədər «uzaqgörməz» bu baxışa qərq olmayaq. Əsası - xaricən qabaran «mövzunun köçürülməsi» prinsipi arxasında gizlənmiş ideyanın sezilməsi, tapılmasıdır. Bernstayn aləmində bu hətta missiya əhəmiyyətinədək yüksəlir: «Mənim üçün gənclik mövzusu və gənclərlə ünsiyyət olduqca vacibdir. Bu, həyatımızın əsas qayələrindən biridir, çünki gənclik - gələcəyimizdir. Öz bildiklərimi, hisslərimi onlarla məmnuniyyətlə bölüşürəm.»
Ilk əvvəl dinləyiciləri müziklin dramaturji xəttinin əsas mərhələlərinə - qəhrəmanların solo və ansambl nömrələrinə hazırlaşdıracaq "Simfonik rəqslər" D. Hendelin dirijorluğu altında səsləndi. Süita 4-cü şəkildəki Blyuz, Mambo, Ça-Ça və instrumental nömrələrdən götürülmüş bir neçə fraqment - əsas leytmotivlər ardıcıllığından ibarət idi. Orkestirin ifasının səliqəliyi, dirijorun dürüst jesti arxasınca getməsi (bu cəhətdən zərb alətləri qrupu xüsüsi fərqlənirdi) diqqətəlayiq idi, halbuki bəzi məqamlarda bir-sıra nyuansların daha dolğun ifadəsində (Mambo və Ça-Sa nomrələrində itən ritmik itilik; «Somewhere» mahnısında bu sözün tələffüzünə təsadüf edən kulminasiyanın həddən çox tez həlli; tutti yerlərində mis nəfəslilər və simlilər arasında cuzi disbalans) çətinliklər gözə çarpırdı. Lakin ümumi temperamentin tam qavranılması əsas nailiyyət olub Mambo rəqsində daha da parlaq ifadəsini tapdı.
«Uestsayd»-ın vokal nömrələrində isə gənc vokalçılarımızın fərdi tembrləri, ifa simalarının üzə çıxması getdikcə intensivləşirdi və bu nöqteyi-nəzərdən «Brodvey Bakıda» gecəsi vokal ifacılığımızın son nailiyyətlərini əks etdirən müsabiqələr, bir-sıra parlaq konsertlərə (ilk növbədə F.Məmmədova, H.Enəmi, R.Əliyevin iştirakilə kamera və monumental konsertlər) yaxınlaşırdı. Təqdim edilən 8 nömrədən 3-ü «Maria», «One hand, one heart», «I feel pretty» - Toni və Mariya obrazlarının solo nömrələri olub F.Məmmədova və H.Enəminin professional ifasında səsləndi.
Köməkçi obrazların ifaçıları - Səbinə Əsədova (Anita) və Lena Sarafanovanın (Rozaliya) parlaq aktyorluq məharətini, mədəniyyətini xüsusi olaraq vurğuladım: düzü bu iki vokalçını özüm üçün kəşf etdim. S.Əsədovanın yaratdığı Anita həm tembr, həm səhnə davranışı cəhətdən fərqlənib, demək olar ki, bütün auditoriyaya güclü təəssurat buraxdı. Gözəl, dramatik sopranoya, həmçinin ciddi, klassik ifa tərzinin müəyyən mə’nada maneciliyi duyulmaya bilməzdi: müziklin ən ülvi, incə səhifələrindən biri daha da emosional, duyumlu təfsirə (frazirovkada, bə’zi ibarələrin aydın emosional təqdimatında, xüsusən - bir daha təkrarlayım - «Somewhere» nömrəsinin kulminasiyası olan sekunda intonasiyasına qəlbən, həssaslıqla varmağa) ehtiyac duyulurdu.
Eyni vəziyyəti müziklin iki süitası arasında bir növ fasilə-intermediya olan Corc Gerşvinin «Porgi və Bess» operasından fraqmentləri açmış Gülnaz Ismayılova və A.Əliyevin dirijorluğu ilə orkestrin ifasındakı Klaranın laylası «Summertime»-da müşahidə etmək olardı. Bildiyimiz kimi, Amerika musiqisinin ən populyar incilərindən olan «Summertime» həm musiqi, həm də dramatik ifa baxımından çətin sayılır, üstəlik tembr seçimində də müəyyən tələblər qoyur (artıq bizim zəmanədə Gerşvin şedevrinin klassik, akademik tərzdə ifası heç bir dinləyicini qane etmir; hətta deyək əksinə: haradasa «naümid qoyur»). Öz aydın, şəffaf, xüsusilə münasib (!!!) sopranosu ilə «Summertime» pərəstişkarlarının qəlbini oxşayan G.Ismayılovanın da ifasında həmin klassik ifa, manera qanunlarına aludəcilikdən irəli gələn qapalılıq, materiala adi, yeni əlavələrdən məhrum yanaşma özünü büruzə verirdi.
Amerikalı bariton, xor dirijoru Ayra Spoldinqin ifasındakı iki Gerşvin nömrəsi - «I got plenty of nothin’» və «It ain’t necessarily so» -dinləyiciləri etinasız qoya bilməzdi: bu, məlahətli elastik səslə qüsursuz aktyorluq məharəti və səhnə mədəniyyətinin uyğunlaşması nümunəsi idi.
Ümumilikdə professional səviyyədə, təntənəli əhval-ruhiyyədə bitmiş bu gecədən daha nə yadda qaldı? - Həm konsertin müşahidəcisi kimi, həm də ifacılarımızın adından cavab verə bilərəm ki, hər bir musiqiçi fəaliyyəti üçün gərəkli, ibrətamiz, xoş anlardan olan başqa, özü də xarici musiqiçilərlə əməkdaşlıq, şərikli iştirak. Amerika və Azərbaycan musiqiçilərinin əməkdaşlığının, Azad müəllimin bildirdiyi kimi, xoş məşğuliyyət olması bir çox yaradıcı çətinliklərin, problemlərin arxa plana çəkilməsinə bais olurdu. Istər orkestrantlar, istərsə də gənc ifaçılarımız hansısa bayrama hazırlaşırmışlar kimi məşğələlərə gəlir, həmkarlarını diqqətlə dinləyirdilər.
Sonradan yaradıcı heyətlə apardığım söhbətdə açıqladığım bütün təəssüratlarımı yəqinləşdirib, bir-sıra yeni təfərrüatlardan da xəbərdar oldum.
- Keçirdiyiniz konsert «Uestsayd əhvalatı»-nın demək olar ki, ilk tamaşasıdır. Müzikl sahəsində cüzi səhnə təcrübəsi görmüş ifaçılarımızın rastlaşdığı çətinliklər və hansısa nailiyyətlər vardırmı?
Deyvid Həndel (dirijor):-Şübhəsiz ki, bu əsərin öz problemləri var və bunlar əsas e’tibarilə tələffüzlə, dialektlə, vurğu sistemi ilə əlaqədardır. Eynilə də musiqi: amerika musiqisinin ümumi prinsipi, üslub cəhəti-qarışıqlıq, çoxmillilik burada da bir sıra ritmik çətinlikləri üzə çıxarır. Onların öhdəsindən gəlmək üçün ABŞ-ın özündə göz açıb yaşamalı, onun zəngin, özünəməxsus musiqisini təşkil edən müxtəlif etnik koloriti, xüsusən Latın Amerikası, Meksika, Afrika və Amerika zəncilərinin musiqisini duymalısan.
Lakin azərbaycanlı həmkarlarım bu işdə tam hazırlıqlarını, tez qavrama qabiliyyətlərini nümayış etdirdilər, olduqca kiçik bir müddətdə əsəri öyrənərək məşğələlərə başladılar. Düzünü deyim ki, onlardan gözləmədiklərim nyüanslara da nail oldular. Qeyd etmək istərdim ki, L.Bernstaynın «Simfonik rəqslər»-i həm texniki, həm də üslubi cəhətdən istənilən orkestr üçün çətin əsərdir və bu barədə R. Ştrausun poemalarına yaxındır. Repetisiyalara ayrılmış çox qısa müddətə baxmayaraq, sizin musiqiçilər öz əməkdaşlıq arzusu, ruhu və səyləri nəticəsində gördüyünüz effektə nail oldular.
Vokalçıların isə çox gözəl səsləri, tembrlərini, onların fərdi iste’dadını vurğulayardım. Əməkdaşlarımdan orkestrin konsertmeysteri, skripkaçı Şəhla Ibrahimovanı, vokalistlərdən Fəridə Məmmədova, Həsən Enəmi, Səbinə Əsədova və Leyla Sarafanovanı xüsusi qeyd etmək istərdim.
Azad Əliyev (dirijor): - Mənim fikrimcə bizim vokalistlər bundan da çətin əsərlərlə işləyiblər. Hesab etmirəm ki, «Uestsayd əhvalatı» «Aida» yaxud «Traviata»-dan çətindir. Əksinə, bu musiqi çox asanlıqla qavranılır, hiss olunur. Orkestrantlarımıza da əhsən ki «Simfonik rəqslər»-i üç gün ərzində öyrənib yaxşı ifa etdilər.
Ümumiyyətlə, Amerika musiqiçiləri ilə əməkdaşlığımız ərzində bir çox maraqlı məlumatlara yiyələndik, yeni tədris metodları, üsulları ilə tanış olduq. Şəxsən mənə Ayra Spoldinqin məşğələləri güclü tə’sirlər göstərdi: o, olduqca savadlı, ciddi və maraqlı musiqiçidir, həm də ünsiyyətə açıq bir insandır. Tələbələrimiz böyük məmuniyyətlə onun musiqi, frazirovka, dil və səhnə davranışı üzərində apardığı məşğələlərə gəlirdi. Dirijor Deyvid Həndelin də yaxşı məktəb keçmiş, professional bir musiqiçi olduğu duyulur.
Fəridə Məmmədova (bədii rəhbərin assistenti, Mariya rolunun ifaçısı): - Məncə, əsas çətinliklər ifaçıların, xüsusilə oğlanların azlığından irəli gəlirdi, məhz buna görə 12 nəfərdən ibarət oğlanlar dəstəsini cəmi 6 ifaçı nümaiş etdirirdi. «Jet song» nömrəsində baritonların, faktiki olaraq, qıtlığı üzündən zil kişi səsləri artırılmışdı. Səhnə qurumu da (orkestrin «yama»-da yox, səhnədə yerləşdirilməsi) bu çatışmazlığı nəzərə çarpdırırdı.
Ifanın özü ilə bağlı çətinliklər böyük yer tuturdu. Toni və Mariyanın partiyalarını istisna etsək, burada sərbəst, danışıq dilinə yaxın, estrada tipli oxuma tərzi üstünlük təşkil edir. Bu isə bir çox, xüsusən səhnə fəaliyyətinə yenicə başlamış vokalistlər üçün böyük kompleks problemləri yaradır. Və əlbəttə ki, ingilis dilini lazımi səviyyədə bilməməyimiz də özünü göstərdi. Gələcəkdə mətn üzərində daha mə’suliyyətli işləməmizi, onu bütövlüklə qavramağımızı istərdim.
Ümumilikdə isə, bə’zi qeyri professional momentləri nəzərə almasaq, konsert ilk ifa nöqteyi-nəzərdən çox müvəffəqiyyətlə keçdi. Buraya bütün (hətta heç vaxt səhnəyə çıxmamış) tələbələrin cəlb olunması müsbət haldır, bu onların səhnədə orkestrlə təcrübəsi üçün çox vacibdir.
- Amerika bəstəkarlarından kimin əsərini bizim ifaçılarla birgə işlərdiniz?
D.H.: - Əgər bu sualı yalnız mənə verirsinizsə, deyərdim ki, bütünlüklə «Uestsayd» müziklini və «Porgi və Bess» operasını. Sonradan isə başqa Amerika bəstəkarlarını - S.Barber, A.Koplend, C.Biano, C.Taueri təbliğ edərdim.
Musahibimin son cavabı xoş bir mücdə kimi səslənir, çünki doğrudan da istər ifaçılarımızın, istərsə də dinləyicilərimizin çoxdankı arzusudur. Onun həyata kecirilməsində «Amerika səsləri» assosiasiyasına və bütün ifaçılarımıza, Opera studiyasının orkestrinə və Azad müəllimə çoxlu qüvvə və münasib imkanlar arzulayaq.
Kim bilir, bəlkə də «Porgi və Bess» operasının Bakıdakı premyerası çox-çox yaxınlarda həyata keçiriləcək. Lakin unutmayaq ki, hər bir məqsəd, özü də ciddi bir məqsədin öz ərsəyə gətirilmə müddəti var və bunun üçün vaxtdan lazımınca istifadə etməyi ifaçılarımıza məsləhət bilək.
Turan MƏMMƏDƏLIYEVA
* * *
p align>
|