Muzeylərdə…
-
 


       Bura ömrün aynasıdır təmiz, ləkəsiz,
        Hər zərrəsi brilyantdan, qızıldan baha.
        Üzeyirin ev-muzeyi sənət Məkkəmiz,
        Bu gün dönüb ən müqəddəs ziyarətgaha.

Tofiq Bayram


       20 noyabr 1975-ci il Azərbaycan mədəniyyəti tarixinə şanlı bir səhifə kimi daxil olmuşdur. Həmin gün ümumtürk mədəniyyətinin sütunu sayılan dünya şöhrətli dahi bəstəkar, publisist, dramaturq, alim, pedaqoq, filosof-tarixçi, tərcüməçi, ictimai xadim və əvəzsiz Insan olan Üzeyir bəy Hacıbəyovun Bakıda ev-muzeyi açılmışdır. Bu mezeyin açılışı bəzi səlahiyyətli şəxslərin laqeydliyi, məsuliyyətsizliyi üzündən düz 26 il ləngimişdir. Hələ 1949-cu il fevral ayının 16-da, Üzeyir bəyin vəfatından üç ay sonra Azərbaycan hökuməti Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyovun adının əbədiləşdirilməsi haqqında doqquz bənddən ibarət qərar qəbul etmişdir. Qərarın 4-cü bəndində göstərilirdi ki, Ü. Hacıbəyovun Bakıda və Şuşada ev-muzeyləri açılsın. 1959-cu ildə Şuşada, "Çölqala" məhəlləsindəki evlərində Üzeyir Hacıbəyovun ev-muzeyinin açılışı oldu. Bakıdakı ev-muzeyi isə 26-ildən sonra 1975-ci ildə Üzeyir bəy Hacıbəyovun anadan olmasının 90 illik yubiley şənliklərində möhtərəm Heydər Əliyevin şəxsi təşəbbüsü və yaxından kömək liyi sayəsində açıldı və bütün musiqisevərlərin, Üzeyir bəy pərəstişkarlarının ziyarət yeri oldu.
       Muzeyin yaranmasında əlaqədar təşkilatlar – Mədəniyyət Nazirliyi, Yasamal (keçmiş Okyabr) rayonunun rəhbərliyi böyük qayğı ilə lazımi işlər görmüşlər. Lakin ən çətin və məsuliyyətli iş isə uzun illər Üzeyir bəyin şəxsi katibi olmuş, Konservatoriyada rektorun birinci müavini vəzifəsində çalışmış, Ü. Hacıbəyovun baldızı oğlu Ramazan Xəlilovun əhdəsinə düşmüşdür. O, muzeyin açılmasında, ekspozisiyanın qurulmasında bilavasitə iştirak etmiş, ömrünün sonuna kimi də muzeyə rəhbərlik edərək onun çiçəklənməsinə çalışmışdır.
       Üzeyir Hacıbəyovun ev-muzeyi Bakının akademik Şamil Əzizbəyov (keçmiş Verxni Priyut; Ketsxoveli) küçəsi 67 saylı binada yerləşir. Dahi sənətkar ömrünün 27 ilini (1915-1942) bu evdə yaşamış, bir sıra ölməz əsərlərini də məhz burada yaratmışdır.
       Muzey beş otaq, bir şüşəbəndən ibarətdir. Binanın zirzəmisində böyük zövqlə hazırlanmış kino zalı və "yaradıcılıq görüşləri" otağı yerləşir. Muzeyin ekspozisiyası buraya gələnləri Azərbaycan musiqisinin klassiki, milli bəstəkarlıq məktəbinin yaranmasında və təşəkkül tapmasında əvəzsiz yeri olan Üzeyir bəy Hacıbəyovun həyat və fəaliyyətinin parlaq səhifələri ilə tanış edir. Burada bəstəkarın uşaqlıq, gənclik illərindən, Şuşa şəhərində, Qori müəllimlər seminariyasında, daha sonra Sankt-Peterburq konservatoriyasında təhsil aldığı dövr haqqında məlumat almaq olar. Muzeyin qonaqları dahi sənətkarın ehtiyatla qorunub saxlanmış şəxsi əşyaları – yazı masası, kitabxanası, royalı, skripkası, özünəməxsus geyimləri, maraqlı sənədlər, nadir afişalar, proqramlar, fotolar, musiqi alətləri ilə tanış olurlar. Burada hər şey onun sağlığında olduğu kimidir. Tamamlanmamış, yarımçıq qalmış "Azərbaycan" simfonik poemasının partiturası indi də Üzeyir bəyin iş otağındakı yazı masasının üstündə qalmaqdadır. Ümumiyyətlə, mu zeyin ümumi fondu ilbəil artaraq 10 minə yaxınlaşmışdır.
       Muzeyimizin ekspozisiyasında bütün Şərqdə ilk opera sayılan "Leyli və Məcnun"dan başlayaraq, klassik "Koroğlu"ya kimi olan musiqili səhnə əsərlərindən danışılır. Musiqinin hər bir janrında – opera, operetta, balet, kantata, xalq çalğı alətləri "notlu" orkestri üçün fantaziyalar, mahnılar, romanslar, rəqslər və s. əsərlər yazan ölməz bəstəkarımız Üzeyir bəy Hacıbəyov 1937-ci ildə bütün operaların tacı olan məşhur "Koroğlu" əsərini yazmış, bununla da özünə uca, əlçatmaz abidə qoymuşdur.
       Burada, dünya şöhrəti qazanmış, 66 xarici dilə tərcümə edilmiş, 120 teatrın səhnəsində tamaşaya qoyulmuş, dörd dəfə (üç dəfə Bakıda, bir dəfə ABŞ-da) ekran həyatı yaşamış "Arşın mal alan" operettası haqqında məlumat verilir. "Arşın mal alan" Los-Ancelosda, Nyu-Yorkda, Çikaqoda, Çində, Türkiyədə, Iranda, ərəb ölkələrində, Hindistanda, habelə Çexiyada, Slavakiyada, Polşada, Bolqarıstanda və başqa xarici ölkələrdə tamaşaya qoyulmuş və böyük müvəffəqiyyət qazanmışdır. Muzeydə Los-Ancelosdan, Nyu-Yorkdan, Türkiyədən, Irandan, Pekindən, Praqadan, Tallindən, Tbilisidən, Həştərxandan, Aşqabaddan, Buxaradan və s. şəhərlərdən əldə edilmiş afişalar, proqramlar və fotolar saxlanılır.
       Üzeyir bəy Hacıbəyov hər cəhətdən qabil bir şəxsiyyət olmuşdur. Onda olan yüksək bəstəkarlıq qüdrətiylə böyük tədqiqatçı-alimlik istedadı bir-birini tamamlayır. Ədəbi gücü və əhəmiyyəti baxımından onun publisistikası və ədəbi yaradıcılığı heç də musiqi əsərlərindən geridə qalmır. 1903-1948-ci illərdə publisistika ilə də məşğul olan Ü. Hacıbəyov iki mindən yuxarı publisist yazılarla mətbuat orqanlarında çıxış etmiş, məqalələri 64 təxəllüs altında işıq üzü görmüşdür. Dörd qəzetin "Tərəqqi" (1908-1909), "həqiqət" (1909-1910), "Yeni iqbal" (1915-1916), "Azərbaycan" (1919-1920) qəzetlərinin baş redaktoru olmuşdur. Üzeyir bəyin yaradıcılığının bu sahəsi də muzeydə geniş işıqlandırılır.

       Məlumdur ki, Üzeyir bəy Hacıbəyov "Koroğlu" operasından başqa bütün opera və operettalarının musiqisilə bərabər, bədii mətnini də, librettosunu da özü yazmışdır. Ümumiyyətlə, Ü. Hacıbəyov zəngin, qiymətli musiqi irsi qoymasaydı belə, o, öz adını Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixinə görkəmli ədib, mühərrir, dramaturq və tərcüməçi kimi yazmış olardı. Bu barədə muzeydə ətraflı məlumat verilir.
       Muzeyin birinci otağı bəstəkarın kabinetidir. Bu otaq böyük sənətkarın sağlığında necə vardırsa, eləcə də saxlanılır. Iş masası, yumşaq kreslolar, divan, dairəvi kiçik stol. Bir zamanlar bu masa ətrafında Üzeyir bəy öz dostları, həmkarları, əqidə sirdaşları ilə əyləşər, musiqimizin, incəsənətimizin qarşısında duran vəzifələrdən söhbət açardılar. Bu evdə xalqımızın görkəmli oğulları, Məhəmməd Əmin Rəsulzadə, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid, Abdulla Şaiq, Cəfər Cabbarlı, Süleyman Sani Axundov, Məmməd Səid Ordubadi, Səməd Vurğun, Müslüm Maqomayev, Hüseynqulu Sarabski, Bülbül, habelə rus musiqi xadimlərindən Rəxmaninov, Qlier, Şostakoviç, Prokofyev, Şaporin, Vasilenko, Şalyapin, gürcü bəstəkarı Poliaşvili, Arakişvili, kazax bəstəkarı Jubanov və başqaları olmuşlar. Muzeydəki fotolar həmin dostluğun tarixini əks etdirir.
       Muzeyimizin eksponatlarından söhbət açarkən bəstəkarın skripkasından, royalından, xüsusi danışmaq lazım gəlir. Üzeyir bəy Hacıbəyovun Qori müəllimlər seminariyasındakı təhsil illərindən bəhs edən ekspozisiyada bəstəkarın şəxsi skripkası əsas yer tutur. Bu alətdə Ü. Hacıbəyov Qori müəllimlər seminariyasında çalmağı öyrənmiş, sonralar isə o, həmin skripkada "Leyli və Məcnun" (1908-ci il) operasının ilk tamaşasında orkestrdə birinci skripkanın partiyalarını ifa etmişdir. Onu da qeyd etmək lazımdır ki, Üzeyir bəy skripkadan əlavə daha iki musiqi alətində –violonçel və bariton adlanan nəfəsli alətdə də çalmağı bacarırdı.
       "Vekker" alman firmasına mənsub olan qara royal da tamaşaçıların marağına səbəb olur. Məhz bu royalda Üzeyir bəy Hacıbəyov özünün ən gözəl əsərlərini, o, cümlədən yaradıcılığının zirvəsi olan "Koroğlu" operasını (1932-1937) yazmışdır. Deyirlər ki, Ü. Hacıbəyov heç vaxt əsərlərini royal arxasında bəstələməzdi. Öncə yazı masası arxasında işləyər, beynindəki musiqini not vərəqlərinə köçürər, bundan sonra royalda həmin musiqini çalar və düzəlişlər edərdi.
       Muzeyin ən qiymətli eksponatlarından biri bəstəkarın anadan olmasının 60 illiyi münasibətilə 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası tərəfindən ona verilən nəfis xalçadır. Xalçanın mərkəzində Ü. Hacıbəyovun əksi, onun sağında "Leyli və Məcnun", solunda isə "Koroğlu" operalarından fraqmentlər toxunmuşdur. Xalçanın yuxarı hissəsində bəstəkarın Ikinci Dünya müharibəsi illərindəki yaradıcılığı, aşağıda isə Şərq və Qərb musiqi alətləri göstərilmişdir. Burada ümumiyyətlə, Üzeyir bəy Hacıbəyovun "Leyli və Məcnun"dan "Koroğlu"ya qədər keçdiyi yaradıcılıq yoluna nəzər salmaq olar. Cəmi 24 günə Bakıda xalçaçı qadınların toxuduqları bu xalçada Azərbaycanın bütün rayonlarına xas olan milli çeşnilərdən, ornamentlərdən istifadə edilmiş, sənətkara xalq məhəbbəti özünün parlaq təzahürünü tapmışdır.
       Muzeydəki maraqlı eksponatlardan biri də 1945-ci ildə Üzeyir bəyin 60 illik yubileyi ilə əlaqədar bəstəkara Cənubi Azərbaycandan, Təbrizdən hədiyyə edilmiş gümüş güldandır. Güldanın üzərində əski əlifba ilə yazılmış təbriklə bərabər, "Leyli və Məcnun", "Koroğlu" operalarından, "O olmasın, bu olsun", "Arşın mal alan" operettalarından fraqmentlər həkk olunmuşdur.
       Ikinci otaq bəstəkarın yataq otağıdır. Burada ev-əşyaları, eləcə də müxtəlif illəri əks etdirən fotolar, həmçinin şəxsi geyimləri – paltosu, kostyumu, frakı nümayiş edilir. Qara frakda Üzeyir bəy dəfələrlə öz əsərlərinə dirijorluq etmişdir.
       Üçüncü otaqda Üzeyir bəy Hacıbəyovun bəstəkarlıq, müəllimlik, o cümlədən ictimai işlərdəki fəaliyyəti göstərilir. Fəxri mükafatlarını əks etdirən xüsusi vitrində dahi sənətkarın müxtəlif illərdə təltif olunduğu ödüllər öz əksini tapır.

       Muzeydə bəstəkarın opera və operettalarına xüsusi guşələr ayrılmışdır. Bu əsərlərin proqramları, afişaları, ifaçılarının fotoları və s. burada göstərilir. Üzeyir bəyin yaratdığı bəstəkarlıq məktəbinin nümayəndələrinin də fotoları bu otaqda nümayiş olunur.
       Dördüncü otaq bəstəkarın qonaq otağıdır. Burada da hər şey Üzeyir bəyin sağlığındakı kimidir. Onun yemək otağına məxsus ev-əşyaları burada nümayiş edilir. Bu əşyalar nə qədər qonaqların, ziyafətlərin şahidi olmuşlar.
       Sonuncu, beşinci otaq isə matəm otağı adlanır. Burada böyük sənətkarın vəfatından yarım saat sonra həykəltaraş Fuad Əbdürrəhmanov tərəfindən gipsdən çıxarılmış üzünün və əllərinin surəti saxlanılır. Divardan isə unudulmaz şairimiz Səməd Vurğunun Üzeyir bəyin dəfni mərasimindəki mitinqdə çıxış edərkən çəkilmiş foto-şəkli asılmış və Üzeyir Hacıbəyova həsr edilmiş şerdən bir bənd lövhəyə həkk olunmuşdur.
       Muzeyin şüşəbəndində sərgilər nümayiş edilir, dahi sənətkarın adının əbədiləşdirilməsi, əsərlərinin dünya şöhrəti qazanması barədə gələn qonaqlara məlumat verilir.
       "Yaradıcılıq görüşləri" otağında müxtəlif tədbirlər keçirilir. 37 nəfərlik kino zalda isə böyük sənətkarın həyat və fəaliyyətindən bəhs edən sənədli filmlər, "O olmasın, bu olsun", "Arşın mal alan" kinofilmləri nümayiş edilir. Muzeydə bütün ekskursiyalar Üzeyir bəy Hacıbəyovun gözəl, həmişəyaşar musiqisi ilə müşayiət olunur.
       Üzeyir Hacıbəyovun ev-muzeyində "Şərq musiqisinin atası" sayılan dahi sənətkarın zəngin irsi toplanır, öyrənilir, təbliğ edilir, elmi-tədqiqat işi aparılır, muzey daxilində və muzeydən kənarda tematik sərgilər nümayiş etdirilir, yaradıcılıq gecələri, müsabiqələr, konfranslar, ədəbiyyat, mədəniyyət, incəsənət xadimləri ilə görüşlər keçirilir. Üzeyir bəyin çox sevdiyi "Novruz" bayramı ənənəvi olaraq hər il qeyd edilir, böyük bəstəkarın doğulduğu 18 sentyabr günü müntəzəm olaraq təntənəli şəkildə keçirilir, vəfat etdiyi 23 noyabr isə hər il xatirə günü kimi qeyd edilir, tez-tez məzarı ziyarət olunur.
       Bunlardan əlavə muzeyimizdə bir-birindən maraqlı konsertlər keçirilir. Muzeyin 25 illik fəaliyyəti dövründə keçmiş SSRI-nin bir çox respublikalarından şəhərimizə qastrola gələn pianoçular, skripkaçılar, violonçelçalanlar, vokalçılar, eləcə də Azərbaycanın sənət adamları, müxtəlif saylı musiqi məktəblərinin şagirdləri Üzeyir Hacıbəyovun ev-muzeyində maraqlı konsert proqramları ilə çıxış etmişlər. Bu gün də ənənə davam edir. Muzeydə "Üzeyir Hacıbəyovun əsərlərinin ən yaxşı ifaçısı" adlı müsabiqələr keçirilmişdir. Istedadlı müğənni kimi rəğbət qazanan Mələkxanım Əyyubova ilk dəfə bizim muzeydə həmin müsabiqənin laureatı olmuşdur.
       Dahi bəstəkarın yubileyləri ilə bağlı muzeyimizin əməkdaşları respublikamızın bir çox şəhər və rayonlarında, eləcə də Moskvada, Sank-Peterburqda, Tbilisidə, Dağıstanda olmuş, onların yaxından iştirakı ilə bu yerlərdə Üzeyir bəyin yubileyləri keçirilmişdir.
       25 il ərzində muzeydə elmi sahədə də çox işlər görülmüşdür. Əməkdaşlarımız tərəfindən Üzeyir bəy Hacıbəyovla bağlı müxtəlif mövzularda elmi işlər yazılmış, kitablar nəşr olunmuşdur. Məsələn, 1996-cı ildə "Azərbaycan" nəşriyyatının direktoru Nazim Ibrahimovun rəhbərliyi altında nəşr olunan "Üzeyir Hacıbəyov" ensiklopediyasının hazırlanmasında muzeyimizin bilavasitə köməkliyi olmuşdur. 1997-ci ildə "Bayatı" nəşriyyatında bu sətirlərin müəllifinin "Üzeyir Hacıbəyovun publisistikasında musiqi məsələləri" adlı kitabı nəşr edilmişdir. Respublikamızın tanınmış şairlərinin Üzeyir bəy Hacıbəyova həsr etdikləri şerlərdən (toplanmış şerlərin bir hissəsi) ibarət "Şöhrət tacı" mini kitabı isə professor, mərhum Ramazan Xəlilov və Səadət Qarabağlı tərəfindən tərtib edilmiş, 1998-ci ildə Azərbaycan" "Kitab" cəmiyyətində işıq üzü görmüşdür. Bunlardan əlavə muzey əməkdaşlarının mütəmadi olaraq mətbuatda məqalələri dərc olunur, radio və televiziya verilişlərində çıxış edirlər.
       Muzeyimizdə dünyanın bir çox elm, mədəniyyət, incəsənət, ədəbiyyat xadimlərinin Üzeyir bəy hacıbəyov haqqında xatirələri, ürək sözləri, muzeyə həsr olunmuş şerləri saxlanılır.
       Üzeyir Hacıbəyovun ev-muzeyinə həm respublikamızdan, həm də yaxın və uzaq xaricdən tez-tez qonaqlar gəlir. Burada dünyanın hər yerindən – Amerikadan, Kanadadan, Fransadan, Ingiltərədən, Almaniyadan, Yaponiyadan, Çindən, Türkiyədən, Irandan, Liviyadan, Misirdən və s. ölkələrdən müsafirlər təşrif buyururlar. Fəxri qonaqlar kitabında dünya xalqlarının 52 dilində yazılmış maraqlı ürək sözləri bir daha dediklərimizi təsdiq edir. Ümumiyyətlə, Üzeyir Hacıbəyovun ev-muzeyinə gələn hər bir qonaq bu mədəniyyət məbədinə valeh olur, heyrətlərini gizlədə bilmirlər.
       Bütün bunlarla yanaşı muzeyin genişləndirilməsinə və təmirinə çox ehtiyac var. Bizim ən böyük arzumuz muzeyi genişləndirib, yeni ekspozisiya otaqları təşkil etmək, 150 nəfərlik kino və konfrans salonu tikdirməkdir. Ümumiyyətlə, bu muzeyin mədəniyyət mərkəzinə çevirmək vaxtı çatmışdır. Bu, muzeyə gələn qonaqların da arzusudur. Bu gün qarşımızda duran ən ümdə vəzifələrdən biri də istilik sisteminin quraşdırılmasıdır. Çünki muzeydə əşyaların, eksponatların normal vəziyyətdə saxlanması üçün müəyyən lazımi temperatur olmalıdır. Əks halda həddindən artıq soyuq və yaxud isti olduqda əşyalar xarab olur. Onların qorunması müşkülləşir. Muzeydəki eksponatlar isə hələ çox əsrlər, qərinələr yaşamalı, gələcək nəsillərə çatdırılmalıdır.
       2000-ci ilin noyabr ayının 20-də Üzeyir Hacıbəyovun ev-muzeyinin yaranmasının 25 illiyini böyük təntənə ilə qeyd etdik. Respublikamızın Mədəniyyət Naziri, xalq artisti, professor Polad Bülbüloğlu başda olmaqla mədəniyyət nazirliyinin rəhbər işçiləri, Yasamal rayonunun Icra hakimiyyətinin rəhbərləri, Azərbaycanın tanınmış ədəbiyyat, incəsənət, mədəniyyət xadimləri, ziyalılar, həmkarlarımız və xarici qonaqlar bizi yubiley münasibətilə təbrikə gəlmişdilər.
       Üzeyir Hacıbəyovun ev-muzeyinin tarixində əsrin dörddə biri artıq arxada qalmışdır. Bu illər ərzində muzeyin rövnəqləndirilməsi üçün çox işlər görülmüşdür. Onun şöhrəti Azərbaycanın sərhədlərini keçmişdir. Lakin biz bununla kifayətlənmirik. Qarşıda görüləsi işlərimiz hələ çoxdur. Üzeyir bəyin müqəddəs ruhu bu vəzifələrin yerinə yetirilməsinə kömək olar, inşallah!

Səadət QARAHAĞLI

-
        Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi özünün bütün tarixi boyu Azərbaycan musiqisinin nümayəndələrinə, mühüm tarixlərə, mövzulara və hadisələrə həsr olunmuş tədbirlər, sərgilər, mühazirələr yaradıcılıq görüşləri keçirilmişdir. Lakin son illər muzeydə həmçinin dünya musiqisinin, xüsusən Qərbi Avropa və rus musiqisinin hadisələri və yubiley tarixləri ilə əlaqədar tədbirlər keçirmək ənənə halını almışdır.
       Jurnalın ötən nümrəsində fortepianonun 300 illiyinin bayram edilməsi haqqında artıq məlumat verilmişdir. Bundan sonra R. I. Çaykovskinin 160 illiyi və Cüzeppe Verdinin vəfatının 110 illiyinə həsr olunmuş tədbirlər keçirilmişdir. Hər iki tarix üçün muzeyin fondlarından sərgilər hazırlanmışdır Niyazinin mənzil muzeyi filialında təşkil olunmuş Çaykovskinin yubileyinə hərs olunmuş sərginin "Azərbaycanda Çaykovski operası və baleti" adlanmasına baxmayaraq, sərgi eksponatları həm də dahi bəstəkarın Bakıda səslənmiş instrumental əsərləri haqqında, onun əsərlərinin hətta Azərbaycandan kənarda bizim musiqiçilər tərəfindən təsfir etmələri haqqında məlumat vermişdir. Belə ki sərgi eksponatlarından ən qədimi 1916-cı ilin dekabrında Bakı Ümumi məclisinin (indiki Filarmoniya) zalında keçirilmiş Caykovskinin əsərlərindən ibarət konsertin proqramı olmuşdur. Bəstəkarın yaradıçılığının xaricdə təbliğinə gəldikdə isə Niyazinin rolunu qeyd etməmək olmaz. Onun əsərinin gözəl təfsirçisi olan Niyazi dəfələrlə Törkiyəyə " Yevgeni Onegin" (1963-cü il Ankara, noyabr 1965-ci il Istanbul) və "Qaratoxmaq qadın" (1966-67-ci illər Ankara) operalarının quruluşu üçün dəvət olunmuşdur. Bunu maestronun türk operasının artistlər ilə fotoşəkilləri sübut edir. Sərgidə ilk dəfə olaraq rəssam F.Qusakın "Yevgeni Onegin" operası üçün 40-50-ci illərin kostyum və dekorasiyalarının eskizləri nümayış eskizləri nümayış etdirilmişdir. Sərgidə həmçinin müxtəlif illərdə Azərbaycan Dövlət Opera və Balet teatrının səhnəsində çıxış etmiş Çaykovskinin opera və baletlərindən partiyaların ən yaxşı ifaçılarının fotoşəkilləri təqdim olunmuşdur. Bunlar Fatma Muxtarova ("Çereviçki"- də Soloxa), Mustafa Topçiyev (Yevgeni Onegin"də Onegin), Qəmər Almaszadə və Leyla Vəkilova, Fərəngiz Əhmədova ("Qaratoxmaq yadın"da Liza), Xuraman Qasımova ("Yevgeni Oneqin"də Tatyana) və bir çoxlarındır.
       Tədbirin konsert proqramında Bülbül adına II müsabiqənin laureatı, Opera və Balet teatrının solisti Fəridə Məmmədova, Bakı Misiqi Akademiyasının tələbəsi Əyyub Quliyev, Bülbül adına məktəbin şagirdləri Çaykovskinin əsərlərini və onların Azərbaycan xalq alətləri üçün uyğunlaşdırılmış musiqisini ifa etmişlər.

        Azərbaycan Musiqi Mədəniyyəti Dövlət muzeyinin direktoru Alla Bayramova "Mədəniyyət sərvətlərinin qeyri-qanuni yolla çıxarılması və ya mənimsənilməsi təqdirində onların yenidən vətənə qaytarılması" mövzusunda Kambocada keçirilən 11-ci sessiyanın işində iştirak etmək məqsədilə 2001-ci il martın 6-dan 10-dək Pnom-Pen şəhərinə ezam edilmişdi.
       Həmin sessiyada 25-dən artıq ölkənin nümayəndəsi iştirak etmişdir. Lakin bunlarda, Azərbaycan da daxil olmaqla, yalnız 15 ölkə YUNESKO-nun hökümətlərarası komitəsinin üzvi idi.
       Öz məruzələrində A. Bayramova Ermənistanın işğal etdiyi ərazilərdə Azərbaycanın mədəni sərvətləri məsələsinə toxunmuşdur. Məlum olduğu kimi, təcavüz nəticəsində 4 şəkil qalereyası və 22 muzey, o cümlədən Şuşadakı Üzeyir Hacıbəyovun, Bülbülün ev-muzeyləri kimi musiqi muzeyləri və Ağdamdakı Qurban Pirimovun ev muzeyi və Azərbaycan xalqının çoxsaylı tarixi mədəni abidələri işğal olunmuşdur.
       A. Bayramova işğal olunmuş torpaqlarda qalan sərvətlər probleminə YUNESKO-nun və beynəlxalq ictimayyətin diqqətini cəlb etdi, onların taleyi üçün narahatçılığını bildirdi və bu harədə sessiya iştirakçılarına məlumat verdi. Bu istiqamətdə artıq həm mədəniyyət nazirliyi, həm də Beynəlxalq Muzeylər Şurası IKOM-un Azərbaycan Milli Komitəsi də müəyyən işlər görmüşdür. Hər hansı bir ölkənin digər bir ölkənin mədəni dəyərlərinin zəbt etməsi halları tarixdə az deyil. Lakin bu heç də həmişə həmin sərvətlərin məhvi demək deyil. Məsələn, qədim romalılar fəth etdikləri Yunanıstanın mədəni abidələrini nəinki məhv etmədilər, hətta Roma imperatorluğunun hakimiyyəti dövründə onun bütün hüdudlarında təbliğ etdilər və gələcək nəsillər üçün qorudular.

       Ikinci dünya müharibəsindən sonra Almaniyadan SSRI dövlətinə gətirilmiş sərvətlər nəinki məhv edilmədi, həmçinin muzeylərə paylanaraq indiyədək qorunmaqdadır.
       Bizdə isə əsas var deyək ki, Ermənistan çalışır ki, Azərbaycana məxsus olan mənəvi sərvətləri məhv edərək, unutdurmağa can atır. Buna sübut üçün üürünc monumental büstün Azərbaycana qaytarılmasıdır. Bu büstlər Gürcüstana bərpa olunmaq üçün deyil, metal kimi əridilib satılmaq üçün gətirilmişdi. Bunları Gürcüstandan almaq mümkün olmuş və hal-hazırda Incəsənət muzeyində saxlanılır. Buna sübut olaraq büstlərin üzərində güllə izlərini görmək mümkündür. Axı onlar nə siyasətçi, nə diktator, nə hərbiçidilər, onlar incəsənət adamlarıdırlar. Qarabağda doğulmuş – şairə Natavan və iki dahi musiqiçi – Ü. Hacıbəyov və Bülbüldür.

       Ötən il Cex milli muzeyinin filialı olan Cex musiqi muzeylərindən klavişli musiqi alətləri oğurlanmışdır. Bu Praqanın hüdudlarından kənarda yerləşən saxlançlarda pianino, royal, fisqarmon, pozitiv orqan alətləridir. Onların axtarışı ilə Interpol məşğuldur. Güman olunur ki, oğurlanmış alətlər xaricə aparılıb muzeylərə və kolleksiyaçılara təklif oluna bilər. Bütün dünyada kriminal aləmin diqqəti muzeylərə yönəlib. Muzeylərə aid xüsusi dövri mətbuatda davamlı olaraq bu və ya digər ölkələrin muzeylərində baş vermiş oğurluqlar haqqında məlumat dərc olunur. Istisnalar olmaq şərtilə əksər hallarda oğurlanmış bir eksponat haqqında söhbət gedir. Bir neçə il əvvəl Moskvadakı M. I. Qlinka adına musiqi mədəniyyəti muzeyindən biri Antonio Stradivari olan 2 ədəd qiymətli skripka oğurlanmışdı. Həmçinin Stokholmdakı muasir inçəsənət muzeyindən Pablo Pikassonun və Corc Brakın 7 əsəri, Kopenhaqen muzeyindən 5 antikvar zərgərlik məmulatı oğurlanmışdır. Ağır və irihəcmli 12 musiqi al ətinin oğurlanması faktı nadir hadisədir.

       Azərbaycan Musiqi Mədəniyyəti Dövlət muzeyi də daxil olan Beynalxalq Muzeylər Şurası (IKOM) nəzdində Beynəlxalq Musiqi Muzeyləri və Kolleksiyaları Komitəsi (CIMCIM) növbəti yığıncağını IKOM-un XIX Baş Konfransı çərçivəsində 2001-ci ilin iyulun 1-dən 6-dək Barselonada keçiriləcəkdir. Sessiyanın mövzusu: "Ekspozisiyada musiqi alətləri: Nümayış, Muhafizə və Annotasiya"dır.
       2002-ci il üçün isə Sankt-Pererburqda CIMCIM-in yığıncağı nəzərdə tutulur. Oraya Teatr və Musiqi muzeyinin direktoru Koşelev tərəfindən musiqi muzeylərinin əməkdaşları dəvət olunmuşlar.

Zemfira ƏSƏDOVA






Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70