Modern, modernizm və postmodern haqqında çox danışılıb, çox yazılıb. Lakin həm geniş oxucu auditoriyası, həm də peşəkarlar tez-tez bir cəhəti unudurlar ki, «yeni» mənasını verən ingilis sözü «modern»-dən əmələ gələn hər üç anlayış XIX əsrin sonu və XX əsr incəsənətinin təkcə və sadəcə üslubu sistemlərini və cərəyanlarını özündə ehtiva etməyib, nəsə daha böyük məna kəsb edir. Bu «nəsə» - müasir incəsənətin rəngarəng forma və texnologiyaları arxasında gizlənən və onları hökmlə idarə edən bəşəri mədəniyyətin əbədi mifləridir.
Ötən əsrin sonunda aydın oldu ki, hər hansı vahid mədəniyyətin nüvvəsini təşkil edən mif - «yalnız fikir deyil, həm də layihədir və özlüyündə müəyyən enerji potensialına malikdir» (1, s.10). Mifin enerjisi sosial kollektivləri qidalandırır, mədəniyyət formalarını və institutlarını yaradır, insanlara həyati-vacib layihələri yerinə yetirmək üçün güc verir. Başqa sözlə, hər bir mif dünyaquruculuğu potensialına malikdir. Mifin enerjisi tükənən kimi isə onun yaratdığı dünya mənzərəsi də dağılır və ona əsaslanan sosial-mədəni icmanın dağılmasını da qaçılmaz edir.
Geniş mənada modern mifi - Maarifçilik cərəyanının nəhəng layihəsidir. Və bu - Tomazo Kampanellanin utopiyasına gedib çıxan, ənənəvi mədəniyyətin dayaqları ilə kəsişən, ilahi olanı inkar edən və dünyanın yenidən qurulmasında ümidlərini insan ağlına, onun rasionalizminə bağlayan layihədir. Nəhəng maarifçilik layihəsi iki tarixi versiyada həyata keçir - Qərb və Şərq. Bunlardan birincisi - liberal dəyərləri, ikincisi - sosialist dəyərləri rəhbər tutur.
Biz modernin sosialist versiyasının süqutunu birbaşa, canlı yaşadığımız halda, liberal tipli modernin transformasiyasını kənardan, əgər estetik deməsək - mədəni paradiqmaların yalnız dəyişilməsi halı kimi qəbul etdik. Halbuki 1970-ci illərin sonunda J.F. Liotar tərəfindən «postmüasir» vəziyyət, yəni postmodern kimi qiymətləndirilən dəyişikliklərin nəticəsi Qərb cəmiyyətinin - davranışın sosial streotiplərindən və maliyyə sistemindən tutmuş, geosiyasətədək - bütün sahələrini əhatə etmişdi. Bu mənada postmodernist paradiqma sivilizasiyanın qlobal dəyişikliyi deməkdir. Postsovet məkanında yaranmış ideoloji vakuum tezliklə postmodern təsisatları və prioritetləri ilə doldu. Paradiqmaların əvəzlənməsindən ən tez mədəniyyət fenomeninin daha «xalis» növü olan incəsənət təsirləndi. Azərbaycan bədii mədəniyyətində postmodern paradiqramasının ilkin yayılma simptomları demək lazımdır ki, 1980-cı illərin ortalarından görünməyə başlayır. Lakin, ölkənin nə kulturoloq, nə də, xüs
usən, sənətşünas alimləri həmin prosesi dərk etməyə cəhd göstərməyiblər. Axı, məhz incəsənətin yuxarıda qeyd etdiyimiz cəhətinə söykənən postmodernin bədii prosesinin modelləşdirilməsi mədəniyyətin fenomenini xalis halda əks etdirir, sivilizasiya inkişafının prinsipial yeni tipinə keçidi şəraitində istiqaməti müəyyənləşdirməyə imkan verir. Elə Azərbaycan EA-nın Memarlıq və Incəsənət Institutunun keçirdiyi «Azərbaycan incəsənətində postmodernizm» adlı elmi seminarın əsas motivini də bu müddəalar təşkil edirdi.
Seminar həftəaşırı olmaqla 2000-ci ilin noyabrından 2001-ci il fevral ayının əvvəlinədək Institutun «Estetika» şöbəsinin bazasında keçirildi. Bu müddətdə altı məruzə dinlənilib müzakirə edildi. Qeyd etmək lazımdır ki, əvvəldən seminarın keçirilməsi üçün tərtibçilik yox, təqdimatçılıq taktikası seçilmişdi. Birinci taktika qabaqcadan düşünülmüş müəyyən fikirlərin ədəbi tərtibini nəzərdə tutur. Belə hallarda nəticənin səviyyəsi peşəkarlıq erudisiyası ilə - təqdimatçılıq təcrübəsinin zənginliyi və müqayisəli bilgilərlə müəyyən edilir. Ikinci taktikanı isə nağıl qəhrəmanlarının «ora gedirəm ki, hara getdiyimi bilmirəm, onunçun gedirəm ki, nə gətirəcəyimi bilmirəm» funksiyasına bənzəyir. Burada təqdimatçılıq refleksiyası, hər bir mərhələdə nəinki yalnız nəticəni, həm də problemin təhlil vasitələrinin dərk edilməsi lazımdır, çünki elmi - tədqiqat kollektivi «ona lazım olan aləti iş prosesində yaradır» (2, s. 31). Beləliklə, seminarın məqsədi kimi qarşıya Azərbaycan incəs
ənətində postmodernizm problemi qoyulmuşdu. Əsas vəzifələrdən biri isə tədqiqatın predmetinə uyğun yanaşma və araşdırma üsullarının müəyyən edilməsi idi.
Seminar öz işinə bu sətirlərin müəlliflərinin «Azərbaycan sənətşünaslığında postmodernist təfəkkür» adlı məruzəsi ilə başladı. Çıxışçı ilk öncə milli sənətşünaslığımızda postmodernin vəziyyəti ilə, ayrılıqda postmodernist diskursun fərqləndirilməsini təklif etdi. Birinci, 1990-cı illərdə meydana çıxmış bəzi elmi işlərlə əlaqədardır ki, onların da «sənətşünaslıq haqqında sənətşünaslıq» (3, 4, 5) adlandırmaq olar. Postmodernist diskursun üzə çıxarılması isə daha dərin təhlil cəlb edir. Son on beş il ərzində biz müşahidə edirik ik, postmodern paradiqması - mədəniyyətin aktual hadisəsi kimi tarixi sənətşünaslığa, Azərbaycan incəsənətinin tarixi öyrənilməsi metodlarına və problematikasına birbaşa təsir göstərir.
- Ilk baxışdan modernist-sənətşünaslar nəsli olmamış Azərbaycanda, çox təccüblü də olsa 1980-1990-cı illərdə postmodernist-sənətşünaslar nəsli meydana gəlir. Onlar ölkə sənətşünaslıq elminin mərkəzi problemlərini (Azərbaycan incəsənətinin mərhələviliyi, mənşəyi, yerli bədii məktəblər problemləri və s.) kənar (periferik) problemlərə çevirirlər və «mədəniyyətdə postmodernist profilaktika nəticəsində aşağı və yuxarı yoxa çıxır» (6, s. 22). Bu sahənin metodologiyası tədqiqatların prioritet tabeçiliyinin şaquli ierarxiyasını itirir və üfüqi rejimdə inkişaf etməyə başlayır. Azərbaycan incəsənətini və memarlığı tarixinə dair fundamental əsərlərdə məzmun profanlaşır, onun yerini isə artıq çoxsaylı rimeyklər tutur. Mərkəzi yeri əvvəllər kənarda (periferiyada) olan problemlər tutur ki, onların da arasında ilkinlik Azərbaycan incəsənətinin morfoloji və ərazilərinin qarşılıqlı əlaqəsi problemlərinə malikdir. Diqqətin mərkəzindən sərhədlərə doğru yerdəyişməsi postmodern paradiq
masının əsas cəhətidir. Ona görə də durulma, yayılma, seyrəlmə postmodernist mətnin vacib xüsusiyyətlərindən biridir. Azərbaycan sənətşünaslarının işlərində postmodernist təfəkkür nonierarxiya, nonseleksiya, həddən artıqlıq, qırıq-qırıqlıq kimi ifadə olunur (7, s. 160-163) ki, bunu da Holland tədqiqatçısı Douve Fokkema səciyyəvi xüsusiyyət adlandırır. Bu parametlərin məcmusu N. Həbibov, D. Vahabova və başqalarının tədqiqatlarını fərqləndirir. Həmin müəlliflərin əsərlərində postmodernist disskursun psevdofaktçılıq və ya psevodosənədlilik kimi keyfiyyətləri də aydın görünür.
Bütün qeyd olunan xüsusiyyətlər ona təhrik edir ki, postmoder-nist sənətşünaslıq paradiqması Azərbaycan sənətşünaslığının ənənəvi mədəni dəyərlərə istiqamətlənmiş digər hissəsinə qarşı qoyulsun. Tradisionalist mətninin əsas parametrləri sırasında ierarxiya, kristallaşma,əsas müddəaların təkrarçılığı, ardıcıllıq, ziddiyyətsizlik, mətnin qapalılığı kimi cəhətləri saymaq olar. Tradisionalist təmayülünə ilk növbədə D. Axundovun, A. Qazıyevin, N. Rzayevin və bəzi, başqa alimlərin əsərləri aiddir.
Seminarda edilən ilk məruzənin təbii davamı və inkişafı sənətşünaslıq namizədi Tahir Bayramovun «Postmodernizm və tradisionalizm: nəzəriyyə və bədii təcrübə» adlı məruzəsində öz əksini tapdı. Hər şeydən əvvəl, müasir dünya və müasir Qərb sivilizasiyasına mənfi münasibət, postmodernizm və tradisionalizmi bir-birinə yaxınlaşdırır. Bu, Şərq və Qərb ənənələrini özündə təcəssüm etdirib, Qərb sivilizasiyası elementlərini qəbul etməkdə olan Azərbaycan üçün, xüsusilə, aktual problemidir.
Məruzəçi, postmodernizm nəzəriyyələrindən
J. Bodriyar, J.F. Liotar, J. Derrida, C. Arqan, tradisionalistlərdən R. Qenon, Y. Evola, J. Parvulesko və A. Duqinin fikirlərini müqayisə edərək, postmodernistlər və tradisionalistlərin esxatoloji fikirlərinin çox hallarda üst-üstə düşməsi nəticəsinə gəlir. Hər iki tərəfin dünyagörüşü sistemində varlığın mərkəzi və onun hüquqları, dəyərlər iyerarxiyası və azadlığın əldə edilməsi yollarında insanın öz varlığından kənara çıxması məsələləri əsas yer tutur. Postmodernizm, mədəniyyətdə diqqət mərkəzindən periferiyaya yerdəyişmə edən postindustrial cəmiyyətdəki plüarizmdə öz əksini tapan qeyri-iyerarxiya nəzəriyyəsini irəli sürür. Tradisionalizm, ən müxtəlif intixabi təşkilatlarda və tarixən bəzən həyata keçən «mövcudluq səviyyəsində öz-özünə sadiq qalan» (8, s. 123) Ilkin Primordial Ənənəlik, bəşəriyyətin Vahid Həqiqəti olan Absolyut ilə başa çatan, dini mahiyyətdə olan iyerarxiya şaquli üzrə hərəkət edir. Onların ezoterik doktrinaları xarici detallara görə fərqlənsə də; onlar vəhdətdədir və eyni məfhumu öyrədir.
Müxtəlif dini ənənələrə - Ikinci Dərəcəli Həqiqətə ünsiyyət, Vahid Həqiqət Yolunda Ilkin mərhələdir.
Mistik məhəbbət obyektində «Mən» fərdiyyətin əriyib yoxa çıxmasını güman edərək, ezoterizmdə daxili «Mən»-in absolyutlaşmasını heç də irtica ilə qeyri-əlaqədar sayan rus tradisionalisti Aleksandr Duqinin elmi işlərində-ki(9) ənənəvi svilizasiyalarda irticaya «metafizik haqq qazandırmaq» məsələsinə məruzəçinin nitqində xüsusi yer verilmişdir. Burada, əsas məsələ «sərhədin pozulması» deyil, onun yoxa çıxmasıdır. Beləliklə, A. Duqin, ailə, nəsil və etnos ilə könüllü birləşməni nəzərdə tutan «əjdadlarımızın yolu» kimi dünyavi özünüdərketmə prosesini ezoterik «allahlar yolu» anlayışı ilə əvəz edir. O, azadlıq məfhumunun ezoterik və ekzoterik yol ilə başa düşülməsində səhvlərə yol verir.
Təkmilləşmiş metodologiyadan istifadə etməklə, müəllif, 1980-cı illərin sonlarından etibarən özünün rəsm əsərlərində modernizm, postmodernizm və tradisionalizmin mədəni paradiqmaların ardıcıl dəyişməsini təsvir edən rəssam Teymur Daiminin yaradıcılığından bəhs edir. Rəssam, hətta, «Titrəmənin sovuşması» və «Dairə» (hər ikisi, 1989) kimi ilk modernist əsərlərində ekspresionist üslubdan istifadə etməklə, ilkin ənənənin ezoterik hərəkətinə müraciət etmişdir. «Avtoportret» (1990), «Toxunma 1», «Səpələnmə» və «Ovucun zühura çıxması, yaxud əlin metafizikası» (hər üçü, 1991) əsərləri, postmodernizm xüsusiyyətlərini, yəni eklektika, sitat gətirmə, çoxluluğun təqdim olunması, informasiya hay-küyün effektini özündə əks etdirir, lakin süjetinə görə postmodernizmdən kənara çıxır. «Birləşmə», «Xatirələrin yada salınması (hər ikisi, 1993), «Birlik» (1995), «Dairə, xaç və məhəbbət» (1996) və başqa rəsm əsərləri, özünün ciddi iyerarxiya tamaşaçı aksenti, saf rəmzi dili, kompozisi
yanın quruluşunda dəqiqliyi ilə seçilir. Məruzəçi, çıxışının sonunda doktrinalarına görə bir-birindən çox fərqlənən postmodernizm və tradisionalizmin, real bədii təcrübədə, təkcə biri digərinə təsir göstərməyib, həmçinin, maraqlı kombinasiyalı formalar ilə təmasda olmalarından bəhs edir.
Sənətşünaslıq namizədi Anna Əmrahovanın «Azərbaycan musiqi sənətində postmodern vəziyyətinə dair» məruzəsi postmodernin koqnitiv qaynaqlarına həsr olunmuşdur. Mədəniyyət inkişafının müxtəlif dövrlərində oxşar mədəni şəraitlər yaranır. Postmodernist vəziyyətin dövrü təkrarlığı - mədəniyyətin ritmik nəbzinin əkslərindən biridir. Hələ Umberto Eko qeyd edirdi ki, «avanqard» və «postmodern» məfhumları nəinki konkret, eləcə də geniş mənada, yəni transtarixi anlayışlar kimi nəzərdən keçirmək mümkündür.
Məruzəçi mədəniyyət tarixində postmodernist vəziyyətinin qanunauyğun xarakterini həm psixologiya, həm semiotika (poetikaların müxtəlifliyi «struktur» və «hadisə»-nin qarşılıqlı münasibəti baxımdan nəzərdən keçirilir), həm də kulturologiya («kanon» və «yenilik» müxtəlif yaradıcılıq metodların əksi kimi) nöqteyi nəzərindən sübuta yetirilir. Məruzəçi milli bəstəkar məktəbimizdə iki tamamilə zidd istiqamətlərini təmsil edən Qara Qarayev və Fərəc Qarayev şəxsiyyətlərinə müraciət edir, əgər Qara Qarayev «tarixi» insan tipini təmsil edirsə, onun oğlu, şübhəsiz, ənənəvi mədəniyyətin təmsilçisidir. Yaradıcılığının iki tipi arasında olan fərqi aşağıdakı ələamətlərə görə aşkar etmək olar. M. Eliade qeyd edir ki, tarixə səmtləşmiş insan tarixin (inqilabın) yaradıcısıdır, ənənəvi mədəniyyətin insanı isə hər şeydə arxetipə (rituala) aidiyyət nümayiş etdirir. Buna görə birinci öz yaradıcılığında yenili-yin yaratmasına, ikinci isə təkrarlığa səmtləşir. «tarixi insanın» metodunun
əsasını istibdad
(V. Martınov), «tradisionalistin» isə kanon təşkil edir.
A. Əmrahova güman edir ki, həm ibtidai, həm də poststruktura-lizm dövrü incəsənətinin əsasını eyni düşüncə tərzi təşkil edir. Bu da oxşarlığa deyil, eyniyyətə olan meyildir. Çıxışın sonunda o, Fərəc Qarayevin «Xütbə, muğam və surə» əsərində kanonik və postmodernist əlamətlərini təhlil etmişdir.
Aludə Əhmədovanın «Sərgilərin tərtibatında postmodernizm» adlı məruzəsi bizi məkan sənətlərin postmodernist problemlərinə geri döndərir.Məruzə əsasən 2000 ilin dekabr ayının 22-də acılmış «Zamanin Qanadlarında» adlı modernist və postmodernist təmayüllü rəssamların sərgisinin təhlilinə həsr olunmuşdur. Sərgi Açıq Cəmiyyət Institutu tərəfindən təşkil olunmuş və Azərbaycan Dövlət Mədəniyyət və Incəsənət Universitetinin tələbələrinin əsərlərindən ibarət olmuşdur. Sərginin bədii rəhbəri dosent Leyla Axundzadədir.
Sərgidə boyakarlıq, heykəltaraşlıq, fotoplakatlar, qrafik lövhələr, geyim modelləri ilə yanaşı «canlı» eksponatlar da nümayiş etdirilmişdir. Onlardan biri postmodernist mədəniyyətinin ən yayılmış mövzularından olan ekoloji mühitinə həsr edilmiş Fərid Abdullayevin canlı almalardan yaratdığı və alma formasını təsvir edən kompozisiyasıdır.
«Hörmçək toru» adlanan kompozisiyanın tərkibinə daxil olan müəllif - sərginin digər canlı eksponatıdır. Müəllifin - biz onu rəssam, yaxud heykəltaraş olaraq qəbul edirik - qeyri-bitkin, təsəvvürünə görə yaratdığı obraz simvolik surətdə həm hörmçək, həm də onun qurbanı kimi qavranıla bilər. Əsər çox mənalıqla seçilir; belə ki, buradakı hörmçək toru cəmiyyətdə özünü büruzə verən ictimai ziddiyyətlər, hörmçək, yaxud onun qurbanı isə bu cəmiyyəti təmsil edən ümumiləşdirilmiş bədii obrazıdır. Nəhayət, hörmçək özü öz torunun qurbanı ola bilər. Rəssam əsərini tamaşaçılara təqdim etmək üçün uzun müddət sərgi salonunda, öz əsərinin içində qalmalı olmuşdur. Bu addım «hərəkətsiz rəqs» təsiri bağışlayır və teatrəlizə edilmiş kompozisiyanın çoxmənalılıq məkanını genişləndirir.
Postmodernist ekspozisiyası mühiti zəbt edərək onu səhnəyə çevrilir; belə mühitdə tamaşaçı iştirakçıya çevrilir. Ayrıca götürülmüş hər hansı bir əsər də öz çərçivəsindən çıxıb interyerin bir hissəsini eksponata qata bilər. Bu baxımdan interyer özü də eksponat kimi çıxış edir.
Postmodernist incəsənətinə xas olan illyüziya, optik aldanma cəhətləri baxımdan Anton Osverin iki kompozisiyası maraq doğurur. Eyni müstəvi üzərində asılmış iki tablonu biz müxtəlif divarlarda asılmış kimi, onların arasındakı kiçik məsafəni isə künc kimi qavrayırıq. Tabloların üzərinə bərkidilmiş xaç, Isa peyğəmbərin obrazı və mobil telefon aparatları istisna edilərsə, onlar sırf dəzgah rəngkarlığı təəsüratı yaradır.
Məruzəçinin fikrincə, modernizm radikallığı tematikada görürdüsə, postmodernizm üçün radikallıq hər hansı bir ölçü və qurumda təzahür edə bilər. Beləliklə, sərgidə nümayiş etdirilən əsərlərin nəzərə çarpan xüsusiyyətlərdən modernizm və postmodernizm əlamətlərini özündə birləşdirməsidir.
Növbətli, «Kino sənətində postmodernizm» adlı məruzə seminar iştirakçılarının diqqətinə Arzu Bağırov tərəfindən təqdim edilmişdir. Çıxış edən kino sənətində postmodernizmin yayılmasını mürəkkəb və ziddiyyətli hadisə kimi xarakterizə etmişdir. 1960-cı illərin sonunda kontrmədəniyyət, Q. Markuzenin ideyaları və ingilis «hirsləndirilmişlərin» hücumu nəticəsində modernizm incəsənətinin imkanları tükənir. Üslubsuzluq dövründə üslub axtarışı şəraiti yaranır. Postmodernist vəziyyət mədəniyyəti vahid, qırılmaz və bitkin «mətn» kimi nəzərdən keçirərək modernizmdən çəkilir. Buradan irəli gələn eklektika, müxtəlif üslub və janrların qarışdırılması, sitat və istinadların müxtəlifliyi, fraqmental əhvali-ruhiyyə əsas məqsəd kimi təşəkkül tapır. «Oyun» özü mənaya çevrilir.
Kinoda postmodernizmin müjdəçiləri J.L. Qodar, S. Kubrik,
P.P. Pazolini, M. Ferreri və bəzi başqa rejissorları hesab etmək olar. Lakin kinoda postmodernist vəziyyət qəti olaraq 1970-ci illərin sonunda yaranmışdır. Kinoda modernist estetikasını yaratmaq alman R. Fassbinder və ingilis rejissorları S. Frirz, P. Qrinuey, K. Rassel və D. Carmenin taleyinə düşmüşdür. Bu prosesə telereklam, videokliplər, elektron montaj və başqa texniki amillər böyük təsir göstərmişdir.
- Məruzəçinin fikrincə Azərbaycan kinosunda postmodernizm haqqında söhbət açmaq hələ çox tezdir. Milli ekran sənətimizdə bütöv bir modern kinematoqrafik lay olmamağına görə postmodernizmin əmələ gəlməsi də sual doğurur. Yalnız son illərdə V. Mustafayevin («Yaramaz», «Hər şey yaxşılığa doğru»), A. Salayevin («Yarasa») və
M. Ibrahimbəyovun («Həqiqi əhvalatlar») filmlərində biz modernist təmayüllərə müşahidə edirik. Həmin əsərlərində postmodernist estetikasının bəzi elementlərindən istifadə olunur.
Seminarın rəhbəri, «Estetika» şöbəsinin müdiri, fəlsəfə elmləri namizədi Rəna Abdullayevanın «Dizaynda postmodernizimin üslub üsulları» adlı məruzəsində müzakirələrin xüsusi yekunu vurulmuşdur. Postmodernist bədii təfəkkürü ən parlaq şəkildə vizual sənətlərində, yəni memarlıq, dizayn və boyakarlıqda öz əksini tapmışdır. Belə vəziyyət nəinki Qərbi ölkələrdə, həm də Azərbaycanda mövcuddur. Postmodernizmin üslub üsulları 1980-cı ildə Venetsiyada memarlıq və dizayn sərgisində nümayiş etdirilmiş «Kolonnada» adlı Hans Hollyaynın deklarativ əsərinə bənzər «mürəkkəb qayda»-nın dünyagörnüşü mənzərəsini yaradır.
Azərbaycanda şəhər dizaynı sahəsində postmodernist üslub üsulları Rəhim Seyfullayev və Ömər Ömərovun yaradıcılığında təmsil olunmuşdur. Onların layihələri üzrə yenidən qurulmuş Bakıdakı Fəvvarələr Meydanı (R. Seyfullayev) və Dənizkənarı Bulvarda yerləşən «Bakı Venetsiyası»-nın dizayn həllərini birləşdirən oyun başlanğıcdır. Əgər Ö. Ömərovun oyun mövzusunun həllində uşaq nağılları sjetlərinin vasitəsilə səmimilik və yumor üstün tutursa, ondan fərqli olaraq R. Seyfullayevin «mürəkkəb qaydasının» əsasını dərin ironiya təşkil edir. Bakı sakinlərin sevimli gəzintilər yeri olan «Bakı Brodveyi» memar tərəfindən «şöhrətpərəstlik yarmarkası» halına salınmışdır.
«Mürəkkəb qayda» ideyası mədəniyyət və cəmiyyətdə 1970-90-cı illərdə gedən entroniya proseslərini əks etdirir. Son dərəcədə maraqlıdır ki, Azərbaycanda postmodernist paradiqmasının yayılması 1980-cı illərin ortaları dövrünü təsadüf edir. Bu zaman cəmiyyətdə entropiyanın ilk əlamətləri özünü artıq göstərmiş, postmodernizmin üslub üsulları isə cəmiyyətin strukturu ilə ən sıx əlaqədə olan sahəsində, yəni şəhər dizaynında yayılmışdır.
Beləliklə, seminar öz məqsədinə nail olmuşdur. Azərbaycan sənətşünaslığında hələ tədqiq olunmamış postmodernizm problemi qoyulmuşdur. Hətta ilkin təhlilin nəticələri göstərir ki, postmodernist mədəniyyətinin əsas əlamətləri Azərbaycan incəsənətinin bütün növlərində yayılmış, burada gedən bədii prosesləri dünya mədəni məkanı ilə daha da sıx bağlamışdır.
Ə D Ə B I Y Y A T:
1. Mirimanov V. B. Iskusstvo i mif. Üentralğnıy obraz kartinı mira. - M.: Soqlasie, 1997.
2. Rozenblöm E. Xudojestvennoe proektirovanie: strateqiə i taktika. // DI SSSR, 1989, ¹ 9.
3. Abdullaeva R.Q., Salamzade G.A. Sovremennoe iskusstvoznanie: istoki, problemı i metodı. - B.: Glm, 1997.
4. Səfərova Z.Y. Azərbaycan musiqi elmi (XIII-XX əsrlər). - B.: Elm, 1998.
5. Ağayeva N.K. Azərbaycan teatr tənqidi və teatrşünaslığının inkişaf problemləri. - B.: Elm, 1997.
6. Panarin A.S. Iskuşenie qlobalizmom. - M.: Russkiy Naüionalğnıy Fond, 2000.
7. Ilğin I.P. Postmodernizm ot istokov do konüa stoletiə: gvolöüiə nauçnoqo mifa. - M.: Intrada, 1998.
8. Qenon R. Krizis sovremennoqo mira. - M.: Arktoqeə, 1991.
9. Duqin A.Q. Tamplierı proletariata. - M.: Arktoqeə, 1997.
Ərtegin SALAMZADƏ
p align>
|