– Ə –
ƏRAQ – Yaxın və Orta Şərq xalqları klassik musiqisinin əsasını təşkil edən 12 muğamdan beşincisi belə adlanır. Əraq həmçinin "Rast", "Segah", "Mahur-hindi" və "Rahab" dəstgahlarının kulminasiya nöqtəsini özündə əks etdirən və öz təsir qüvvəsi etibarilə olduqca gümrah və əzəmətli səslənən əsas şöbəsidir. Bu muğam şöbəsini bəzən "Iraq" adlandırırlar. Lakin musiqi tənqidçiləri və muğam ifaçıları bu muğam şöbəsinin məhz "Əraq" adlandırılmasını düzgün hesab edirlər.
ƏRĞƏNUN – Klavişli (dilli) nəfəsli musiqi alətidir. Ən qədim Şərq musiqi alətlərindən biri olan Ərğənun bir-birilə yanaşı düzülmüş müxtəlif ölçülü borular və bu borulara körüklər vasitəsilə hava üfürən xüsusi qurğudan ibarət olmuşdur. Onun ilk ixtiraçısı Qədim Misirin Iskəndəriyyə şəhərində yaşamış yunan alimi Ktezibey sayılır.
Nizami Gəncəvi öz əsərlərində musiqi sənətinin əzəmətini, gözəlliyini və qüdrətini vəsf edərək "ərğənun nəvası"ndakı səslənmələri xüsusi olaraq alqışlamışdır.
– F –
FAQOT – Italiyanca "fagotto" sözünün hərfi mənası "düyün", "bağlama" delməkdir. Ağac nəfəs alətləri qrupuna daxil olan musiqi alətləri iqərisində faqot ən qalın səslənməyə malikdir. Ondan daha bəm səslənən alət yalnız kontrafaqotdur. Faqotun tembri çox qalın və boğuq səslənir. Faqotun quruluşu sanki yarı qatlanmış uzun borunu xatırladır. O, beş hissədən ibarətdir: yeganə metal hissəcik olan "S" şəkilli dilçək, kiçik boru, düyün hissəsi, böyük boru və boru ağzı. Faqotun diapazonu kontroktavanın "si-bemol" notundan ikinci oktavanın "mi" notunadək davam edir. Faqotda texniki cəhətdən mürəkkəb passajları ifa etmək çətindir.
Faqot XVI əsrin 20-30-cu illərində Italiyada yaranmışdır. Əvvəllər faqotun bir neçə növü mövcud olmuşdur: diskant-faqot, alt və ya tenor-faqot, xorist-faqot, ikili-faqot, kvart-faqot, kvint-faqot və kontrafaqot. Tədricən bu növlər aradan çıxaraq yalnız kontrafaqot saxlanılmışdır. Kontrafaqotun tembri bir qədər xırıltılı, diapazonu isə faqota nisbətən bir oktava aşağıdır.
XVII əsrdən etibarən faqot nəfəsli ansambl və orkestrlərin tərkibinə daxil olmuşdur. Bu alətin bədii ifadə imkanları bir sıra bəstəkarların solo və kamera-instrumental əsərlərində öz əksini tapmışdır. Məsələn;
V. A. Motsartın, K. M. Veberin faqot üçün Konsertlərini, M. I, Qlinkanın klarnet, faqot və fortepiano üçün "Patetik trio"sunu, P. I, Çaykovskinin VI simfoniyasını, S. S. Prokofyevin "Petya və canavar" simfonik nağılını göstərmək olar.
FAKTURA – Latınca "factura" – emal" "quruluş" mənaları daşıyır. Faktura bütün musiqi elementlərinin (melodiya, müşayiətedici səslər, saxlanan bas səsləri, orta səslər və səsaltı intonasiyalar, akkordlar, fiqurasiyalar və s.) vahid bir quruluşda təşkil edilməsidir. Bəstəkar əsərin yazılma prosesində müxtəlif ifadə vasitələrindən istifadə edərək bu musiqi elementlərini "cilalayır". Bəstəkarlıq təcrübəsində mövcud olan müxtəlif musiqi fakturaları içərisində 3 əsas faktura növünü müəyən etmək olar;
I – homofon - harmonik faktura – yəni solo səsi (melodiya) və müşayiətedici səsin (akkomponement) birləşməsi;
II – Akkordlu faktura;
III – Polifonik faktura – yəni bir neçə müstəqil melodik xəttin birləşməsi.
Fakturanın bu növləri adətən, bir-biri ilə əlaqəli şəkildə işlədilərək müxtəlif qarışıq faktura növləri yaradır. Faktura musiqi əsərinin ən mühüm bədii ifadə vasitəsidir.
FALSET – Italyan sözü "falsetto" – "saxta" deməkdir. Yüksək registrli kişi səsi falset adlanır. Professional vokal sənətində xüsusi bədii keyfiyyət əldə etmək məqsədilə istifadə olunan ifa üslubudur.
FANTAZIYA – Yunan sözü olan "phantasia" – "xəyal, xülya, təsəvvür" kimi anlaşılır. Bu sözü, adətən, hərfi mənada "fikir zənginliyi" kimi dərk edirik. Musiqidə isə fantaziya instrumental musiqi janrı olub, ənənəvi forma çərçivəsindən kənara çıxan müstəqil və sərbəst formaya malik musiqi əsərinə deyilir.
XVI-XVII əsrlərdə orqan musiqisinin çiçəklənməsi dövründə yaranan fantaziyalarda improvizasiya məqamları çox güclü idi. XVIII əsrdə I. S. Baxın orqan fuqalarına müqəddimə şəklində yazılmış fantaziyalar artıq müstəqil bir pyes kimi təqdim edilmişdi.
V. A. Motsartın yaradıcılığında sonataların əvvəlində təqdim edilən fantaziyalara rast gəlmək olar. L. Bethovenin sonatalarında isə hətta bəstəkarın özü tərəfindən əsərə verilmiş xüsusi başlıq – "Fantaziya ruhunda sonata" – diqqəti cəlb edir. Bu başlıq onun məşhur "Ay sonatası"na aid edilir.
Zaman keçdikcə fantaziyanın sərbəstliyi daha da artmış, müxtəlif janrlarla əlaqəsi genişlənmişdir. Bəzən bəstəkarlar hər hansı bir janra "fantaziya" sözünü əlavə etməklə əsərin quruluş sərbəstliyini xüsusi vurğulamağa çalışmışlar. Məsələn; M. I. Qlinkanın "Vals - fantaziya", F. Şopenin "Ekspromt - fantaziya", A. N, Skryabinin "Sonata - fantaziya", P. I. Çaykovskinin "Uvertüra - fantaziya" və s. göstərmək olar.
XIX əsrdə fantaziya proqramlı musiqidə geniş yayılmağa başlamışdır. Rus bəstəkarlarının yaradıcılığında, xüsusilə orkestr fantaziyaları mühüm yer tutmuşdur
(P. I. Çaykovski – "Françeska da Rimini", "Fırtına", Qlazunov – "Dəniz" və s.), Bununla yanaşı olaraq, müxtəlif xalq mahnıları,opera və romansların mövzularına yazılmış variasiya tipli fantaziyalar geniş yazılmışdır.
Azərbaycan bəstəkarlarının yaradıcılığında fantaziya janrından geniş istifadə edilmişdir. Ü. Hacıbəyovun "Çahargah" və "Şur" fantaziyaları buna parlaq misal oba bilər.
FERMATA – Italyan sözü olan "fermata" – "dayanacaq" mənasında işlədilir. Musiqidə isə fermata not yazısında, xüsusi işarə ilə qeyd edilərək ifaçıya hər hansı bir səsin, akkordun və ya pauzanın uzadılmasını göstərir. Fermata səsin (və ya pauzanın) uzunluğunu 1 1/2 və ya 2 dəfə artırır.
Lakin çox zaman fermata əsərin bədii xüsusiyyətindən asılı olaraq ifaçı tərəfindən qeyri-müəyyən müddətə qədər uzadılır.
FLEYTA – Italyanca "flauto" – "külək, meh" deməkdir. Ən qədim acağ nəfəs alətlərindən biri olan fleytanın yaranması haqqında müxtəlif əfsanələr mövcuddur. Arxeoloqlar tərəfindən qədim Misir və Yunanıstanda tapılmış freskalarda fleytaçalanın rəsmi aşkar edilmişdir.
Ilk əvvəl fleyta qamışdan düzəldilmiş bir neçə dəliyi olan sadə boruğuqdan ibarət olmuşdur. Əvvəllər fleytanı uzununa (yəni şaquli istiqamətdə) tutaraq çalırdılar. Əsrlər boyu bu alət təkmilləşmiş və müasir vəziyyətinə çatmışdır. Hazırda musiqiçilər fleytanı eninə (yəni – üfuqi istiqamətdə) tutaraq qalırlar. Fleytanın bu, sonuncu növü ilk dəfə 1832-ci ildə Münxen saray kapellasının fleytaçısı T. Byom tərəfindən təkmilləşdirilmişdir.
Müasir fleytanın diapazonu birinci oktavanın "do" notundan dördüncü oktavanın "do" notunadək davam edir. Fleytanın tembri aşağı registrdə bir qədər yumşaq, orta registrdə incə və məlahətli, yuxarı registrdə isə gəskin fit səsi kimi səslənir.
Artıq XV əsrdən etibarən fleyta instrumental ansamblların tərkibinə daxil olmuşdur. Onun ifadəli və məlahətli tembri, virtuoz ifa imkanları bəstəkarların nəzərini cəlb etmişdir. Dünya musiqi ədəbiyyatı nümunələri içərisində I. S. Baxın, G. F. Hendelin, F. Pulenkin, S. Prokofyevin fleyta üçün yazılmış sonataları, V. A. Motsartın, Y. Haydnın və b. fleyta konsertləri çox məşhurdur.
Hazırda fleyta simfonik və nəfəsli orkestrlərin və kamera ansambllarının daimi tərkibinə daxildir. Fleytadan çox zaman solo aləti kimi də istifadə edilir.
Fleytanın ən geniş yayılmış növlərindən biri də fleyta-pikkolodur. Bu, simfonik orkestrin ən incə səsli alətidir. Onun diapazonu təxminən fleyta ilə eyni olsa da bir oktava yuxarı səslənir
Çox nadir hallarda alt və bas fleytalara da təsadüf edilir. Onların ölçüsü adi fleytadan bir qədər böyükdür və təbii ki, səsi daha qalındır.
FOLKLOR – Ingilis sözü olan "folklore" – "folk" – "xalq" və "lore" – "təlim" kimi tərcümə edilir. "Xalq müdrikliyi", xalq yaradıcılığı kimi anlaşılır. Folklor şifahi ənənəyə əsaslanan bədii xalq yaradıcılığıdır.
Janr və məzmun etibarilə çox geniş və zəngin olan xalq yaradıcılığı mahnıları, nağılları, əfsanələri, rəqsləri, dramatik tamaşaları, təsviri və dekorativ – tətbiqi sənət nümunələrini əhatə edir.
Musiqi folkloruna xalqın tarixini və məişətini, arzu və düşüncələrini özündə əks etdirən xalq mahnı yaradıcılığı, instrumental ifaçılıq və rəqs musiqisi daxildir. Xalq musiqisi ayrı-ayrı şəxslərin deyil, məhz kollektiv yaradıcılıq prosesinin nəticəsi olub, bir çox nəsillərin bədii ənənələrini özündə birləşdirir. Şifahi ənənəyə əsaslanan xalq mahnıları musiqi folklorunun ən başlıca sahələrindən biri olaraq öz məzmunu və janr müxtəlifliyi ilə fərqlənir (tarixi, əmək, ənənəvi, lirik, satirik və s.).
Lakin folklor yalnız xalqın yaradıcalığını deyil, həmçinin onun mənəviyyatını əks etdirir. Folklor hər bir xalqın yalnız özünə xas olan keyfiyyətlərin inikasıdır. Belə ki, rus xalq mahnısını gürcü xalq mahnısı ilə, Azərbaycan xalq muğamlarını zənci spiriçuelsi və ya blyuzu ilə, neapolitan nəğməsini şotland xalq melodiyası ilə qarışdırmaq olmaz. Hər bir xalqın musiqisi onun özünəməxsus xüsusiyyətləri ilə seçilir. Məhz bu xüsusiyyətlərin aşkar edilməsi və araşdırlması ilə məşğul olan folkloristika elmi xalqın zəngin mənəvi mədəniyyətini öyrənir.
FORTEPIANO – Simli-klavişli musiqi aləti kimi tanınan fortepiano öz geniş diapazonu və universal texniki imkanlarına görə musiqi praktikasında son dərəcə mühüm əhəmiyyət kəsb etmişdir. Bu alətin çox uzun və maraqlı yaranma tarixi var.
Hələ qədim zamanlarda Yunanıstanda "monoxord" (yunanca "monos" – tək, "chorde" – sim) adlanan musiqi aləti mövcud olmuşdur. Bu alət uzun, ensiz taxta qutuya birləşdirilmiş tək simdən ibarət idi. Daha sonralar qutuya birləşdirilən simlərin sayı artdı (iki, üç, dörd və s.) alətdə simləri barmaqla dartaraq və ya xüsusi muzrabla (mediatorla) bəzən isə balaca çəkiclərlə simlərə vuraraq çalırdılar.
Əsrlər ötdükcə bu alət təkmilləşmiş, simlərin birləşdiyi düzbucaqlı qutunun bir tərəfində klaviatura – yəni bir neçə cərgədən ibarət klavişlər (latınca "clavis" – açar deməkdir) yerləşdirilmişdir. Ifaçı klavişlərə basdıqda metal lövhələr simlərə dəyərək səs yaradırdı. "Klavikord" (latınca "clavis" və yunanca "chorde" sözlərindən) adlanan bu alətin yaranması XII əsrə təsadüf edir.
Sonralar tədricən təkmilləşən klavikorda bir neçə klaviatura birləşdirildi. Pilləvari duzülən klaviaturaların hər biri alətin bir registrinə uyğun gəlirdi. Klavikord əsasən kübar cəmiyyətinə xas alət olub, zəngin naxışlarla bəzədilir, qiymətli ağac növlərindən hazırlanırd. XVII əsrin sonunda Fransada klavikordun alt dillərini (müasir royaldakı ağ dilləri) qara ağacdan, üst dilləri isə fil sümüyündən düzəldirdilər. Lakin belə klaviaturada çalmaq çətinlik törədirdi. XVIII əsrdən etibarən klaviaturanın dillərinin rəngi müasir pianino və royalda olduğu kimi qalmışdır.
O, dövrdə müxtəlif ölkələrdə klavikordla yanaşı bir sıra başqa klavişli alətlər də yaranmışdı: klavisimbal, çembalo, vircinal, klavesin.
Öz formasına və səslənmə xüsusiyyətinə görə royala daha yaxın olan klavesinin simləri müxtəlif uzunluqda olurdu. Klavesinin klavişlərinə birləşdirilmiş, xüsusi dilciklər (əsasən quş lələklərindən hazırlanan) simlərə toxunur və cingiltili səs alınırdı.
Alətdə rəngarəng səslənmə keyfiyyəti əldə etmək məqsədilə ustalar müxtəlif üsullar axtarırdılar. Nəhayət, pedalın-ayaqla basılan xüsusi qarmağın vasitəsilə səsin gücünü azaltmaq və artırmaq mümkün oldu.
Klavesin yalnız salon aləti olmayıb, tədricən müxtəlif ansambl və orkestrlərin tərkibinə daxil edilir. XVII-XVIII əsrdə klavesin solo aləti kimi də məşhurlaşır. Bu dövrün görkəmli bəstəkarları klavesin üçün xüsusi pyeslər bəstələmişlər. Musiqi tarixində onları "klavesinistlər" adlandırmışlar. Fransız klavesinistləri – Kuperen, Daken, Ramo klavesin üçün müxtəlif pyeslər, rəqslər (menuet, qavot, riqodon və s.) yazmışlar.
Klavesin alətinin təkmilləşdirilməsi nəticəsində 1711-ci ildə Italiyanın Paduya şəhərində yaşayan klavesin ustası Bartolomeo Kristofori tərəfindən yeni klavişli alət icad edildi. Bu alətdə klavişləri basdıqda üzərinə keçə çəkilmiş taxta çəkiclərin simlərə dəyməsi nəticəsində səs alınırdı. Artıq ifaçı həm yavaş səslə (piano), həm də bərk səslə (forte) çala bilirdi. Elə alətin adı da buradan yaranmışdır – pianoforte, daha sonra isə fortepiano.
XIX əsr ərzində fortepianonun iki əsas növü formalaşmışdır: I – royal (fransızca – "roual" – şahanə) – yəni üfüqi simlərlə. II – pianino (italyanca "pianino" – kiçik piano) – yəni şaquli simlərlə.
Royaldan daha güclü səslənmə tələb olunan böyük konsert salonlarında istifadə edilir. Pianinoya isə mənşətdə rast gəlirik.
XIX və XX əsrin bəstəkarları – Bethoven, Şubert, Şuman, Mendelson, Şopen, Qriq, Çaykovski, Musorqski, Raxmaninov, Skryabin və b. fortepiano üçün çoxlu sayda əsərlər yazmışlar. Bu alətin zəngin ifa imkanları, demək olar ki, bütün musiqi alətlərinin diapazonunu özündə cəmləşdirən geniş diapazonu var. Fortepianoda fleytanın incə, zərif səslənməsindən, bütün bir orkestrin gur səslənməsinədək müxtəlif çalarları əldə etmək mümkündür.
Fortepianonun ifa imkanlarının daha da genişləndirilməsində görkəmli bəstəkar F. Listin xüsusi rolu olmuşdur. O, həmçinin simfonik orkestr üçün yazılmış əsərləri fortepiano üçün köçürmüşdür.
Dahi polyak bəstəkarı F. Şopeni "fortepianonun qəlbi" adlandırmışlar. O, demək olar ki, bütün əsərlərini bu alət üçün yazmışdır F. List və F. Şopen görkəmli bəstəkar olmaqla yanaşı virtuoz pianoçu olmuşlar. Bu alətin gözəl ifaçıları sırasında bütün dünyada şöhrət qazanmış Svyatoslav Rixter, Emil Gilels, Van Klibern və b. adlarını çəkmək olar. Azərbaycanın görkəmli pianoçularından Fərhad Bədəlbəyli, Vaqif Sadıqov, Zöhrab Adıgözəlzadə, Elmira Nəzirova, Teymur Şəmsiyev, Rafiq Quliyev və b. göstərmək olar.
FUQA – latın sözü olan "fuga" – "qaçış" deməkdir. Musiqidə ciddi qayda-qanun əsasında yazılan çoxsəsli polifonik əsərə fuqa deyilir. Fuqanın əsasını qısa, lakin parlaq və yadda qalan melodiyaya malik mövzu təşkil edir. Bu mövzu növbə ilə bütün səslərdən keçir. Səslərin miqdarından asılı olaraq fuqalar üçsəsli, dördsəsli və s. ola bilər. Bəzən iki, hətta üç mövzudan ibarət fuqalara rast gəlmək olur. Belə olan surətdə bu ikiqat və ya üççat fuqa adlanır.
Fuqa polifonik musiqinin ən yüksək və ən mürəkkəb formasıdır.
Xüsusən, I. S. Bax öz yaradıcılığında fuqaya çox müraciət etmişdir. I. S. Baxın fuqaları ondan əvvəl səslənən prelüd ilə birlikdə kiçik bir silsilə təşkil edirdi. Belə silsilə fuqalara həmçinin D. Şostakoviçin yaradıcılığında rast gəlmək olar.
Bəzən fuqadan əvvəl başqa formalı kiçik pyeslər də bəstələnir. Məsələn; fantaziya, variasiya və ya xoral.
Fuqa yalnız müstəqil bir əsər kimi deyil, həmçinin simfoniya, oratoriya, kantata və ya rekviem kimi iri əsərlərin bir hissəsi və ya epizodu kimi də yazıla bilər. Adətən simfoniyaların tərkibində işlənən fuqa adi fuqadan fərqlənir. Yalnız mövzuların ilk səslənməsi ilə kifayətlənərək homofon yazı üslubu ilə tamamlanan belə musiqi quruluşuna fuqato deyilir. Kiçik həcmli fuqa isə fuqetta adlanır.
– G –
GITARA – Simli musiqi aləti olan gitara hazırda ən geniş yayılmış musiqi alətlərindən biridir. Vokal-instrumental ansamblların, estrada ansambllarının tərkibində, hətta gündəlik məşiətdə bu alətdən çox istifadə edilir.
Gitaranın vətəni dəqiq məlum deyil. Belə fərz edilir ki, gitara Qədim Yunanıstanda yaranmış, lakin sonralar onun vətəni Ispaniya olmuşdur. VII-IX əsrlərdə Ispaniyada bu alət çox məşhurlaşmışdır və bu gün də hər hansı bir ispanı gitarasız təsəvvür etmək mümkün deyil.
Ispaniyadan sonra gitara bütün Avropa ölkələrində – Italiya, Almaniya, Fransa, Rusiya, daha sonra isə Amerikada geniş yayılmışdır.
Gitara simli dartımlı musiqi alətidir. Formasına görə simli kamanlı alətlərə oxşasa da simlərinin sayına və ifa üslubuna görə fərqlənir. Gitara 6 və yə 7 simli olur. Rusiyada əsasən 7 simli gitara daha geniş yayılmışdır. Ispaniyada isə 6 simli gitara solo aləti kimi məşhurlaşmışdır. Gitaranın başqa bir növü isə "havay gitarası" adlanır. Havay gitarasının tembri daha mülayim və yumşaqdır.
Gitarada çalan virtuoz ifaçılardan ispan – Aquada, Tarreqa, italyan – Culiani, rus – Sokolovski, Makarov və b. çox məşhurlaşmışlar. Dahi italyan skripkaçısı Paqanini gitarada gözəl çalmağı bacarmış və konsertlərdə gitaraçı kimi çıxış etmişdir. O, solo-gitara üçün, gitara və skripka üçün pyeslər yazmışdır.
Görkəmli ispan şairi və müğənnisi Qarsiya Lorka gitarada gözəl çalmış və musiqiyə, gitaraya mənalı şerlər həsr etmişdir.
GƏRAYLI – Aşıq musiqi - şer yaradıcılığında hər misrası 8 hecadan ibarət olan şer formasıdır. Gəraylının müxtəlif növləri mövcuddur: nəqarətli - beyt, əlifbey - əliflam, dildönməz və s.
GÖZƏLLƏMƏ – Aşıq yaradığılığında müəyyən şəxsiyyəti və ya əlamətdar bir hadisəni vəsf edən vokal-instrumental əsərdir. Əsasən gəraylı, qoşma, müxəmməs və müsəddəs şer formalarına əsaslanan gözəlləmələrdə insanın zahiri gözəlliyi, daxili aləmi, mənəviyyatı təsvir olunduğu kimi, təbiətin də bütün ecazkar gözəlliyi, bu gözəlliyin insanda doğurduğu estetik zövq, xoş təəssürat mövzu rəngarəngliyi yaradır.
GUŞƏ – Dəstgahların tərkibində şöbələrlə yanaşı (şöbələr daxilində və ya şöbələrarası) bitkin və aydın melodik quruluşa malik olan vokal-instrumental epizoddur. "Guşə" şöbəyə hisbətən kiçik həcmli, improvizə səciyyəli muğam epizodudur. Məsələn, "Rast" dəstgahında müxtəlif həcmli şöbələrlə yanaşı guşələr də mövcuddur. Bu guşələr şöbələr kimi müxtəlif adlar daşıyırlar: "Hüseyni", "Rak", "Əmiri", "Məsihi" guşələri.
– H –
HARMONIYA – Yunan sözü olan "harmonia" –"həmahəng, həmavaz" kimi tərcümə edilir. Musiqinin əsas ifadə vasitələrindən biri olan harmoniya səslərin həmahəng birləşməsinə və bu birləşmələrin əlaqəli şəkildə, ardıcıllaşmasına əsaslanır. Bəzən "harmoniya" dedikdə melodiyanın akkordlu müşayiəti nəzərdə tutulur. Lakin "harmoniya" anlayışı daha genişdir. Hətta melodiyanın səsləri aydın akkord birləşmələri əmələ gətirməzsə belə, "harmoniya qanunauyğunluqları səslərin hərəkətində və onların qarşılıqlı əlaqəsində özünü büruzə verəcəkdir.
Musiqinin digər ifadə vasitələri (melodiya, ritm, tembr və s.) kimi harmoniya da uzun tarixi inkişaf yolu keçmişdir. Müxtəlif dövrlərdə müxtəlif harmoniya üslubları yaranmışdır: klassik harmoniya, romantik harmoniya, müasir harmoniya, caz harmoniyası və s.
HEYRATI – "Mahur-hindi" muğamı kökündə, gümrah, nikbin və qəhrəmani əhvali-ruhiyyəni özündə əks etdirən zərbi muğamdır.
HICAZ – Yaxın Şərq xalqları musiqisində 12 əsas muğamdan biri də "Hicaz"dır. XIX əsrdən etibarən Azərbaycan musiqisində bir sıra muğam dəstgahlarının tərkibinə daxil olan əsas şöbələrdən biri kimi mövcuddur. "Rast" dəstgahında "Bal-kəbutər" ilə "şahnaz" arasındakı, "Rəhavi" dəstgahında "Bal-kəbutər" ilə "Bağdadi" arasındakı, "Çahargah" dəstgahında "Mavərənnəhr" ilə "Şahnaz" arasındakı, "Şur" dəstgahında "Simayişəms" zərbi-muğamı ilə "Sarənc" arasındakı şöbə "Hicaz" adlanır.
HOBOY – Ağac nəfəs alətləri qrupuna daxil olan hoboy qədim zamanlardan mövcud olmuşdur. Hələ e. ə. XII-VII əsrlərdə Hindistanda "otu" adlı nəfəs-aləti mövcud olmuşdur. Qədim Yunanıstanda geniş yayılmış "avlos", eləcə də Orta Asiya və Qafqazda məşhur olan "zurna" nəfəs alətləri də hoboyun "əcdadları" hesab edilirlər.
Beləliklə, hoboy Yaxın Şərqdən Avropaya keçərək, XVII əsrdən etibarən opera orkestrinin tərkibində bərqərar olmuşdur.
Hoboyun diapazonu kiçik oktavanın "si" (bəzən – "si-bemol") notundan, üçüncü oktavanın "fa" səsinədək davam edir. Digər nəfəs alətlərində olduğu kimi hoboyun da tembri bütün registrlərdə eyni deyil. Aşağı registrdə onun səsi daha kobud, ortada – daha dolğun, yuxarıda isə çox həyəcanlı səslənir.
Hoboyda çox hərəkətli və texniki cəhətdən mürəkkəb passajları çalmaq çətindir. Lakin lirik, axıcı melodiyalar hoboyda daha parlaq və ifadəli səslənir. Çox zaman bəstəkarlar təbiət təsvirini, xəyalpərəst, şairanə əhvali-ruhiyyəni əks etdirmək üçün hoboyun tembrindən istifadə edirlər. Hoboyun ecazkar səsi Azərbaycan musiqiçilərinin də diqqətini cəlb etmişdir. Görgəmli hoboyçalan Kamil Cəlilovun ifa etdiyi Azərbaycan xalq melodiyaları bu alətdə çox məlahətli səslənir.
Hoboya oxşar alətlərdən biri də ingilis sümsüsüdür (rusca – "anqliyskiy rojok"). Bəzən alt-hoboy (yəni bəm – hoboy) adlanır.
XVIII əsrin birinci yarısında yaranmış ingilis sümsüsü hoboydan böyükdür və diapazonu kvinta aşağı səslənir. Onun tembri daha qəmgindir. Bu alətdən Borodin "Orta Asiyada" simfonik lövhəsində Şərq koloritini yaratmaq üçün istifadə etmişdir.
Simfonik orkestrin tərkibində adətən iki hoboy və bir ingilis sümsüsü olur.
HOLAVAR – Azərbaycan xalq musiqi yaradıcılığında əmək mahnılarının ən çox yayılmış formalarından biridir. Qədim Azərbaycan əmək mahnılarına maldarlıqla əlaqədar yaranan sayaçı sözləri və əkinçiliklə bağlı halovarlar aiddir. Bu qəbildən olan mahnılardan – "Tutu nənəm", "Şum nəğməsi", "Xırman mahnısı", "Çək şumla yeri", "Çıxdı günəş", "Biçinçiyəm" və b. göstərmək olar.
HÜMAYUN – Şifahi-professional Azərbaycan musiqisində əsas muğam dəstgahlarından yeddincisidir. "Hümayun" yaxın Şərq xalqlarının klassik musiqisinə daxsil olan 24 şöbədən birinin adıdır.
"Hümayun" sözü "cənnət quşu", "şahlıq quşu" mənasını daşıyırsa, onun ikinci mənası "uğurlu, səadətli" deməkdir.
Ü. Hacıbəyov "Azərbaycan xalq musiqisinin əsasları" kitabında "Hümayunu Şüştərlə müqayisə edərək belə qənaətə gəlir ki, bədii-ruhi təsir cəhətdən "hümayun" dinləyicidə "Şüştər"ə nisbətən daha dərin bir kədər hissi oyadır. Bu muğam lirik-dramatik məzmuna malikdir.
XIX əsrin axırlarında "hümayun" 17 şöbə və guşədən ibarət olan muğam dəstgahı kimi mövcud olmuşdur.
Sonralar "Hümayun" dəstgahı təkmilləşmiş, daha yığcam olmuşdur. Halhazırda "Hümayun" aşağıdakı şöbə və guşələrdən ibarətdir: "Bərdaşt", "Hümayun", "Feli", "Şüştər", "Tərkib", "Üzzal", "Kiçik məsnəvi", "Hümayuna ayaq".
– X –
XANƏNDƏ – Bu ad adətən muğamat sənətinə kamil surətdə yiyələnmiş nəğməkara aid edilir. Bir qayda olaraq, xanəndə-sazəndə dəstəsinə (ənənəvi "üçlük" – tar, kaman, qaval) daxil olub, həm də dəfçi (qavalçalan) vəzifəsini də daşıyır.
Azərbaycan xanəndə və sazandaları virtuoz sənətkar – oxuyan və çalan olmaqla yanaşı, şifahi-professional musiqi yaradıcılığının mükəmməl biliciləri olmuşlar. Əsrlər boyu ustad xanəndələr öz ifaçılıq məktəblərini yaratmışlar. XIX əsrdə Şuşada ustad sənətkar Xarrat Qulu xanəndəlik musiqi məktəbini yaratmışdır. Məşhur xaləndələrdən Hacı Hüsü, Məşədi Isi, Şahnaz Abbas, Əbdülbağı (Bülbülcan), Keçəçi oğlu Məhəmməd, Cabbar Qaryağdıoğlu və b. həmin məktəbin yetirmələri idilər.
XX əsrin əvvəllərində A. Zeynallı adına Bakı Orta ixtisas musiqi məktəbinin xanəndəlik sinfinin yaranması və inkişafında görkəmli xanəndə Seyid Şuşinskinin mühüm rolu olmuşdur. Xanəndələrin böyük bir nəsli S. Şuşinskinin yetirmələridir: Zeynəb Xanlarova, Rübabə Muradova, Islam Rzayev, Əlibaba Məmmədov, Qulu Əsgərov və b.
Tanınmış muğam ustadları Xan Şuşinski, Zülfü Adıgözəlov, Həqiqət Rzayeva, Hacıbaba Hüseynov uzun illər xanəndəlik üzrə muğam sinfində dərs demişlər.
XOR – Yunan sözü olan "choros" – "yığıncaq, camaat" mənası daşıyır. Vokal musiqisinin kollektiv ifası xor musiqisi, bu kollektiv isə xor kapellası adlanır. Hər hansı kollektivi xor adlandırmaq olmaz. Belə ki, bəzi vokal ansambllarda bir neçə, hətta 10 nəfərdən artıq ifaçı ola bilər. Xorda isə ifaçıların sayı daha çoxdur. Xorun bütün üzvləri adətən dörd qrupa bölünür. Uşaq xoru isə iki qrupa bölünür: zil-soprano səsi, bəm-alt səsi.
Öz tərkibinə görə xorlar müxtəlifdir: qadın xoru, kişi xoru və qarışıq xor. Qarışıq xorda bütün əsas vokal səsləri iştirak edir: soprano (zil qadın səsi), alt (bəm qadın səsi), tenor (zil kişi səsi), bas (bəm kişi səsi).
Bəstəkarlar xor üçün xüsusi əsərlər – mahnılar, xorlar, poemalar, oratoriya və kantatalar bəstələyirlər.
Operaların başlıca nömrələrindən biri də xor səhnələridir. Əksər operaların kütləvi səhnələrində xor səslənir. Məsələn; Musorqskinin "Boris Qodunov" operasından "Rasxodilas razqulyalas" xoru, Qlinkanın "Ivan Susanin" operasından "Slavsya" xoru, Ü. Hacıbəyovun "Koroğlu" operasından "Çənlibel" xorunu misal göstərmək olar.
Bəzi xor əsərləri müşayiətsizdir. Belə xor ifasına a kapella deyilir.
XORAL – Orta əsrlərin latın termini olan "choralis" – dini kilsə nəğməsidir. Katolik kilsə musiqisində xoral birsəsli, yəni unison şəklində oxunurdu. Protestant kilsəsində isə xoral çoxsəsli (adətən 4 səsdən ibarət) oxunurdu.
Xoralın musiqisi möhtəşəm, təntənəli xasiyyəti, aramlı ritmi, sabit hərəkəti ilə fərqlənir. Ciddi, səs hərəkətinə əsaslanan akkordlu harmoniya xorala dolğun səslənmə gətirir.
XORMEYSTER – "Xor" haqqında artıq yuxarıda məlumat verilmişdi. Alman sözü "meister" isə usta, sənətkar, bələdçi kimi mənalar daşıyır. Xora rəhbərlik edən dirijora xormeyster (yəni "xor ustası") deyilir. Kapelmeyster, konsertmeyster kimi terminlər də bu qəbildəndir.
XROMATIZM – Müxtəlif yüksəklikdə olan lakin eyni adlı notların ardıcıl və ya birgə səslənməsinə xromatizm deyilir. Məsələn; əgər royalda "do" notunu çalıb, sonra ondan sağda yerləşən qara dili səsləndirsək "do-diyez" notu alınar. "Do-do-diyez" ardıcıllığı xromatik yarımton əmələ gətirir. Belə ki, klaviaturada hər bir səs özündən üst və alt tərəfdə yerləşən səslərlə xromatik yarımton münasibətində olur. Məsələn; re-re-bemol; sol-sol-diyez; lya-lya-diyez və s.
"Xromatizm" sözü yunanca "chroma" sözündən olub "rəng" kimi tərcümə edilir. Qədim yunanlar diatonik səsdüzümünün 7 əsas səsini (do, re, mi, fa, sol, lya, si) göy qurşağının yeddi əsas rənginə uğyunlaşdırırdılar. Səslərin arasında əmələ gələn yarımtonları isə bu rənglərin müxtəlif çalarları ilə əlaqələndirirdilər.
Xromatizm sözünün kökü bir sıra musiqi anlayışlarına da aid edilir: xromatik qamma (yarımtonlarla hərəkət edən qamma), xromatik işarələr (alterasiya işarələri), xromatik intervallar (ladın xromatik dəyişilən pərdələri arasında yaranan intervallar).
p align>
|