Bütün dahi sənətkarlar kimi, Azərbaycan peşəkar musiqisinin əsasını qoyan sevimli bəstəkarımız Üzeyir bəy Hacıbəyov da öz yaradıcılığında hamar salınmış cığırla ketməmiş, daim irəli can atmış, açılmamış cığırlar axtarmış və bütün fəaliyyəti ərzində musiqimizin tərəqqisi yolunda yad ünsürlərə qarşı çıxış etmiş, artıq qəbul olunmuş yanlış kanon və anlayışları aradan götürməyə çalışmışdır. Azərbaycan mədəniyyəti tarixində silinməz izlər buraxmış dahi bəstəkar milli bəstəkarlıq məktəbini yaratmış, musiqimizdə bir çox janrların, o cümdədən opera və operettanın banisi olmaqla respublikada musiqi məktəbinin və texnikumunun və nəhayət ilk Azərbaycan Ali Musiqi məktəbinin – Dövlət Konservatoriyasının əsasını qoymuşdur. Həmin Ali məktəbin tələbələrinin qüvvəsi ilə Azərbaycanda ilk simli kvartetin, ilk simfonik orkestrin, notla çalan xalq çalğı orkestrlərinin və çoxsəsli xorun yaradılması da dahi bəstəkarın adı ilə bağlıdır.
Notla çalan xalq çalğı alətləri orkestrinin əsasını qoymazdan əvvəl Üzeyir bəy xalq çalğı alətlərinin, xüsusən də Azərbaycan musiqisinin ən əsas alətlərindən olan tarın üzərində dərin elmi-tədqiqat işləri aparmış və onun, eləcə də digər milli musiqi alətlərimizin rəvan temperasiyaya malik olmasını sübuta yetirən və qızğın mübahisələrə səbəb olan bir sıra məruzə və məqalələrlə çıxış etmiş, bu alətlərin notla çalınmasının tədrisi məsələsini ortaya çıxarmış və bunun peşəkar səviyyədə aparılmasını təşkil etmişdir. Lakin o dövrdə bu dahi insanın mətin addımı bəzi qüvvələr tərəfindən birmənalı qarşılanmadı. Üzeyir bəyə qarşı çıxan iki bir-birinə əks qruplaşmanın biri – konservativ fikirli milli musiqi xadimləri onu (yəni Üzeyir bəyi) tarı milli – spesifik
xüsusiyyətlərindən, özünəməxsusluqdan məhrum etməkdə günahlandırırdılar. Ikinci qrup isə, ümumiyyətlə Azərbaycan musiqisinin səslənməsinin, təbliğinin əksinə çıxaraq, musiqi təhsili sahəsində tarın, eləcə də bütün milli musiqi alətlərinin tədris olunmasının qəti əleyhinə idilər. Onlar bütün musiqi alətlərini arxaik hesab edərək kənara qoymağı, musiqi təhsili müəssisələrində Avropa musiqi alətlərində çalmağın tədrisini tövsiyə edirdilər. Hələ 1921-ci ildə "Sənayei-nəfisə" jurnalının birinci sayında çıxan "Vəzifeyi-musiqiyəmizə aid məsələlər" məqaləsində Üzeyir bəy Hacıbəyov hər iki cəbhənin nümayəndələrinə cavab verərək yazırdı: "Şərq musiqisindən ibarət olan milli musiqimizin tərəqqisi yolunda elmi, fənni, nəzəri və əməli surətdə çalışmaq məsələsinin təqib etdiyi böyük məqsəd budur ki, musiqimizin elmi əsəslarının arayıb tapıb, bu əsaslar üzərində musiqimizin tərəqqisinə çalışmaq və onun həqiqətən nəcib və nəfis bir sənəti-aliyyə məqamına yetirib, bu yolla ümum üçün yeni bir mənbəyi zövq və mənşəyi-feyz açmaq
la Azərbaycan türkləri tərəfindən mədəniyyət və insaniyyətə xidmətlər göstərmək... "Daha sonra oxuyuruq":... Azərbaycan türkləri ümumi musiqini elm və sənətimizdə öyrənməlidirlərmi, yoxsa buna heç bir ehtiyac hiss edilməyib, yalnız Şərq musiqisi ilə iştiğal etmək kifayətmiş?.. biz Azərbaycan türklərinə "Ala franğa", yaxud bizlərdə "Yevropeyski" deyilən musiqini də öyrənmək lazımdırmı? Bəli, lazım və vacibdir: yəni o qədər vacibdir ki, bizim öz musiqimizin tərəqqisi bundan asılıdır. Bu yolda hər bir əsrə məxsus musiqi dahiləri və musiqi alimləri əmələ gəlib, öylə bir böyük və qiymətli əsərlər buraxıbdırlar ki, mədənilik iddiası edən heç bir millət bu əsərlərdən bixəbər və bibəhrə qala bilməz". Məqalənin başqa bir yerində yazılıb: "...Ümumi musiqi sənəti bizim də aramızda intişar taparsa, o halda biz mədəniyyətin hər bir qismində iştirak etmiş olarıq", daha sonra, "...bizim aramızda ümumi musiqi sənəti tərəqqi taparsa, bizim də xalq özündə musiqiyə olan bütün istedadını aləmə göstərməyə qadir olar. Bizlərdən də
kompozitorlar, pianistlər, artistlər əmələ gəlməklə biz də öz mədəniyyət borcumuzu insaniyyət bazarına çıxara bilərik, "sonra da" ümumi musiqi sənətini öyrənərsək, öz milli musiqimizin tərəqqisinə böyük-böyük xidmətlər etmiş oluruq. Halbuki əks surətdə, yəni musiqi elmindən bixəbər qalarsaq, öz musiqimizi bir qədəm dəxi irəli apara bilmərik" – deyərək dahi bəstəkar öz məqaləsində çıxış etmişdir.
Müslüm Maqomayev, Zülfüqar Hacıbəyov kimi qabaqcıl sənət fədailəri ilə birlikdə Üzeyir bəy Hacıbəyov Azərbaycan milli musiqi mədəniyyətini mürtəce baxışlı qüvvələrin təzyiqindən qorumuş, onlarla mübarizə aparmış və nəticədə haqsız olduqlarını, yanlış fikir yürütdüklərini sübuta yetirmişdi. Məhz həmin gərgin mübarizə və əməyin sayəsində Üzeyir bəy Hacıbəyov 1931-ci ilin oktyabr-noyabr aylarında Azərbaycanda ilk not sistemli xalq çalğı alətləri orkestrinin bünövrəsini qoymuşdur və bu orkestrin dirijoru və bədii rəhbəri Üzeyir bəy özü idi. Dirijor köməkçisi və konsertmeyster isə o zamanlar gənc bəstəkar, Üzeyir bəyin tələbəsi Səid Rüstəmov təyin edildi. Orkestrin tərkibi 22 musiqiçidən ibarət idi. Tar qrupunda Səid Rüstəmov, Xosrov Məlikov, Əhməd Bakıxanov, Qurban Pirimov, Bəhram Mansurov, Əbülfəz Fərəcov, Əmirulla Məmmədbəyov, Tutu Kərimova, Süleyman Hüseynqulu oğlu, Əlihəsən Nuriyev: kamança qrupunda Qılman Salahov, Hafiz Mirzəliyev, qarmonda Əhəd Əliyev, dəfdə Xalıq Babayev kimi istedadlı musiqiçil
ər çalışırdılar.
Orkestrin musiqiçilərinin söylədiklərinə görə, orkestrlə Üzeyir bəy özü məşğul olurdu. Onun məşqləri çox maraqlı və məzmunlu keçirdi. Bəzən o, orkestrin ifaçılarına çoxsəsli ifa üslubunun qaydaları üzrə ətraflı məlumat verər, lazım gəldikdə isə həm Avropa, həm də milli musiqimizin tarixi və nəzəriyyəsi haqda çox faydalı söhbətlər edərdi.
Orkestr yarandığı gündən qarşısında duran başlıca vəzifə repertuarın düzkün təşkil olunması idi. Belə ki, birsəsliliyə öyrənmiş geniş dinləyici auditoriyası üçün çoxsəsliliyin qavranılması çətin olacağından ehtiyat edərək bu işi tədricən həyata keçirmək məqsədi ilə Üzeyir bəy Hacıbəyov ilk vaxtlarda xalq musiqisi nümunələrinə-mahnı və rəqslərimizə müraciət etmiş, onları xalq çalğı alətləri orkestri üçün işləmişdir. Bunlarla yanaşı o, rus musiqisinin klassiklərindən sayılan Qlinka və Çaykovskinin, Dunayevski və Solovyov-Sedoyun, Motsart, Verdi, Şubert, Bize, Brams, Qriq kimi Avropa klassik bəstəkarlarının əsərlərini xalq çalğı alətləri orkestrinin təfsirində səsləndirmək üçün var qüvvəsini sərf edir, ümumiyyətlə bu yolda duran bütün məsələlərin öhdəsindən özünəməxsus təmkinlik və inamla gəlir və bu gözəl işi yorulmadan irəli aparırdı. Artıq 1932-ci ilin sonlarında Üzeyir bəy orkestrin həm ifa tərzinin püxtələsməsi üçün, həm də repertuarının zənginləşməsi üçün yarad
ıcılıq fəaliyyətini davam etdirir və bunun nəticəsi kimi özünün yaradıcı təxəyyülünün məhsulu olan 2 iri formalı orijinal əsər – "Çahargah" və "Şur" fantaziyalarını yaradır. Eyniadlı muğamlarımızın intonasiyalarından ruhlanan bəstəkar hər iki əsərdə həm də xalq tərəfindən yaradılmış bu sənət nümunələrinin ruhunu böyük ustalıqla təsvir etmişdir. "Caharkah" və "Şur" fantaziyalarını yaratmaqla dahi bəstəkar həm sonra gələn bəstəkarlar nəsli üçün yaradıcılıqda yeni cığır açmaqla mühüm bir iş görmüş oldu, eləcə də xalq çalğı alətlərinin zəngin imkanlara malik olduğunu və ansambl tərkibində çoxsəsli ifanın mümkünlüyünü bir daha sübut etdi.
Əsası Üzeyir bəy Hacıbəyov tərəfindən qoyulmuş Azərbaycan xalq çalğı alətləri orkestrinin inkişafı yolunda dahi bəstəkarla ilk gündən çiyin-çiyinə çalışan, böyük əmək və enerji sərf edən Səid Rüstəmov artıq 1935-ci ildə orkestrin həm bədii rəhbəri, həm də baş dirijoru təyin olunur. Üzeyir bəy kimi o da, orkestrin üzvlərinin ifaçılıq mədəniyyətinin və professionallıq səviyyəsinin inkişafı yolunda geniş və maraqlı repertuarın təşkil olunmasında mühüm işlər görürdü. Ilk növbədə o, orkestrin tərkibini genişləndirərək, Hökümə Nəcəfova, Ağası Məşədibəyov, Adil Gəray və b. kimi istedadlı ifaçıları ora dəvət etmişdi. Bundan əlavə, orkestr üçün bir sıra orijinal əsərlərini, o cümlədən "Bayatı-Kürd" və "Şadlıq rəqsini", çoxdan unudulmuş bir sıra xalq mahnı və rəqslərini işləmiş və tərtib etmişdi.
1938-ci ilin aprelində Moskvada Azərbaycan incəsənəti ongünlüyünün keçirilməsi nəzərdə tutulmuşdu. Bu, Azərbaycanın mədəni həyatında böyük, məsuliyyətli bir hadisə idi. On gün ərzində milli Opera və Balet teatrımız, simfonik orkestr və xor, aşıqlar və bir neçə müğənnimiz; eləcə də xalq çalğı alətləri orkestri, mədəniyyətimizi yüksək səviyyədə nümayiş etdirməli idilər. Üzeyir bəy "Arşın malalan" operettasını müşayiət etmək kimi məsuliyyətli bir işi Səid Rüstəmova tapşırmışdı. Qısa bir zamanda əsərin partiturasını xalq çalğı alətləri orkestri üçün işləyən istedadlı dirijor xalq musiqi alətlərindən, onların zəngin tembrindən novatorcasına istifadə edərək xalqın ruhunu oxşayan gözəl bir orkestr müşayiəti tərtib etdi.
1938-ci ilin aprel ayının 9-da "Arşın malalan" operettası Səid Rüstəmovun rəhbərliyi və xalq çalğı alətləri orkestrinin müşayiəti ilə Moskva tamaşaçılarına göstərildi və böyük müvəffəqiyyət qazanaraq həm də böyük marağa səbəb oldu. Çünki musiqi tarixin də səhnə əsərinin simfonik orkestr deyil, xalq çalğı alətləri orkestri tərəfindən müşayiət olunması çox uğurlu bir yenilik idi. Dekada ərzində "Arşın mal-alan" iki dəfə göstərilmiş və hər ikisində də xalq çalğı alətləri orkestrinin ifası yüksək qiymətləndirilmişdir. Yekun konsertində isə orkestr Üzeyir bəy Hacıbəyovun xorun ifasında səslənən "Stalinə salam" kantatasını müşayiət etmişdi və bununla özünün yüksək peşəkar kollektiv olduğunu nümayiş etdirmişdi.
Moskva dekadasından yüksək əhval-ruhiyyə ilə qayıdan kollektiv və onun rəhbəri Səid Rüstəmov yeni həvəslə məhsuldar inkişaf yoluna qədəm qoydu. Istedadlı rəhbər olan Səid Rüstəmov xalq musiqi nümunələrini, eləcə də Azərbaycan bəstəkarlarının o dövrdə yazılmış əsərlərini, rus və Avropa klassiklərnin əsərlərini orkestr üçün işlədi, həmçinin kollektivə istedadlı ifaçılar və o cümlədən 2-ci dirijor kimi Süleyman Ələskərovu dəvət etdi. Yeri gəlmişkən, kollektivin ifaçılıq mədəniyyətinin yüksəlməsində, repertuarının zənginləşməsində Süleyman Ələsgərovun böyük əməyi olduğunu xüsusi qeyd etmək lazımdı. O həm dirijor kimi bir sıra musiqi nümunələrinin orkestr üçün təfsirini vermiş, həm də istedadlı bəstəkar kimi bu kollektiv üçün bir sıra maraqlı əsərlər yazmışdır. Belə bir yaradıcı tərkibdə orkestr maraqlı, zəngin və məzmunlu repertuarla xalq qarşısında çıxışlar edir, digər respublikalarda keçirilən ongünlüklərdə, festivallarda, müxtəlif qastrol səfərlərində iştirak edird
i və onun şöhrəti, qazandığı nailiyyətlər bir çox Azərbaycan bəstəkarlarını, o cümlədən Fikrət Əmirovu, Soltan Hacıbəyovu, Cahangir Cahangirovu, Süleyman Ələsgərovu, Ağabacı Rzayevanı, Əşrəf Abbasovu, Adil Gərayı, Hacı Xanməmmədovu, bu kollektiv üçün əsərlər yazmağa ruhlandırmışdı. Bu barədə Azərbaycan bəstəkarlarının 1956-cı ildə keçirilən I qurultayının işində iştirak edən zəmanəmizin görkəmli bəstəkarı Dmitri Şostakoviç "Sovetskaya muzıka" jurnalının 1956-cı il, 6-cı sayında dərc olunmuş "Azərbaycan bəstəkarlarının qurultayı" məqaləsində yazırdı ki, çox fərəhli haldır ki, Azərbaycan bəstəkarlarının yaradıcılığına xas olan yüksək zövq və əsl sənətkarlıq xalq çalğı alətləri orkestrinin repertuarında da öz əksini tapmışdır.
1974-cü ildə orkestrin rəhbərliyi istedadlı dirijor Nəriman Əzimova tapşırıldı. O, öz gəlişi ilə orkestrdə bir sıra yeniliklər həyata keçirtdi, o cümlədən orkestrin tərkibinə qaboy, fleyta, kontrabas kimi qərb musiqi alətlərini və ud alətini əlavə etdi. Qərb alətlərinin "xalq çalğı alətləri orkestrinin" tərkibinə daxil edilməsi bir qədər polemik xarakter daşısa da uzun illər kollektiv məhz bu tərkibdə fəaliyyət göstərmişdir. Yeni-yeni ifaçılar nəsli, müğənnilər öz ifaçılıq fəaliyyətinə bu kollektivdə başlamışdılar. Ramiz Quliyev, Oqtay Quliyev, Elman Bədəlov, Adil Bağırov, Mahrux Muradova, Təranə Vəlizadə, Nisə Qasımova, Yaşar Səfərov, Baba Mirzəyev və bir çox başqa istedadlı ifaçılarımız bu kollektivlə həm respublikamızda, həm də onun sərhədlərindən kənarda maraqlı repertuarla çıxış etmişlər.
Bu il, əsası 1931-ci ildə dahi Üzeyir bəy Hacıbəyov tərəfindən qoyulan Azərbaycan notlu xalq çalqı alətləri orkestrinin yubiley ilidir. Fəaliyyətdə olduğu illər ərzində bu əməkdar kollektiv doğma xalqına lazımınca xidmət edərək, ona yüksək estetik zövq vermək və milli professional ifaçılıq sənətimizi inkişaf etdirmək kimi ali vəzifənin öhdəsindən layiqincə gəlmişdir.
Sonda Azərbaycan musiqi ictimaiyyətinin, ümumiyyətlə əsl musiqiyə qiymət verən hər bir azərbaycanlının arzusunu bu əməkdar kollektivin bədii rəhbəri və baş dirijoru hörmətli Nəriman Əzimova və kollektivin bütün üzvlərinə çatdırmaq istərdik, qoy kollektiv, əvvəlki illərdə olduğu kimi, dövlətimizin mədəni həyatında əsas yerlərdən birini tutsun, istedadlarımızın üzə çıxmasında əvvəlki tək, öz güc və bacarığını əsirgəməsin: qoy bu kollektiv "əsl musiqi" intizarında olan hər bir adamın ruhuna, qəlbinə məlhəm olsun. Vaxtilə Üzeyir bəy Hacıbəyovun nəfəsinin, əməyinin bəhrəsi olan kollektiv bu gün də fəaliyyət göstərməklə özündə dahi bəstəkarın müqəddəs ruhunu yaşatmalıdır!
ƏDƏBIYYAT:
1. Üzeyir Hacıbəyov. Əsərləri II cild. Bakı, 1965.
2. K. Kerimov. Orkestr Azerbaydcanskix narodnıx instrumentov. Bakı, 1959.
3. O. Quliyev. Azərbaycan xalq çalğı alətləri orkestri. Bakı, 1980.
p align>
|