ÌÓÑÈÃÈØÖÍÀÑËÛÃÛÍ ÀÊÒÓÀË ÏÐÎÁËÅÌËßÐÈ
QAN YADDAŞININ ÇAĞIRIŞINDA
Azad Ozan KƏRIMLI
|
|
Tarix, - daha doğrusu, onun yaddaşlar üçün ən lazımlı, ən gərəkli, - gələcək nəsillərə böyük görk ola biləcək anları təkcə tarix kitabları və sanballı araşdırmalarda, əski qazet və jurnal tikmələrində (tikmə toplumlarda), kino lentləri, səs yazıları və çağdaş dövrün ən önəmli qazanclarından biri olan videoçəkilişlədə öz əksini tapmır. Və yaxşı ki, belədir; əks halda tarixi həm yayımlayıb aşılamaq, həm qavramaq bəşər övladının çoxluğuna cansıxıcı görünərdi. Sual olunacaq ki, «nə üçün?» Cavabı da bu olacaq ki, Insan təkcə ateistlərin dediyi kimi «maddi» və dindarların dediyi kimi «mənəvi-ruhi» varlıq deyil; Insan bədii yaradıcılıq olayıdır. Məhz bunun sonucunda tarix insan yaşamının başlanğıc qaynaqlarından bizim günlərədək qayaüstü rəsmlərdə, sinkretik sənətdə, möhtəşəm tikililərdə və adları ucsuz-bucaqsız siyahı tutacaq çox-çox çoxçeşidli örpəklərdə yaşayır və izlənilir. Geriyə döndərilməz Tarix Təkəri fırlandıqca, bəşəriyyət gələcəyə addımladıqca, nadan və manqur
tların əksinə olaraq, tarixdə insan yaşamının ən başlıca və ən yüksək dəyərləndiricisi kimi tanınan Mədəniyyət bizlərin tarixi yaddaşını yaşadıb hər an bizə qaytarmaqla yanaşı, ona hər dəqiqə, hər saat, hətta hər an belə yeni-yeni «xallar», «güllər vurmaqla», - bir sözlə, bu Yaddaşı hər dəfə, özü də arasıkəsilmədən yenidən bədii şəkildə yaratmaqla daha geniş anlamlandırma və kəsərləndirmə vəzifədaşıyıcılığını daha inamla yerinə yetirir.
Bizlər son onillikdə əsil peşəkar bəstəkar yaradıcılığının, əsil peşəkər bəstəkar qələminin bütovlükdə korşalmasına baxmayaraq yeni-yeni sənət olayları ilə qarşılaşırıq. Və, mənim şəxsi fikrimcə, bu sənət olaylarınin ən önəmliləri solistlər, xor və böyük simfonik orkestr üçün yaradılan əsərlər çevrəsində, - bir sözlə, vokal-simfonik janrda baş verir.
Bu janr istər ideya tutumuna, istərsə də bədii imkanlarına və insanlara təsir gücünə görə başqalarını üstələdiyindən hər zaman hakim dairələrin diqqət mərkəzində olub. Avropa bəstəkarlığı tarixinin uzun bir kəsimində kantata və oratoriyalar başlıca olaraq sifarişli şəkildə dini və siyasi olay-mərasimlərin «qulluğunda durduğundan», onların məzmunu və poetik mətni adları çəkilənlərə uyğunlaşdırılır, çox az, tək-tük hallarda isə alleqorik (məcazi) məna daşıyırdı. Yalnız XIX yüzilliyin sonundan başlayaraq (Brams, Maler, bir sıra fransız bəstəkarı) kantata-oratoriya janrının ideya və məzmun «buxovları qırılır» və peşəkar bəstəkar yaradıcılığının bu tutumlu kəsimi bütövlüklə yüksək insani arzu və istəklərin carçısına, musiqi sənəti çevrəsində tarixi yaddaşların ən geniş yayımlayıcısına çevrilir.
Bizlərə gəldikdə isə, milli bəstəkarlıq məktəbimizin ağrılı dövrdə ağrılı yaranışı, millətlərin imperiya barmaqlığında 70 illik «sosialist birgəyaşayışı» bədii yaradıcılığın milli dəyərlərə doğru canatımına heç bir imkan yeri qoymayıb. Özü də ilk növbədə vokal və vokal-simfonik çevrədə.Belə bir durumda hansı tarixi yaddaşdan danışmaq olardı? Biz, bəstəkarlarımızın yaşlı nəsli, onların xatirəsi və millətə, xalqımıza, demək olar ki, təmənnasız qoyub getdikləri qarşısında baş əyməliyik və gələcəkdə, onların keçdikləri əzablı yolların acısını daha dərindən duyub anladıqdan sonra böyük həvəslə baş əyəcəyik. Çünki indi anlamasaq da, gec-tez anlamalıyıq ki, kommunist ideyasından uzaq «Fizuli» kantatası və «Sabir» oratoriyası kimi sənət incilərinin yaradıcısı, tanınmış bəstəkarımız Cahangir Cahangirov bütün ömrü boyu hansı çətinliklər, keçilməz divarlarla üzləşib ... Lakin Tarixin Təkəri fırlanır və adının tarixdən silinməsini istəməyən hər bir millət «zərərin yarısından
da olsa qayıtmalı,» Tarixi Yaddaşı ilk önə çəkməlidir. XXI yüzilliyə keçidin hazırkı sıxıntılı durumunda, - bilgisayar texnikası və INTERNET-in yer kürəsini çulğaladığı; bəzən bircə hərbi əməliyyatdan ibarət bir neçə günlük müharibələr; atomdan da qorxunc, «kütləvi mədəniyyət» adlanan kabusun insanlığa, onun mənəviyyatına qarşı hücuma keçdiyi; sintezatorlar və «pulum varsa, bəstəkar olmağa nə var?» deyərək peşəkərlığa meydan oxuyan «həvəskarların» quduzlaşdığı durumda da bizlərə özəl yaradıcılığında dönməz sənətkar şəxsiyyətlər gərəkdir. Elə şəxsiyyətlər ki, yaradıcılığının çeşidindən, çevrəsindən asılı olmayaraq Tarixi Yaddaşın çağdaş zamanla səsləşən və gələcəyə görk ola biləcək olaylarını sezib-seçməyə, duyub-anlamağa və sənətində özəl yozumlamağa özündə güc tapa bilsin. Tam əminliklə deyə bilərik ki, belə ağır yükü çiyinlərində daşımağı özünə şərəf bilən sənətkar-şəxsiyyətlərimiz bu gün də yox dərəcəsində deyil. Çünki deyimimizə ən tutarlı tutalğac, ən parlaq sübut XX yüzilliyin son pilləsində yaşı 65-i
haqlamış Vasif Adıgözəlovun son 12 ildə təkcə vokal-simfonik çevrədə yaratdığı möhtəşəm əsərlər sırasıdır. Onlardan sonuncunun, - «Qəm karvanı» oratoriyasının bu il yanvarın 19-da, - 1990-cı il «20 yanvar» olaylarının 10-cu ildönümü ilə bağlı ilk dəfə səslənməsi «Tarixi Yaddaşa Qayıdış» yolunda musiqi sənətimizin ən cəsarətli sınaq-addımlarından biri sayılmalıdır.
|