ÊÓËÒÓÐÎËÎÚÈ ÌßÑßËßËßÐ
AZƏRBAYCAN SƏSLƏNƏN MƏKANINDA YENI MUSIQI
Zümrüd DADAŞZADƏ
|
|
«Yeni musiqi»
Inteqrasiya proseslərinin tənzimlənməsində «Yeni Musiqi» adlı cəmiyyətin rolu əhəmiyyətlidir. Rəsmən 1995-ci ildən fəaliyyət göstərən bu cəmiyyətə müasir musiqi aləmində böyük nüfuza malik məşhur Azərbaycan bəstəkarı F. Qarayev və yeni sənətin əla bilicisi musiqişünas C. Səlimxanov rəhbərlik edir.
Buradaca qeyd edim ki, «Yeni Musiqi»heç də Bəstəkarlar Ittifaqına alternativ kimi nəzərdə tutulmayıb. Təşkilatlardan hər birinin öz yolu, məqsəd və vəzifələri var. Belə ki, Ittifaq daha çox öz üzvləri haqda informasiyanı toplayıb ümumiləşdirir, bəstələnən əsərlərin plenumdan-plenuma ifasını təmin edir, öz fəaliyyətində yaradıcılıq məsələlərinin müzakirəsinə diqqət yetirir, müxtəlif, o cümlədən maddi problemlərin həllində bəstəkarlara yardım edir. Yeni cəmiyyətin əsas məqsədi isə Azərbaycan musiqisinin dünyada geniş təbliğindən, çoxçeşidli beynəlxalq əlaqələrin yaradılmasından, XX əsr sənətinin ən yaxşı, çox zaman ən yeni nümunələrinin Bakıda ifası yolu ilə səslənən məkanımızda «ağ ləkələr»in ləğvindən ibarətdir. Onu da deyim ki, ISCM və ACL-də Azərbaycanı elə «Yeni Musiqi» təmsil edir.
Dərhal belə bir sual meydana çıxır: bu nəhəng vəzifələrin həlli üçün maliyyə vəsaiti haradan tapılır?
«Hər bir konkret halda konkret sponsorlar axtarıb tapırıq, - deyə C. Səlimxanov sualımı cavablandırarkən qeyd edir. – Bizə müəyyən fondlar, xarici dövlətlərin səfirlikləri, gənclərlə bağlı tədbirlərdə Azərbaycanın Gənclər və Idman Nazirliyi yardım göstərir. 1998-ci ildə AMOK Neft konsorsiumu «Sibelius - 7» sistemli ən yeni kompyuter avadanlığının tam komplektini cəmiyyətə hədiyyə etmişdir. Bir çox təşəbbüslərimizdə bizi dəstəkləyən Açıq Cəmiyyət Institutunun (Soros fondu) yardımnı isə xüsusi vurğulamaq istərdim».
F. Qarayevin fikrincə, dövrün özünəməxsus nişanəsi – kiçik, mütəhərrik təşkilatlar mütləq bir-birilə əlaqədar işləməlidir. Məsələn, «Yeni Musiqi» Hollandiyada qeydə alınmış, mərkəzi ofisi Tbiliisdə yerləşən Qafqaz fondu Moskvanın Yeni Musiqi Studiyası, «American voices» təşkilatı ilə əməkdaşlıq edir. Bu yaxınlarda cəmiyyətə Rudəki adına Tehran Opera və Balet teatrının balet truppasının bərpasında partnyor kimi iştirak etmək barədə təklif daxil olub. Bu truppanın «Fars baletləri» («Rus baletləri», «Fransız baletləri» ilə analogiya mümkündür) adı ilə Isveçdə fəaliyyət göstərməsi nəzərdə tutulub. Gənc Iran xoreoqrafı Nima Kiannı Azərbaycan bəstəkarlarının yaratmaları – Q. Qarayevin «Yeddi gözəl»i, A. Əlizadənin «Babək»i maraqlandırmışdır.
«Yeni Musiqi» çox zaman Azərbaycan musiqiçiləri və xarici ölkələrin tanınmış ifaçıları və kollektivləri (məsələn, Isveçrədən TaG, Hollandiyadan «Nieuw Ensemble» və s.) arasında vasitəçi kimi çıxış edir.
Isveçrə gitaraçalanı Kristof Yaqqin Bakıda olarkən aşağıdakı fikri vurğulayırdı: «Mənim üçün incəsənətdə ən önəmli olan insandır. Fikrimcə, birbaşa dostcasına ünsiyyət yad musiqini də qavramağa yol açır».
Ifaçının Azərbaycan həmkarları ilə dostluq ünsiyyəti gitara üçün bəstəkarlarımız X. Mirzəzadə, F. Qarayev, F. Əlizadə, E. Mirzəyev, Ə. Əlizadə tərəfindən əsərlərin yazılması ilə nəticələndi.
«Yeni Musiqi» həmişə öz fəaliyyət formalarını təzələyir, müxtəlif təşkilatların maraqlı təkliflərinə həvəslə qoşulur. Məsələn, BMT-nin Azərbaycandakı nümayəndəliyinin təklifi ilə 1998-ci ildə Bakıda Insan Hüquqları haqqında Ümumdünya Bəyannaməsinin beş illiyi münasibətilə musiqi əsərinin bəstələnməsinə həsr olunmuş müsabiqə keçirildi. Müsabiqəyə təqdim olunan əsərlər Bəyannamənin ideal və prinsiplərinə uyğun gəlməli, onun ruhu və ideyalarını əks etdirməli idi. Münsiflər heyətinin qərarı ilə laureat adına M. Quliyev. F. Hüseynov, C. Abbasov, Z. Fərhadov, E. Mirzəyev layiq görüldü. Əsas mükafat isə Ə. Əlizadənin «Serenate Dolore» əsərinə verildi.
Bir cəhəti də vuruğulamaq lazımdır. Cəmiyyət «yeni musiqi» anlamını geniş təfsir edir, ancaq avanqard və ya postavanqard musiqi çərçivəsi ilə məhdudlaşmır. Prinsipcə, cəmiyyət bütün qeyri-adi, maraqlı sənət hadisələrinə öz qapılarını açır: olsun caz, Olsun muğam və ya olsun akademik musiqi. F. Qarayevin fikrincə, əsas məsələ musiqinin müxtəlif növlərinə yeni baxış bucağından nəzər salmaq iqtidarıdır.
Yarandığı gündən «Yeni musiqi» Cabbar Qaryağdı adına muğam üçlüyü, «Bakustik Jazz» qrupu ilə müntəzəm əməkdaşlıq edir.
Mini-festivallar
90-cı illərin ortalarında hələ iri, tammetrajlı festivalların təşkili qeyri-mümkün idi. O zaman cəmiyyətin rəhbərliyi şəraitdən maraqlı çıxış yolu tapdı, formaca daha mütəhərrik, yığcam tədbirlərə – vahid ideyaya tabe olunan, cəmi iki və ya üç konsertdən ibarət mini-festivallara müraciət etdi.
1996-cı ildə keçirilən ilk mini-festival sadə, lakin kifayət qədər mənalı və qabarıq bir ada malik idi – «Onlar və biz». Onlar – XX əsrin Qərb bəstəkarları, biz – Azərbaycanın müasir sənətçiləridik.
Isveçrənin «TaG» ansamblının iştirakilə həmin ildəcə keçirilən ikinci mini-festival «Sükutla dialoq» adlanırdı. Bu kollektivin bədii rəhbərliyi ilə danışıqlar zamanı bəlli oldu ki, ansamblın repertuarında məxsusi estetikaya malik – sakitlik aşılanmış, pauzalarla zəngin əsərlər əksəriyyət təşkil edir. Odur ki, gənc Azərbaycan bəstəkarı Aliyə Məmmədovanın əsərinin adı – «Sükutla dialoq» festivalın konsepsiyasına cavab verdiyi üçün bir ümumi başlıq kimi istifadə olundu.
Yeri gəlmişkən qeyd edim ki, 2001-ci ildə Moskvada, gənc bəstəkarların P. Yurqenson adına kamera musiqisi müsabiqəsində A. Məmmədova öz Ikinci simli kvartetinə görə laureat adına layiq görülmüşdür.
1996-cı ilin payızında daha bir mini-festival «Rusiyanın yeni musiqisi»ni təqdim etdi. Festivalın məğzi onun təşkilatçıları tərəfindən belə açıqlanır: «Uzun illərin bahəm (mahiyyətcə məcburi, reallıqda isə kifayət qədər üzvi) yaşayışından sonra biz yeni enerji ilə uzaq ölkələrdə həmkar və dost axtarmağa başladıq. Keçmiş həmvətənlərimizə marağımız bir növ soyudu, aktuallığını itirdi, onlarla ünsiyyət imkanları mürəkkəbləşdi. Odur ki, indiki şəraitdə rus musiqisi ilə bağlı festivalın keçirilməsi az qala qəfil bir aksiya kimi qarşılana bilər. Bu layihə arxasında «Böyük qardaşla dostluq günləri»nin ətalətini, uzun illər boyu nəhəng ərazilərdə insanların ümumi hesab etdiyi dəyərlərin bərpasını, və ya itirilmiş vəhdətə görə nostalgiya hissinin əlamətlərini axtarmaq əbəsdir. Belə bir festivalın təşkili daha çox musiqi avanqardı adlı cazibədar aləmlə görüşmək tələbatından irəli gəlir».
«Yeni Musiqi»nin fəaliyyəti Q. Qarayevin 80-illiyi tamam olduğu 1998-ci ildə daha məhsuldar və zəngin idi. Bütün kollektiv və ifaçıları eyni vaxtda, eyni yerdə toplamaq və ilk növbədə zəruri maliyyə vəsaitini tapmaq qeyri-mümkün olduğu üçün «Yeni Musiqi» festivalı bütün il ərzində keçirilən tədbirlər sırası kimi qurdu.
Dövlət səviyyəsində bu əlamətdar tarix qeyd olunmasa da, Bakı həmin il bir növ böyük konsert meydançasına çevrildi: məxsusi Qarayev marafonunda Fransadan (Quatuor Danel), Avstriyadan («Ensemble XX Jahrhundert» və skripkaçalan
P. Kopaçinskaya), Isveçrədən («Ensemble fuer Neue Musik Zurich» və gitaraçalan K. Yaqqin) ifaçılar, habelə Azərbaycan musiqiçiləri – pianoçular R. Rzayeva, Ü. Hacıbəyova, orqançalan R. Ismayılova, «SoNoR» ansamblı iştirak etdi. V. Ibrahimoğlunun rejissor olduğu ilk tədbir isə simvolik bir ad daşıyırdı – «Qayıdışa prelüd».
YUNESKO-nun qərarı ilə Bax musiqisi ili elan olunmuş 2000-ci ili «Yeni Musiqi» «Irəli ... Bax!» adlı konsertlər silsiləsi ilə qeyd etdi. Bu ad XX əsrin əvvəlində geniş intişar tapan «Geriyə, Baxa doğru!» şüarı ilə paralellər doğurdu. Xatırladım ki, o zaman yaranmaqda olan neoklassisizm cərəyanı romantik musiqi ənənələrinə kəskin inkar mövqeyi tutaraq, öz mübarizəsində bir ali nümunə kimi Baxın yaradıcılığına müraciət edirdi. Bakıdakı konsertlərdə XX əsr musiqisinin kifayət qədər geniş panoramı (O. Messian, K. Ştokhauzen, L. Berino,
A. Şnitke, S. Qubaydulina və b.), Azərbaycan bəstəkarlarının əsərləri (X. Mirzəzadə, F. Qarayev, C. Abbasov, E. Mirzəyev, A. Məmmədova) təqdim olundu. Hər şeyin fövqündə isə Baxın həmişəcavan, əlçatmaz sənəti ucalırdı.
Nəhayət, 2000-ci ildə Avropa bəstəkarlarının qeyri-formal görüşü də Bakıda, yığcam festival şəklində keçirildi. Bu görüş, doğrudan da, qeyri-formal xarakter daşıyırdı. Bütün iştirakçılar Zağulbada, «Gənclik» istirahət mərkəzində yerləşdirilmişdi. Burada onlar – Azərbaycan, Ukrayna, Polşa, Makedoniya, Rusiya, Isveç, Finlyandiya, Ingiltərə, Gürcüstan, Fransa, Avstriyadan gənc sənətçilər dəniz sahilində, al-əlvan payız təbiəti qoynunda bir-birinin əsərlərini dinləyir, fikir mübadiləsi aparır, mübahisə edir, öz təcrübəli həmkarları – Köln Konservatoriyasının professoru Kşiştof Meyer və bizim Fərəc Qarayevindən səriştəli məsləhətlər alırdılar.
Görüşün yekunlarını qiymətləndirərək K. Meyer aşağıdakı fikri vurğuladı: «Bakıda təmasda olduğum gənclərin bir hissəsi Qərb musiqiçilərindən fərqlənirlər. Onlar öz kökləri – Azərbaycan, Ukrayna, rus kökləri ilə daha sıx bağlıdır. Özü də mən «köklər» dedikdə, yalnız xalq musiqisini deyil, daha geniş – milli mədəniyyətin xüsusiyyətlərini, milli ənənələri nəzərdə tuturam. Diqqətimi cəlb edən bəstəkarların əsərlərində bədahətin mövcudluğu vacibdir. Onlar abstrakt sistemlərə qapanmır, ürəkdən yazıb-yaradır, başqa insanlarla ünsiyyət yollarını axtarırlar. Həmin rabitənin qurulması isə incəsənətdə həmişə ən vacib məsələ olmuş və bundan sonra da olacaqdır».
|