ÊÓËÒÓÐÎËÎÚÈ ÌßÑßËßËßÐ
AZƏRBAYCAN SƏSLƏNƏN MƏKANINDA YENI MUSIQI
Zümrüd DADAŞZADƏ
Search

ÊÓËÒÓÐÎËÎÚÈ ÌßÑßËßËßÐ
AZƏRBAYCAN SƏSLƏNƏN MƏKANINDA YENI MUSIQI
Zümrüd DADAŞZADƏ

 



Yeni musiqinin təbliğatçıları. "SoNoR"

        «Yeni Musiqi»nin tədbirlərini kim icra edir? Əlbəttə, ifaçılar. Azərbaycanda XX əsrin sənəti ilə maraqlanan, onu sevə-sevə ifa edən musiqiçilərin sayı, konservatoriyadakı ənənəvi akademik təhsilə baxlamayaraq, get-gedə artır.
       Pianoçu Rəna Rzayeva. Onun qastrol marşrutları bir çox ölkələrdən – Rusiya, ABŞ, Almaniya, Avstriya, Hollandiya, Isveçrə, Ingiltərə, Türkiyədən keçir. Rənanın konsert proqramları, məsələn «Qarayevin dövrəsi», «Musiqi – şerlərdə» müəyyən ideyaya tabe olunur, quruluşca maraqlı, qeyri-adidir, çoxsaylı auditoriyanı müasir sənət dünyasına cəlb etmək kimi mühüm bir missiya yerinə yetirir.
        «Yeni Musiqi»nin «SoNoR» ansamdbı – sırf müasir musiqinin ifasında ixtisaslaşan ifaçılar birliyi ilə əlaqələri daha sıx və müntəzəmdir.
       SoNoR – abbreviaturadır. 1995-ci ildə Samir Mirzəyev (piano), Nizami Zeynalov (klarnet) və Rövşən Məmmədovun (gitara) təşəbbüsü ilə yaranmış və adı həmin ifaçıların adlarının baş hərflərinin birləşməsindən quraşdırılan və çox uğurlu tərzdə «sonor» (yəni səslənmə) sözünə uyğunlaşdırılan bu ansamblın tərkibində BMA-nın birinci kurs tələbəsi və professorlar, məsələn, violonçelçalanlar R. Abdullayev və E. Isgəndərov, təcrübəsiz və tanınmış musiqiçilər bahəm, çiyin-çiynə çıxış edir, müasir musiqinin ideyalarını dinləyicilərə çatdırmaq naminə çalışırlar.
       Kollektivin bədii rəhbəri bəstəkar Elmir Mirzəyevin fikrincə, «SoNoR»u ansambl yox, müasir musiqi təşəbbüs mərkəzi adlandırmaq daha düzgün olardı. Çünki kollektiv öz işini təkcə gənc bəstəkarların əsərlərinin təbliği ilə bitmiş hesab etmir, müasir musiqi prosesinin önəmli problemlərini də müzakirə etməyi nəzərdə tutur. «Digər tərəfdən bizim məşq üçün daimi meydançamız, öz alətlərimiz yoxdur: biz ancaq tədbirdən – tədbirə yığışırıq», - deyə Elmir qeyd edir. Düzdür, həmin «tədbir»lərin sayı ildən-ilə artır. Bakıdakı bütün festivalların fəal iştirakçısı olan «SoNoR» dəfələrlə Azərbaycanı beynəlxalq səviyyədə, özü də çox ləyaqətlə, təmsil etmişdir. Həmin forumlar, çıxışlar sırasında GIFT – festival (Tbilisi, 1998), Yeni Musiqi Marafonu (Praqa, 1999), «Ilham XX» (Daşkənd, 2000), «Yeni musiqinin iki günü və iki gecəsi» (Odessa, 2001) festivalları, habelə keçmiş sovet respublikalarının şəhərlərini (Moskva, Tallinn, Tartu, Kişinev) və Avropa ölkələrini (Almaniya, Hollandiya, Belçika) əhatə edən iki turne ( hər ikisi 2000-ci ilə aiddir) qeyd olunmalıdır. 2001-ci ilin avqustunda isə Almaniyanın bir sıra şəhərlərində, o cümlədən Berlində maraqlı proqramla (F. Qarayev, E. Mirzəyev, Ə. Əlizadə, A. Məmmədova ingilis C. Klark, fransız F. Sərxan, isveç F. Osterlinqin əsərləri) çıxış edən «SoNoR» "Youngö Euro. Classic" festivalının rəhbərliyi tərəfindən «ən avanqardçı ansambl» adlandırılmışdır.
       Ansambl daim təcrubəli, tanınmış dirijorlarla əməkdaşlıq edir ki, bu da səslənmənin keyfiyyətinə, bədii səviyyənin artmasına, təfsirlərin dolğunluğuna təsir göstərir. Avstriyalı dirijorlar R. Frayzitser (o, 1998-ci ildən kollektivlə mütəmadi olaraq işləyir), P. Koyşniq (2000-ci ilin turneləri), ukraynalı V. Runçak (2001-ci ilin Almaniya qastrolları) ilə çıxışların, «XX Jahrhundert» ansamblının dirijoru P. Burvikin Bakıdakı ustad dərslərinin səmərəsi göz qabağındadır.
       «SoNoR»un tərkibi mütəhərrikdir. Lakin bu tərkib nə qədər yeniləşsə də, kollektivin əsas yaradıcılıq nüvəsi sabit qalır. Ansamblın musiqiçilərindən hər biri öz-özlüyündə maraqlıdır: Samir Mirzəyev – araşdırmaya meylli pianoçu; Rövşən Məmmədov – Azərbaycanda çeşidli gitara repertuarına ardıcıl yiyələnən nadir ifaçı; Soltan Məmmədova – öz texniki ustalığını günbəgün təkmilləşdirən skripkaçalan. Zərif cüssəli bu qız bir neçə vaxt əvvəl Q. Qarayevin mürəkkəb Skripka konsertinin öhdəsindən uğurla gələrək qeyri-adı enerji və əzəmət nümayiş etdirdi.
       Ansamblın digər üzvlərinin məziyyətlərini heç də azaltmayaraq mən hər halda klarnetçalan Nizami Zeynalovun və vokalçı Fəridə Məmmədovanın adlarını xüsusi vurğulayardım.
       Istedadlı, həssas musiqiçi N. Zeynalovun öz alətinə kövrək, məhəbbət dolu münasibəti valeh etməyə bilməz. Onun «Irəli ... Bax!» festivalı çərçivəsində təqdim etdiyi «Klarnet plyus ...» proqramı (burada solo əsərlər ansambllarla ardıcıllaşırdı) 2000-ci ilin konsert həyatında əlamətdar hadisə oldu. Ən çətin texniki fəndlərdən (klapanlarda çalğı, multifoniya, səslə çalğı və s.) bacarıqla istifadə edərək, musiqiçi rəngarəng, müxtəlifçeşidli – zərif, xışıldayan, nərildəyən, ovsunlayıcı səslənmələrə nail olur: elə təsəvvür yaranır ki, səhnədə tək deyil, bir neçə alət yerləşir. Ümumiyyətlə, N. Zeynalovun solo konsertlərini vahid, lakin çoxobrazlı çoxçalarlı personajın – klarnetin iştirak etdiyi teatr tamaşası ilə müqayisə edərdim.
       Vokalçıların Bülbül adına II Beynəlxalq müsabiqəsinin laureatı F. Məmmədova geniş dünyagörüşünə, bir neçə Avropa dillərinə bələd müğənnidir. Fəridənin hər bir musiqi ibarəsinə diqqəti, dramaturji duyumu, intonasiya zənginliyi, aydın tələffüzü, nəhayət, əsl aktyor məharəti yaddaqalan obrazların yaranmasını doğuran amillərdəndir. Bütün bu keyfiyyətlər özünəməxsus səhnəciklər – isveç bəstəkarı F. Osterlinqin «Love: formal aspects» və fransız F. Sərxanın «CRWTH» kompozisiyalarının təfsirində özünü daha bariz göstərir.
       «SoNoR»un bədii rəhbəri E. Mirzəyev Azərbaycan bəstəkarlarının gənc nəslinin ən maraqlı, axtarışda olan nümayəndələrindəndir. Onun adətən orijinal, musiqidənkənar ideyası olan, teatrlaşdırmaya meylli, fərdi formada təcəssüm edilən əsərləri Azərbaycandan kənarda rəğbətlə qarşılanır. Bir dəfə mən R. Frayzitserə «Siz Elmirin məhz azərbaycanlı olduğunu duyursunuzmu?» sualı ilə müraciət edib belə bir cavab aldım: «Intonasiya səviyyəsində musiqinin milli mənsubiyyətini axtarmaq indi mənasızdır. Amma mənə bir şey aydındır: sözsüz ki, Elmir fərqli zaman-məkan ölçülərində yaşayıb-yaradır, milli təfəkkürün üst deyil, daha dərin qatlarına enməyə çalışır».
       Hal-hazırda «SoNoR»un professional dairələrdə nüfuzu artmaqdadır. Rusiya, Ukrayna, Polşa, Avstriya, Fransa, Ingiltərə, Isveç, neçə-neçə başqa ölkələrin bəstəkarlarının ansambla ithaf etdiyi əsərlər (onların sayı 30-u adlayır) həmin nüfuzun ən bariz inikasıdır.
«Keçmiş əsrdən yeni musiqi»

       Toplanan təcrubə, mini-festivalların artan sayı gec-tez, kəmiyyətin keyfiyyətə keçidi qanununa əsasən, tammetrajlı festivalın təşkili ilə nəticələnməli idi. Bu, 2001-ci ilin iyununda baş verdi. Onillik fasilədən sonra sonuncu (Qarayev adına «XX əsr musiqisi» festivalı 1990-cı ilin dekabrında olub) Bakıda, nəhayət, «Keçmiş əsrdən yeni musiqi» adlı böyük layihə həyata keçirildi. Bu, ilk nəzərdə paradoksal adın izahını festivalın bukletində tapmaq olardı: «Keçmiş əsr» dedikdə biz son vaxtlaradək XIX əsri təsəvvür edirdik. Bir neçə aydan bəri bu anlamı XX əsrə aid etmiş oluruq.
        «Yeni musiqi» deyildikdə XX əsrdə yaranmış məfhumu xatırlayırıq. O əsrədək musiqinin yenisi-köhnəsi olmamışdı. Indiki əsrin astanasında «yeni musiqi»nin gerçəkliyi artıq sual doğurmağa başlayır və indi o, tarixə qovuşan əsrin daha bir əlçatmaz utopiyası, daha bir devrilmiş inqilabına çevrilməkdədir. «Keçmiş əsrdən yeni musiqi» ifadəsi səthi mənada məntiqsiz görünsə belə onun daxili əsaslanması məhz belə açıqlama ilə verilə bilər».
       Festivalın bukleti və afişalarında XX əsrin ortalarının sovet memarlığında konstruktivizmin nadir nümunəsi – Azərnəşrin binasının təsviri rəmzi məna daşıyırdı. Doğan günəşin qızılı və çəhrayı şüaları altında çəkilmiş bu foto Azərbaycanın ən çağdaş, ən yeni, naməlum sənət ideyalarına açıqlığı fikrini ifadə etməli idi.
       Festival proqramlarının orijinallığı ondan ibarət idi ki, bu proqramlar adətən olduğu kimi Avropanın hüdudları ilə məhdudlaşmır, dinləyicilərə dünya musiqi fəzasının müxtəlif bölgələrini təqdim edirdi. Həmin özünəməxsus «sivilizasiyalar, mədəniyyətlər polifoniyası»nda XX əsr Amerika bəstəkarlarının əsərləri («Continuum» ansamblı) və koreyalı Cin-A Anın musiqisinə performans (müəllif və ifaçı – Yanq-Ca Banq Ço idi), Norveçin «Kyberia» qrupunun təqdimatında ekstravaqant musiqili – multimedia şousu və yapon bəstəkarlarının elektron-akustik əsərləri (danimarkalı fleytaçalan Lars Qrauqaard) təbii surətdə «yanaşı yaşayır», bir-birini tamamlayırdı. «Uzaq ölkələr» adlı bütöv bir proqram isə dinləyiciləri Latın Amerikasının – Argentina, Meksika, Çili, Venesuelanın musiqisi ilə (arfaçalan Sofiya Asunsyon Klaro və L. Qrauqaard) görüşdürdü.
       Bu gün ənənəvi konsert forması – statik və darıxdırıcı – dinləyici auditoriyasını cəlb etmək iqtidarında olmadığından öz aktuallığını itirir. Odur ki, festivalın təşkilatçıları konteksti gücləndirməyə, musiqini incəsənətin müxtəlif növləri – kino, teatr, təsviri sənətlə sintezdə təqdim etməyə, texnoloji yeniliklərin geniş tətbiqinə səy göstərirdilər. Maraqlıdır ki, festivalın dramaturgiyası janr spektrinin ardıcıl olaraq genişlənməsi, finala doğru sırf musiqi aksiyalarından tədricən uzaqlaşmaq istiqamətində qururlmuşdur. Belə ki, festival marafonunun iki kənar nöqtəsini «Continuum»un kamera və orqan musiqisi zalında kifayət qədər «ənənəvi» konserti və Yanq-Ca Banq-Çonun Gənc Tamaşaçılar Teatrında «Yaşama sənəti» performansı təşkil etdi. Milliyyətcə koreyalı olan bu sənətçi Almaniyada yaşayır. O, Hamburqda təsviri sənət Kollecini bitirib. Yanq-Ca Banq-Ço dünyanın bir sıra ölkələrində keçirilən sərgi və tamaşalarda iştirak etməklə yanaşı, çeşidli festivalların (məsələn, 1997-ci ildə Hamburqda buddist festivalın, 65-ci Beynəlxalq «Paper art» festivalının) kuratoru olmuşdur. Ipəkdən, kağızdan installyasiyaların istifadəsinə əsaslanan Bakıdakı performansda musiqi daha çox qeyri-adi, ekzotik tamaşanın komponentlərindən biri, hətta tamamlayıcı vasitə kimi çıxış edirdi. Belə ki, «Zen painting of my tongue» performansında ifaçı – qoy oxucular məni bir qədər qeyri-estetik təfərrüatlara görə bağışlasınlar, - ağzına mürəkkəb alıb dili ilə qurtarmaq bilməyən kağız rulonlarında yarım saat müddətində (!) heroqliflərəbənzər işarələr «yazırdı». Tamaşadan sonra T. Cuvarlı bu aksiyanı uğurlu şəkildə «kütləvi hipnoz seansı» ilə müqayisə etdi.
       Gəncləri, tələbələri müasir sənət aləminə cəlb etmək məqsədilə festival təşkilatçıları qeyri-ənənəvi, bəzən gözlənilməz yerlərdən, məsələn, «Qız qalası» rəsm qalereyası, dənizkənarı mehmanxana, Milli Olimpiya Komitəsinin zalı, klub-diskotekadan konsert meydançası kimi istifadə etdilər. Bu, daima dəyişən, mütəhərrik «dekorasiya» dinləyici marağını birə on artırır, hər tamaşada təkrarsız, xüsusi atmosfer, ovqat bərqərar edirdi.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page