ÊÓËÒÓÐÎËÎÚÈ ÌßÑßËßËßÐ
AZƏRBAYCAN SƏSLƏNƏN MƏKANINDA YENI MUSIQI
Zümrüd DADAŞZADƏ
Search

ÊÓËÒÓÐÎËÎÚÈ ÌßÑßËßËßÐ
AZƏRBAYCAN SƏSLƏNƏN MƏKANINDA YENI MUSIQI
Zümrüd DADAŞZADƏ

 



«Bəstəkarlarınızın təxəyyülü heyrətamizdir...»

       Coel Saks, «Continuum» ansamblının həmdirektoru: «Azərbaycan kimi coğrafi baxımdan kiçik ölkə üçün bu qədər istedadlı bəstəkarların mövcudluğu çox əlamətdar və səciyyəvidir. Mən həyatının son illərini Amerikada yaşamış həmyerliniz mərhum O. Felzerlə tanış idim. O, vaxtilə Azərbaycan musiqisi haqda məni mə lumatlandırmış, Q. Qarayevin milli bəstəkarlıq məktəbinin inkişafında görkəmli rolunu açıqlamışdır.
       Ansamblımız müxtəlif illərdə O. Felzer, F. Qarayev, F. Əlizadənin əsərlərini həvəslə çalıb. Etiraf edim: bu müəlliflərin hamısı heyrətamiz təxəyyülə malik sənətçilərdir. Müasir musiqidə isə mən təxəyyül hüdudsuzluğunu xüsusən qiymətləndirirəm. Bəzi əsərlərdə, məsələn, F. Əlizadədə milli ənənələrdən, məsələn, muğamdan çox təravətlə istifadə olunur ki, bu da valeh etməyə bilməz. Onu da deyim ki, mən sizin regionun ənənəvi musiqisi ilə yaxşı tanışam, özüm hətta zərbdə çalmağa çalışıram. Azərbaycan sənətçiləri ilə əməkdaşlığımı davam etdirmək, istedadlı gənclərinizlə tanış olmaq istərdim».
       Ceyms Klark, bəstəkar: «Rəngarənglik – Bakıdakı festivaldan aldığım başlıca təəssüratı bir sözlə məhz belə ifadə edərdim. Məncə, festivalın konsertləri müasir musiqini hansı yollarla təqdim etməyin, dinləyici auditoriyası ilə dialoq problemini necə həll etməyin gözəl nümunəsidir. Festival yaxşı planlaşdırılmışdır: hər bir proqram müəyyən mövzuya tabe idi, konsertlər hər dəfə tamamilə qeyri-adi, hətta gözlənilməz yerdə keçirilirdi ki, bu da tədbirin özünəməxsus intriqasını, əlavə mətnaltı qatını yaradırdı.
        Mənim Azərbaycan musiqi mədəniyyəti ilə tanışlığım on ilə yaxın müddəti əhatə edir. Deməliyəm ki, musiqiniz məni çox maraqlandırır və yaxşı mənada təəccübləndirir. Vaxtaşırı müxtəlif beynəlxalq festivallarda olarkən, orada bu və ya digər bəstəkarın musiqisini dinləyərkən öz-özümə sual verirəm: müəllifin kökü, görəsən, haradandır? O, dinləyicilərinə hansı mətləblərdən söz açır? Əfsus ki, çox zaman bu suallar cavabsız qalır.
       Açığını söyləyim ki, Bakıda eşitdiyim, tanış olduğum nümunələr, məsələn, A. Məlikovun partituraları, X. Mirzəzadə, F. Qarayev, gənc müəlliflərin əsərləri mənə qərb müəlliflərinin bir çox yaratmalarından daha maraqlı göründü. Azərbaycanda yaradıcılıq iradəsinə, dərin daxili enerjiyə, qüvvəyə malik parlaq şəxsiyyətlər az deyil. Bu isə yalnız əzəmətli ənənələrə malik güclü bəstəkarlıq məktəbinin mövcudluğu şəraitində mümkündür. Mənim «SoNoR» ilə əməkdaşlığım çox uğurlu oldu. Zənnimcə, ansamblın zəngin yaradıcılıq potensialı, inkişaf, artım üçün yaxşı imkanları var.
       Azərbaycan və Böyük Britaniya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri də göz qabağındadır. Mən qarşılıqlı ünsiyyət tellərinin inkişafı üçün əlimdən gələni etmək niyyətindəyəm. Belə ki, mən Azərbaycan musiqisinin Britaniyada, Avropa ölkələrində təbliğinə, onun beynəlxalq yaradıcılıq təşkilatları, BBC kanalları vasitəsilə ifasına yardım göstərə bilərdim. Fikrimcə, musiqiniz dünyada daha geniş təqdim olunmaq haqqını qazanıb. Öz növbəmdə mən təcrübə və biliklərimi gənc Azərbaycan musiqiçiləri ilə bölüşmək, onlara hər bir məsləhət verməyə hazıram. (2001-ci ilin payızından C. Klark BMA-nın fəxri professorudur).
       Başqa sahələrdə deyə bilmərəm, ancaq musiqidə siz hələ ki total standartlaşma – mən bunu «koka-kolalaşdırma» adlandırıram – təhlükəsini dəf edə bilmisiniz. Indi əsas məqsədiniz özünəməxsusluğunuzu, unikal mədəniyyətinizi, zəngin xalq yaradıcılığınızı qoruyub saxlamaqdır».
Bəzi nəticələr

       Bu gün respublika dünya siyasəti, iqtisadiyyatı, mədəniyyətinə sürətlə inteqrasiya olunur. Müxtəlif problemlərə baxmayaraq Azərbaycanın musiqi həyatı, deyəsən, heç vaxt olmadığı kimi fəaldır. Bakıda ən müxtəlif musiqi nümunələri – klassika, caz, pop, folklor səslənir, dünya miqyaslı görkəmli sənətkarlar – həmyerlilərimiz M. Rostrapoviç, B. Dividoviç, D. Sitkovetski və eyni zamanda mədəniyyətimizin real professional səviyyəsini təsəvvür etməyən təsadüfi ifaçılar çıxış edir BMA-da tanınmış mütəxəssislər tərəfindən vaxtaşırı verilən ustad dərsləri gənclərimizin yaradıcılığını stimullaşdırır.
       Lakin musiqi həyatının bütün rəngarəngliyinə baxmayaraq proqramlarda ənənəvi konsert repertuarına aid əsərlər üstünlük təşkil edir. Qastrolçuların çıxışlarını dinləyərkən, onlarla söhbətləşərkən əmin olursan ki, konservatoriya təhsili, özü də təkcə Azərbaycanda yox, daha artıq dərəcədə ənənəvi akademik səciyyə daşıyır, əsasən klassik musiqi irsinin mənimsənilməsinə yönəlib.
       Belə şəraitdə «Yeni Musiqi»nin fəaliyyətini yalnız təqdir etmək olar. Axı hər bir sivilizasiyalı cəmiyyət öz həmvətənlərini dünya, o cümlədən müasir dünya sənətinin ən yaxşı nümunələri ilə tanış etməlidir. Bugün tam aydındır ki, «Yeni Musiqi»siz Azərbaycanın səslənən məkanı xeyli dərəcədə cazibəsiz, maraqsız, hətta sönük olardı. Cəmiyyətin keçirdiyi festivallar təhsilimizdəki çatışmazlıqları ləğv edir, müasir sənətdəki proseslər barədə bizi məlumatlandırır, mənəvi həyatımızı zənginləşdirir, Azərbaycan və dünya arasında körpü salır.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page