ÏÎÅÇÈÉÀ Âß ÌÓÑÈÃÈ
FIKRƏT ƏMIROVUN MAHNILARINDA SÖZ ILƏ MUSIQININ QARŞILIQLI ƏLAQƏSININ BƏZI MƏQAMLARI HAQQINDA
Ceyran SABITOĞLU
Search

ÏÎÅÇÈÉÀ Âß ÌÓÑÈÃÈ
FIKRƏT ƏMIROVUN MAHNILARINDA SÖZ ILƏ MUSIQININ QARŞILIQLI ƏLAQƏSININ BƏZI MƏQAMLARI HAQQINDA
Ceyran SABITOĞLU

 



       Fikrət Əmirov zəngin melodik istedada malikdir. Melodiya onun yaradıcılığının qəlbidir".

Dmitri Şostakoviç



       Bir əsrlik Azərbaycan musiqisi dünya musiqi mədəniyyətinə bir çox dahi sənətkarlar bəxş etmişdir. Onların arasında Fikrət Əmirovun adı xüsusi yer tutur. F. Əmirov musiqi tarixinə bir çox parlaq əsərlər – simfonik muğamlar, opera və baletlər, bir çox digər dəyərli əsərlərin müəllifi kimi daxil olmuşdur. Lakin hansı janrda əsər yaratmasından asılı olmayaraq, onun bəstələdiyi bütün musiqi nümunələri fitri istedadın daşıyıcısı olan əsərlərdir. F. Əmirov yaradıcılığının təcəssüm formalarından biri də onun mahnılarıdır. Əlbəttə, onu tam mənasında «mahnı bəstəkarı» adlandırmaq düzgün olmazdı, çünkü bu janr Əmirov yaradıcılığında heç vaxt aparıcı istiqamət kəsb etməmişdir. Lakin bəstəkarın mahnılarında, yaratdığı bütün əsərlərdə olduğu kimi, onun dəst-xətti duyulur. Fikrət Əmirov mahnalarını poetik mətnin bütün çalarlarını özündə əks etdirən dolğun, ifadəli melodiya və zəngin fakturalı fortepiano müşayəti səciyyələndirir. Bu mahnıların sayı otuza yaxın olsa da, onların hər biri sözün əsil mənasında sənət əsərləridir. Onu da qeyd edək ki, F. Əmirovun hər bir mahnısı ifa olunduğu andan məşhurlaşaraq dillər əzbəri olmuş, indiyə qədər də müğənnilərin repertuarını bəzəyən musiqi nümunələridir. Hazırki məqalədə bəstəkarın müxtəlif illərdə yazdığı bir neçə mahnıda söz ilə musiqinin qarşılıqlı əlaqəsi nəzərdən keçiriləcək, onların mətn xüsusiyyətləri araşdırılacaq.
       F. Əmirov öz mahnılarını ən gözəl Azərbaycan şairlərinin sözlərinə bəstələmişdir. Onların arasında Nizami, M. S. Ordubadi, H. Cavid, S. Vurğun, M. Dilbazi, N . Xəzri, T. Elçin və başqalarının adlarını çəkə bilərik. Bu mahnılar istər forma baxımından, istərsə də mətnin quruluşu nöqteyi-nəzərindən bir-birindən fərqlənir. Nəzərdən keçirəcəyimiz ilk nümunə Nizaminin sözlərinə( tərcümə edəni C. Xəndandır) yazılmış «Gülüm» mahnısıdır (bu mahnını qəzəl-romans da adlandırmaq olardı, çünkü onun mətn əsasını qəzəl təşkil edir) . Əsər nəqəratsız mahnı formasında yazılmışdır. Mahnının melodik quruluşunu AB VB AB kimi işarə etmək mümkündür. Qəzəlin qafiyə düzümünü – AA BA VA yada salsaq görərik ki, melodiyanın inkişafı ilə mətnin quruluşu arasında birbaşa əlaqə mövcuddur. Əvvəlcə qəzəlin ilk misralarını göstərək:

       Aşiqəm, əmrini ver aşiqi nalanə gülüm!
       Yanına gəlim ya əql ilə, ya divanə, gülüm!

       Nə qədər təndə canım var, səni candan araram;
       Ya ölüb ya yetərəm sən kimi cananə, gülüm!

       Mahnının melodiyasında bu iki beytin hər misrası bir melodik cümlə ilə təkrarlanır:



       Mahnının orta bölməsi eyni zamanda onun kulminasiyasını təşkil edir:



       Nəhayət, mahnının sonuncu bölməsində melodiya öz əvvəlki axarına qayıdır və mahnının ilk melodik cümlələri yenidən təkrarlanır.
       “ Gülüm” mahnısının xüsusiyyətlərindən biri də burada səslənən qəzəlin ritminin (onu da qeyd edək ki, qəzəl Rəməl bəhrinin üçüncü növündə yazılmışdır) melodiyada öz əksini tapmasəndan ibarətdir. Belə ki, melodiya əvvəldən sonadək iki səkkizlik və iki çərək notun ardıcıllaşmasına əsaslanan ritm üzərində qurulmuşdur. Bu ritm, qəzəlin ölçüsünə tam uyğün olaraq, bütün mahnı boyu dəyişməz qalır.
       Fikrət Əmirovun bəstələdiyi mahnılar arasında ən maraqlı və yadda qalan nümunələrdən biri də bəstəkarın Hüseyn Cavidin “ Şeyx Sənan” dramına yazılmış musiqisindən “ Kor ərəbin mahnısı” dır. Bu mahnı istər yarandığı illərdə, istərsə də indiki dövrdə olduqca populyar olan mahnı nümunələrindən biridir. Təkcə onu demək kifayətdir ki, son bir il ərzində həmin mahnıya iki klip çəkilmişdir. Burada da, “ Gülüm” mahnısında olduğu kimi, mahnının mətn əsasını təşkil edən qəzəlin metri melodiyada öz əksini tapmışdır:


       Göstərilən nümunədəki musiqi ölçüsü bütün mahnı boyu dəyişməz qalır. Mahnının melodik inkişafı yuxarıda göstərilən iki melodik cümlənin variant şəklində səslənməsi üzərində qurulmuşdur. “Kor ərəbin mahnısı” elə nadir mahnı nümunələrindəndir ki, burada ən* ənəvi mahnı formalarında olduğu kimi kulminasiya anına təsadüf olunmur. Mahnının aramlı, ağır tempi, ritmik təkrarlılıq sanki dinləyicidə səhrada addımlayan karvanın obrazını yaradır.
       Nəzərdən keçirəcəyimiz digər mahnı M. S. Ordubadinin sözlərinə yazılmış “ Gülərəm gülsən” mahnısıdır. Nəqəratsız formada bəstələnmiş bu mahnının poetik əsasını on bir hecalı mətn təşkil edir. Burada sətirlərin qafiyələnməsi AABB VVVVBB QQQQBB prinsipinə əsaslanır. Şerin ilk bəndini göstərək:

       Gözlərim o qara gözə bənd oldu,
       Saçların boynuma bir kəmənd oldu,
       Ağlasan ağlaram, gülərəm gülsən.
       Ömrümün yazında təzə bir gülsən.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page