ÌÖßËËÈÔ Âß ÙÖÃÓÃ
INTELLEKTUAL MÜLKIYYƏT ANLAYIŞI VƏ ONUN HUQUQI QORUNMA SISTEMI (1-ci məqalə)
Natiq ISAYEV
Search

ÌÖßËËÈÔ Âß ÙÖÃÓÃ
INTELLEKTUAL MÜLKIYYƏT ANLAYIŞI VƏ ONUN HUQUQI QORUNMA SISTEMI (1-ci məqalə)
Natiq ISAYEV

 



        Müəllif hüququnun müəllifin şəxsi maraqları ilə ictimai maraqların birləşməsini əks etdirən ikinci ən vacib prinsipi daha çox digər hüquq institutlarında, o cümlədən mülki hüquqda öz əksini tapmışdır. Bununla belə bu prinsip müəllif hüququnda xüsusi əhəmiyyət daşıyır və əsər müəllifinin öz yaratdığı əsərdən istifadəyə monopol hüququ tanınır. Lakin bu monopol hüququn sərhədlərinin müəyyən edilməsi nə qədər çətin olsa da, qanunvericilik əsərlərdən sərbəst istifadə ilə bağlı müəyyən məhdudiyyətləri və istisna hallarını nəzərdə tutmaqla ictimaiyyətin də eyni dərəcədə yaradıcılıq fəaliyyətinin nəticələri ilə tanış olmaq maraqlarını təmin etmişdir.
        Lakin bu, heç də müəllif hüququnun ən vacib prinsiplərindən sayılan şəxsi hüquqların bölünməz və özgənilkiləşdirilməz olub, əmlak hüquqlarından asılı olmayaraq müəllifə məxsus olması və əmlak hüququnun başqasına verildiyi hallarda da müəllifdə qalması normasının həyata keçirilməsinə mane olmur. Bu müddəaya görə müəllifin şəxsi (qeyri əmlak) hüquqları (müəlliflik hüququ, ad hüququ, şöhrətinə hörmət edilməsi hüququ, açıqlama hüququ) hətta müəllifin buna razılıq verdiyi halda belə başqasına keçə bilməz, yəni qanun bunu birbaşa qadağan edir (“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında“ Qanunun 14-cü maddəsi). Bu səbəbdən də müəllifin şəxsi (qeyri əmlak) hüquqları hətta vərəsəlik üzrə belə keçmir. Müəllifin vərəsələri şəxsi hüquqların qorunmasını həyata keçirə bilərlər. Vərəsələrin bu səlahiyyətləri müddətlə məhdudlaşdırılmır. Buna görə də əsərdən sərbəst istifadə hallarında belə istifadəçi müəllifin şəxsi hüquqlarına ciddi qaydada əməl etməlidir.
        Azərbaycan müəllif hüququnun əsas prinsiplərindən biri də müəllif və istifadəçi münasibətlərinin müqavilə əsasında tərəflərin iradələrinin tam müstəqilliyi nəzərə alınmaqla tərtib olunmasıdır. Müəllif və istifadəçi münasibətlərini ciddi surətdə reqlamentləşdirən və bir çox hallarda hətta onları məhdudlaşdıran keçmiş sovet qanunvericiliyində mövcud olan müxtəlif nümünəvi müəllif müqavilələrindən fərqli olaraq, yeni qanunvericilik tərəflər arasındakı münasibətlərin ciddi şəkildə reqlamentləşdirilməsindən imtina etmiş və onların iradəsi əsas götürməklə tərəflərin mütləq qaydada razılaşdırmalı olduğu bəzi şərtlər olan formanı mümkün variant saymış, bununla birlikdə müəllifin yaradıcılığına xələl gətirə biləcək hər hansı bir şərtin müəllif müqaviləsinə daxil edilməsini qeyri-qanuni hesab etmişdir.
        Azərbaycanın müəllif hüququ kifayət qədəq qədim tarixə malik olsa da, bu yazıda həmin məsələnin araşdırılması məqsəd kimi qoyulmamışdır. Lakin bu günkü kifayət qədər mürəkkəb və bütöv sistem olan müəllif huququnun mənbələrinə nəzər yetirilməsi çox vacibdir. Bunun üçün onun ierarxiya strukturuna baxılması maraqlıdır. Müəllif hüquqlarının tənzimlənməsində başlıca rol qanunvericilik aktlarına məxsusdur. Bu mənada 8 oktyabr 1996-ci ildə qəbul olunmuş «Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında» Azərbaycan Respublikası Qanunu əsas yeri tutur. Qanunun 1-ci maddəsinə əsasən, o, Azərbaycan Respublikası ərazisində elm, ədəbiyyat və incəsənət əsərlərinin (müəllif hüququ), habelə ifaların, fonoqramların, efir və ya kabel yayımı təşkilatlarının verilişlərinin (əlaqəli hüquqlar) yaradılması və istifadəsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir.
        Görüldüyü kimi, birinci hissə müəllif hüququnun obyektləri olan elm, ədəbiyyat və incəsənət əsərlərinin yaradılması və istifadəsi ilə bağlı münasibətləri, ikinci hissə isə fonoqramların, ifaların, quruluşların, yayım təşkilatlarının verilişlərinin yaranması və istifadəsi ilə bağlı münasibətləri tənzimləyir. Ikinci hissədə tənzimlənən münasibətlər birbaşa müəllif hüquqları olmasa da, onunla sıx bağlı, əlaqəli olan hüquqlardır və deməli hər ikisinin bir qanunla tənzimlənməsi məqsədəuyğundur.
         «Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında» Azərbaycan Respublikası Qanunu 5 bölmədən və 47 maddədən ibarətdir. Qanun Azərbaycanın mülki qanunvericiliyinin tərkib hissəsi olmaqla, onun normaları müstəsna olaraq aid olduğu sahə üzrə münasibətləri tənzimləyir. Yalnız mülki-prosessual xarakter daşıyan 44-cü maddənin və cinayət və inzibati qanunvericiliyə istinad edən 47-ci maddənin müddəaları istisna təşkil edir.
        Bu qanunun strukturu kifayət qədər dəqiq və məntiqli olduğuna görə, onun normaları praktiki olaraq müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində hüquqi tənzimlənməyə tam imkan verir.
        Qanunun müstəsna xüsusiyyətlərinin şərhinə keçməzdən əvvəl, qeyd etmək lazımdır ki, Azərbaycan müəllif-hüquq qanunvericiliyi səviyyəsinə görə ilk dəfə olaraq inkişaf etmiş ölkələrin qanunvericilikləri ilə bir səviyyədə dayanır. O, ilk dəfə olaraq müəllif-hüquq münasibətlərinin bütün əsas şərtlərini Ədəbi-bədii əsərlərin qorunması haqqında Bern Konvensiyasının müəyyən etdiyi təminatlar nəzərə alınmaqla tənzimləmişdir. Əlaqəli hüquqlarla bağlı münasibətlər isə ümumiyyətlə Azərbaycan qanunvericiliyi üçün yenidir. Qanun müəllif hüququ və əlaqəli hüquqların sahiblərinə onlara məxsus hüquqlardan istədikləri qaydada istifadə etməyə geniş imkanlar yaratmışdır ki, bu da yeni bazar münasibətlərinin tələbləri baxımından çox əhəmiyyətlidir.
        Yeni Qanun ilk növbədə hüquqi şəxslərin əsərlərə müəlliflik hüququnu tanımaqdan imtina etmişdir. Qanunda bu, birbaşa göstərilməsə də əsərin müəllifinin yalnız fiziki şəxs ola bilməsi norması keçmişdir. Digər yenilik və özünəməxsusluq müəlliflərin əmlak hüquqlarının kollektiv əsasda idarə olunmasının nəzərdə tutulmasıdır.
        Qanunun başlıca xüsusiyyətlərindən biri də kompüter proqramlarının və məlumat bazalarının müəllif hüququnun obektləri sırasına daxil edilməsi və əsər kimi qorunmasıdır.
        Artıq yuxarıda qeyd etmişdik ki, «Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, müəlliflik hüququ təyinatından, dəyərindən və məzmunundan, habelə ifadə formasından və üsulundan asılı olmayaraq yaradıcılıq fəaliyyətinin nəticəsi olan həm açıqlanmış, həm də açıqlanmamış, obyektiv formada olan elm, ədəbiyyat və incəsənət əsərlərinə şamil edilir. Hüquqi ədəbiyyatlarda əsər termininin tərifi ilə bağlı müxtəlif fikirlər mövcuddur. Lakin əsərə «müəllifin yaradıcılıq əməyi nəticəsində insan duyğularının qavraya biləcəyinin surətinin çıxarılmasına imkan verən konkret formada əksini tapmış qeyri maddi obyekt» kimi baxılması fikri üstünlük təşkil edir. Eyni zamanda «əsər-ideyaların, fikirlərin və obrazların məcmusudur». «Əsər insanın əqli fəaliyyətinin nəticəsidir, insan beyni isə ancaq qeyri material obyekt istehsal edə bilər».
        Deməli, qeyri material mahiyyətə malik olan əsərlə onun ifadə edildiyi maddi daşıyıcını, yəni maddi obyekti, məsələn əlyazmasını, şəkli, not yazısını və s. fərqləndirmək vacibdir. Bəzi hallarda əsərin öz maddi daşıyıcısından ayrılmaz formada olması da mümkündür. Rəsm əsərləri öz formasına o dərəcədə daxil olur ki, onları praktiki olaraq maddi daşıyıcısından ayırmaq mümkün olmur, yəni əsərlə onun ifadə edildiyi maddi daşıyıcı vahidləşir . Lakin buna baxmayaraq əsər hətta onun ifadə edildiyi maddi daşıyıcının məhv olduğu halda belə müəlliflik hüququ ilə qorunur. Deməli, əsərə müəlliflik hüququ onun ifadə edildiyi maddi obyektə olan mülkiyyət hüququ ilə bağlı deyil. Maddi obyektə mülkiyyət hüququnun və ya maddi obyektə sahiblik hüququnun verilməsi qanunda xüsusi göstərilən hallardan başqa bu obyektdə ifadə edilmiş əsərə müəlliflik hüququnun verilməsinə səbəb olmur (Qanunun 5-ci maddəsi).
        Yalnız təsviri sənət əsərləri ilə bağlı bəzi qaydalar istisna təşkil edir. Təsviri sənət əsərinə mülkiyyət hüququnu əldə etmiş şəxs avtomatik olaraq ayrı-ayrı müəlliflik hüququna da sahib olur, məsələn, əsəri heç bir qonorar ödənilmədən sərgidə nümayiş etdirmək hüququ və s. Lakin Qanunun 16-cı maddəsinə görə, «Təsviri sənət əsərinin müəllifinin mülkiyyətçidən öz əsərinin surətinin çıxarmaq ixtiyarının həyata keçirilməsinə imkan verilməsini tələb etmək hüququ vardır (təmasda olmaq hüququ).
        Deməli, müəllif hüququnun obyektləri o əsərlər sayıla bilər ki, onlar yaradıcılıq fəaliyyətinin nəticəsi olsun və obyektiv formada ifadə edilsin. Əsərin yaradıcılıq yaradıcılıq fəaliyyətinin nəticəsi olmasının əsas göstəricisi onun yeniliyindədir. Əslində yeniliyə burada əsərin orijinallığının əsas təzahür forması kimi baxılmalıdır. Deməli, müəllif hüququnun obyekti olan əsərin əsas əlamətləri onun orijinallığı, yeniliyi, obyektiv formada ifadə edilməsi və təkrarolunmazlığıdır.
        Bu cəhət də vacibdir ki, müəllifin yaradıcılıq əməyinin nəticəsi olan əsər yalnız hər hansı bir obyektiv formada ifadə ediləndən sonra müəllif hüququnun obyekti ola bilir. Əlavə etmək lazımdır ki, müəllif hüququnun şamil edildiyi əsərlər yazılı, şifahi, səs, yaxud videoyazılma, təsviri, həcmli-fəzavi və digər formalarda ola bilər.
        Müasir qanunvericilikdə müəllif hüququ təyinatından, dəyərindən və məzmunundan, kabelə ifadə formasından və üsulundan asılı olmayaraq, obyektiv formada mövcud olan elm, ədəbiyyat və incəsənət əsərlərinə şamil edilir.
        Müəllif hüququnun yaranması və həyata keçirilməsi üçün əsərin qeydə alınması, yaxud hər hansı başqa üsullarla rəsmiləşdirilməsi tələb olunmur. Müəlliflik hüququ əsərin yaradılması anından yaranır. Lakin əsər müəllifləri onu müəlliflik huququnun qüvvədə olduğu müddətdə müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçirə bilərlər. Bu qeydiyyat könüllü xarakter daşıyır. Əsər qeydiyyatdan keçiriləndən sonra Əsərin qeydiyyatı haqqında Şəhadətnamə verilir. Bu şəhadətnamə müəlliflik prezumpsiyası kimi çıxış etməsə də, mübahisə yaranan hallarda, digər sübutlar olmadıqda məhkəmə tərəfindən müəlliflik prezumpsiyası tanınır.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page