ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
YARADIJILIQ...
-
Search

ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
Azərbaycan hərbi orkestr
Aydın Öğüt (Türkiye)
INTERNET SƏHIFƏLƏRINDƏ...
Pərviz QULIYEV
YARADIJILIQ...
-
QÖRÜŞLƏR...
-
MUZEYLƏRDƏ...
-

 



        Azərbaycanda da, onu çevrələyən ölkələrdə də, lap uzaqlarda da professor Ələkbər Mirzə oğlu Iskəndərov tanınmış şəxsiyyətdir. Onun çoxsaylı yetirmələri istər ifaçılıq, istər müəllimlik, istərsə də elmi-metodiki araşdırmalar yönündə böyük uğurlar qazanmışlar.
        Ələkbər Iskəndərov 1921-ci il iyunun 20-ində Bakıda dünyaya göz açmışdır. 1950-ci ildə Uz. Hacıbəyov adına Azərbaycan Dövlət konservatoriyasında I.P. Konoplyovun fleyta sinfini bitirdikdən sonra görkəmli bəstəkarımız Qara Qarayevin dəvəti ilə konservatoriyada fleyta sinfi ona tapşırılır. Və həmin dövrdən bu günlərədək «Iskəndərov sinfi» Azərbaycan və digər ölkələr üçün fleytaçılar hazırlayır. Gözəl ifaçı və qayğıkeş müəllimin ən özəl cəhəti ondan ibarətdir ki, o həmişə, hər zaman gənc istedadlarda basmaqəliblərdən uzaq, daha çox fərdiliyə meylli musiqi duyumu oyatmağa çalışır. Ələkbər müəllimin pedaqoji fəaliyyəti çoxçalarlıdır. Çox zaman tədris proqramının seçimi məqamında o özü də fleytası ilə şagirdinin köməyinə gəlir, hər bir əsərin ifa incəliklərini canlı şəkildə gənc nəslə aşılayır. Digər tərəfdən, Ələkbər müəllim əsərlərin sırf mexaniki yolla qavranmasına dözmür, həmişə bədii məna açımına üstünlük verir. Onun sinfində ifa olunan əsərlərin repertuarı nə dərəcədə geniş olsa da, daim genişlən məkdədir: bu topluda F. Pulenkin «Sonatasını», Rene-Batonun «Passakaliyasını», A. Dütiyenin «Sonatası» və digər fransız bəstəkarlarının çoxsaylı əsərlərini, Kent Kennonun «Gecə monoloqu» və çox-çox başqalarını qeyd etmək olar.
        Ələkbər Iskəndərovun pedaqoji fəaliyyəti nəticəsində ali musiqi məktəbimiz 50-dən artıq fleytaçı buraxıb. Bununla yanaşı o, məktəb-studiyada, Respublika incəsənət gimnaziyasında və 8 ¹-li uşaq musiqi məktəbində uğurla çalışır. Ə. Iskəndərovun yetirmələrindən opera və balet teatrı orkestrinin solisti, respublikanın əməkdar artisti R. Babayevin; əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru T. Hacıyevin; respublikanın əməkdar artisti, dosent M. Ağamalızadənin; Dövlət simfonik orkestrinin solistləri E. Ibrahimovun, E. Mustafayev və O. Bağırovanın; teleradioşirkətin simfonik orkestrinin solisti A. Iskəndərovun; Müdafiə nazirliyi əlahiddə nümunəvi orkestrinin pikkoloçusu I. Orucovun; teleradioşirkətin simfonik orkestrinin artistləri T. Əliyev və R. Feyzulinin və, nəhayət, bu sətirlərin müəllifinin adları çəkilə bilər.
        Fleyta üçün yazılanların fəal təbliğatçısı kimi Ə. Iskəndərov uzun illərdir ki, Azərbaycan bəstəkarlarının yeni əsərləri ilə respublika radiosu və televiziyası ilə çıxış edir. Bir sıra bəstəkarlarımız məhz Ə. Iskəndərovun ifaçılıq sənətkarlığından duyğulanaraq ona bir neçə yaddaqalan əsərlər həsr etmişlər: F. Əmirov – «Lirik mahnı»; Rauf Hacıyev – «Mahnı»; Tofiq Quliyev – «Səhər»; və, nəhayət, Arif Məlikov – Fleyta ilə orkestr üçün «Konsertino».
        Ələkbər Mirzə oğlu Iskəndərov 30 ildən artıq bir dövrdə – 1945-dən 1978-dək və daha sonralar M. Maqomayev adına Azərbaycan Dövlət filarmoniyası və Üz. Hacıbəyov adına Dövlət simfonik orkestrinin əvəzsiz solisti işləmişdir. Notun üzündən oxumaqda fitri istedadı ilə seçilən ifaçı yeni yazılmış əsərləri və bəstəkarların dil-üslubunu, dəsti-xəttini, demək olar ki, bircə baxışla duyub-anlayırdı. Kollektiv çalğının belə məqsədyönlü qurulması əsil musiqiçi sənətkarlığının artımı və yetkinliyi məktəbidir. Niyazi, A. Qauk, Staseviç, K. Kondraşin, L. Ginzburq, B. Xaykin, N. Raxlin, K. Rojdestvenski kimi dirijorlarla işləyən Ə. Iskəndərov böyük və yüksək səviyyəli orkestr çalğısı məktəbi keçmişdi ki, bu da onun solo çıxışları üçün tükənməz ilham mənbəyi olmuşdur.
        Onun solo qastrol çıxışları SSRI-nin çox-çox bölgə və şəhərini, - Moskva, Riqa, Tallinn, Kiyev, Xarkov, Qazan, Odessa, Tbilisi, Dnepropetrovsk, Barnaul və i.a. kimi mədəniyyət mərkəzlərini çevrələmişdi. Həmin qastrolları radio və televiziya lent yazıları, elmi-metodik tədqiqatlarla uzlaşdıra bilən Ə. Iskəndərov Azərbaycan Dövlət simfonik orkestrinin vaxtı ilə ən «sadiq», «yorulmaz» ifaçısı sayılırdı. Belə bir fikir var ki, orkestr çalğısı musiqiçi-solisti bir növ «sönükləşdirir» və solo çıxışları ilə orkestrdə çalğını bir araya sığışdırmaq mümkün deyil. Lakin bununla yanaşı Timofey Dokiştser kimi sözün əsil mənasında dahi trubaçalan deyir ki, «orkestrdə kollektiv çalğı konsert fəaliyyəti aparan ifaçının, - yəni onun özünün peşəkar səviyyəsini lazımlı şəkildə zənginləşdirir, mənəvi baxımdan isə kömək edir, nizam-intizam və məsuliyyət aşılayır. Ifaçı özünənəzarət və özünədüzəliş kimi keyfiyyətlər qazanır.»
        Ələkbər müəllimin tədris-metodik vəsaitlərin işlənməsi yönündə xidmətləri ölçüyəgəlməzdir. Azərbaycan Elmlər Akademiyası memarlıq və incəsənət institutunun aspiranturasını uğurla bitirən Ə. Iskəndərov 1969-cu ildə B. Trizno və A. Dmitriyevin rəhbərliyi altında namizədlik dissertasiyası müdafiə edib. Maraqlıdır ki, müdafiə zamanı opponent kimi Moskva Böyük teatrı orkestrinin solisti və Moskva konservatoriyasının professoru Y. Yaqudin həmin dissertasiyanı çox yüksək qiymətləndirmişdi. Bir neçə il sonra isə Ələkbər müəllimin «Azərbaycan bəstəkarlarının yaradıcılığında fleytanın yeri» adlı monoqrafiyası işıq üzü gördü.
        Kamera musiqiçiliyi çevrəsində Ə. Iskəndərovun xidmətləri danılmazdır. 1950-1975-ci illərdə o, Azərbaycan radiosu və televiziyası nəfəsli kvintetinin, 1979-cu ildən isə Azərbaycan Dövlət konservatoriyası triosunun bədii rəhbəri və solisti işləyib. Nəhayət, Ə. Iskəndərovun tədris vəsaitlərinin çapına da çox əmək sərf etdiyi danılmazdır.
        Daim fleyta üçün pedaqoji repertuarın genişlənməsi qayğısına qalan professor Azərbaycan bəstəkarlarının çoxsaylı əsərlərini fleyta və fortepiano üçün köçürmüş və inləmiş və onlardan ibarət bir neçə toplunu Bakıda və, hətta, Moskvada çap etdirmişdir.
        Bütün yuxarıda deyilənlər bir şəxsiyyətin – görkəmli ifaçı, pedaqoq-ustad, fleyta üçün repertuar biçimləyən oricinal müəllif və işləyici (aranjiman), alim və metodist, Respublikanın əməkdar artisti, sənətşünaslıq namizədi, professor Ələkbər Mirzə oğlu Iskəndərovun 50-illik yorulmaz və tükənməz sənət fəaliyyətinin məzmunu və nəticəsidir. Ona 100 il ömür arzulayırıq.

Yusif AXUNDZADƏ

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page