ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
YARADIJILIQ...
-
Search

ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
Azərbaycan hərbi orkestr
Aydın Öğüt (Türkiye)
INTERNET SƏHIFƏLƏRINDƏ...
Pərviz QULIYEV
YARADIJILIQ...
-
QÖRÜŞLƏR...
-
MUZEYLƏRDƏ...
-

 



        Gövhər xanım musiqi aləmində öz yerini tapmış yetkin musiqişünaslarımızdan biridir. Həm elmi və pedaqoji sahədə, həm bir musiqi təbliğatçısı kimi Gövhər xanım öz fəaliyyəti ilə nəinki Azərbaycanda, onun hündudlarından kənarda da tanınan musiqiçilərimizdəndir. Bu gün Azərbaycan musiqiçilərinin beynəlxalq miqyasda fəaliyyətindən, xarici ölkələrdə çalışan və milli musiqimizin nailiyyətlərini nümayiş etdirən sənət xadimlərimizdən tez-tez söz açırıq. Bəlkə də çoxları bilmir ki, bu sahədə ilk addımları atan mütəxəssislərimizdən biri Gövhər xanım olub. O, hələ 1968–1970 illərdə həyat yoldaşı, gözəl musiqiçi, uzun illər BMA-nın ifaçılıq fakültəsinin dekanı olan mərhum Tohid Quliyevlə birgə Baqdadda çalışıb, Iraqda ilk musiqi məktəbini açıb. 1993–1999-cu illərdə isə Gövhər xanım Türkiyənin Bilkənt Universitetində işləyən musiqiçilərimiz içərisində xüsusi hörmət və nüfuz qazananlardan biri olub.
        Zənnimcə, Gövhər xanımın musiqi mədəniyyətimizdəki rolu ilk növbədə onun pedaqoji işdəki xidmətlərilə müəyyən edilir. Gövhər xanım musiqişünaslıqla bağlı ən çətin, məsuliyyətli bir sahəni – pedaqoji fəaliyyəti seçib. Mənim fikrimcə, pedaqoq, müəllim anlayışı Gövhər xanımın simasında yeni çalarlar və bəlkə də özünün əsl böyük mənasını tapıb. Bu gün qocalı-cavanlı ən müxtəlif peşə sahiblərinə xüsusi hörmət, ehtiram əlaməti olaraq işlətdiyimiz "müəllim" sözü Gövhər xanımın təkcə əsas fəaliyyət sahəsini, 45 il davam edən işini bildirən anlayış deyil. Müəllimlik, bu işə başladığı ilk gündən Gövhər xanımın bütün həyat tərzini, davranışını, ətrafdakı insanlarla münasibətlərini müəyyən edən bir məfhum olub. Gövhər xanım təkcə məktəbdə və konservatoriyada dərs dediyinə görə deyil, bir insan kimi, vətəndaş kimi, mütəxəssis kimi Azərbaycanlı qadın kimi çoxlarının müəllimi olub. O, öz şagirdləri və tələbələrinə təkcə musiqi tarixini, nəzəriyyəsini deyil, ləyaqətli bir v ətəndaş kimi yetişməkçin bəlkə bundan daha vacib cəhətləri – vətənə, xalqa məhəbbət hissini, milli mənəviyyatımıza, adət-ənənələrimizə, incəsənətimizə, dilimizə qarşı qayğıkeşliyi, hər bir işdə səliqə-sahmanı, intizamı gözləməyi, təmizliyi, düzgünlüyü öyrədib. Və bütün bunları bir çoxları kimi tövsiyə, öyüd-nəsihət verməklə deyil, öz şəxsi nümunəsilə, mühazirə və məşğələlərdə nümayiş etdirdiyi hərtərəfli biliklərilə, davranış tərzində özünü büruzə verən daxili mədəniyyəti, alicənablığı ilə təlqin edib. Uzun müddət Gövhər xanımla ünsiyyətdə olan bir adam kimi deyə bilərəm ki, bu ünsiyyət – əsl həyat məktəbidir.
        Gövhər xanımın elmi fəaliyyəti də onun müəllimliyi, pedaqoji işindən ayrılmazdır və xeyirxah məramla bağlı olub, Azərbaycan dilində yazvılmış musiqi dərslikləri sarıdan çəkdiyimiz qıtlığı qismən də olsa aradan qaldırmaq məqsədinə yönəldilib. Təsadüfi deyil ki, milli musiqişünaslığımız qarşısında duran onlarca problemli məsələ içərisində Gövhər xanımı məhz elələrini seçib ki, bunlar tədris prosesində praktiki əhəmiyyət kəsb edir. Odur ki, Gövhər xanımın indiyədək tərtib etdiyi tədris proqramları, elmi-metodiki səciyyə daşıyan işləri, rus dilindən tərcümə etdiyi və özünün yaratdığı dərslik və dərs vəsaitlərinin heç biri rəflərdə tozlanıb qalan kitablara çevrilməyib və işıq üzü gördüyü gündən ən çox işlənən biblioqrafiya nümunəvəri olub.
        Bu işlər içərisində L. Mazelin "Musiqi əsərlərinin quruluşu" kimi fundamental əsərin Azərbaycan dilinə tərcüməsini, Gövhər xanımın müəllifi olduğu və Azərbaycan dilində bu fənn üzrə ali məktəblər üçün yazılmış ilk nümunə – "Harmonya" dərsliyini (hazırda nəşrdədir), Z. Bakıxanova ilə birgə yazdığı, milli musiqimizin nümunələrinə əsaslanan "Solfecio" vəsaitini, Bethovenin 32 fortepiano sonatasının təhlilinə həsr edilmiş metodiki işini xüsusi qeyd etmək istərdim. Elmi araşdırma ilə az-çox məşğul olan hər kəs, xüsusən doğma dilimizdə yazan musiqişünaslar bir tərəfdən tərcümə işinin çətinliklərinə, digər tərəfdən dərslik və dərs vəsaiti yaratmağın məsuliyyətinə yaxşı bələddirlər. Bunu da hamı bilir ki, belə işlər onların tərtibçisi, tərcüməçisi üçün deyil, ilk növbədə bunların ünvanlandığı mütəxəssislər, müəllim və tələbələr üçün mənəvi qazancdır, çünki müəllifə şöhrət gətirmək, onu tanıtdırmaqdan daha çox ümumi işin xeyrinə xidmət edir. Könüllü olaraq bu çətin, lakin xeyirxah işi öz çiyninə almış musiqiçi kimi Gövhər xanımın xidməti çox böyükdür.
        Gövhər xanımın simasında, şəxsiyyətində cəlb edən maraqlı cəhətlərdən biri – onun sənətdə də, həyatda, məişətdə də nümayiş etdirdiyi qəribə bir tamlıq, mən deyərdim ki, üslub sabitliyidir. Və bu, heç vaxt dəyişməyən, lakin bütün zamanlara, hər bir şəraitə uyğunlaşan, müasirliyini itirməyən bir üslubdur. Ulu Tanrının Gözəl yaratdığı Gövhər xanımın hətta davranışına da, geyiminə də üslub bitkinliyi xasdır. Çoxumuz üçün əziyyətli məişət yükü olan ev işlərinə də Gövhər xanımı bir yaradıcılıq meydanı kimi yanaşır. Qonaqpərvər, süfrəsi həmişə açıq olan Gövhər xanımın ustalıqla hazırladığı ləziz yeməklər, kiçik mənzilində yaratdığı səliqə-sahman onu evdarlıqdan da zövq alan əsl xanım kimi səciyyələndirir. Onu tanıdığım kündən indiyə kimi həyatmızda, cəmiyyətimizdə baş verən proseslər, xüsusən iki əsrin sərhədində şahidi olduğumuz köklü dəyişikliklər, çoxlarımızın maddi və mənəvi dəyərlərə münasibətini dəyişdirən, bəzilərimizi sarsıdan reallıqlar şəraitində belə Göv hər xanımın həyata sağlam baxışına, öz mövqeyinə, prinsiplərinə sədaqətli şəxsiyyətlərdən biridir.
        Bu kiçik yazımda Gövhər xanımın dolğun portretini yaratmaq iddiasında olmayaraq, sevimli müəllimimin ad günü, əlamətdar yubileyi ərəfəsində öz ürək sözlərimi dediyim üçün özümü xoşbəxt sayıram.

        Hörmətli Gövhər xanım!
        Siz hər vaxt mənə "qızım" deyə müraciət edirsiniz. Bu səmimiliyi, bu qayğını mən Sizin simanızda ən kiçik vaxtlarımdan duymuşam. Yeddi yaşlı uşağa "siz" deyə müraciət etdiyiniz, onun kiçik "mən"liyinə böyük hörmətlə yanaşdığınız dövrdən çox vaxt keçib.
        Indi mən özüm tələbələrimə Sizin kimi "qızım" deyirəm. Mənə aşıladığınız sənətə vurğunluğu, insanlara qarşı olan səmimiliyi indi mən öz tələbələrimə çatdırmağa çalışıram. Buna nail oluramsa, bu Sizin xidmətinizdir.
        Siz mənim üçün sözün əsl mənasında müəllim, xanımlar xanımı, şahanə gözəlliyə malik olan bir qadınsınız.
        Siz həm də xoşbəxt anasınız. Cəsarətlə deyə bilərəm ki, Siz böyüdüb boya-başa çatdırdığınız övladlarınızla fəxr edə bilərsiniz. Əgər oğlunuz Pərviz, Quliyevlər ənənəsinə sadiq qalaraq professional bəstəkardırsa, qızınız Gülşən məhz Sizin sənətin davamçısına çevrilmişdir.
        Gövhər – qiymətli daş, həyat bəxş edən deməkdir. Siz bu adı doğrulda bilmişsiniz. Iki gözəl balanıza həyat bəxş edə bilmiş, qiymətli daşa bənzər parlaq şüalarınızla ətrafınızı işıqlandırmağa qadir olmuşsunuz.
        Əziz müəllimim! Bu həzin payız günündə Sizi yubileyiniz münasibəti ilə ürəkdən təbrik edirəm, can sağlığı, yeni-yeni uğurlar arzulayıram.

Zeynəb Ismayılzadə.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page