ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
Azərbaycan hərbi orkestr
Aydın Öğüt (Türkiye)
INTERNET SƏHIFƏLƏRINDƏ...
Pərviz QULIYEV
YARADIJILIQ...
-
QÖRÜŞLƏR...
-
MUZEYLƏRDƏ...
-
|
|
Bizim redaksiyamızın qeyri-adi qonağı Rusiyanın Əməkdar incəsənət xadimi, Sankt-Peterburq Dövlət kino və televiziya universitetinin professoru və «Lenfilm» kinostudiyasının tanınmış səs rejissoru, Rusiya Federasiyasının Dövlət və Rusiya kino xadimləri ittifaqının «Nika» mükafatları laureatı həmyerlimiz Ələkbər Əliheydər oğlu Həsənzadədir. Ələkbər müəllim 1939-cu ildə – Dovşan ilində, Əğrəb bürcündə dünyaya göz açıb, 60-dan artıq bədii və 200-dən artıq sənədli, qısametrajlı, multiplikasiya filmlərinin səs redaktorudur.
Azad Ozan Kərimli: Ələkbər müəllim, Sizinlə görüşmək mənin üçün böyük şərəfdir. Açığını deməliyəm ki, azərbaycanlı səs rejissorlarımız arasında ən parlaq sima olmağınıza baxmayaraq (qoy digərləri inciməsin!), Sizin haqqınızda bilgilər yalnız filmlərin titrləri ilə çevrələnirdi. Yəqin ki, bu haradasa filmlərdə quruluşçu rejissor adlarının həddən artıq qabardılması ilə bağlıdır. Əqrəb bürcünü isə özünüz qabardırsınız ...
Ələkbər Həsənzadə: «Əqrəb», bildiyiniz kimi, özü-özünü içəridən «yeyir». Mən də onun kimi, həmişə içəridən özüm-özümü danlayıram. Lap hazırda da. Lakin özümdən nə dərəcədə narazıyamsa, o dərəcədə də sənətimdən, işimdən razıyam və bu sənətə yiyələnmək istəyənlərə bildiklərimi əsirgəmirəm. Səs rejissorluğunun incəlikləri tükənməzdir, yaradıcılıq baxımından digər sənət növlərindən geri qalmır.
Uşaqlığın öz «romantizmi» var, bu olub və olacaq. O zamanlar mən də çoxları kimi ya təyyarəçi, ya gəmi kapitanı olmağı arzulayır, hətta evdən qaçıb sərgüzəştlərə baş vurmağı düşünürdüm. Lakin gerçəklikdə qaçdığım yer kinoteatr idi, özü də «Vətən» kinoteatrı. Onu da deyim ki, mən musiqi təhsilini Naxçıvanda musiqi məktəbindən başlamışam. O zaman atam-anam Naxçıvan dramteatrında çalışırdılar. Sonralar Bakıda orta məktəbi bitirib Leninqrad kino mühəndisləri institutuna daxil oldum. Onu da xatırlayıram ki, hələ 9-cu sinifdə ikən gələcək sənətimin adını dəftərdə yazırdım: «Kino mühəndisi Ələkbər H.» Kinomexanik sənətinə də artıq o zaman könüllü yiyələnmişdim.
A. O. K. : Necə yəni «könüllü»?
Ə. H.: Bilirsinizmi, ata-ana sənətçi olanda istəyirlər ki, uşaqları da, lap öz peşələri olmasa da, ona nə isə yaxın bir peşə seçsin. Uşaqlıq dövrüm çətin zamana düşmüşdü. Istəkləri, arzuları, öz seçimini gerçəkləşdirmək baxımından. Sıxıntıların çoxluğundan hər addımda başlıca bir sual ortaya çıxırdı: «Çətinliklərə, məhrumiyyətlərə qatlaşmağa dəyərmi?» Məktəbin son siniflərində mən kino texnikası ilə bağlı, nə mümkündürsə, mənimsəmişdim. Artıq səs rejissorluğunun nə olduğunu bilirdim və qarşıma məqsəd qoymuşdum.
Yaxşı yadımdadır ki, uşaqlıqda yaxşı şer oxuyurdum, elə mahnı da. 1947-ci ildə ata-anamın teatrla Zaqatalada qastrolları zamanı məni rayon radio qovşağına gətirdilər. Nə səs izolyasiyası, nə də hazırkı texnika. Məni mikrofon qarşısında dayandırıb dedilər: «Oğlum, bax bura şeri oxuyarsan». Mən şeri oxuduqca pəncərədən öz səsimi reproduktorlardan eşidirdim (səs azca gecikirdi!). Və özümdən asılı olmadan, elə şer oxuduğum yerdə, mikrofon qarşısında səsimi və duruşumu tənzimləməyə çalışırdım ...
Ikincisi, yenə də uşaqlıqda, Nisə adlı bibim tibb institutunda oxuyarkən, onun tələbə dostları bizə yığışar, şer deyər, hətta oxuyar, teatr tamaşaları haqqında fikirlərilə bölüşərdilər. O zaman bəstəkar Şəfiqə Axundova ilk addımlarını atırdı. Bizim evimizin qonşuluğunda yaşayırdı. Günlərin birində radio ilə konsert zamanı onun mahnısı elan olundu. Mahnını isə Nisə bibim ifa edirdi. Bibimin evdə ola-ola səsini radioda eşitmək mən boyda uşaq üçün anlaşılmaz və möcüzəli bir olay idi. Doğrudur, evdəkilər məni çox başa saldılar, lakin mən özlüyümdə hələ zaman belə qərar verdim ki, nəyin bahasına olursa-olsun bu sirrə tamam-kamal yiyələnəcəyəm. Mən Bakıda 1 ¹-li məktəbi bitirmişəm. O zamanlar kinoteatrlarda 1-ci seans uşaqlar üçün nəzərdə tutulurdu. Biletlər də ucuz idi. 10 qəpiyə filmə tamaşa edərdik, uzağı 15-20 qəpiyə. Həmin pulu qənaətlə toplayırdıq. Mən evə çörək növbəsindən qayıdanda 10 qəpiyi mütləq mənimsəyib kinoya can atırdım. Adətən, «Vətən» kinoteatrına.
Bakı o zaman yüksək mədəni ənənələri ilə seçilirdi. Mən deyərdim ki, keçmiş SSRI-də Leninqrad – indiki Sankt-Peterburqdan sonra ikinci yer Bakının idi. Hazırda mədəniyyətdən bir əsər qalmayıb. Yazıçılardan birinin dediyi kimi, «Bakı kəndli bicliyi və kəndli iştahasının qurbanı oldu». Doğrudan da, Bakı indilərdə sanki, - sözün pis mənasında, - kənd həyatını yaşayır.
A.O.K. : Kino muhəndisləri institutuna neçənci ildə daxil oldunuz?
Ə. H. : 1958-ci ildə, orta məktəbi bitirən kimi. 1963-cü ildə isə institutu bitirib Bakıya qayıtdım və «Azərbaycanfilm» kinostudiyasında kino mühəndisliyinə başladım. Lakin bu heç də mənim arzuma uyğun deyildi. Axı məni kino mühəndisi kimi iztisaslaşdırmışdılar!... Mən kino və səs texnikasını yaxşı öyrənmişdim, lakin bu, mənim nəzərimcə, az idi! Mən sırf səs rejissoru olmalıydım, çünki ailə, teatr, evimizin sənətçi qonaqları, söylədiyim şerlər, oxuduğum və eşitdiyim mahnılar, gördüyüm kino, tamaşa və konsertlər, nəhayət çaldığım skripka sanki birgə səylərlə məni həmin sənətə yönəltmişdilər. Və, beləliklə, musiqi təhsilimi artırmaq üçün yenidən
A. Zeynallı adına Bakı musiqi texnikumuna daxil oldum.
A. O. K. : Bəs kinostudiyada işiniz?
Ə.H. : 1963-cü ildən kinooçerklər, sənədli və mənzərə filmləri üzərində işləyirdim. 1965-ci ildə recissor Arif Babayevlə «Insan məskən salır» bədii filminə başladıq və 1 ilə bitirdik. Filmə musiqini Qara Qarayev yazmışdı. Bununla bağlı bir xatirə danışacağam.
«Insan məskən salır» filmi üçün bəstəkar orqan musiqisi bəstələmişdi. Və ilk dəfə orqan musiqisi Azərbaycan kinofilmlərinə ayaq açmışdı. O zamanın əski səsyazma cihazlarını konservatoriyanın böyük zalında qurduq. Hamımız heyəcan keçirirdik. Təkcə Qara Qararyev sakit görünürdü. Mən ondan soruşanda ki, «bizim lent yazısından razıdırmı?», Qara Qarayev dedi:
- «Cavan oğlan, mən də Leninqradda təhsil almışam, siz də. Mən musiqi bəstələmişəm, siz isə onu maqnit lentə yazmalısınız. Məhz həmin məqsədlə də siz burada oturmusunuz. Və ilk növbədə sizin xoşunuza gəlməlidir, mənim yox. Əgər desəniz ki, lent yazısı çox yaxşı alınıb, - mən sizi bağrıma basıb öpməliyəm. Beləliklə, siz işinizi yüksək səviyyədə qurmalısınız».
Doğrudan da, lentəyazma çox uğurla alındı ki, bunu sonralar tamaşaçılar da vurğulayırdılar.
Yaxşı yadımdadır ki, mikşer pultu zalın yaxınlığındakı kiçik otaqda qurulmuşdu, dinamiklər də. Və biz Qara Qarayevlə həmin otaqda lent yazısının gedişini izləyirdik (mikşer pultundan çıxan radiosiqnal isə küçədə dayanmış «fonovaqen» maşınındaki geniş plyonkalı maqnitofona yazılırdı). Qara Qarayev o zaman nəinki tanınmış bəstəkar idi, - o artıq gerçəkləşmiş əfsanəvi şəxsiyyətdi. Hamı ondan, az da olsa, çəkinirdi. Arif Babayev hərdənbir məni foyeyə çağırıb gizlədə bilmədiyi maraqla soruşurdu: «Ələkbər, axı siz orada Qara Qarayevlə nədən belə uzun-uzadı danışırdınız?» Yəni belə böyük şəxsiyyətlə yaxın təmas başqalarına qəribə gəlirdi. Axı nə haqqında danışa bilərdik? Əlbəttə, ilk növbədə musiqi haqqında, materialın maraqlıq dərəcəsi və ondan faydalanma yolları, filmdə musiqi parçalarının çalarları, mənadaşıyıcılığı haqqında; Bakı, Leninqrad və Şostakoviç haqqında və s.
A. O. K. : Xahiş edərdim, sualıma birmənalı cavab verəsiniz ... Deyilənə görə, Q. Qarayevdə müsbət enerji var idi. O hamını həvəsləndirir, ürək-dirək verir, gəldiyi, ayaq basdığı yerlərdə ruh yüksəkliyi yaradırdı. Şəxsən mənin dindirmələrimdə çoxları boynuna alıb ki, Q. Qarayev onları ovsunlayırdı ...
Ə. H. : Mən bütün bu deyilənlərin altından qol çəkə də bilərəm. Onunla yanaşı oturduğum və işlədiyim zaman özümü çox gözəl hiss edirdim, pult arxasında istədiklərim alınırdı. Ən böyük uğurum o oldu ki, konservatoriyanın zalında qurulmuş mikrofonlar üçün ən əlverişli nöqtələrin yerini tapmışdım. Özü də Qara Qarayev ovsununun sayəsində. Həmin ovsun işimizin uğurlu sonucunda öz əksini tapdı.
Qara Qarayevin yaxın çevrəsində elə musbət yüklü sahə yaranmışdı ki, mən, - ilk dəfə bədii film üzərində işləyən və orqan kimi sonsuz çalarlı aləti ilk dəfə lentə yazan səs rejissoru özümdə igidlik duyurdum. Qara Qarayev oturmuşdu, biz işdəyirdik, o ləzzət alır və həmin ləzzəti bizə dalğalarla ötürür və biz həmin dalğalarda ləzzətlə çimirdik. Lakin təkcə bizmi?... Elə götürək rejissor L. Kozintsevin «Don Kixot» filmini. Belə misallar az deyil və onlar yazılı, çap olunmuş xatirələrdə, dolayı yolla da olsa (senzura açıq danışmağa icazə vermirdi, parapsixologiya isə qadağan olunmuşdu!), öz əksini tapıb.
Yeri gəlmişkən deməliyəm ki, «Insan məskən salır» filmi Ümumittifaq musabiqəsində səsli-göruntülü ifadəliliyinə görə mükafatlanmışdı. O zaman bəstəkarlara kino musiqisinə görə ayrıca mükafat nəzərdə tutulmurdu. Kinofilmin səs kəsiminə görə bəstəkarla birgə səs rejissoru mükafatlanırdı.
A. O. K. : Yəqin ki, həmin mükafatlanma zamanı siz Qara Qarayevlə görüşdünüz ...
Ə. H. : Xeyr. Ümumiyyətlə o zaman indilər üçün ağlasığmaz olaylar baş verirdi. Hətta belə olub ki, SSRI-dən kimsə «Oskar» mükafatına layıq görülüb və onun yerinə hansısa vəzifəli gedib mükafatı alaraq gizlicə seyfində saxlayıb. «Moskva göz yaşlarına inanmır» filmi «Oskar» aldı, lakin mükafatı rejissor yox, «Qoskino» ələ keçirdi. Bondarçukun da başına həmin oyunu gətirdilər. Əgər «Hərb və sülh» filmi yadınızdadırsa. Hələ mənim dəqiq bildiklərim bunlardır.
A. O. K. : Bəs Qara Qarayev haqqında sənədli filmdə necə, sizin əməyiniz varmı?
Ə. H.: Xeyr, həmin film hələ çəkilişinə başlamamış geniş müzakirələrə səbəb olmuşdu. Çünki Qara Qarayev surətinin geniş əksi asan iş deyildi. Filmi rejissor Oqtay Mirqasımov çəkmişdi, səs rejissoru isə məndən çox yaşlı Kamal Seyidov idi.
A. O. K. : Hər halda, sizin ilk bədii filminiz bütovlükdə də uğurlu alınmışdı...
Ə. H. : Əlbəttə, filmin məzmunu olduqca dolğun və çoxçalarlı idi. Həm qəhrəmanlıq, - özü də vurub-yıxmaq deyil, insani-mənavi qəhrəmanlıq, həm də insanların məişəti filmdə biri-birini üzvi tamamlayırdılar. Qara Qarayev isə filmə daha geniş, - ikili deyil, üçlü yanaşmışdı: qəhrəmanlıq, lirika-sevgi və məişət yönlərindən yanaşmışdı. Sonuncu rəqslərlə qabardılıb.
Bütovlükdə götürsək, filmin üslub bütovlüyü ən vacib şərtlərdən biridir. Hər bəstəkar bunu duya bilmir, Q. Qarayev isə duyurdu. Daha sonra, bu duyum səs rejissorunda da olmalıdır. Ancaq belə halda filmin musiqisi və səs kəsimi filmin özünü inandırıcı aşılaya bilər. Əlbəttə, sizi ilk sayda filmin musiqisi maraqlandırır. Lakin kino sənətində səs filmin əsasıdır, musiqi isə həmin səsin bir kəsimi, yaxud da bölümüdür. Film sözün tam mənasında səslənməlidir. Və bu böyük səslənmənin bütün ünsürləri kompozisyon bütovlükdə səslənməlidirlər.
Elə götürək bəstəkarı! Bəstəkar üçün musiqi nə deməkdir? Faktura əsərin materialının əsasıdır. Melodiyanı götürsək, onun ritmik əsası ilkindir, hələ mən dayaq səslərin melodiyadakı yerindən danışmıram. Orkestrləşmə, səs çalarları, harmoniya, polifoniya, nəhayət, ifaçılıq səpgisi, dinamika, - bütün bunlardan bəstəkar musiqi quraşdırır. Indi isə gəlirik səs rejissorunun işi üzərinə. Mənim vəzifəm isə filmin bütöv kompozisiyası üzərində düşünməkdir. Həm başlanğıcda, - çəkilişdə, həm də sonluqda. Axı musiqinin filmdə hansı çevrədə, - daha doğrusu, nələrin çevrəsində, necə səslənməsi birbaşa pult arxasında oturmuş insandan asılıdır. Biz sizinlə söhbət edirik, lakin ətrafımız səslərlə doludur. Və bu səslər bizim söhbətimizə təsir etməyə bilməz. Filmin səs rejissorluğu da bu əsasdadır. Filmdə səs çevrəsi yaradılır və pult arxasında oturan dəqiq bilməlidir ki, kadrları necə səsləndirməlidir, səs dramaturgiyasını necə qurmalıdır. Yəni, səslənmədə 1-ci dərəcəli nədir, 2-ci, 3-cü və 4-cü dərəcəlilər hansıdır
. Və səslənməyə, sözün tam mənasında, necə «dirijorluq» edilməlidir.
A. O. K. : Sizin dedikləriniz, yəqin ki, aldığınız ali təhsildən irəli gəlir?
|