ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
QÖRÜŞLƏR...
-
Search

ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
Azərbaycan hərbi orkestr
Aydın Öğüt (Türkiye)
INTERNET SƏHIFƏLƏRINDƏ...
Pərviz QULIYEV
YARADIJILIQ...
-
QÖRÜŞLƏR...
-
MUZEYLƏRDƏ...
-

 



        Ə. H. : Xeyr, elə deyil. Mənim dediklərim özümün iş təcrübəmin, səs yaradıcılığımın və tapıntılarımın ortaq sonucudur. Ömrü boyu, filmdən-filmə, addım-addım topladığım biliklər, anlamlar, duyumlar və yozumları mən hazırda özümdən sonra gələn yetirmələrimə öyrətməyə çalışıram. Özü də tükənməz saylı xırdalıqlarda, hər dərsdə yeni-yeni çalarlarla. Səs rejissorunun işi dirijorun işinə oxşayır, işləkikcə öyrənirsən, yəni «təhsil» alırsan. Lakin mən uzun illərdir ki, həm də öyrədirəm.
        A. O. K. : Bəs hər bir filmi tamamladıqdan sonra hansı hissləri keçirirsiniz? Məgər elə olmurmu ki, öz içinizdə «mən filan epizodu daha maraqlı qura bilərdim» kimi və buna oxşar sözlərlə ifadə oluna biləcək yaşantılar baş qaldırır?
        Ə. H. : Əlbəttə, yaradıcılıq özünətənqidi yanaşma tələb edir. Və «Lenfilmə» keçməyim heç də özünə arxayınçılıqdan irəli gəlməyib ...
        A. O. K. : Siz nə zaman «Lenfilmə» «mühacirət» etdiniz?
        Ə. H. : 1970-ci ilin başlanğıcında. O zaman rejissor Eldar Quliyevlə «Səmt küləyi» filmini təzəcə çəkmişdik və həmi filmin baxışından sonra məni Leninqrada dəvət etdilər. Lakin, doğrusunu desəm, həmin film mənim üçün meyar deyil. Sovet filmi idi: «Azərbaycanfilmlə» «Barrandov» (Çexoslavakiya) kinostudiyalarının birgə istehsalı, «kommunist ideyalı» bir film. Musiqisini Polad Bülbüloğlu bəstələ-mişdi. Nə isə, hər bir insan sənətdə irəlilədikcə həyatın hansına anında qarşısını kəsən maneəni duyur.
        O zaman (elə indi də!) bizim texnoloji imkanlarımız çox aşağı səviyyədə idi. Çox zaman, tez-tez biz Moskvaya getməli olur və orada işi tamamlamalıydıq. Hətta səs yazılarının çoxu Moskvada, Moskva musiqi kollektivlərinin ifasında lentə yazılırdı. Bir növ köçəri həyat. Və bu çətinliyi aradan qaldırmalıydım. Gəlin düzünü deyək ki, «Azərbaycanfilm» kinostudiyasında ara-sıra film çəkilişi nəinki bizlərin, hətta quruluşçu rejissorların tam gücü ilə işləməsinə imkən vermirdi. Məsələn, Eldar Quliyev kimi istedadlı sənətkar özünü məhz əyalət ab-havasında tam açıqlaya bilmədi. Mənim fikrimcə, onun səviyyəli rejissor dünyanın ən sayımlı kinostudiyalarında böyük uğurlar qazana bilərdi.
        Mən Rusiya vətəndaşıyam və Rusiyada daha ugurla işləmişəm və ömrüm çatdıqca işləyəcəyəm. Işimdən, sənətimdən razıyam. Və heç bir şirnikləndirici vədlər məni yoldan çıxara bilməz. Lakin eyni zamanda mənim azərbaycanlı ruhlu ailəm var. Və hara getsəm, mən həmin azərbaycanlı ailəsinə qayıdıb özümün azərbaycanlı yaşantılarımı yaşayıram. Məni Almaniya, Amerika, Hollivud özünə çəkmir.
        A. O. K. : Yəqin ki, coğrafiya haqqında əyani, canlı bilgiləriniz genişdir?
        Ə. H. : Əlbəttə, soruşun ki, keçmiş SSRI-nin hansı yerində olmamışam. Çukotka və Maqadandan tutmuş Karpat dağlarına, Altay və Tanrı dağlarından tutmuş Novaya Zemlyayadək. Mən Türküstan üçün filmlərə tez-tez dəvətlər alırdım. Bir sözlə, cansıxıcı ab-havalı dairəni yarıb yeni məkana qədəm qoyanda daha fəallaşırsan. Mən də bunu seçdim.
        Lakin hər şeydə ilk növbədə ata-anama borcluyam. Onların verdiyi imkanlar ...
        A. O. K. : Və 10 qəpiklik kino seansları sayəsində siz bir şəxsiyyət kimi biçimləndiniz.
        Ə. H. : Elədir ki, var.
        A. O. K. : Bəs şirnikləndirici vədlər?
        Ə. H. : Çox olub, lakin söhbətimiz üçün maraqlı deyil. Bir də ki, görürsünüz ki, şirniklənməmişəm.
        A. O. K. : Mən də 10 qəpiklik seanslarda çox olmuşam. Lakin sizi digərlərindən fərqli, yəqinki, səslənmə və səslənmənin keyfiyyəti daha çox maraqlandırırdı. Və mənim kimilər filmə tamaşaçı kimi gəldiyi halda, siz tamaşa etdikcə, qulaqlarınızı da şəkləyirdiniz?
        Ə. H. : Bu saat onu demək çox çətindir, 45-50 il keçib, bəlkə də daha artıq. Bir də ki, səs tamaşanın ünsürü yaxud kəsimidir. Əgər biz səsin köməyi ilə təsviri kenişləndirə biliriksə, bu bizim uğurumuz sayılır. Lakin şüuraltı baxımdan bəlkə də siz haqlısınız. Indiyədək səs sırası sarıdan ən uğurlu filmləri unutmamışam. Məsələn, hələ Hitler Almaniyasında çəkilmiş «Həsrətini çəkdiyim qız» yaxud Ispaniyada çəkilmiş «Karmen» film-operası. Sanki ehtiraslarım çoşur, qanadlı quşa dönürdüm. Nəsə böyük bir iş görmək istəyir, özümə yer tapmırdım. Təkcə «Toreador» marşından və «Uvertüradan» ötrü dəfələrlə gedib «Karmenə» baxmışam. Yaxşı yadımdadır ki, hətta Argentina filmlirindən mahnıları, hətta ispan dilini bilməsəm də, yadımda saxlayırdım. Uşaqlıqda da yaxşı səsim vardı. Və Bakıda, artıq kino mühəndisi və səs rejissoru kimi tanınmağa başladığım dövrdə mən peşəkar musiqi təhsilinin gərəkliyini daha aydın duymağa başladım.
        A. O. K. : Və bu məsələni ...
        Ə. H. : Bu məsələni mən 1964-cü ildən A. Zeynallı adına Bakı orta ixtisas musiqi məktəbinin vokal şöbəsində oxumaqla həll etdim. Gərək ən yaxşı müəllim seçəsən ki, mənimsədiyin sanballı olsun. Hələ uşaqlıqda A.A. Milovanovun uşaq xorları hazırlığını görmüşdüm. Çünki o zamanlar mərkəzi pionerlər sarayında rəssamlıq və heykəltaraşlıq dərnəyində fiqurlar yapır, şəkil çəkirdim. Və A. A. Milovanov da orada uşaq musiqi dərnəyinə başçılıq edirdi. Mən həddi-buluğa çatanda isə o, artıq M. Maqomayev, L. Imanov və çox-çox başqalarını yetirmişdi. Onun sinfində oxumaq konservatoriya bitirməyə bərabər idi. Məhz onun sayəsində mən səs aparatını, səslə oxumağın çeşidləri yaxud yollarını, - sinədə oxumaq, başda oxumaq, keçidli oxumaq, sıxılmış və boğuq dayaqlı və dayaqsız oxumağın nə olduğunu dəqiq bilirəm. Və aktyorlarla işlədiyim zaman onlara dəqiq göstərişlər verirəm. Axı səs ən çətin, ən sirrli və ən ifadəli musiqi alətidir.
        A. O. K. : Yəqin ki, müəllimliyinizdə də aldığınız biliklərdən faydalanırsız?
        Ə. H. : Sözsüz. Mən «Lenfilmdə» cəmi 2 yaxud 3 filmin çəkilişindən sonra Leninqrad kinomatoqrafiya institutuna (hazırda Sankt-Peterburq kino və televiziya universiteti adlanır) dəvət aldım, - səs rejissorlarının ixtisaslaşdırılması üzrə. Yadımdadır ki, «Pasanı» (rej. D. Asanova), «Rayon miqyaslı fövqəladə hadisə» (rej. O. Snejkin) filmlərini buraxmışdıq. Daha sonralar məni SSRI-nin bütün kinostudiyalarına dəvət etməyə başladılar. Dəvətlər durmadan artırdı. Ən çoxu da müsəlman respublikalarından, özü də Türküstandan.
        A. O. K. : Məsələn?
        Ə. H. : Məsələn, Qırğızıstan üçün 4 filmin səs rejissorluğunu boynuma götürmüşəm, o cümlədən «Erkən durnalar»ın. Tacikistan, Özbəkistan və digərlərində də işləmişəm. Lakin «Lenfilm»dəki iş arası. Çox zaman dəvətləri qəbul edə bilmirdim. Nə kinostudiya, nə də institutda başçılıq etdiyim emalatxana imkan vermirdilər. Zaman çatışmazlığı imkanları daraldırdı. Çox zaman, məsələn Belarus və Ukraynaya ezamiyyətlə deyil, qeyri-leqal gedib qısa zamana işi başa çatdırıb qayıdırdım.
        A. O. K. : A.A.Milovanov haqqında hansı xatirəniz daha yaddaqalandır?
        Ə. H. : Bilirsinizmi, mənim o zamanlar doğrudan da yaxşı səsim var idi. Qəbul imtahanında Milovanov soruşdu: «Ələkbər, siz haradasa musiqi təhsili almısınızmı? Nəsə, səsiniz «hazırlıqlı» səsə oxşayır.»
        Mən dedim: «Xeyr, uşaqlıqda skripka çalmışam, lakin musiqini və oxumağı sevirəm».
        Milovanov bir daha soruşdu: «Deyirlər ki, ali təhsiliniz var?».
        Dedim: «Bəli, kinomatoqrafiya institutunu bitirmişəm». Və sənətimin mahiyyətini ona açıqladım.
        Milovanov: «Bəs sizi orta ixtisas məktəbinə getirən nədir? Məqsədiniz?».
        Mən: «Musiqi haqqında bilik və bilgilərimi artırmaq, dünyagörüşümü genişləndirmək».
        Milovanov: «Deməli, siz peşəkar müğənni olmaq fikrində deyilsiniz?».
        Mən: «Düzünü desəm, çox istərdim, lakin artıq sənətimi seçmişəm».
        Milovanov: «Cavan oğlan, qəbul imtahanında belə sözləri deməməliydiniz. Məsləhət deyil». Mən, demək olar ki, bəzən musiqiçi olmamağımın peşmançılığını çəkirəm. Özü də çox zaman tanınmış vokalçıların ifasını dinlədiyim zaman A Milovanov qarşısında, onun ruhu qarşısında özümü suçlu sayıram. Mən A. Zeynallı adına məktəbi fərqlənmə ilə bitirdim və, hətta, səsimi radionun fonduna da yazdılar. Sonra isə heninqrada dəvət aldım və oraya köçdüm. Lakin hər il Bakıya istirahətə gələrkən Aleksandr Arkadyeviç Milovanova baş çəkirdim.
        A. O. K.: Bəs institutda müəllimliyinizin mahiyyəti haqqında nə deyə bilərsiniz?
        Ə. H.: Hazırda işlədiyim və professoru olduğum ali məktəb Sankt-Peterburq kino və televiziya universiteti adlanır. Bəri başdan vurğulayım ki, vaxtı ilə yaşadığımız fövqəldövlətdə – SSRI-də «səs rejissorluğu» adlı ixtisas tədris olunmurdu. Kino muhəndisliyi varıydı, sonra isə özün-özünə ixtisaslaşırdın. Bir növ özfəaliyyətə bənzəyirdi. Nəhayət, Qnesin adına institutda Veprintsev soyadlı rejissor (o özü musiqiçi idi) musiqi rejissorluğunun əsasını qoydu. Lakin musiqi rejissorluğu ilk növbədə musiqili film və tamaşalar, lap elə əyləncələrə aiddir. Vəssalam. Səs rejissorluğu isə çox-çox anlamaları özundə birləşdirir. Dramaturgiyanı, təsviri, həmin təsvirə girməyin, onunla qaynayıb-qarışmanın yollarını bilməli, təsvirin səsli yozumunun variantlarını yaradıb, götür-qoy edib, ən məqsədəuyğununu seçməyi bacarmalısan. Və belə bir sual uzun illər bizləri narahat edir ki, «kino mühəndisi səs recissoru işləyə bilərmi?»
        Hazırda 10 ildən artıqdır ki, səs rejissorluğu emalatxanaları işləyir. Və ilk belə emalatxananı Peterburqda yaradan mən olmuşam. Bir azərbaycanlı kimi buna görə qürur hissi keçirirəm. Yalnız azərbaycanlı olduğuma görə. Indinin özündə III emalatxanaya başçılıq edirəm.
        A. O. K.: Hər emalatxanada neçə tələbəniz var?
        Ə. H.: 8-dən 12-dək. Tələbələrin səviyyəsindən asılıdır.
        A. O. K.: Qəbul olunanların musiqi təhsili varmı?
        Ə. H.: Indinin özündə bu qəbulun ilk şərtidir. Mən belə hesab edirəm ki, musiqi təhsili olmayan səs rejissoru sənətinə yiyələnə bilməz. Və ilk növbədə kinoda.
        Bizdə geniş çeşiddə musiqi fənnləri keçilir: musiqi savadı, harmoniya, musiqi quruluşu, alətşünaslıq, partitura oxunuşu. Mən hətta vokal üzrə müəllim dəvət edirəm ki, mühazirələr oxusun. Mənə görə, bu çox gərəklidir. Proqramın müəllifi-pioneri mənəm. Bizim hazırladığımız mütəxəssislərin geniş musiqi duyumu olmalıdır. Kino çəkilişində həmin şərt öz əksini tapır.
        A. O. K.: Yəqin ki, azərbaycanlı tələbələriniz, yetirmələriniz də yox deyil?
        Ə. H.: Sovet dövründə azərbaycanlı tələbələrimiz az deyildi. Indi isə ...
        Ikisinin adını çekə bilərəm. Teymur Abdullayev çox istedadlı gənc idi və bir neçə filmdə maraqlı işləri ilə tanınmışdı. Lakin hazırda, bildiyiniz kimi, «Azərbaycanfilmin» yalnız adı qalıb.
        Həmid Kərimov sizin tanıdığınız mərhum Kamal Kərimovun qardaşı Şamilin oğludur. Konservatoriya da bitirmişdi, mənim də ən yaxşı yetirmələrimdən biriydi. Lakin hazırda Sankt-Peterburqdakı həyatın sıxıntıları onu kinodan kənarda qoyub. Istedadı gerçəkləşdirmək hazırda olduqca çətinləşib.
        Bütövlükdə götürsək, yetirmələrim ABŞ, Israil, Belarus, Qazağıstan, Bolqarıstan və digər ölkələrin kinostudiyalarında uğurla işləyirlər. Rusiyada da həmçinin.
        Vaxtı ilə, səs rejissoru ixtisası kino mühəndisliyindən ayrılmamış, biz tələbələri filmlərdə səs rejissorunun assistentliyinə götürürdük ki, filmin hazırlanması gedişində sənətinə yiyələnsin. Çətinliklər çox idi. Hazırda həmin problem aradan qalxıb.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page