ÅÒÍÎÌÓÑÈÃÈØÖÍÀÑËÛÃ
ILISUNUN MUSIQI ETNOQRAFIYASI DÜNƏN VƏ BU GÜN
Fəttah XALIQZADƏ
ĞÖYÇƏ AŞIQ MƏKTƏBI (ARDI)
Azad Ozan KƏRIMLI
|
|
Azərbaycan etnomusiqişünaslığının «ağ ləkələri» kifayət qədərdir. Hələ müxtəlif bölgələrimizdə mövcud olan folklor materialları tam əldə edilməmiş, onların sistemləşdirilməsi, öyrənilməsi və müqayisəli təhlili başa çatdırılmamışdır. Xalq musiqisinin alt qatlarını üzə çıxarmaq, təkamül proseslərini diqqətlə izləmək, tarixi inkişafın həm ictimai-mədəni səbəblərini, həm də musiqi dilində təzahür edən üslub dəyişmələrini təhlil etmək folklor tədqiqatlarının mühüm və çətin vəzifələrindən yalnız bir qismini təşkil edir.
Həmin vacib məsələlərin yerinə yetirilməsi sahə araşdırmaları ilə bilavasitə bağlıdır. Ötən il Qax, Dəvəçi, habelə Abşeron rayonunun Mehdiabad qəsəbəsində aparılmış ekspedisiyalar Bakı Musiqi Akademiyasının 80 illik yubileyinə həsr olunmuşdu. Hazırkı məqalə Qax rayonunun şimalında yerləşən Ilisu kəndində əldə edilmiş folklor nümunələrindən və musiqi-etnoqrafik bilgilərindən qaynaqlanmışdır. Bu gözəl diyarın qədim el havacatına ümumi nəzər salınmış, onların mövcudluq şəraiti, hazırkı durumu, eləcə də musiqi dilinin başlıca özəllikləri aşkar edilmiş, bir sıra perspektiv vəzifələr müəyyənləşdirilmişdir. Əhalisi müəyyən səbəblər üzündən Qaxın mərkəzinə, başqa kəndlərinə (Cəlair, Yeni Ilisu) və Zaqatalaya köçdüyü üçün Ilisu folklorunu həmin yerlərdə də axtarmaq lazımdır. Müqayisə üçün hələlik qonşuluqdakı Ağçay və Sarıbaş kəndlərinin, habelə Zaqatalanın musiqi folkloru örnəklərinə müraciət olunmuşdur. Rayonun aşağı (cənub) hissəsinin və qohum etnosların məskunlaşdığı Göynük və Biləcik (Şəki rayonu) kəndlər
inin xalq yaradıcılığı ilə paralellərin izlənilməsi isə sonraya saxlanılmışdır.
Ilisu ekspedisiyasında əldə edilmiş maraqlı materiallar, məsələn, mövsüm və mərasim folkloru nümunələri, zənnimizcə, müəyyən elmi əhəmiyyət daşıyır.
Qaxın qədim musiqi folkloru tarixi-sosial səbəblərlə əlaqədar olaraq tədricən sönməkdə olsa da, onun ara-sıra parlayan zəif işartıları bir sıra janr-üslub keyfiyyətləri daşıyan özünəməxsus məhəlli folklor tipindən danışmağa əsas verir, eyni zamanda çoxsaylı folklor örnəklərinin tapılıb öyrənilməsi kimi mühüm bir vəzifəni irəli sürür.
Qaxa məxsus ən’ənəvi el havaları bir çox Azərbaycan bölgələrinin (Şirvan, Muğan, Qarabağ, Lənkəran, Quba, Naxçıvan, Gəncə, Qazax, Abşeron) musiqi dialektlərindən, hətta qonşu Şəki rayonunun xalq musiqisindən dərhal seçilir. Bunun səbəbini, ilk növbədə, rayon əhalisinin soykökü və yerli folklor mədəniyyətinin tarixi gedişatı ilə izah etmək lazımdır.
Hal-hazırda rayonda yaşayan digər millətlərdən gürcüləri və saxurları nəzərə almasaq belə, təkcə Qax azərbaycanlılarının etnik mənşəyi məsələsi də çox maraqlı və çətin görünür. Məsələ ondadır ki, onların etnogenezisi müxtəlif türk tayfalarından ibarətdir (leqlər, gellər, saklar, qıpçaqlar, hunlar və b.), Ilisuda Dədə Qorqud dilinə yaxın olan oğuz ləhcəsində danışılsa da, Anadolu və qıpçaq türklərinin elementləri də açıq şəkildə təzahür edir. Elə buna görə də təkcə ilisuluların soysökündə müxtəlif etnik ünsürlərin çarpazlaşdığını ehtimal etmək olar. Yerli musiqi folklorunun dərhal nəzərə çarpan özünəməxsus koloriti də elə həmin amillərlə bağlıdır. Bu mahalın əhalisi xüsusi bir ləhcədə danışdığı kimi, bənzərsiz və seçkin «musiqi dialektində» çalıb-oxuyurlar. Bu üslubun kənardan gətirilməsi və guya, şimal qonşulardan alınması barədə tələsik və əsassız düşüncələrdənsə, folklor nümunələrini sə’ylə toplayıb, müxtəlif aspektlərdən (tarixi, etnoqrafik, ədəbi və xüsusilə də musiqişünaslıq) araşdırılması daha
məqsədəuyğun olardı. Yalnız bundan sonra qarşılıqlı tə’sirlər və həmin prosesdə tərəflərin qatqıları və payı barədə daha düzgün və obyektiv nəticələrə gəlmək mümkündür.
Qax-Zaqatala bölgəsinə məxsus bu məsələ yerli musiqi folklorunun ən vacib və xüsusi məsələlərindən biri kimi ortaya çıxır. Əhalisi etnik cəhətdən əsasən yekcins olan digər bölgələrimizdə xalq musiqisinin mənşəyi adətən bu qədər kəskin şəkildə üzə çıxmır.
Təsadüfi deyil ki, Azərbaycanın Şimal-Qərb regionuna məxsus xalq musiqi yaradıcılığı musiqişünas və bəstəkarların diqqətini çoxdan özünə cəlb etməyə başlamışdır. 1934-cü ildə Niyazi özünün ilk əsərlərindən birini – simfonik orkestr üçün «Zaqatala suitası»nı yazır. 1937-ci ildə Elmi-tədqiqat musiqi kabinetinin təşkil etdiyi Şəki ekspedisiyası (Q.Qarayev – rəhbər, C.Hacıyev və M.S.Ismayılov), ola bilsin ki, yuxarı kəndlərə də gəlib çıxmışdır. Müxtəlif illərdə Soltan Hacıbəyov (1956) və Bayram Hüseynli (1976) Zaqatalada folklor axtarışları aparmış, bu sətirlərin müəllifi macar etnomusiqişünası və türkoloqu Dr.Janos Siposla birlikdə eyni rayonda ekspedisiyada olmuş (1999), daha əvvəl isə (1986) etnomusiqişünas T.Kərimova Qax rayonunun bir sıra kəndlərindən maraqlı nümunələr toplamışdır.
...2001-ci il Ilisu (Qax) ekspedisiyasının başlanğıcı ovqatımı heç də nikbin ahəngə kökləmədi. Şənbə günü olduğundan mədəniyyət şö’bəsinin müdirini görmədən kəndlərə gedib tam sərbəst işləməli olduğumu anladım. Qaxın ümumtəhsil məktəbinə (¹2) və incəsənət məktəbinə baş vurub elə həmin günü Ilisuya yollandım. Səngər tabunda (məhəllədə) toy olduğunu eşitcək, doğrusu, əvvəlcə, sevindim. Eyni zamanda məhəlləyə doğru addımladıqca ürəyimə dammışdı ki, orada yerli mərasim nəğmələrini eşidə bilməyəcəyəm.
Toy-büsatın qurulduğu həyətdə Bakının şadlıq evlərindəki kimi dəbdə olan çalğıçılar dəstəsini görəndə ağlıma gələnlər başıma da gəldi. Insafla deməliyəm ki, hamısı gözəl musiqiçilər idi. Lakin həmin gün bütöv bir Şimal-Qərb kəsiminə aid yalnız bir nümunəyə rast gələ bildim – ilk variantı bizə hələ Zaqatalanın Suvagil kəndindən tanış olan «Şeyx Şamil» haqqında mahnıya.
Eyni zamanda toyun gedişatı və müasir musiqi tərtibatı mənə bə’zi gerçəkləri çox gözəl və əyani surətdə anlatdı:
– folklorun durumu və inkişafı iradə və istəyimizdən, hətta əməli sə’ylərimizdən asılı olmadan obyektiv qanunauyğunluqlara tabedir;
– bəlkə də gözümüzün önündə bütün məhəlli xüsusiyyətlərin fövqündə dayanan, onları öz içində əridən və vahid milli üsluba yönəldən müasir folklor prosesləri baş verirdi;
– toyda iştirakçıların, xüsusilə də gənc oğlan və qızların yorulmadan, böyük zövq və məharətlə rəqs etməyi yerli əhalinin psixologiyasını, hər cür kompleksdən azad şəkildə şənlənə bilməsini, dini-mövhumat hisslərindən uzaq olduğunu göstərdi;
– ən’ənəvi toy folklorunun aşındığı bu şəraitdə üzərimə götürdüyüm vəzifənin bütün məs’uliyyətini hiss etdim.
Uğursuzluq uçurumuna lap yaxın olduğumu nəzərə alaraq, elə ertəsi günü sabahdan Ilisunun mərkəzi küçəsini başı yuxarı–başı aşağı, çiynimdəki çantamla dəfələrlə «ölçməyə» başladım. Hər halda kənardan belə görünə bilərdi...
Əslində isə Qaxın məktəblərindən başladılmış ən gərəkli qeydlərin ardı davam etdirilir, rast gəldiyim havalar və dəyərli mə’lumatlar kasetə yazılır, Ilisunun xalq musiqi həyatının dünəni və bu günü yerindəcə imkan daxilində araşdırılırdı.
Təəssüflə qeyd olunmalıdır ki, tədqiq olunan rayonun, o cümlədən Ilisunun ən’ənəvi musiqi folkloru müasir vəziyyətlə əlaqədar olaraq aradan çıxmaqdadır. Bir çox musiqi nümunələri xalqın məişəti və həyatında, bayram və mərasimlərində əvvəllər olduğu qədər eşidilmir, onları zövqlə ifadə edə bilənlərə cavan nəsil nümayəndələri arasında az-az rast gəlirik. Buna görə də sahə araşdırmalarının verimli olması üçün sə’ylə çalışmaq, xüsusi vasitə və yöndəmlərdən istifadə etmək lazımdır.
Yaxın keçmişdə Qax və Ilisu folklorunun sinkretizm keyfiyyətləri özünü qabarıq şəkildə göstərmiş, xalq musiqisini şe’r, oyun, hekayət, tamaşa, mərasim və ümumiyyətlə, həyatdan ayırmaq çox çətin olmuşdur. Buna görə də bölünməz bir bütöv olan folklor mədəniyyətinin öyrənilməsi musiqi folklorunun axtarılması yollarına işıq sala bilər. Məsələn, söz mətni, mərasim, hekayət və s. cəhətlərlə əlaqələr xalq musiqi nümunələrinin tapılmasına kömək edə bilər. Və yaxud, aradan çıxmış bə’zi folklor mahnılarının bərpası işində onların hal-hazırda mövcud olan instrumental (zurna, tütək, saz) versiyaları böyük rol oynayır.
Qax musiqi folklorunun sinkretizm xüsusiyyətləri və hazırkı vəziyyəti musiqi etnoqrafiyasının öyrənilməsini irəli sürür. Milli musiqi folklorunda çox az işlənilmiş bu məsələnin əhəmiyyəti hələ dahi Ü.Hacıbəyov tərəfindən göstərilmişdi: «Azərbayjan xalq mahnılarının əhəmiyyəti [...] etnoqrafik (kursiv bizimdir – X.F.) tarixi, psixoloji və sairə bu kimi elmlərə aid bəhs və müzakirələr üçün də zəmin təşkil edə bilər» (3, 247-248). Bə’zən konkret el havaları nümunələrini üzə çıxarmaq məqsədilə onları yaşadan (və ya yaşatmış olan) musiqi-etnoqrafik mühitin işıqlandırılmasından başlamaq lazım gəlir. Belə ki, Ilisuda yaxın keçmişlərə qədər fəal şəkildə işlənilmiş müəyyən havaları yada salmaqda bu və ya başqa çətinliklərlə qarşılaşırıqsa, onları öz qoynunda bəsləmiş folklor həyatının müxtəlif sahələri haqqında kifayət qədər mə’lumat və xatirələr indi də söylənilməkdədir.
|