ÅÒÍÎÌÓÑÈÃÈØÖÍÀÑËÛÃ
ILISUNUN MUSIQI ETNOQRAFIYASI DÜNƏN VƏ BU GÜN
Fəttah XALIQZADƏ
ĞÖYÇƏ AŞIQ MƏKTƏBI (ARDI)
Azad Ozan KƏRIMLI
|
|
Oyun, «Tunqay Məlik» mahnısı ilə başlanır. Qarşı-qarşıya dayanmış dəstədən hər biri növbə ilə bayatı deyə-deyə irəliyə hərəkət edir, sonra yenə də əvvəlki vəziyyətə qayıdır. Dəstələr hər dəfə yeni bayatı mətnləri tapıb oxumalıdır və bu deyişmə uzun müddət davam edir.
Misal ¹4.
Əgər hər hansı bir dəstə dərhal bayatı deyə bilmirsə, öz oyunçularından birini rəqiblərə verməlidir. Oyunda yeni mərhələnin (ikinci) başlandığını bildirən bu hadisə başqa mahnı ilə («Ay Zəri») müşayiət edilir. Bu melodiyaya T.Kərimovanın toplamalarında rast gəlirik. Təbii ki, daha çox bayatı bilən dəstə yarışda üstün gələ-gələ sayca çoxalır, bu qayda son həddə, yə’ni məğlub tərəfdə bircə oyunçu qalana qədər davam edir.
Misal ¹5.
Növbəti hissədə tək qalmış oyunçu qaliblərə «Qıza diləyə gəlmişəm» deyə müraciət edir. Bu hissə toy mərasiminin elçilik mərhələsi ilə, elçi gedib qız istəməklə səsləşir və bütün oyunçuların qayıtması ilə, yə’ni tarazlığın, ədalətin bərpası ilə başa çatır. Melodik cəhətdən II və III hissənin uyğunluğu barədə mə’lumatımız dəqiq deyildir. Bə’zi mənbələr burada eyni melodiyanın istifadə olunduğunu göstərir, eyni zamanda musiqinin dəyişə bilməsi də istisna edilmir.
Zaqatala folklor mahnılarında «Tonqay Məlik» toy hamisi olaraq, Toylu Məlik şəklinə düşmüş və indi başqa bir melodiya ilə həm azəri, həm də saxur dillərində istifadə olunur. Hətta Şamaxı ekspedisiyası zamanı (YS-FX-99) yaşlı bir qadının dilindən eşitdiyimiz «Toy Məlik getmək» ifadəsi də eyni ən’ənələrdən xəbər verir.
Yaz mərasim oyunları və nəğmələri
Qaxda və aşağı (cənub) kəndlərdə Novruzdan qabaq qurşağatdı və ya papağatdı mərasim oyunu keçirilərdi. Bu oyun Azərbaycanın, demək olar ki, bütün yerlərində eyni qayda da keçirilir.
Ilisuda isə keçmişdə Novruzqabağı əyləncələrdə böyüklər də iştirak edərdilər. Onlar quru ət, yağ, yumurta, düyü götürüb çayın o tayındakı güneyə gedirdilər. Özləri ilə tava, sini, çömçə, qazan da aparırdılar. Ocaq qalayıb, düyünü süzürdülər, aş bişirirdilər. O aşı yeyib, ağacın kölgəsində ay saz çalıb oynayırdılar ha! Camaat gəlib kənardan onlara tamaşa edərdi.
Çömçə xatun mərasimi. Son zamanlara qədər Ilisuda uşaqlar «Çömçə xatun» və «Qodu-qodu» mərasimlərini böyük sevinclə keçirər, ovsun nəğmələri oxuyar, kəndin küçələrini gəzib şənlənərdilər. Digər bölgələrimizdə də mə’lum olan bu mərasim və nəğmələr iqlim şəraitinə bağlı olaraq müxtəlif məzmun daşıyar, məsələn, təbiəti quru olan yerlərdə yağış duası oxunar, yağmurlu-çiskinli bölgələrdə isə (məsələn, Ilisuda) günəşin çıxması arzulanardı. Bu ayin Ilisu sakini Ayna Əzizovanın (1931) dilindən yazıya alınmış, melodiyası isə gözəl səsindən qeyd olunmuşdur.
«Bizim Ilisu dağlar qoynunda yerləşən gözəl bir kənddir. Hava həmişə dumanlı, çəmrəli (çənli) olur, tez-tez yağış yağır. Bizim dağlara qoyun gedir. Şimşək çaxanda vəziyyət çox çətin olur. Onda bizim arvadlar ağacdan qayrılmış çömçə götürüb, başına yaylıx bağlayır, aşağısına don geydirirlər. Yeddi nəfər qız çömçə xatunu götürüb bu mahnını oxuya-oxuya qapı-qapı gəzirlər.
Misal ¹6.
Gəlin gəldi düşürün
Quzulu aşı bişirin.
Quzulu aş da olmasa,
Quzu başı bişirin.
Bu gün bizə un gərək,
Sabah sizə gün gərək.
Uşaqlara buğda ilə un verirlər. Sonra buğdanı gətirirlər, ocaq qalayıb sacın üstündə qavurğa qavururlar. Bir kəs o qavurğadan dilinə vurmamalıdır. Vursa ehsanı keçməz. «Günəş babanın ruhunan sərçələrin payıdır» – deyib qavurğanı həyətə atırıq. Sərçələr gəlib yeyəndə gün çıxır».
|