ÅÒÍÎÌÓÑÈÃÈØÖÍÀÑËÛÃ
ILISUNUN MUSIQI ETNOQRAFIYASI DÜNƏN
VƏ BU GÜN

Fəttah XALIQZADƏ
Search

ÅÒÍÎÌÓÑÈÃÈØÖÍÀÑËÛÃ
ILISUNUN MUSIQI ETNOQRAFIYASI DÜNƏN
VƏ BU GÜN

Fəttah XALIQZADƏ
ĞÖYÇƏ AŞIQ MƏKTƏBI (ARDI)
Azad Ozan KƏRIMLI

 


       Son zamanlar meylini saz çalmağa salmış iste’dadlı çalğıçılardan mərhum Vahid Vahidzadəni göstərmək olar. Onun ifasında bir sıra aşıq havaları və eləcə də yerli xalq musiqi nümunələri yüksək təcəssümünü tapmışdır. Bu havalardan bə’zilərinin lent yazıları Azərbaycan Radiosunun Fonotekasında saxlanılır və vaxtaşırı efir dalğalarında səsləndirilir.
       V.Vahidzadənin repertuarına daxil olan havaların siyahısında aşıq havalarına rast gəlirik (məsələn,«Misri», «Divani» «Qafiyə», «Əvvəl-axır»). «Koroğlu» dastanı ilə bağlı olan havalardan «Dəmirçioğlu» və «Kövsəri» («Eyvazı») nümunələrinin hansı melodiyalara oxunması çox maraqlıdır.
       Təqdim olunan repertuar yerli havaların öyrənilməsi baxımından da əhəmiyyətlidir. Xüsusilə də unudulmaqda olan musiqi nümunələrini tapılmasında bu siyahı bir çıxış nöqtəsi ola bilər («Səngəri», «Gəlin köçdü», «Ilisu marşı», «Örpeyi», «Canan yar», «Əlixanı»). Məsələn, burada rast gəlinən havalardan «Avari» («Tala avarusu») və «Şəki avarusu» tütəkçalan Eldar Yusifovun (Ağçay) ifasından lentə yazıldı.
       Ümumiyyətlə, Şimal-Qərb bölgəsində aşıq sənətinin daha əski mərhələlərinin yayılması istisna edilmir. Belə ki, tədqiqatçı-alim M.Qasımlı təmburlu aşıqları əslində «axıradək aşıqlaşmamış ozanlar qanadına» daxil edir, hətta onların baxşı olduğunu da fərziyyəi şəklində irəli sürür (6,195). Bu zəmin Qərb zonasına məxsus (Borçalı, Qazax, Tovuz və b.) əsl aşıq tə’sirlərinin asanlıqla qəbul edilməsində bir şərt olmuşdur. Bundan fərqli olaraq muğam sənətinin, xanəndə və sazəndə ifaçılığının yayılması üçün bölgədə dayaq nöqtələri zəif olmuş və ara-sıra nəfəsli alətlərdə çalınan muğam parçaları ən’ənəvi musiqi mühitinin ümumi mənzərəsini dəyişməmişdir.
       Azərbayjanın hər yerində olduğu kimi, Qaxda zurnaçılar və digər nəfəsli xalq çalğı ifaçıları yenə də fəaliyyət göstərir, xalqın toy və bayram şənliklərində yaxından iştirak edirlər. Bu sənətin inkişafında şübhəsiz öz zurnaçıları ilə məşhur olan Şəki ilə yaxın qonşuluq əlaqələrinin də böyük əhəmiyyəti olmuşdur. Alətin püxtələşmiş çalğıçıları içərisində ilk növbədə Tasmalı kəndindən olan sənətkar Qurbanın adı çəkilir. O, rəqs havalarının mahir ifaçısı olmuş, həmçinin mərasim folkloru nümunələrini öz repertuarına daxil etmişdi (məsələn, «Yol havası», «Gəldi, ha gəldi» və s.). Hazırda Ağçayda yaşayan, əslən Ilisulu olan tütək və zurna ifaçısı Eldar Yusifov həmin havaları Yadulla Musayev vasitəsilə öyrənib bizə təqdim etmişdir. Mərasim folklorunun nisbətən zəifləməsi şəraitində zurna sənətinin hələ də davam etdirilməsi Qaxın yerli musiqi folklorunun öyrənilməsində bir mənbə rolunu oynayır.
       Çobanların fəaliyyəti ilə sıx bağlı olaraq Ilisuda tütək (yerli ləhcədə düttək) və sipsi alətləri də istifadə olunmaqdadır. Keçmiş zamanlarda Tulum zurnanın da mövcud olması söylənilir.
       Yeri gəlmişkən sipsi haqqında müəyyən mə’lumat verək. Qaxda (və həmçinin Zaqatalada) yayılmış bu alət üç hissədən ibarətdir: qamışdan qayrılan dilçək, nazik boru hissəsi və səsi gücləndirən buynuz.
       Alətin boru şəkilli gövdəsi qamışdan, hal-hazırda isə həmçinin mis metaldan hazırlanır. Ön tərəfdən 7, arxadan isə 1 dəlik açılır. Təxminən 15 sm uzunluqda olur. Sipsi tütəklə müqayisədə bir qədər tünd tembr çalarına malikdir.
       Ilisulu Əli dayı (Kərimov Əli Məhəmməd oğlu) adətən sipsidə çaldığı «Nadigülü» adlı nümunədən bir parçanı sözləri ilə zümzümə etdi:
       Çöllərin ceyranı, bala, Nadigülü,
       Güllərin tərlanı, bala Nadigülü.

       Bu kiçik mətn həmin havanın mahnıdan törəməsinə tutarlı bir dəlildir. Eyni sözləri nəfəsli alətlərdə (zurna, tütək) çalınan «Gəldi ha, gəldi», «A dostlar» havalarına da aid etmək olar (onlar unudulmaq üzrədir) Ibrahimxəlil Rəhimov bütün sə’ylərinə baxmayaraq ekspedisiya zamanı bəzi havaları xatırlaya bilmədi və yalnız onlara aid kiçik rəvayətləri söylədi:
       1. «Çoban qayada qaldı»
       2. «Paxasın qızı»
       Ağçayda yaşayan Eldar Yusifov isə «Ovçu qayada qaldı» hekayəsini söylədi. Bu musiqi nümunələri hədəfə alınarsa, ümidvarıq ki, yaxın zamanlarda əldə oluna bilər. Beləliklə, zurna havaları şe’r, mahnı, hekayə ilə sıx bağlı olmaqla, folklorun bütöv bir tam olaraq öyrənilməsini tələb edir və bu mə’nada ip uju verir. Aşağıda musiqili hekayələr təqdim olunur:
       Çoban qayada qaldı. Çoban qoyun sürülərini dağlarda otaranda möhkəm yağış yağmağa başlayır. Çoban sürünün dalınca irəliləyir və gəlib qayaya çıxır. O, sıldırım qayadan keçə bilmədiyi üçün yaxınlıqdakı binədə olan kəndliləri haraya çağırır. Onlar da köməyə yetişib dar bir yol ilə çobanı qayadan keçirə bilirlər.
       Qayıdandan sonra çoban başına gələn bu əhvalatı öz tütəyinin vasitəsilə dilə gətirir. Sonradan bu hava bütün çobanlar arasında yayılır.
       Təəssüf ki, bu hekayəti söyləmiş tütək çalan Ibrahimxəlil Rüstəmov onun havasını həmin gün xatırlaya bilmədi.
       Paxasın qızı. Ilisu kəndinin aşağı məhəlləsində Ulu məscid vardır. Bu məscidi tikəndə çox ağır tirləri qaldırıb, divarın üstünə qoymaq lazım gəlir. Heç kəsin də həmin tirlərə gücü çatmır. Fikirləşirlər ki, bunu nə təhər eləyək, nə təhər qoyaq.
       Kənddə yaşayan Paxas adlı varlı bir bəyin çox gözəl bir qızı olur. Deyirlər ki, həmin qızı gətirsinlər, durub kənardan baxsın. Cavan oğlanlar nəhayət onun eşqinə o tirləri qaldıra bilsinlər.
       Elə də olur. Qızı Ulu məscidin yaxınlığına gətirirlər. Bunu biləndə işçilər tirləri götürüb məscidin divarları üstünə qaldıra bilirlər. «Paxasın qızı» adlı hava elə həmin münasibətlə meydana gəlmişdir.
       Ovçu qayada qaldı. Bu musiqili hekayənin adı birinciyə yaxın olsa da, məzmunu tamamilə ondan fərqlənir. Müvafiq olaraq havasının da başqa olduğunu düşünmək olar.
       Yoxsul bir ovçu varlı bəyin qızını sevir. Bəy qızını oğlana vermək istəmədiyi üçün onun qarşısında mümkün olmayan bir şərt qoyur: ovçu ən uca və sıldırım qayaya qalxıb orada bir ceyran vurmalıdır.
       Ovçu qayanın üstünə çıxıb ceyranı ovlayırsa da, heç cür geriyə dönə bilmir. Sevgilisi ona baxanda, ovçu sanki qanadlanıb aşağıya enir. Qız bunun sirrini soruşanda oğlanın ürəyi partlayır. Qız da özünü öldürür.

       ***
       Ilisunun xalq musiqi həyatını, tətbiqi əhəmiyyətli mərasim və mövsüm folklorunu və digər sahələrə işıqlandırdıqdan sonra musiqi üslubunun ən mühüm cəhətlərinə ümumi nəzər salaq.
       Bütövlükdə respublikamızın Şimal-Qərq regionunun xalq musiqi üslubu indiyə qədər xüsusi şəkildə araşdırılmamış, bunun üçün gərək olan tədqiqat üsulları da hələlik işlənməmişdir. Buna görə də bölgənin lokal yerlərinə, məsələn, Ilisuya məxsus folklorun zərif üslub çalarları barədə qəti mühakimə yürütmək bu mərhələdə doğru olmazdı. Sadəcə olaraq, toplanılmış materiallar üzərində aparılmış müşahidələr bə’zi qənaətlərə gəlməyə imkan verir.
       Araşdırılan bölgədə məhəlli musiqi-folklor üslubunu incələməkdən qabaq onun iki başlıca cəhətinə – lad-intonasion və ritm-ölçü xüsusiyyətlərinə diqqət yetirək.
       Bütün regionda olduğu kimi, Ilisu və onun yaxınlığındakı Ağçay və Sarıbaş kəndlərində Şur məqamı daha geniş yayılmışdır. Eyni zamanda bir sıra hallarda qeyri-adi intonasiya dönümləri belə bir məqam tə’yininin şərti olduğunu göstərir. Belə ki, Şur mayəsi və əsas tonu bə’zən natural minorun müfatiq olaraq tonikası (I) və VII pərdəsi kimi tə’sir bağışlayır, hətta müvafiq modal-harmonik dönümü ehtiva edə bilir.

       Misal ¹ 11.


       Digər nümunələrdə Rast, Segah, nadir hallarda isə Şüştər məqamı da qeyd olunur.
       Təhlil etdiyimiz nümunələr xanə ölçüləri e’tibari ilə ümumazərbaycan musiqi üslubundan bir o qədər də fərqlənmir (2/4, 3/4, 4/4, 3/8, 6/8 və b.). Lakin şe’rlə avazın ritmik münasibətlərində müəyyən fərqləri də görmək olar. Belə ki, melodik məzmunu Şüştər məqamına əsaslanan «Gəl bura mahnı deyək» (Bax: Misal ¹9) məhz ritmik quruluşu sayəsində özünəməxsus tərzdə səslənir. «Ceyranım» mahnısında da ölçünün (6/8 ) xalq musiqisi üçün tipik olmasına baxmayaraq, misraya uyğun ritmik formul digər bölgələrin (Qarabağ, Lənkəran, Şirvan) musiqi üslubundan fərqlənir.
       Bundan başqa olduqca maraqlı və nadir ölçülərə rast gəlinmişdir ki, nümunələri hələlik çox az sayda bəlli olduğundan əsl mahiyyəti və mənşəyi burada təhlilə uğradılmamışdır. Lakin bu nadir nümunələrin formul tipli modal ritmika ilə əlaqəsi heç bir şübhə doğurmur.
       Məsələn, «Layla»da modal ritmikanın iki maraqlı təzahürünü qeyd etmək olar. Başlanğıc ibarənin 4/4 və 5/4 ölçülərindən təşkil olunmasına Zaqatala (Tala) folklorunda da təsadüf olunmuşdur. Hər iki halda növbəti xanə bir vahid dəyərində (çərək not) böyümüşdür.

       Misal ¹ 12.


       Eyni «Layla»nın başqa xanələrində isə başlanğıc ölçü (4/4) əksinə, bir vahid (çərək) əksilməklə 7/8 ölçüsünə çevrilir və onun daxilində axsaq ritm xüsusiyyəəti özünü göstərir 2/8, 2/8, 3/8. Musiqi üslubunun çox tə’sirli amili sayılan axsaq ölçüləri türkoloji baxımdan öyrənməyə ehtiyac vardır. Istər-istəməz böyük bəstəkarımız Cövdət Hacıyevlə söhbətlərimiz yada düşür. Unudulmaz sənətkar konkret nümunəni göstərməsə də, Şəki ekspedisiyasında yeddi çərəkli ölçüsü olan bir el havasına təsadüf olunduğunu qeyd etmişdir.
       Ilisuda Yunus baba kimi çox böyük ehtiramla anılan Yunus Əmrənin şe’rlərinə oxunan ilahilər də eyni ritmik üsluba malikdir. Çobankol (Zaqatala) və Ilisuda (Qax) böyük mütəsəvvüf şairin məşhur bir şe’ri eyni bir vəzn sistemində (axsaq) oxunur. Ilisu sakini Nəzirə Abdullayeva bu ilahini Türkiyədən gəlmiş bir din xadimindən öyrəndiyini söylədi. Lakin bu, yenicə mənimsənilmiş üslubmudur, yoxsa qan yaddaşının təzələnməsi? Sualı hələlik cavabsız qoyuruq.

       Misal ¹ 13.


       Aydın məsələdir ki, musiqi üslubu, lad və ritm intonasiyalarının qısaca şərhi ilə tam şəkildə açıqlana bilməz. Bunun üçün gələcəkdə musiqi dilinin bütün elementləri, eləcə də, musiqidən kənar amillər (ləhcə, şe’r mətni, mərasim, rəqs və s.) də mütləq nəzərə alınmalıdır.
       Məhəlli musiqi üslubunun şərhi folklor yaradıcılığının ən ümdə şərtlərindən biri olan variantlıq prinsipinin fəaliyyətindən ayrı şəkildə təsəvvür oluna bilməz. Qaxın musiqi folklorunda variantlaşma özünün zəngin şəkilləri ilə seçilir və heç də digər bölgələrdə olduğu kimi melodik bəzək və xırdalıqlarla məhdudlaşmır. Variantlıq havaların həm başqa bölgə nümunələri ilə müqayisəsində, həm də yerli, məhəlli folklor daxilində özünü göstərə bilir. Eyni bir ifaçı eyni bir mahnını ayrı-ayrı hallarda müxtəlif şəkildə oxuya bilər. Bə’zən eyni bir mahnının müxtəlif bəndləri də bir-birindən kifayət qədər seçilir.
       Yuxarıda «Ceyranım» və «Əzizim keçmə məndən» mahnılarının oxşar və fərqli cəhətləri ötəri qeyd olunmuşdu. «Ceyranım» mahnısının Ilisu və Zaqatala (saxur dilində olan) variantları bir-birinə daha yaxın olsalar da, onların başlanğıcı fərqlidir. Variantlıq təkcə Ilisu nümunəsinin müxtəlif kupletləri arasında da mövcuddur və bayatı misralarına əlavə olunmuş «Ceyranım» sözlərinin yerdəyişməsi ilə müəyyən olunur.
       Ekspedisiya zamanı müəyyən olundu ki, Qaxın ən’ənəvi folkloru tədricən aradan çıxaraq alt qatlara çəkilir və müxtəlif mövcudluq formalarında çıxış edir (nəğmələrin instrumental versiyaları və ya ayrıca mətnləri, musiqili hekayələr, hafizələrdə və lentlərdə yaşayan nümunələr və s.) Sahə araşdırmaları aparmaq hələlik üç məntəqədə müyəssər olsa da (Ilisu, Ağçay və Qax) digər kəndlərdə də buna bənzər vəziyyətin olduğunu təxmin etmək olar. Lakin belə bir şərait, Qax musiqi folklorunun toplanılıb araşdırılması işinin əhəmiyyətini şübhə altına almamalıdır. Əksinə, həmin istiqamətlərdə tə’xəirəsalınmaz vəzifələri yerinə yetirmək lazımdır. Ekspedisiya xalq musiqi nümunələrinin necə və harada tapılması yollarını göstərən təcrübi iş kimi sonrakı axtarışlara da istiqamət verə bilər. Qax, eləcə də, Zaqatala, Şəki, Balakən rayonlarında daha əvvəllər keçirilmiş ekspedisiyalar da tədqiqatı çox gərəkli komparativ (müqayisədən ötrü) materialla tə’min edir.
       Toplama işinin davam etdirilməsi zərurəti ilə yanaşı artıq gələcək tədqiqatın başlıca istiqamətləri də görünməyə başlayır. Bu baxımdan çoxcəhətli təzahür formalarına malik olan variantlıq hadisəsi, yerli folklor musiqisinin ümumazərbaycan və məhəlli üslub keyfiyyətləri böyük maraq oyadır.

       ƏDƏBIYYAT
       1. Azərbaycan xalq mahnıları (Not yazısı S.Rüstəmovundur), Bakı, 1967.
       2. Azərbaycan xalq mahnıları (Not yazısı və fortepiano ilə oxumaq üçün işləyəni Soltan Hajıbəyovdur).
       3. Ü.Hacıbəyov. Azərbaycanda musiqi tərəqqisi. Əsərləri, II cild, Bakı, 1965, s.239-250.
       4. T.Kerimova. Women’s love and life. Female folklore from Azerbaijan. PAN 2028 CD. Netherlands.
       5. A.Abduləliyev. Xalq musiqisində Toğay Məlik və Tonqay Məlik obrazları. «Qobustan», 1991, ¹1. S.3-7.
       6. M.Qasımlı. Aşıq sənəti. Bakı, 1996.
       7. A.Nəbiyev. El nəğmələri, xalq oyunları. Bakı, 1988.
       8. Letifova G. M. Severo-Zapadnıy Azerbaydcan: Ilisuyskoe sultanstvo. Baku, 1999. R.Tahirzadə., C.Qurbanov. Azərbayjan milli oyunları və onların mədəniyyətimizin tarixində yeri, Bakı, 1997.

       MUSIQI MISALLARININ SIYAHISI
       Misal 1. Sizə diləyə gəlmişəm, Ayna Əzizova, 1931, Qax, Ilisu k.
       Misal 2. Gəldi, ha gəldi. Ayna Əzizova.
       Misal 2a. Gəldi, ha gəldi. (tütək), Yusifov Eldar, 1957, Qax, Ağçay k.
       Misal 3. A gülüm sabahdır. Qax, Sarıbaş k. («Female folklore from Azerbaijan». Müəllif – T.Kerimova.
       Misal 4. Tunqay Məlik. Ayna Əzizova
       Misal 5. Ay Zəri.«Female folklore from Azerbaijan».
       Misal 6. Çömçə xatun. Ayna Əzizova.
       Misal 7. Qodu-qodu. Ayna Əzizova.
       Misal 8. Bənövşə. Məhəmməd Sofiyev. 1934, Qax, Ağçay k.
       Misal 9. Gəl bura mahnı deyək. Səlahəddin Abdul-layev. 1934, Ilisu k.
       Misal 10. Ceyranım. Ayna Əzizova.
       Misal 11. Layla. Ayna Əzizova.
       Misal 12. Ay çinə dağlar. Məhəmməd Sofiyev. 1934, Ağçay k.
       Misal 13. Ilahi. Nəzirə Abdullayeva, 1934. Tavla Tala, Ilisu.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page