ÏÎÐÒÐÅÒËßÐ
YARADICI ÖMÜR
Nailə RƏHIMOVA
|
|
Elmira xanım xalqın böyük şəxsiyyəti Üzeyir bəyin iş otağını bərpa etmiş, ona mərhumun çalışdığı illərin abu-havasının ciddiliyini qaytarmışdır.
1958-ci ildən Elmira Abasova Azərbaycan Bəstəkarlar Ittifaqının üzvü, 1960-cı ildə isə musiqi tənqidi bölməsinin rəhbəri təyin edilmişdi. 1975-1990-cı illər ərzində isə o, Azərbaycan Bəstəkarlar Ittifaqının katibi və SSRI Bəstəkarlar Ittifaqının Idarə Heyətinin üzvü olmuşdur. Elmira Abasova SSRI və Azərbaycan Bəstəkarlar Ittifaqının qurultay və plenumlarında bir sıra məruzələrlə çıxış etmişdir. Bundan əlavə 1971-ci ildə Moskvada keçirilən VII Beynəlxalq musiqi konqresində 1973-cü ildən Alma-Atada təşkil olunan III Beynəlxalq Asiya və Afrika dövlətlərinin musiqi tribunasında, 70-80-ci illər ərzində Səmərqənddə keçirilən bir sıra Yaxın və Orta Şərq xalqlarının şifahi ənənəli professional musiqisinə həsr olunmuş Beynəlxalq musiqi simpoziumlarında elmi məruzələrlə yüksək musiqişünas professionallığı ilə çıxış etmişdir. Elmira Abasovanın Azərbaycan Bəstəkarlar Ittifaqında təşkil etdiyi Ümumittifaq konfranslarda müasir musiqi inkişafının müxtəlif problemlərinə toxunulurdu.
Məhz onun təşəbbüsü nəticəsində Qafqaz respublikaları bəstəkarlarının yaradıcılığına həsr edilmiş ilk fundamental əsər 1975-ci ildə Tbilisidə nəşr olunmuşdur. Lakin bununla Elmira Abasovanın elmi-təşkilati fəaliyyəti bitmir. Onun rəhbərliyi ilə respublikamızın görkəmli bəstəkarlarının və musiqişünaslarının yaradıcılıqlarını geniş əks etdirən «Azərbaycan Bəstəkarlar Ittifaqı»nın nəşrləri, Azərbaycan bəstəkarlarının əsərlərinə dair annotasiya silsilələri çap olunmuşdur.
Azərbaycan Bəstəkarlar Ittifaqında Elmira Abasova uşaq və gənclərin musiqi tərbiyəsinə dair böyük iş aparmışdır. Uzun illər boyu fəaliyyəti ilə seçilən «Məktəblilərin filarmoniyası» onun Ittifaqın nəzdində təşkil etdiyi yeni kollektiv idi. Respublikamızda müntəzəm keçirilən «Gənclər və uşaqların musiqi həftəsi» də məhz Elmira xanımın zəhmətinin nəticəsidir.
Elmira Abasovanın istedadlı mühazirəçi kimi fəaliyyəti Azərbaycan Televizisiyasındakı yaradıcı işi ilə bağlıdır. Respublikada musiqili televiziya məhz onun təşəbbüsü ilə yaradılmışdır. Elmira xanımın səyi nəticəsində uzun illər boyu sistematik şəkildə göstərilən «Gənc musiqisevərlər klubu» adlı musiqili televiziya verilişləri silsiləsi təşkil olunmuşdur. Canlı göstərilən verilişlərdə dünya və Azərbaycan musiqi mədəniyyətlərinin ən yüksək nailiyyətləri haqqında məruzələr musiqi nümunələri tamaşaçılara çatdırılmışdır. Elmira Abasovanın televiziyada yaratdığı təşəbbüs bir çox tanınmış bəstəkar-musiqişünaslar tərəfindən davam etdirilmişdir. Lakin insan təfəkkürünün estetik-mənəvi tərbiyəsində mühüm rol oynayan musiqili televiziya anlayışı təəssüf ki, artıq yaddaşlarda qalıb. Bəs «yeni nəsil bu estetik-mənəvi qidanı necə və harada alacaq?» sualına yalnız belə cavab vermək olar «keçmişin yaddaşından». Ancaq bu xeyirxah işdə mətbuatın da öz yeri var. Belə ki, Elmira Abasova
Azərbaycanda ən görkəmli musiqi publisistlərdən biridir. «Sovetskaya kultura», «Vışka», «Bakinskiy raboçiy», «Kommunist», «Bakı», «Molodyoj Azerbaydjana», «Ədəbiyyat və incəsənət» və sairə qəzet və jurnallarda mahir qələm ustasının müasir Azərbaycan musiqisi haqqında yüzlərlə elmi-publisistik məqalələri çap olunmuşdur.
Elmira Abasovanın çoxşaxəli yaradıcılığında ən əsas və mühüm sahə onun elmi-tədqiqatla bağlı işləridir. O, Azərbaycan musiqi elmini dəyərli araşdırmalarla zənginləşdirib və irəliyə doğru inkişaf etdirib.
Ilk dəfə məhz Elmira Abasova Ü.Hacıbəyovun yaradıcılığında «polisistemli təfəkkür» aşkar etmişdir və bundan irəli gələn şifahi ənənələrin məhz bəstəkar yaradıcılığında vəhdət tapmasını, muğamın simfonizə edilməsini musiqi elmində ən böyük nailiyyət olduğunu müəyyənləşdirmişdir. Ü.Hacıbəyovun yaradıcılığı musiqişünas Elmira Abasovanın elmi axtarışlarının daima diqqət mərkəzində olub. Hələ 1960-cı ildə onun «Leyli və Məcnun» operasının tarixi əhəmiyyətindən və musiqi təhlilindən bəhs edən «Üzeyir Hacıbəyovun «Leyli və Məcnun» operası» adlı kitabı nəşr olunur. Sonralar «Üzeyir Hacıbəyovun opera və musiqili komediyaları», «Üzeyir Hacıbəyovun «Koroğlu» operası», «Üzeyir Hacıbəyov», «Üzeyir Hacıbəyov. Həyat və yaradıcılıq yolu» adlı elmi kitablar və bir sıra məcmuələrdə dərc olunan tədqiqatlar və məqalələr yaradıcılığının müxtəlif dövrlərinə təsadüf edir. Bu elmi nəşrlər bu gün də tələbələr və geniş oxucu kütləsi üçün lazımi vəsaitdir. Elmira xanımın rəhbərliyi ilə Üzeyir
Hacıbəyovun ilk tam biblioqrafiyası yaradılmışdır. O cümlədən, Q.Qasımovun həmmüəllifliyi ilə «Sovet Azərbaycanının musiqi sənət oçerkləri»; 3 cildli «Musiqi Ensiklopediyası» və «Azərbaycan Ensiklopediya»larının tərtib olunmasında Elmira Abasova müəllif kimi yaxından iştirak etmişdir. O cümlədən «Üzeyir Hacıbəyov» ensiklopediyası və Moskvada nəşr olunmuş 5 cildli «SSRI xalqlarının musiqi tarixi»ndədə Azərbaycan musiqisinə aid fəsillərin müəllifi yenə də görkəmli musiqişünasın adı ilə bağlıdır.
Elmira Abasovanın digər elmi axtarışları görkəmli bəstəkar Qara Qarayevin yaradıcılığı ilə bağlıdır. Musiqişünas yazır ki, «Üzeyir Hacıbəyovdan sonra bəstəkarlıq məktəbinə və bütövlüklə milli musiqi mədəniyyətinə Qara Qarayev – realist-rəssam, filosof-rəssam və psixoloq - layiqli rəhbərlik edib… Qara Qarayev nəinki bu gün, hətta gələcəyin də dahi klassik – bəstəkarıdır».2 Azərbaycan musiqisinə ilk dəfə müasir milli-azadlıq mövzusunu daxil edən bəstəkarın yaradıcılığında özünəməxsus və təkrarolunmaz milli üslub cəhətləri ilə bağlı araşdırmalar Elmira xanımın bir sıra elmi nəşrlərində öz əksini tapmışdır. «Qara Qarayevin «Don Kixot» simfonik qravyurası»; L.Karaqiçevanın həmmüəlifliyi ilə azərbaycan, rus və ingilis dillərində nəşr olunmuş «Qara Qarayev» və «Qara Qarayevin haqqında»; «Qara Qarayevin yaradıcılığında novatorluq prinsipləri» kimi kitablar və məcmuələrdə dərc olunan məqalələr, mühazirələr buna aydın misal ola bilər.
Elmira xanımın tədqiqatları həmçinin müasir musiqi sənətinin tarixi inkişaf yolunu geniş işıqlandırıb. Bu baxımdan onun Azərbaycanın görkəmli bəstəkarları və musiqiçiləri haqqında, onların zəngin yaradıcılıqları ətrafında apardığı əsaslı və ilk növbədə musiqi ədəbiyyatımız üçün gərəkli yazı nümunələri vardır. Bunlardan «Qurban Primov», «Sultan Hacıbəyovun «Karvan» və «Uvertyura»ları», «Rəşid Behbudov», «Rauf Hacıyev», «Tarzən Bəhram Mənsurov», «Səid Rüstəmov» kitablarının və bir sıra məqalələrin, məruzələrin adlarını çəkmək yerinə düşərdi.
Lakin yaradıcılığı boyu musiqişünas çoxəsrlik tarixi ilə seçilən şifahi və xalq mədəniyyətinin sərvəti olan klassik muğam janrına xüsusi diqqət yetirib. Tədqiqatçı muğamın bədii və tarixi funksiyasını, onun əsas üsulb xüsusiyyətlərini, o cümlədən janrın dayaq sütunu kimi milli və professional musiqimizin formalaşmasında olan əhəmiyyətini Azərbaycan bəstəkarlarının yaradıcılığında muğamın işlənilməsini elmi tədqiqatlarında geniş açıqlamışdır. Elmira xanım qeyd etmişdir ki: «Azərbaycan musiqisində bəstəkarların individual yaradıcılığından asılı olaraq bədii müxtəliflik baxımından muğamsayağı nümunələr çoxluq təşkil edir. Muğam milli musiqi folklorunun digər janrları kimi bəstəkar yaradıcılığının inkişafının mənbəyi olmuşdur. Muğamın müxtəlif yaradıcı üsullarla istifadəsi Azərbaycan bəstəkarlarının mühüm nailiyyətlərindən biri olmuşdur».
Bu gün Azərbaycan əməkdar incəsənt xadimi sənətşünaslıq namizədi, professor Qırmızı Əmək bayrağı Ordenli, Azərbaycanın Təhsil Nazirliyinin Fəxri Fərmanına layiq görülmüş Elmira Əbdülhəmid qızı Abasova 70 illiyini qeyd edir. Neçə-neçə gənc alimlər yetişdirən Elmira xanım bu gün də Bakı Musiqi Akademiyasında «Musiqi tarixi» kafedrasının professoru vəzifəsində fəaliyyət göstərir. O, vicdanlı, ciddi, məsuliyyətli Pedaqoqdur. Dərs zamanı səlis və həzin mühazirələri tələbələrdə Azərbaycan milli umsiqi tariximizin dünəni və bu günü, problemləri və əhəmiyyəti haqqında aydın təsəvvür yaradır. Onun yaradıcılıqla dolğun elmi-pedaqoji fəaliyyəti indinin və gələcək musiqiçi nəsillərinə nümunəvi örnəkdir. Elmira Abasova bir sıra aspirantlara, dissertantlara rəhbərlik edərək, aktual mövzular üzərində onlarla mütəmaddi iş aparır, istiqamətləndirir və elmin mürəkkəb yolunda ciddi məsləhətçi, tələbkarlığı ilə seçilən obyektiv tənqidçi kimi köməyini əsirgəmir. Onların müdafiəyə təqdim e
dilən elmi dissertasiyalarda yeni fikir, təfəkkür irəli sürülür və elmi cəhətdən düzgün qiymət verilir.
Ömrünün 70 ilini elmə, idraka, quruculuğa həsr edən dünyagörüşü geniş musiqişünas, yüksək ziyalı və alicənab insan – Elmira Abasova sənətdə və həyatda mənalı yaradıcılıq fəaliyyətini davam etdirir. Allahdan ona bəxşiş verilən ömür yolunda hər zaman belə nikbin, iradəli və daha yüksək yaradıcılıq zirvələrini fəth etməyi arzulayırıq.
Uzun ömürlü olasınız, Elmira xanım!
Nailə Rəhimova,
Sənətşünaslıq namizədi
ƏDƏBIYYAT
1 Abasova G. Opera «Leyli i Medcnun» Uzeira Qadcibekova. Baku, 1960, s. 5.
2 Abasova G. O novatorskix prinüipax v tvorçestve Kara Karaeva. Baku, 2000, s. 19.
|