ÈÐÑÈÌÈÇ
BAKI MUSIQI AKADEMIYASI – 80
Ülviyyə IMANOVA
Search

ÈÐÑÈÌÈÇ
BAKI MUSIQI AKADEMIYASI – 80
Ülviyyə IMANOVA
AZƏRBAYCANDA BƏSTƏKARLIQ ƏNƏNƏSININ YARANMASI TARIXINDƏN
Fərəh ƏLIYEVA

 


       Musiqi Akademiyası, əvvəllərdə olduğu kimi, Azərbaycanın ictimai-mədəni həyatında mərkəzi yerlərdən birini tutur. Müasir gerçəkliyin mürəkkəbliyi və çətinliyinə baxmayaraq, o, Azərbaycan musiqisinin taleyinə biganə olmayanlar üçün cəzbedicidir. Bununla əlaqədar hər kəsin borcu onun inkişafı və çiçəklənməsinə köməklik göstərməkdir.
       Bakı Musiqi Akademiyasının əhəmiyyəti və müstəsnalığı ondan ibarətdir ki, ölkənin musiqi prosesindəki yaradıcı qüvvələrini birləşdirir, əsasən Azərbaycan musiqi sənətinin gələcəyi olan yeni istedadlı musiqiçilərin bir araya gəlməsini təmin edir.


       Birinci növbədə, çağdaş Azərbaycan musiqi mədəniyyətini, o cümlədən musiqi təhsilinin özülünü qoymuş Üzeyir Hacıbəyovun tariximizdə, - dünənimiz, bu günümüz və sabahımızda danılmaz yeri var. Onun Moskva və Peterburq konservatoriyalarından dəvət etdiyi görkəmli musqiçi-müəllimləri də yada salmamaq mümkün deyil. Mənim ustadım Mayor Rafailoviç Brenner, demək olar ki, bütün yaşlı nəsil pianoçuların ustadı sayılır. Fortepiano ifaçılığı sahəsində Azərbaycan pianoçuluk məktəbinin ilk böyük uğuru Bella Davidoviç olmuşdur. Son uğurumuz isə Tbilisidə keçirilən beynəlxalq müsabiqədə - bildirməliyəm ki, münsiflərin sədri görkəmli pianoçu D.Başkirovdur, - gənc pianoçumuz Murad Adıgözəlzadənin IV tura keçməyidir. Çox güclü rəqabətə baxmayaraq, Murad artıq laureatlar sırasındadır.
       Bizim çox-çox yetirmələrimiz beynəlxalq səviyyədə festivallar, musiqi bayramları və müsabiqələrdə iştirak edir. xarici ölkələrin ən tanınmış kollektivlərində uğurla işləyirlər. Əlbəttə, bizim Dövlət müstəqilliyimiz sayəsində. Keçmişdə bunlar, demək olar ki, mümkün deyildi. Biz mədəni əlaqələr qura bilirik, akademiyamıza ən öncül Avropa ölkələrindən açıq dərs vermək üçün mütəxəssislər dəvət olunurlar. Son günlərdə gənc bəstəkar Rüfət Xəlilov Berlin festivalında iştirak edib, orta nəsil bəstəkarımız Rəhilə Həsənova tez-tez xaricdə çıxışlara dəvət alır. Firəngiz Əlizadə geniş tanınıb. Muğamatımız bütün Avropanı “ələ keçirib”. Çox-çox misallar çəkə bilərəm.
       Sabahımızı mən necə görürəm? Maddi-texniki dəyişikliklər gərəkdir. Kompüterləşmiş kitabxanamız olmalıdır, auditoriyalarda iş şəraiti yenişləşməli, alətlərimiz tam dəyişməlidir. Binanın özü də, orqan da tam təmir olunmalıdır. Moskva və Sankt-Peterburqdan tanınmış nəzəriyyəçilər dəvət etmək məqsədəuyğundur. Xaricdə oxumaq üçün məqsədli təqaüd məsələləri həll olunmalıdır. Mənim şagirdim Murad Hüseynov fransız hökumətinin yardımı ilə Paris konservatoriyasının aspiranturasında fransız pianoçuluq üslubunu öyrənir. Musiqişünas Aida Hüseynova ABŞ-da Indiana universitetində çalışır. Vokalçı Eldar Əliyev Italiyada Luçano Pavarotti ilə eyni tamaşalarda oxuyur. Uğurlarımız var, lakin maddi problemlər onları azaldır. Mütəxəssislərin xaricə axını işi çətinləşdirir. Digər tərəfdən, lovğalıq çox asan işdir. Bizim üçün ən böyük bəla “əyalətçilikdir”. Allah onu bizə göstərməsin. Və onunla bu gün də, sabah da mübarizə aparmalıyıq.
       Bakı Musiqi Akademiya rektoru, Azərbaycan xalq artisti, professor Fərhad BƏDƏLBƏYLI

       Konservatoriyanın dünəni onun yaranışı və bu yaranışda Üzeyirin misilsiz roludur. Əlbəttə, biz Üzeyirin silahdaşlarının və davamçılarını, - Rudolf, M.Brenner, G.Şaroyev, Qara Qarayev, Cövdət Hacıyev, B.Zeydman, N.Usubova, F.Quliyeva, R.Atakişiyev və çox-çox başqalarını unutmamalıyıq. Onların xidmətləri əvəzsizdir.
       Bu günümüz dedikdə konservatoriyanın professor-müəllim heyəti və tələbələridir.
       Mən arzu edərdim ki, gələcək yetirmələr,. Biz ustadlarımızı unutmayıb onların ləyaqətini uca tutduğumuz kimi, onlar da bizləri unutmayıb uca tutduğumuz bayrağı daha da ucaltsınlar.
       Azərbaycan Xalq artisti, professor, Vasif ADIGÖZƏLOV

       Üzeyirbəy uzaqgörən adam idi və konservatoriyaya ən yaxşı müəllimləri dəvət edirdi. Şəxsən mən 30-cu illərin axırında tələbəliyə başayanda konservatoriyada M.Brenner və G.Şaroyev kimi professorlar fortepiano siniflərində dərs verirdilər. Və onların hazırladığı yeni nəsil gələcək nəsli yetişdirən müəllimlər dəstəsinə çevrildi. Həmin illərdə hazırlıq keçmiş Q.Qarayev, C.Hacıyev, T.Quliyev və çox-çox başqaları sonralar Moskva və Peterburq konservatoriyalarını uğurla bitirdilər və tanındılar.
       30-cu-40-cı illərin yetirmələri 60-cı illərin müəllim-professor heyətinin özülü idi və daha yeni nəslin biçimlənməsinə çox böyük əmək sərf etdi. Musiqi təhsili və mədəniyyəti sahələri getdikcə genişlənirdi və sələflərdən mənimsənilən bacarıq, bilik və metodika yaşadılır, inkişaf edir və genişlənirdi. Beləliklə, gələcək keçmişdən qaynaqlanır və sonra özü keçmişə çevrilərək gələcəyi qaynaqlandırırdı. Keçmişlərin təcrübəsi isə yeniləşən nəsli yaşadırdı və indi də yaşadır.
       Bizim bu günümüz gələcəyə örnək olacaq və biz unutmamalıyıq ki, öz uğurlarımızla kimlərə borcluyuq. Doğrudur, hazırda bütövlükdə götürsək, həyatın bütün sahələrində, o cümlədən musiqi sənətində səviyyə aşağı düşüb, çünki burada hazırlıq görmüş mütəxəssislər ölkədən xaricdə çalışırlar. Lakin mən fəxr edirəm ki, bizim yetirmələrimiz istər ifaçılıq, istər pedaqoji fəaliyyətlərində konservatoriyamızın bayrağını uca tuturlar və heç kimdən əskik deyillər. Qeyd etməliyəm ki, bizim musiqiçilər, bizim yetirmələr bütün dünyada bizim ənənələrimiz yayılmayır.
       Gələcəyi mən necə görürəm? Ənənlər gələcəkdə çox məsələləri həll edəcək. Üzeyir ənənələri yaşamalı və işləməlidir. Bildiyimizi, bacarığımızı gələcəyə ötürməliyik və buna var gücümüzlə çalışmalıyıq.
       Professor Ivetta PLYAM

       Məndə N.Nərimanovun dekretinin surəti var. Həmin rəsmi sənəd musiqi akademiyasının yaradılması haqqındadır. Lakin ali musiqi məktəbinin yaradılması çox ağrılı keçmişin bir dövrüdür, çünki milli kadrlarımız yox dərəcəsindəydi. Əlbəttə, Üzeyir bəyi və Müslüm Maqomayevi çıxmaq şərtilə. Lakin qısa zaman kəsimində üçpilləli təhsil sisteminin və onun başında duran Azərbaycan Dövlət konservatoriyasının əsası qoyuldu. Bu böyük quruculuq işində Üzeyirin dəvət etdiyi musiqiçilərin əməyi əvəzsizdir. Mən hər bir ixtisas, hər bir kafedra üzrə çox-çox adlar çəkə bilərəm. Yəqin ki, məndən öncə bu adları çəkənlər var. Lakin bircə faktı açıqlamağı lazım bilirəm. B.Bretanitski skripka üzrə Peterburq konservatoriyasında Auerin sinfini bitirmişdi, bizim konservatoriyanın ilk skripkaçı-professoru olmaqla yanaşı, Azərbaycan üçün ilk kamança dərsliyini işləyib hazırlamışdı. Belə olaylar unudulmamalıdır.
       Ilk milli kadrlar 40-cı illərdə işə başlamışdı. Bizim nəsil öz ustadlarından mənimsədiyini sonrakı nəslə ötürmək üçün az çalışmayıb. Konservatoriyamızın nəfəsli alətlər kafedrası tanınmış musiqiçilərlə hətta o zamanlar da öyünə bilərdi.
       Konservatoriyanın bu günü haqqında nə deyə bilərəm. Əlbəttə, təhsilin, tədrisin səviyyəsi məni qane etmir. Bu da təkcə ali məktəbin özündən asılı deyil. Gəlin aşağı pillələrə nəzər salaq. Musiqi məktəblərindən cəmi bir neçəsində nəfəsli alətlər tədris olunur. O da yalnız Bakıda. Hazırda kollec adlanan A.Zeynallı adına orta ixtisas musiqi məktəbində truba, valtorna, trombon və bir sıra ixtisasları yoxa çıxarıblar. Azərbaycanda artıq valtornaçılar çatışmır. Orkestrləri tamheyətli adlandırmaq mümkün deyil. Opera və balet teatrının və teleradioşirkətin orkestrlərində vəziyyət olduqca acınacaqlıdır. Ən sayımlı deyil, ortabab musiqiçilərimiz də xaricdədir. Deməli, onlar özünküləri deyil, yadelliləri öyrədirlər.
       Biz artıq müstəqil dövlətik. Hazırda bizim bütün dünyaya çıxışımız var və bizlər bundan özümüz üçün faydalanmalıyıq. Sovet dövründə Moskvadan o tərəfə keçmək mümkün deyildi.
       Mən bilə-bilə Bakı Musiqi akademiyası deyil, Azərbaycan Dövlət konservatoriyası deyirəm, çünki Üzeyirlə, onun silahdaşlarıyla bağlı ilk adın saxlanılmasının tərəfdarıyam. Bizim keçmiş səviyyəmizə çatmağa imkanlarımız, getdikcə azalsa da, var. Biz keçmiş beşillik ali təhsil sisteminə qayıtmalı, orta ixtisas təhsilini sağlamlaşdırmalı, uşaq musiqi təhsili üçün şəraiti yaxşılaşdırmalıyıq. Və inanıram ki, gələcək işlərimiz də həmin yöndə gedəcək. Bu mənim ən böyük arzumdur.
       Professor Azər ABDULLAYEV

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page