ÈÐÑÈÌÈÇ
AZƏRBAYCANDA BƏSTƏKARLIQ ƏNƏNƏSININ YARANMASI TARIXINDƏN
Fərəh ƏLIYEVA
Search

ÈÐÑÈÌÈÇ
BAKI MUSIQI AKADEMIYASI – 80
Ülviyyə IMANOVA
AZƏRBAYCANDA BƏSTƏKARLIQ ƏNƏNƏSININ YARANMASI TARIXINDƏN
Fərəh ƏLIYEVA

 


       Müsəlman Şərqinin rəngarəng milli mədəniyyətləri ailəsində Azərbaycan xalqının çoxəsrlik mədəni irsi özünəməxsus yerlərdən birini tutur. Bu irsin ayrılmaz və parlaq parçası olan musiqi sənətinin tarixi inkişaf yolu XX əsrdə iki qüdrətli peşəkarlıq ənənələri ilə – ənənəvi klassik (şifahi) və bəstəkarlıq (yazılı) sahələri ilə yeni səviyyəyə qədəm qoydu. Azərbaycanın peşəkar musiqisinin inkişafı daima zənginləşən, cilalanan və irəliyə doğru yönəlmiş prosesdir. Bu inkişafın istiqaməti, bir tərəfdən, milli ənənələrin özündəki imkanlar və bu imkanların reallaşması, digər tərəfdən, zaman-zaman dəyişən, yeniləşən tarixi mərhələlərin mədəniyyət kontekstinin diqtə etdiyi proseslərin məcmusu ilə şərtlənmişdir. Onun xarakteri və mündəricəsində XX əsrədək şifahi ənənəli aspekt aparıcı rol oynamışdır. Peşəkar klassik milli musiqi irsinin günümüzədək gəlib-çatmış incilərinin yaradıcılarını tarix anonimləşdirmiş, onların ifaçılıq fərdiliyinin hüquqlarını ön plana çəkmişdir. XX əsrdə bu inkişaf artıq yaradıcı şəxsiyyətin – bəstəkarın iradəsi, təxəyyülü və energiyası ilə istiqamətləndirilməyə başlanır. Beləliklə, hər iki ənənənin paralel və çarpazlaşan hərəkəti Azərbaycan musiqi mədəniyyətinin XX əsrdəki səciyyəviliyini yaradır. Eyni zamanda, bir mühüm aspekti də gözdən qaçırmaq lazım deyil. Şifahi klassik irs Azərbaycan musiqi sənətini müsəlman mədəniyyəti ilə bağlayan möhkəm tellərdən biridir: ümumşərq ənənələri milli musiqi konstekstində parlaq təzahür etdiyi kimi, Azərbaycan musiqisi də şərq mədəni çərçivəsində mövcud olmuş və olacaqdır. XX əsrdə yaranan bəstəkar yaradıcılığı isə Azərbaycan musiqisini ümumavropa ənənələri ilə calaşdırdı, bununla da, Azərbaycan musiqisində Qərb-Şərq mədəniyyət konteksti yarandı. Beləliklə, XX əsrdə Azərbaycan musiqisində ümumdünya musiqi mədəniyyəti üçün getdikcə aktuallaşan Qərb-Şərq və ya Şərq-Qərb mədəniyyətlərinin qarşılıqlı təsirinə və bu təsirin nəticələrinə dayaqlanan bir inkişaf konsepsiyası reallaşdı.

       Müsəlman Şərqində sözün əsl və tam mənasında milli bəstəkarlıq ənənəsinin Azərbaycanda meydana gəlməsi bir tərəfdən subyektiv faktor – Üzeyir Hacıbəyov fenomeni, digər tərəfdən, obyektiv tarixi-müqəddəm şərtlər, sosial-mədəni kontekst ilə bağlı idi. Bizcə, subyektiv faktorun çəkisi obyektiv şərtlərdən bəlkə daha önəmli olmuşdur. Belə ki, XX əsrin əvvəllərindən Qərb ənənələri digər Şərq ölkələrində heç də az yayılmamışdı, lakin heç birində zəruri qanunauyğunluq və «zəruri təsadüf» məqamı üst-üstə düşmədi. Türkiyə, Iran, Misir və b. müsəlman ölkələrinin musiqi tarixinə nəzər salmaq kifayətdir. Daha bir məqama diqqət yönəltmək istərdik. Şərq müsəlman ölkələrinin böyük əksəriyyətində uzun müddət musiqi yaradıcılığı və təhsili sahəsində milli və Avropa ənənələrinin separat mövcudluğu istiqamətinə üstünlük verilirdi. Indi də bu baxış mövcuddur. Azərbaycanda da XX yüzilliyin 20-ci illərində bu cür meyllər qısa zaman kəsiyində olsa da baş qaldırmışdı.

       Bəstəkarlıq məktəbinin yaranması və təşəkkülünün tarixi-müqəddəm şərtlərini müəyyənləşdirən mədəni-bədii, estetik prioritetləri XX əsrin I yarısının, daha dəqiq desək, 1900-1940-cı illərin mürəkkəb ictimai-siyasi, ictimai-sosial durumunda işıqlandırmağa cəhd edək.

* * *

       Bəşər tarixində XX əsr tərəqqi və inkişafın heyrətamiz sürəti, elmi-texniki, bədii kəşf və nailiyyətlərin, dünyanın siyasi, mədəni xəritəsindəki dəyişikliklərin miqyası ilə seçilir. Yeni dövrün quruculuğunda təkcə Avropa deyil, əsrlərlə inkişaf potensialını gah aşkarlayan, gah gizləyən Şərq də fəal iştirak etməyə başlayır. Dünya proseslərinin xarakter və istiqamətini müəyyənləşdirməkdə siyasi şəraitin xüsusiyyətlərinə görə passiv mövqelərə sıxışdırılan Şərq XX əsrdə tarix arenasındakı layiqli yeri və əhəmiyyətini bərpa etməyə başlayır. Ətaləti xüsusi «hallandırılan» Şərq əsrin inkişaf meyllərinə cavab vermək iqtidarı ilə Qərb dünyasını heyrətə gətirir. Siyasi, iqtisadi, mədəni tərəqqi yolunda müsəlman aləmindəki böyük dəyişiklikləri təmsil edən məmləkətlər arasında Azərbaycanın xüsusi yeri var.

       Azərbaycan musiqi mədəniyyətində başlanan proseslər regionda gedən ümummədəni proseslərlə nə dərəcədə səsləşirdi və yaxud Azərbaycan musiqisi ümumavropa və region kontektində necə görünürdü. Bu suala çavab vermək üçün bir qədər icmal xarakterli dərkənar vermək istərdik. Müqayisə üçün yaxın qonşular, ilk öncə, Iran, Türkiyə, Gürcüstan və Ermənistandakı mənzərəni canlandıraq. Türkiyəyə avropalı musiqiçilər artıq XVI əsrdən gəlməyə başlayır. Saray təbəqələri Avropa musiqisi ilə yaxından tanış olur: sarayda balet pantomimaları, musiqili-dramatik tamaşalar göstərilir. XIX əsrdə bu proses daha da genişlənir: Avropadan Türkiyəyə işləmək üçün musiqiçidər dəvət olunur. 28 il ərzində Stambulda çalışan italyan bəstəkarı C.Donisetti avropa təmayüllü milli bəstəkarlıq məktəbinin formalaşmasında böyük rol oynamış türk bəstəkarları və ifaçılarının böyük bir nəslinin muəllimi olmuşdur. Məhz onlardan təşkil olunmuş orkestr Avropa musiqisini ifa edirdi. Ilk türk bəstəkarlarının diqqəti ni çəkən ən populyar avropa musiqi janrı – operetta idi. Beləliklə, türk musiqi mədəniyyətində avropa yönümlü yaradıcılıq ənənələri bazisində müvafiq. Türk milli opera, balet, simfonik musiqisinin, milli bəstəkarlıq məktəbinin inkişafı XX əsrin 20-30-cu illərinə aiddir (ilk türk operası – A.Sayqunun – «Feridun» operası 1934-cü ildə tamaşaya qoyulmuşdur) (1).

       Irana Avropa musiqi formaları XIX əsrin II yarasından nüfuz etməyə başlayır. Bu dövrdən etibarən milli ənənələr də dirçəliş mərhələsinə qədəm qoyur. Milli musiqi sənətinin inkişafında alim-musiqişünaslar Əli Əkbər Fərəhani və onun oğlu Mirzə Abdulla, virtuoz ifaçı Qulam Hüseyn Fərvin böyük rol oynamışlar. Iranda Avropa musiqiçiləri işləməyə başlayır. Tehran «Darülfunun»da xüsusi musiqi şöbəsi açılır. 1908-ci ildə ali musiqi məktəbi təsis edilir. Lakin bu proseslər Iranda Avropa musiqi janrlarının geniş tətbiqi və istifadəsinə dayaqlanan yeni musiqi ənənələrinin yaranması ilə nəticələnmir (2).

       Gürcüstan Rusiyanın tərkibinə qatıldıqdan sonra (1804) milli musiqi mədəniyyətinin inkişafında yeni mərhələ başlanır. Qafqaz canişinliyinin yerləşdiyi Tiflis tezliklə bütün Qafqazın siyasi-mədəni mərkəzlərindən birinə çevrilir. 1851-ci ildə burada italyan truppasının iştirakı ilə opera teatrı açılır. Onun səhnəsində rus və xarici bəstəkarların əsərləri tamaşaya qoyulur. XIX əsrin 70-ci illərdən başlayaraq rus musiqiçilərinin fəal iştirakı ilə musiqi məktəbləri və texnikumu fəaliyyət göstərir. Avropa ənənələrində təhsil almış gürcü bəstəkarları, ifaçıları, müğənniləri və dirijorları yetişir. 60-cı illərdən başlayaraq genişlənən «Terqdaleuli» hərəkatının təsiri ilə xalq musiqi nümunələrinin toplanması, yazılması və nəşri sahəsində böyük işlər görülür. Ilk gürcü bəstəkarları – M.Balanqivadze, D.Arakişvili, Z.Paliaşvili Rusiyada mükəmməl musiqi təhlili alırlar. D.Arakişvili Moskva filarmonik cəmiyyətinin musiqi-dramatik uçilişində Ilyinskinin kompozisiya sinfini bitirmiş, uzun müddət Moskvada yaşamış, şəhərin musiqi həyatında fəal iştirak edən musiqi xadimi kimi tanınmışdır. M.Balançivadze Peterburq konservatoriyasında N.A.Rimski-Korsakovun tələbəsi olmuş. Uzun müddət Peterburqda yaşamışdır. Z.Paliaşvili Moskva konservatoriyasını Taneyevin sinfi üzrə bitirmişdir. Ilk gürcü operası sayılan «Məkrli Tamara»dan (M.Balançivadze) parçalar 1897-ci ildə Peterburqda nümayiş etdirilsə də tam şəkildə Tiflisdə opera teatrında ilk gürcü operaları – «Şota Rustaveli haqda hekayət» (D.Arakişvili) və «Abesalom və Eteri» (Z.Paliaşvili) 1919-cu ildə tamaşaya qoyulmuşdur. Beləliklə, gürcü bəstəkarlıq məktəbinin yaranması üçün avropa yönümlü mükəmməl təhsil almış milli kadrların mövcudluğu milli musiqi irsinin nəşrləri kimi faktorlar təkanverici qüvvə kimi münbit bir şərait yaratmışdır.

       Erməni bəstəkarlıq məktəbinin yaranması indiki Ermənistan hüdudlarından kənarda, digər ölkələrdə yaşayan erməni musiqiçilərin yaradıcılığı ilə şərtlənmişdir. Onların əksəriyyəti Tiflisdə, Stambulda, Moskvada və Peterburqda Avropada yaşamış, musiqi təhsili almışdır. Kolmitas Tiflisdə və Berlində, Spendiarov Moskva və Peterburq konservatoriyalarında, A.Tiqranyan Tiflis musiqi uçilişində oxumuşdur. Ilk erməni operası – A.Çuxacanın «II Arşak» operası 1868-ci ildə yazılsa da, tam halda yalnız 1945-ci ildə Erevanda tamaşaya qoyulmuşdur. Tam halda tamaşaya qoyulmuş ilk erməni operası – A.Tiqranyanın «Anuş» əsəridir (1912).

       Beləliklə, Azərbaycanın daxil olduğu region çərçivəsində mənzərə bu cür alınır.

       Müsəlman ölkələri – Türkiyə və Iranda avropa musiqi sistemi XX əsrin əvvəllərində bu və ya digər dərəcədə təmsil olunsa da, milli musiqi ənənələri ilə aktiv «ünsiyyət» fazasına demək olar ki, keçməmiş «avropa» və «milli» ənənələr ayra-ayrı inkişaf etmək istiqamətində mövcud olmuşdur.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page