ÔÈÊÐßÒ ßÌÈÐÎÂÓÍ 80 ÈËËÈÉÈ ÃÀÐØÛÑÛÍÄÀ
KEÇMIŞIN SƏHIFƏLƏRI
Solmaz QASIMOVA, Zemfira ABDULLAYEVA
FIKRƏT ƏMIROVUN MUSIQIMIZ HAQQINDA DÜŞÜNCƏLƏRI
Cəmilə Həsənova-ISMAYILOVA
|
|
Musiqi tariximizdə elə sənətkarlar var ki, onların yaratdığı əsərlər musiqi xəzinəsini zinətləndirərək, mədəni irsimizin qiymətli inciləri kimi musiqisevərlərin qəlbinə əbədi həkk olunmuşdur. Bu bəstəkarların yaradıcılığı milli musiqimizin inkişafında yeni mərhələ açmış, onun ümumbəşəri mahiyyət kəsb etməsinə və Azərbaycan musiqisinin dünyada tanınmasına rəvac vermişdir. Eyni zamanda, bu sənətkarlar musiqi haqqında fikirləri ilə də musiqi mədəniyyətinin yüksəldilməsinə xidmət etmiş, musiqimizi irəli aparmışlar. Zaman keçdikcə, belə sənətkarların yaradıcılığı musiqimizin inkişafı yollarında bir mayaka dönür və yeni nəsil üçün onlar klassik nümunəyə, örnəyə çevrilir. Təbiidir ki, zaman keçdikcə, onların əsərləri, fikirləri nəinki köhnəlmir, şövqdən düşmür, əksinə, yetişən hər yeni nəsil onları öyrənməyə, araşdırmağa bir ehtiyac duyur.
Xalqımızın belə böyük sənətkarlarından biri Fikrət Əmirovdur. Zəngin və çoxşaxəli yaradıcılığında o, musiqinin bir çox janralarına müraciyət etmiş, həmçinin, özü də Azərbaycan musiqisində simfonik muğam kimi yeni bir janrın əsasını qoymuşdur.
«Şur», «Kürd-Ovşarı», «Gülüstan Bayatı-Şiraz» simfonik muğamları, «Sevil» operası, «Min bir gecə», «Nəsimi dastanı», baletləri, «Nizami» simfoniyası, skripka və fortopiano üçün «Muğam-poema», süitalar, konsertlər, mahnı və romanslar, dram tamaşalarına və kinofilmlərə yazdığı musiqilər… Bütün bunlar F. Əmirovun yaratdığı misilsiz sənət nümunələridir. Onlar xalq musiqi mənbələrindən qidalanan, dünya klassik musiqi təcrübəsindən bəhrələn və bu iki özəyi – Şərq və Qərb musiqi qanunauyğunlarını, ənənələrini özündə qovuşduran F. Əmirov üslubunun, onun bənzərsiz dəst-xəttinin təcəssümüdür. Şübhəsiz, bəstəkarın hər bir əsərinin və ümumilikdə musiqi üslubunun tədqiqi müxtəlif rakurslu elmi əsərlərin mövzusu ola bilər və musiqişünaslığımızda F. Əmirov yaradıcılığına həsr olunmuş tədqiqat işləri az deyil. Lakin bizim məqsədimiz F. Əmirovun musiqi haqqında fikirlərinin araşdırmaqdan ibarətdir və bu məqalədə bəstəkarın sənətə baxışlarını sistemləşdirməyə cəhd göstərmişik.
F. Əmirovun dəyərli elmi-publisistik irsi vardır. Onun dövrü mətbuat səhifələrində çap olunmuş çıxışları və müsahibələri, həmçinin, ayrıca kitab halında nəşr edilmiş «Musiqi düşüncələri» (B.,1971), «Musiqi səhifələri» (B.,1978), «Musiqi aləmində» (B.,1983) məqalələr toplusu bəstəkarın dünyagörüşünü, sənətə münasibətini əks etdirən qiymətli materiallardır.
F. Əmirov öz məqalə və çıxışlarında yaradıcılıq prinsiplərini işıqlandırmış, bəstəkarlıq, musiqi ifaçılığı, təhsil, musiqişünaslıqla bağlı bir çox məsələləri açıqlayaraq, öz tənqidi fikirlərini söyləməkdən çəkinməmişdir. F. Əmirovun mülahizələri bu gün də müasir səslənərək, aktuallığını saxlayır və musiqi elmimiz üçün böyük maraq kəsb edir. Bəstəkarın musiqi haqqında fikirlərininar aşdırılması onun yaradıcılıq dəst-xəttinin, üslubunun və musiqi dilinin xüsusiyyətlərinə, həmçinin onu əhatə edən mühitə, sənət aləminə, insanlara onun öz baxışları ilə nəzər salmağa, eyni zamanda, bəstəkarın yaşayıb-yaratdığı dövrün sənət problemləri haqqında tam təsəvvür əldə etməyə imkan verir.
F. Əmirovun xalq musiqisinə baxışları, onun muğam və xalq musiqisi haqqında fikirləri, xalq musiqisindən istifadə üsulları haqqında mülahizvələri, Azərbaycan musiqisinin inkişaf yolları, musiqimizin korifeyləri Üzeyir Hacıbəyov, Bülbül və digər sənətkarlar barəsindəki fikirləri də mühüm əhəmiyyət ləsb edir. Bütün bunlar Azərbaycan musiqisinin XX əsrdə təşəkkülü, inkişafı və təkamul prosesində xalq musiqisinin bəstəkar yaradıcılığına təsiri və bəstəkar yaradıcılığında xalq musiqisindən istifadə yollarının araşdırılması, «bəstəkar və folklor» probleminin tədqiqi üçün önəmlidir.
F. Əmirov öz məqalələrində Azərbaycan mədəniyyətinin bir çox görkəmli simaları haqqında maraqlı fikirlər yürütmüşdür. Xüsusilə dahi bəstəkarımız Üzeyir Hacıbəyov haqqında deyilmiş «Biz hamımız Üzeyir məktəbindən çıxmışıq» fikri aforizmə çevrimişdir.
F. Əmirovun bəstəkar kimi yetişməsində böyük təsiri olmuş Üzeyir Hacıbəyovun tarixi rolunun açıqlanması diqqətimizi cəlb edir. O yazırdı: «Üzeir Hacıbəyov mənim sənət müəllimidir. Milli musiqimizin incəliklərini mən ondan öyrənməyə çalışıram. Yaxın və Orta Şərq professional musiqisi üçün Ü. Hacıbəyovun yaradıcılığı böyük bir məktəbdir. Bu məktəbi hələ çoxları keçəcək, bu məktəbdən çoxları öyrənəcək».
F. Əmirovun fikrincə, bu ölməz sənətkar Azərbaycan xalqının milli şüurunun oyanmasında həqiqətən çox böyük rol oynamışdır. Bir məqalədə o, Üzeyir bəyi «Azərbaycan professional musiqisinin atası» adlandıraraq yazır ki, o, milli musiqimizə nə qədər bağlı olsa da həmişə irəli baxmış, milli məhdudiyyətə qapanıb qalmamışdır… O, milli və məhz milliliyi ilə ümumbəşəri mahiyyət daşıyan bir sənətin tərəfları idi. F. Əmirov xatırlayırdı ki, Ü. Hacıbəyov gənc bəstəkarları bütün musiqi alətləri və növlərindən xəbərlar olmağa çağırırdı. O, deyirdi: «Ümumi musiqi sənətini öyrənsək, öz milli musiqimizin tərəqqisinə böyük xidmətlər etmiş olarıq… Not sistemi, Avropa musiqi alətləri və musiqi formaları bizim əsrlər boyu yaranmış zəngin, ahəngdar musiqimizi yeni mərhələyə qaldırar, onun dünyaya yayılmaq imkanlarını genişləndirər.
F. Əmirov Ü. Hacıbəyovun «Leyli və Məcnun» operasını Azərbaycan bəstəkarlıq məktəbinin təməl daşı hesab edirdi». «Koroğlu» operasını isə o, xalqın mübarizəsinin, duyğu və düşüncələrinin musiqi ensiklopediyası adlandırırdı. O, yazırdı ki, «Koroğlu»nun bu qədər xəlqi, milli əsər olması müəllifin yalnız mövzunu folklordan götürməsilə izah oluna bilməz. Həmin operada xarici işğalçılara qarşı azadlıq uğrunda aparılan qanlı vuruşmalarda Babəklər, Koroğlular yetirmiş xalqın misilsiz mübarizə əzmi, qəhrəmanlıq hünəri, vətənpərvərlik qüruru vardır. Ü. Hacıbəyovun dahiliyi ondadır ki, bütün bu mühüm keyfiyyətləri xalqın öz ruhuna uyğun, xalqın özünə doğma olan bir musiqi dili ilə ifadə edə bilmişdir.
Ü. Hacıbəyov sənəti, Ü. Hacıbəyov şəxsiyyəti F. Əmirov üçün bir etalon idi və o, hər bir işdə Ü. Hacıbəyovdan nümunə götürməyə çalışırdı. Çox zaman bu haqda danışarkən, onun sözlərində bir giley, təəssüf hissi sezilirdi. O deyirdi: «Azərbaycan musiqisinin şöhrətini sərhədlərimizdən çox-çox uzaqlara yayan bir sıra bəstəkarlarımızın müəllimi Ü. Hacıbəyovdur. Biz musiqi mədəniyyətimizin inkişafı qayğısına qalmağı da ondan öyrənməliyik, sənətin, yaradıcılığın çiçəklənməsi üçün indi ölkəmizdə yaranmış daha geniş imkanlardan bacarıqla istifadə etməliyik, bir-birimizin yaradıcılığı ilə onun kimi maraqlanmalı, bir-birimizə münasibətdə onun kimi sadə və mehriban olmalıyıq. Bütün bunlar musiqi mədəniyyətimizin coşğun tərəqqisi üçün son dərəcə lazımdır».
F. Əmirov bütün ömrü boyu Ü. Hacıbəyovu dərin minnətdarlıq hissi ilə xatırlamış və sənətdə onun ənənələrinin davamçısı olmuşdur.
|