ÔÈÊÐßÒ ßÌÈÐÎÂÓÍ 80 ÈËËÈÉÈ ÃÀÐØÛÑÛÍÄÀ
FIKRƏT ƏMIROVUN MUSIQIMIZ HAQQINDA DÜŞÜNCƏLƏRI
Cəmilə Həsənova-ISMAYILOVA
Search

ÔÈÊÐßÒ ßÌÈÐÎÂÓÍ 80 ÈËËÈÉÈ ÃÀÐØÛÑÛÍÄÀ
KEÇMIŞIN SƏHIFƏLƏRI
Solmaz QASIMOVA, Zemfira ABDULLAYEVA
FIKRƏT ƏMIROVUN MUSIQIMIZ HAQQINDA DÜŞÜNCƏLƏRI
Cəmilə Həsənova-ISMAYILOVA

 


       Xalqımızın digər bir qüdrətli sənət korifeyi Bülbül haqqında da F. Əmirovun fikirləri diqqətə layiqdir. F. Əmirov öz məqalələrində bunu dönə-dönə qeyd etmişdir ki, onun xalq musiqisi incilərini toplayıb nota salmağa, simfonik muğamları yaratmağa məhz Bülbül sövq etmişdir.
       O, «Azərbaycan bülbülü», məqaləsində yazırdı: «Bülbül Azərbaycan milli musiqi xəzinəsini göz bəbəyi kimi qoruyur, bu xalq incilərinə öz məlahətli ifası ilə daha dərin məna və gözəllik verir… Azərbaycan musiqisini həm sevməkdə, həm də sevdirməkdə böyük müğənnimiz Bülbülə çatmaq çox çətindir. Bunun üçün gərək Azərbaycan torpağının Bülbülü olasan».
       F. Əmirovun fikrincə, Azərbaycan musiqiçilərinin böyük bir nəslinin yetişməsində Bülbülün xidmətləri əvəzsizdir. F. Əmirovun da yaradıcılıq həyatı onunla çox bağlı olmuşdur. O, Bülbülü Azərbaycan musiqisi haqqında dərin, mənalı bir kitaba bənzədərək, onu əsərlərinin ən yaxşı dostu, məsləhətçisi və koməkçisi adlandırırdı.
       F. Əmirov belə hesab edirdi ki, Bülbülün rəhbərliyi ilə Azərbaycan xalq mahnı, rəqs və muğamlarının nota köçürülməsi incəsənətimiz tarixində görkəmli hadisə kimi qeyd olunmağa layiqdir. Xalq içərisinə getmək, xalq içərisində yaşamaq və çoxlarına məlum olmayan musiqi folklorumuzu toplamaq, onu bir zərgər səliqəsi ilə cilalamaq və fövqəladə bir ifadə ilə xalqa qaytarmaq ehtirası Bülbülün ilham dolu ürəyində həmişə yanırdı. Indi əzbər bildiyimiz bir çox xalq mahnılarına yeni həyatı Bülbül vermişdir.
       F. Əmirov Azərbaycan Dövlət Konservatoriyasında təhsil alarkən, Bülbülün rəhbərlik etdiyi Elmi-Tədqiqat Musiqi Kabinəsinin işində iştirak etmiş, ekspedisiyalarda olmuş, xalq musiqi çilərinin ifasından, dediyinə görə, o, yüzdən artıq xalq mahnısına nota yazmış və onlardan bir çoxu Bülbülün redaktəsi ilə nəşr olunmuşdur. Onu da deyək ki, bu işi F. Əmirov sonralar da davam etdirmiş, görkəmli muğam ustadlarının ifasından muğamları nota salmış, bu da onun yaradıcılığı üçün əsil xammal olmuşdur.
       Folklorşünaslığa böyük diqqət yetirən F. Əmirov deyirdi ki, musiqi folklorumuzu toplamaq, nəşr etdirmək, onlardakı sadəliyin, güclü emosiyanın sirlərini oyrənmək böuüklü-kiçikli hamımızın əsas vəzifəmiz olmalıdır. Bəstəkarın fikrincə, bu iş indi daha geniş vüsət almalıdır. Musiqi folklorumuzla bilavasitə məşğul olan, onun toplanmasına, nəşrinə və tədqiqinə rəhbərlik edən bir şöbə yaradılmasına böyük ehtiyac duyulur. Qeyd edək ki, F. Əmirovun bu fikri hələ də öz aktuallığını itirməmişdir. Hal-hazırda Bakı Musiqi Akademiyasının nəzdində Xalq musiqi kabinəsi mövcud olsa da, bu kabinənin işinin fəallaşdırılmasına ehtiyac duyulur və bu, həlli vacib olan məsələlərdən biridir.
       Daim görkəmli xalq sənətkarları ilə təmasla olan F. Əmirov məqalələrində onlar haqqında öz ürək sözlərini söyləmiş, onların tarixi rolunu müəyyənləşdirməyə çalışmışdır. Özünün dediyi kimi, Bülbülün təşəbbüsü ilə simfonik muğamlar üzərində işləyən zaman F. Əmirov Qurban Primov, Seyid Şuşinski ilə əlaqə saxlamış, onların ifasından nota köçürdüyü muğamlardan istifadə etmişdir.
       F. Əmirovun xalq musiqimizin «canlı ensiklopediyası» adlandırdağı Qurban Primovun tarı, sinəsindəki xalq musiqisi xəzinəsi bütün Azərbaycan bəstəkarlaının faydalandığı qiymətli mənbələrdən olmuşdur. Qurban Primov klassik ənənələri əsas tutaraq, muğam sənətini özünəməxsus bir yolla genişləndirmiş, zənginləşdirmişdir. Onun böyük ehtirasla səsləndirdiyi «Çoban bayatası», «mahur-hindi», «Cahargah», «Xaric segah», «Şur», «Zabul-segah» nadir sənət nümunələri idi. F. Əmirovun fikrincə, muğam sənəti müəyyən ciddi qanunlara tabe olmaqla bərabər, yaradıcıya, ifaçıya öz daxili qüvvəsini aşkara çıxarmağa da imkan verir. Bu mənada, Qurban Primovun «Çoban bayatısını» onun öz əsəri hesab etmək olar.
       Azərbaycan bəstəkarlarından biri çoxu xalq musiqisinin qiymətli nümunələrinin nota köçürülməsində məhz Qurban Primovun ifasından bəhrələnmişlər. F. Əmirov özü Qurban Primovla iş prosesini xatırlayaraq yazırdı ki, «onun tarından süzülən muğamların şəhdinini içmişəm, ana südü kimi». Qurban Primov musiqimizin gələcək inkişafı naminə gənclərdən köməyini əsirgəmirdi. F. Əmirov belə bir anı da yada salır ki, Qurban Primov ona «Kürd Ovşarı muğamı» üçün lazımlı bir parçanı – «Qarabağ kürdüsünü» ifa etmişdir ki, bu parça muğamın simfonik mühitə uyğunlaşdırılması üçün çox vacib bir melodiya idi.
       F. Əmirovun cörkəmli xanəndələr Cabbar Qaryağdı oğlu və Seyid Şuşinski haqqında da qiymətli fikirləri vardır. O, Cabbar Qaryağdı oğlunu xalq musiqimizin düşünən beyni, Seyid Şuşinskini bu musiqinin çırpınan ürəyi adlandırırdı. Qeyd etmək lazımdır ki, F. Əmirov simfonik muğamları yazarkən, Seyid Şuşinskinin də ona yaxından köməyi olmuşdur.
       F. Əmirov hesab edirdi ki, görkəmli xalq ifaçılarınnan irsi böyük bir məktəbdir və xanəndələrimiz, bəstəkarlarımız bu irsdən çox şey oyrənə bilər. O, musiqişünasları da yaradıcılığı Azərbaycan musiqi mədəniyyəti tarixinin parlaq səhifələri olan bu böyük sənətkarlar haqqında elmi monoqrafiyalar, kitablar yazmağa çağırırdı.
       F. Əmirovun elmi-publisistik irsində xalq musiqisinə münasibət məsələsi diqqət mərkəzində durur. Bəstəkarın elə bir məqaləsi yoxdur ki, bu məsələyə toxunmasın.
       Bətəkarın fikrincə, Azərbaycan xalq sənəti xəzinəsi həqiqətən tükənməzdir. Hələ onda çox qiymətli, indiyə qədər nəzərə çarpmamış çox sərvətlər tapmaq olar və lazımdır. Axı xalqımızın mənəvi mədəniyyəti gözəl qol-bulağı olan, ciddi diqqətə layiq dərin köklərə malikdir. O yazırdı: «…xalq həqiqətən, öz qəlbini oxşayan mahnını, musiqi folkloru ənənələrini göz bəbəyi kimi qoruyur və qiymətli sərvət kimi nəsildən-nəslə verir». F. Əmirov xalq musiqisini tükənməz ilham mənbəyi, sənətkara qüvvət verən dirilik çeşməsi adlandırırdı.
       F. Əmirov hesab edirdi ki, əsl mənada hər sənət əsəri doğma xalqının yaradıcılıq çeşməsindən qidalanmalı, bəhrələnməli və bununla da sənətkar və sənət doğma xalq qarşısında insani və vətəndaşlıq borcunu yerinə yetirməlidir. Əks təqdirdə hətta ən böyük istedad sahiblərinin belə əsərləri xalqı, eləcə də bəşəri mahiyyət daşımır, onların yaradıcılıq məhsulları xalqın hörmət və məhəbbətini qazana bilmir.
       Bəstəkar novatorluğu da xalqın həyatından, canlı ənənələrindən, milli zəmindən ayrı şəkildə təsəvvür etmirdi. O deyirdi: «Novator olmaq o demək deyildir ki, milli musiqiyə arxa çevirəsən». F. Əmirovun fikrincə, əsl novator bəstəkar öz xalqının musiqi folklorunu gözəl bilməli, ürəkdən sevməli, ondan faydalanmalıdır. Bununla yanaşı, o, dünya xalqlarının da yaratdığı ən yaxşı musiqi əsərlərini öyrənməli, yeri gələndə, onlardan yaradıcılıqla istifadə edə bilməlidir. Həmçinin, cəmiyyəti düşündürən mühüm məsələlərə vaxtında cavab vermək, bu günün qəhrəmanlarının səmimi hisslərini, təmiz duyğularını, böyük ideallarını musiqinin ecazkar dili ilə tərənnüm etmək bəstəkarın ümdə vəzifəsi olmalıdır.
       Bütün bu fikirlərin təstiqini F. Əmirovun öz yaradıcılığında görürük.
       F. Əmirov xalq musiqi irsimizin üç laydan – şifahi ənənəli professional musiqi olan muğam, aşıq yaradıcılığı və folklordan ibarət olduğu haqda danışaraq, qeyd edirdi ki, bunlar bir-birilə sıx bağlıdır. O, öz məqalələrində xalq musiqi yaradıcılığının inkişaf yolunu izləməklə yanaşı, onun müasir durumu haqqında da tənqidi fikirlərini söyləməkdən çəkinmirdi.
       Məsələn, o, tövsiyyə edirdi ki, aşıq sənətinin əsrləri keçib gələn gözəl, təravətli ifaçılıq ənənələri ciddi surətdə davam etdirilsin, bu sənət xanəndəlik sənəti ilə qarışdırılmasın, saz çalan, söz qoşan, şirin gəzişməyi bacaran aşıq onu müşayiət edən balabançıdan imdad gözləməsin. Bəstəkar həm də belə maraqlı fikir irəli sürürdü ki, nə üçün müasir aşıqlarımız klassik aşıqların yolunu davam etdirib, bu günün qəhrəmanlarını yeni dastanlarda tərənnüm etməsinlər. Bu, əlbəttə ki, aşıq sənətinin inkişafına yol göstərən diqqətəlayiq bir məsələdir.
       F. Əmirov şifahi ənənəli professional musiqinin aparıcı janrı olan muğama xüsusi diqqətlə yanamış, məqalələrində muğamın mahiyyətini açmağa çalışmışdır. Bu məsələdə o, Ü. Hacıbəyovun fikirlərinə istinad edərək, onları davam etdirir.
       Bəstəkarın fikrincə, masştablı, məzmunu dərin fikirlərlə ifadə olunan muğam çox möhtəşəm, ruhu yüksəklərə qaldıran bir musiqidir. Muğam özünəməxsus simfonik özəklərə malikdir. Onda ziddiyyətli mövzuların mübarizəsi yoxdur. Lakin muğamda bir mövzunun daxilində emosional yüksəliş var. Bu, kulminasiyalarda özünü büruzə verir və bu kulminasiyalar səsyüksəkliyi, dinamika, lad cəhətdən muğamın başlanğıc fazası ilə kəskin kontrastlıq yaradır. Buna görə də, bəstəkarın fikrincə, muğam simfonik mühitə çox uyğun gəlir və Şərq xalqlarının bu böyük neməti simfonik libas geyinərsə, öz gözəlliyi, öz incəliyi, ahəngi, tərasinə daimi yol tapa bilər.
       F. Əmirov belə hesab edirdi ki, bir xalqın musiqisinin təkcə özünün deyil, digər xalqların da mənəvi sərvətinə çevrilməsi üçün onun məhz professional səviyyədə işlənməsi və zamanın tələbləri ilə səsləşməsi vacibdir. F. Əmirovun simfonik muğamları da bu zərurətdən yaranmış. Dünyanın böyük konsert salonlarında səslənən simfonik muğamlar bir daha sübüt etdi ki, Azərbaycan bəstəkarları xalq musiqi sərvətimizin klassik professional musiqi ilə vəhdətinə nail ola bilmişlər. Yəni bəstəkarlarımız bu yolla zəngin musiqi folklorumuzu milli çərçivədə qapanıb qalmaq təhlükəsindən xilas edə bilmişlər.
       Bəstəkar belə nəticəyə gəlir ki, istər ərəb, hind, istər azərbaycan, özbək, istərsə də türk, yaxud iran xalqının musiqi folkloru əsasında müasir tələblərə cavab verən əsərlər yaratmaq üçün iki mühüm amil vacibdir: öz milli folklorunu dərindən bilmək və sevmək, müasir musiqi səviyyəsində dayanmaq. Bu iki cəhətin vəhdəti musiqinin ümumbəşəri keyfiyyət kəsb etməsi üçün yeganə yoldur.
       F. Əmirovun fikrincə, bir çox Azərbaycan bəstəkarlarının yaradıcılığında musiqi folkloruna ciddi münasibət aşkar duyulur. Həmçinin, digər xalqların musiqi xəzinəsinə də maraq artmışdır. Bəstəkar bunu incəsənətin inkişafının düzgün yolu hesab edərək yazırdı ki, heç bir layiqli sənət əsəri bu yoldan kənarda yaranmamışdır.
       O deyirdi ki, folklor materialından yaradıcılıqla istifadə etmək lazımdır, onun üzünü köçürmək deyil, zərgər kimi üzərində işləyib aşılamaq lazımdır. Bəstəkar təqlidçiliyin əleyhinə idi. O, öz əsərlərində xalq musiqi nümunələrindən, muğamlardan istifadə edirdi. Lakin o, heç vaxt xalq musiqisini təqlid etməmiş, sanki onları yenidən yaratmış, yeni həyat, yeni ruh vermişdir. Bu, əsil novatorluq idi.
       Xalq təfəkkür tərzində düşünən F. Əmirov gənc bəstəkarlara da bunu tövsiyyə edirdi. Yeri gəlmişkən, onu da qeyd edək ki, gənc, istedadlı musiqiçilərin tərbiyəsini çox mühüm vəzifə sayan F. Əmirov məqalələrində öz müdrik məsləhətlərini gənc bəstəkarlar nəslinə çatdırırdı. O, tövsiyyə edirdi ki, gənclər musiqi texnikasına yüksək səviyyədə yiyələnməklə bərabər, həm zəngin Azərbaycan xalq musiqisini, həm də rus və Avropa klassiklərinin yaradıcılığını öyrənməlidirlər. Eyni zamanda, müasir yazı texnikasını mənimsəməklə bahəm, bəstəkarlar milli xüsusiyyətləri də yaddan çıxarmamalıdırlar. F. Əmirov belə hesab edirdi ki, modernizmin ziyanı sənətin milli xüsusiyyətlərini məhv etməsindədir.
       Muğamın, muğam ifaçılığının bu günkü vəziyyəti də F. Əmirovun diqqətinlən yayınmırdı. O qeyd edirdi ki, Azərbaycan muğam ifaçılıq sənəti daha da təkmilləşmiş, dövrün texnikasına, tələbinə uyğunlaşmağa daha artıq meyl göstərmişdir. O, yazırdı: «XIX əsrin ikinci yarısı xalq musiqi ifaçıları – xanəndələri ilə XX əsr. Azərbaycan xalq musiqi ifaçılarının sənətkarlığını müqayisə etmiş olsaq, böyük bir inkişaf fərqinə rast gəlmiş olarıq. Azərbaycan tarzənlərinin ustad sələfi tarzən Sadıqcanın ifası ilə XX əsrin birinci yarısının ustadı tarzən Qurban Primov və müasirlərimiz Bəhram Mənsurovun, yaxud Hacı Məmmədovun, Əhsən Dadaşovun ifaları arasında nə qədər texniki, professional ifa müxtəlifliyi, rəngarəngliyi vardır. Bu müxtəliflik eyni zamanda dövrün tələbi ilə bağlı olan bir məsələdir… Adətən xalq musiqisini xalq musiqiçiləri ifa etmişlər. Ancaq xalq musiqisinin professional orkestrlərin, ansamblların ifasında səslənməsi isə xüsusi əsaslar tələb edir».
       Lakin bəstəkarı narahat edən məsələlərdən biri xalq musiqisinə yad intonasiyaların qarışması idi. O deyirdi: «Bizim musiqimiz deqradasiyaya uğrayır. Yad səslər, qeyri-müəyyən motivlər Azərbaycan xalq musiqisinin üzərinə kölgə salır, əgər belə gedərsə, bu işin axırı olmayacaq». Başqa bir yerdə F. Əmirov qeyd edirdi ki, «Indi muğam ifaçılıbında mühüm məsələlərdən biri də Azərbaycan muğamlarını yad təsirdən qorumaq işidir. Bəzən elə olur ki, məsələn, «Şur» dəstgahı elan edilir. Qulaq asanda görürsən, bir təsnif, yaxud bir rəng iran və ya türk musiqisidir. Əlbəttə, iran, türk, yaxud ərəb təsnif və rənglərini ifa etmək olar, lakin onu Azərbaycan muğamatına qatmamaq şərtilə. Bu məsələ bir də ona görə ciddidir ki, əgər muğamlarımız indi təmiz oxunmazsa, orada yad musiqi ünsüləri yer taparsa, gələcək nəsil də onu beləcə qəbul edəcək».
       Qeyd edək ki, böyük bəstəkarımızın narahatlığı əbəs deyildi və bu gün musiqimizə yad olan intonasiyaları eşitikcə, bu fikrin nə qədər doğru olduğuna inanırıq.
       Beləliklə, bəstəkarın yaradıcılıq yolunun ilk mərhələlərindən başlayaraq, son dövrünə kimi, ardıcıl olaraq, ailəsi, təhsil illəri, onu əhatə edən, ona təsir göstərən insanlar haqqında fikirlərinin, muğam və xalq musiqisi haqqında mülahizələrinin, Azərbaycan musiqi mədəniyyətinin inkişaf yolları haqqında düşüncələrinin izlənməsi F. Əmirovun dünyagörüşünün, yaradıcılıq prinsiplərinin, musiqi üslubunun formalaşma prosesini, onun musiqi dilində xalq və professional sənətin qovuşma nöqtələrini, sintezini araşdırmağa və F. Əmirovun sənətkarlığını, onun böyüklüyünü, kamilliyini dərk etməyə imkan verir.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page