ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
INTERNET SƏHIFƏLƏRINDƏ...
.
Search

ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
INTERNET SƏHIFƏLƏRINDƏ...
.
YARADICILIQ...
.
MUZEYLƏRDƏ...

IFAÇILIQ...

 


       Deyilən epitetlərə görə bəşəriyyətin tarixində XX əsrin tayıbərabəri yoxdur. Həqiqətən, onu daha necə adlandırmamışlar: həm elektrik əsri, həm aviasiya əsri, həm kosmos, nüvə, kompüter əsri və s. və i.a. Və bütün bunlar doğru olacaqdır, çünki yuxarıda sadalanan hər texniki sahə bəşəriyyətin fəaliyyətində inqilabi əhəmiyyətə malik idi. Yəqin ki, həmin cərgəyə tam əsasla səsyazmanı da aid etmək olar. Baxmayaraq ki, Tomas Edison hələ XIX əsrin sonuncu rübündə bu texniki sahənin əsasını qoymuşdu, onun əsl çiçəklənməsi, əlbəttə, XX əsrə təsadüf edir. Yalnız təəssüflənmək olar ki, insanın texniki dühası onun bədii dühasına nisbətən bir qədər gecikmişdir. Buna görə də biz Baxın improvizasiyalarını, Motsart və Şopenin məftunedici ifasını, List və Paqanininin virtuoz çalğısını dinləmək imkanından məhrumuq.

       Bu cəhətdən Azərbaycan milli musiqisinin «bəxti gətirdi», çünki onun sür’ətli inkişafı səsyazmanın kütləvi yayılması ilə eyni vaxta düşür.

       Söhbət açdığımız mövzu ilə bağlı tarixi hadisələrə nəzər yetirmək istərdim.
       1899-cu ildə Emil Berliner Peterburqda səsyazma studiyası açır. 1901-ci ildə «Emil Berliners Qrammofon» şirkəti əsasında «Qrammofon» adlı ingilis səhmdar cəmiyyəti yaranır. Gələn il «Qrammofon»un bölmələri Moskvada, Kiyevdə, Varşavada, Riqa və Tiflisdə açılır. Həmin il Riqada qramvallar buraxan fabrik tikilir. Qısa müddətdən sonra isə, 1906-cı ildə bizim görkəmli xanəndəmiz cabbar Qaryağdı Azərbaycan və bütün Şərq incəsənətinin tarixində ilk səsyazma üçün Riqaya yollanır. Sələflərimizin o dövrdəki kommunikasiyaların indiki inkişafda olmadığına baxmayaraq, texniki yeniliklərə bu cür tezliklə cavab verməyi heyrətə gətirir. Bu isə onu sübut edir ki, Bakı və Azərbaycan nəhəng Rus imperiyasının ucqarı olsa da, mədəni-texniki cəhətdən heç də ucqar deyildi.

       Həmin 1906-cı ildə, cabbar Qaryağdıdan sonra, Şəkili Ələsgərin və Seyid Mirbabayevin səsləri vala yazılmışdır.

       1907-ci ildə Rusiyada «Pate qardaşları» fransız şirkəti fəaliyyətə başlayır. O, cabbar Qaryağdını və bir neçə digər ifaçıları vala yazmışdır.

       Sonralar, 1913-cü ildə həmin «Qrammofon» və «Pate qardaşları» şirkətlərinin bölmələri Bakıda açılmışdır.

1910-cu ildə «Qrammofon» tərəfindən Həmid Malıbəyli, Məcid Behbudov, Seyid Mirbabayev və başqaları vala yazılmışlar.

       Lakin, həmin illərdə Azərbaycan xalq və professional musiqisinin yazılması və yayılmasında birincilik polyak şirkəti «Sport-rekord»a məxsus idi. Hələ 1908-ci ildə o, cabbar Qaryağdını Qurban Pirimov və Saşa Oqanezaşvili ilə birgə vala yazmışdı. Bu şirkət həmin ifaçıları, habelə Keçəçioğlu Məhəmmədi, M.M.Fərzəlioğlu və başqalarını 1912-ci ildə də yazıya almışdı. O vaxt 97 muğam, mahnı, təsnif, xor və rəqs melodiyaları vala yazılaraq, minlərlə tiraj ilə bütün dünyada yayılmışdı.

       1913-cü ildə «Sport-rekord» Zülfüqar Hacıbəyovun «Evli ikən subay» və «Əlli yaşında cavan» komediyalarının vallarını buraxmışdır.

       Həmin 1913-cü ildə «Monarx-rekord» şirkəti buraxılışında xanəndə Mirzə Güllər xanımın səsi valda öz əksini tapdı. Inqilabdan əvvəl bu ifaçı, səsi vala yazılmış yeganə azərbaycanlı qadın idi.

       Yenə də 1913-cü ildə ingilis şirkəti «Ekstrafon»un Kiyev bölməsi tərəfindən Seyid Şuşinski, Şəkili Ələsgər, Keçəçioğlu Məhəmməd, Məmmədqulu Şuşinski, Malıbəyli cümşüd, Islam Abdullayev, məşhur balabançı Həsən Əliyev və bir çox digərləri vala yazılmışdılar. 1916-cı ildə isə həmin «Ekstrafon»un təşəbbüsü ilə Üzeyir Hacıbəyovun «Leyli və Məcnun» ilk azərbaycan operası premyerasından cəmi 8 il sonra vala yazılmışdı.

       XX əsrin əvvəllərində ifaçılarımızın və səsyazma şirkətlərinin fəallığı hətta indiki ölçü baxımından böyük hörmətə layiqdir.

       Sonralar, çevrilişin və vətəndaş müharibəsinin iğtişaşlı dövründə valların istehsalı dayandırılır. Yalnız vəziyyət sabitləşəndən sonra səsyazma fəaliyyəti bərpa olunur. Bu işdə musiqi dükanının keçmiş sahibi A.Q.Kaytsakovun xidmətləri var idi. 1921-ci ildə o, cabbar Qaryağdıoğlunu, Məşədi Fərzəlioğlu, Keçəçioğlu Məhəmmədi, Davud Səfiyarovu, Qurban Pirimovu və Aleksandr Oqanezaşvilini vala yazmışdır.

       30-cu illərdə Ü.Hacıbəyovun və Bülbülün təşəbbüsü ilə Azərbaycanın, habelə Gürcüstan və Ermənistanın rayonlarına çoxsaylı folklor ekspedisiyaları təşkil olunur. Bunun nəticəsində olduqca böyük sayda xalq mahnıları fonovaliklərə yazılmışdı. Gənc Qara Qarayevin o vaxta kimi namə’lum bədii kollektiv olan zurnaçılar ansamblının üzə çıxarılması və fonovalikə yazılması da diqqətə layiqdir.

       Həmin dövrdə Noqinsk zavodu böyük sayda Azərbaycan xalq və professional musiqisinin yazıları ilə vallar hazırlayıb buraxmışdır.

       Burada bizim tarixi ekskursumuz sona yetəcəkdir. Çünki yaxarıda ifadə olunanlar «Azərbaycan diskoqrafiyası. I hissə. 1900–1940-cı illər» adlı yeni veb-saytın təqdimatı üçün tarixi mə’lumat olaraq, saytın adında göstərildiyi dövrlə çərçivələnir. Bütövlüklə isə «Azərbaycan diskoqrafiyası» üç hissədən ibarət olacaq və 1900-cu ildən ta 2000-ci ilə qədərki dövrü əhatə edəcəkdir.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page