ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
INTERNET SƏHIFƏLƏRINDƏ...
.
YARADICILIQ...
.
MUZEYLƏRDƏ...
IFAÇILIQ...
|
|
Oxucuları jurnalın yaradıcı kollektivi tərəfindən hazırlanan hər yeni saytla tanış etmək ən’ənəvi bir hala çevrilmişdir. Bizim musiqi mədəniyyətimizi kiberməkanda təqdim edən saytlar sırasında «Diskoqrafiya…» artıq beşincidir. Halhazırda Bakı Musiqi Akademiyasının 80-illiyinə həsr olunmuş «Tarix. Ən’ənələr. Müasirlik» adlı yeni multimediya saytı üzərində işlər gedir. Onun prezentasiyası barədə oxucular jurnalın səhifələrində mütləq mə’lumat alacaqlar.
Indi isə qayıdaq «Diskoqrafiyaya…». Əgər əvvəlki saytımız «Qara Qarayev» memorial janrında yaradılmışdısa, hazırki sayt online–kataloq janrına aiddir. Bu elektron kataloqda Azərbaycan incəsənəti ilə bağlı vallar barədə bütün mə’lumatlar toplanmışdır, məsələn: valı buraxan şirkət, yazının tarixi, yeri, ifaçının adı, tiraj, saxlanılan yeri, arxiv nömrəsi və s. Bu mə’lumatlar tək filofonistlər (yə’ni vallar kolleksiyaçıları) üçün deyil, bütün musiqi həvəskarları üçün maraqlı olacaqdır. Həmin mə’lumatlarda əvvəlcə qara disklərdə, indi isə həmçinin «ümumdünya şəbəkəsinin yaddaşında» həkk olunmuş milli musiqi incəsənətimizin tarixi əks etdirilir. Saytın azərbaycan dili ilə yanaşı həmçinin dünyada ən geniş yayılmış ingilis dilində də hazırlandığını nəzərə alsaq, onun çox geniş təbliğat effekti aydın olur.
Multimediya saytı kimi, «Diskoqrafiyanın…» funksiyaları sırf mətn materialının verilməsi ilə məhdudlaşmır. Burada həmçinin ifaçıların fotoşəkilləri verilmiş və, ən əsas, onların məftunedici səsləri yazılmışdır. Çağdaşlarımız cabbar Qaryağdının, Keçəçioğlu Məhəmmədin, Məşədi Fərzəlioğlunun, Islam Abdullayevin, Şəkili Ələsgərin, Məcid Behbudovun və digərlərinin əsrlik zaman məkanından bizə gəlib çatan səslərini eşidəcəklər. Illər uzaqlığına və XX əsrin əvvəlindəki texniki avadanlığın mükəmməl olmadığına baxmayaraq, bu yazılarda ustadlarımızın səs məlahəti və ifaçılıq məharəti tamamilə əks etdirilir. Bu isə sənətə yiyələnən xanəndələrimiz üçün çox gözəl ibrət nümunələridir. Bununla belə, «Diskoqrafiya…» həm musiqişünaslar, həm də Azərbaycan musiqi tarixi ilə bütün maraqlananlar üçün çox faydalı olacaqdır.
Yuxarıda deyilənlərdən aydın olur ki, saytın yaranması ilə bir neçə məqsəd əldə edilir: qramvalların kataloqa salmaqla sistemləşdirilməsi, onların qorunub saxlanılması, Azərbaycan musiqi mədəniyyətinin təbliği, habelə gənc nəslin bu cür zəngin faktiki material əsasında tə’limtərbiyəsi.
Əsas kataloqdan savayı, saytda Azərbaycan Dövlət səsyazma arxivinə, Bülbülün Xatirə muzeyinə, Azərbaycan musiqi mədəniyyəti muzeyinə və Londondakı Kral kitabxanasının Milli Arxivinə hiperyönəltmələr (qiperssılka) də verilmişdir.
«Diskoqrafiya…» ABŞ-nin Dövlət departamentinin mədəniyyət və təhsil üzrə Bürosunun, IATP internet-proqramın, «Açıq cəmiyyət–Azərbaycan–Yardım fondu» Institutunun, IREX-in və provayder ADANET-in köməyi ilə yaradılmışdır.
Saytın təqdimat mərasimi sentyabrın 17-də – Musiqi günü və böyük Ü.Hacıbəyovun anadan olan günü ərəfəsində ənənəvi olaraq «Kapelhaus»da keçirilmişdir. Həmin dövr «Musiqi dünyası» curnalının ikiillik yubileyilə də üst-üstə düşür.
Tədbiri Azərbaycan bəstəkarlar ittifaqının katibi, Bakı Musiqi Akademiyasının professoru Ramiz Zöhrəbov açmışdır. O, Azərbaycanda muğam ifaçılıq məktəbi barədə söz deyərək, milli incəsənətimizin əbədiləşdirilməsi və təbliğində saytın böyük əhəmiyyətini vurğulamışdır.
«Musiqi dünyası» jurnalının ikiillik fəaliyyəti barədə onun baş redaktoru, sənətşünaslıq doktoru Tariyel Məmmədov hesabat vermişdir. Sonra isə o, «Diskoqrafiya…» haqqda ətraflı danışaraq, saytın böyük ekranda nümayişini şərh etmişdir.
Nümayişdən sonra tədbirdə iştirak edən arxiv işçilərinin saytı yaradanlara bə’zi sualları olub. Belə ki, Dövlət səsyazma arxivinin direktoru Yaqub Mədətov görülən böyük işə görə minnətdarlığını bildirərək, eyni zamanda yaradıcı kollektivə bə’zi qeyri-dəqiqlikləri irad tutmuşdu. Məsələn, onun fikrincə, bə’zi müəssisələrin nadir yazıların bərpası və qorunub saxlanılmasına aidiyyəti dəqiq göstərilməyib. Bu mövzunu, amma daha ümumiləşmiş şəkildə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş arxiv idarəsinin rəisi Ataxan Paşayev davam etdi. O təəssüfləndi ki, başqalarının xidmətlərini öz adına yazdırmağa hazır olanlar çoxdur və həmin adamlar arxivçiləri hələ tənqid etməyə də cür’ət edirlər.
Qeyd etməliyik ki, arxivçilərin xeyirxah və səmərəli tənqidi bə’zi tarixi faktların dəqiqləşdirilməsi, saytın yeni səhifələrinin əlavə edilməsi və bununla da mə’lumat məkanının genişləndirilməsi üçün əlverişli zəmin yaratmışdır.
Çıxış edən arxivariusların ədalətli məzəmmətlərinə şərik olaraq, saytın bir məqsədini də vurğulamalıyıq – böyük sələflərimizin nadir yazılarının qorunub saxlanılması və bərpası işinə aidiyyəti olanlara haqq vermək və müəllif hüquqlarını müdafiə etməkdir.
Sonda isə Internet xidmətlərindən istifadə edənlər üçün «Azərbaycan diskoqrafiyası. I hissə. 1900–1940-cı illər» saytının elektron ünvanını veririk:
http://diskografiya.aznet.org;
http://www.diskografiya.in-baku.com
Azərbaycan musiqi mədəniyyətinin parlaq səhifələrindən biri ilə bilavasi-tə tanış olmaq üçün hamını Internetə də’vət edirik.
Pərviz QULIYEV
|