ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
IFAÇILIQ...
Search

ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
INTERNET SƏHIFƏLƏRINDƏ...
.
YARADICILIQ...
.
MUZEYLƏRDƏ...

IFAÇILIQ...

 


       . . .
       Söhbətimi master–klass və seminarlardan başlamağım heç də festivalın musiqi hissəsinə aprelin 9-12-dək Caz-klubda keçən cem-seyşnlər və 13-14-ü Respublika Sarayında keçirilmiş böyük konsert çıxışlarına biganəliyi yaxud onların rolunu zəiflətməyi bildirmir. Konsertlər həmişə caz-festivalların mərkəzi, həlledici tədbirləri olaraq qalır, çünki məhz burada təqdim olunan produksiyanın hərtərəfli - tənqidi, üslub və kompozisiya, analitik və informasiya yonümlü təhlili nəticəsində musiqinin inkişafı az-çox stimullaşdırılır. Vurğulayım ki, caz-festivalların təhlil prosesi ikiqat mürəkkəbləşir, ilk növbədə rəngarəng caz polistilistikası və bundan irəli gələn leksikon çoxşaxəliliyi, sırf ifacılıq məsələləri eyni dərəcədə diqqət tələb edir.

       Üslubi rakursu ön plana çəkərkən, burada festivalları daim müşayiət edən “”stil palitrası’’ müxtəlifliyi yox, daha çox müəyyən bir üslüba yanaşma tərzlərini, onun müxtəlif cür qavranılması nümunələrini müşahidə etdim.

       Bu baxımdan festivalın dominant üslubu kimi standart mövzu, forma kompozisiya, əsasında qurulan janrların (konsertdə konkret olaraq blyuz, ballada və bossa-novanın) müəyyən aparıcı üslüblar sintezində tətbiqini bildirən ənənəvi və eyni zamanda müasir meynstrim cərəyanını qeyd edərdim. Və bu təsadüfi deyildi, çünki buraya dəvət olunmuş cəmi üç ölkə Niderland, ABŞ, Isveçdən olan 15 və 20-dən çox bakılı musiqi öz sənətini nümayiş etdirirdi, heyətlər isə bütün musiqiçilərin 4-5 gün ərzində müxtəlif kombinasiyalarda birləşməsindən “”yaradılırdı’’. Odur ki, ənənəvi cazın modifikasiyası üzrə iki tərəfin “”rəqabəti’’ gedirdi.

       Əgər xronoloji ardıcıllıqda getsək, söhbətimizi ilk konsert gününü açmış Sax’n Hop triosundan başlamalıyıq. Dinləyicilərin rəğbətini asanlıqla dərhal qazanmış bu heyətin üzvləri bir neçə ənənəvi fərdi üslublara, maneralara gözəl bələd olsalar da onların xalq musiqisindən daha çox bəhrələndikləri duyulurdu və bu prinsip onların bəstələrindəki orijinallığı, harmotik-ritmik çalarların təravətliliyini, polifonik ifadəni təyin edirdi. Auditoriyadakı gərginliyi saxlamaq üçün trionun müraciət etdiyi priyomlar: harmonik və ritmik atım-tutumlar, dinləyiciləri qane etmək məqsədilə dönə-dönə təkrarlanan intonasiyalar, üsullar bəzən monotonluğa aparıb çıxarırdı. Fərdi səsi və ifa tərzinə görə onların tenor-saksofonçusu Mattias Ştrik ilk gündən diqqətimi cəlb etdi.

       Bu dəfə Mayk Del Ferronun triosu ilə birgə çıxış edən Koko Yorkun təqdim etdiyi iki proqram onun Bakıda (1998 və 2001-ci illərin yayında) konsertlərdən daha parlağı, yaddaqalanı oldu.

       “”C-dən Z-dək Cazz’’ proqramında Koko zər-zibalı səhnə geyimində bir-sıra caz standartlarının bir qədər şoulaşdırılmış ifasını təqdim etdi. Hər bir nömrənin adını müğənni dinləyicilərlə apardığı söhbətlərdə elan edərək ifa zamanı da söhbət-şou xəttini qırmırdı. K.Yorkun ustalığını, vokal və səhnə artistizmini daha çox “”Corcovado’’, “”Love For Sale’’, və “”Bye Bye Blackbird’’ mövzuları açdı. (Nədənsə budəfəki çıxışı K.Yorku hal-hazırda aparıcı caz müğənnilərindən biri Didi Bricuoterlə müqayisə və assosiasiya etməyə meylləşdirirdi). Onun ikinci çıxışı - “”Böyük Blyuz Konserti’’ – müğəninin həmin səmimi, məzəli, yumordan məhrum olmayan şou ruhunda davam etsə də, həmişə təqdim etdiyi folk oxumaları manerasına daha yaxın idi. Və məhz bu çıxışdan etibarən York tərəfindən fəal tətbiq olunan “”caz bir mədəniyyət’’ və “”caz bir folklor növü kimi’’ iki yanaşma tərzini özüm üçün kəşf etdim.

       ABŞ Hava Qüvvələrinin Biq-Bendi çox impulsiv, enerjili çalğısı ilə və diksilendlərlə ifa olunan suinq aləmini canlandırmaqla dərhal dinləyicilərin rəğbətini qazandı.

       Özünəməxsus və anlaşıqlı bir pianoçu kimi Mayk Del Ferro özünü tanıtdı: onun subyektiv yanaşma tərzi klassik musiqidən bəhrələnməsində, xüsusilə opera ariyaları, mövzularına kompozisiyalarında özünü göstərdi. Del Ferronun gözəl balanslaşdırılmış səs ifası səlis, çox hamar və sakit təsir bağışlayan qamma-passaj çalğısı onun “”Bel Canto’’ adlı proqramda Kavaradossinin ariyası, bir çox opera mövzuları, T.Quliyevin “”Sənə də qalmaz’’ mahnısı əsasında qurduğu kompozisiyaların heyranedici lirikasına, böyük zövqlə tərtib olunmuş harmonik – modulyasiya relyefinə qoşulub gözəl romantik-akademik caz üslubunu nümayiş etdirdi.

       Del Ferro həm də həssas bir müşayiətçi kimi də nəzərdən yayınmırdı: əvvəl K.Yorkun proqramında O.Pitersonun manerasına yaxın blyuz və suinq aləminə rəvanlıqla keçərək, festivalın təntənəli romantik apofeozu-dünya caz ulduzu Tuts Telemansın partnyorlarından biri oldu. Həmin çıxış günü dahi Telemansın ifasına “”The Days of Wine and Roses’’, “”One Note Samba’’, Ivan Linsə məxsus “”Try again’’, “”Con Lennonun “”Imagine’’, Jako Pastoriusun “”Three Views of secret’’, Lui Armstronqun ‘’What A Wonderful World’’ mövzuları səslənərək ənənəvi cazın sadə, özünəməxsus romantik, ürəklərə tez yol tapan qollarından daha birini dinləyicilərə tanıtdı.

       Həmvətənimiz Əminə Fiqarova öz həyat yoldaşı Bart Plattonun kollektivi ilə böyük məhəbbətlə qarşılandı. Onların nailiyyətlərini, üslub dəst–xəttini daha dolğun əks etdirən ikinci ‘’New Orleans Edition’’ proqramı, daha dəqiq - birgə buraxdıqları albomdan ‘’Firewind’’, ‘’Song For Gaby’’, ‘’Canal Street Blues’’, ‘’Past In Present’’ kompozisiyaları oldu. Ümumiyyətlə adını çəkdiyimiz albomu məharətlə işlənmiş kompozisiya; orkestrovka, tembr və harmoniya–modulyasiya sahəsində nəfis tapıntılar səciyyələndirir. Fiqarovanın birinci proqramına gəldikdə isə pop-vokal Kim Prevost və gitaraçı Bill Soli ilə birgə çıxışı daha çox Prevostun konserti təsirini bağışladı.

       Ənənəvi klassik cazı bizim iki heyət də - pianoçu Eldar Rzaquluzadənin rəhbəri olduğu Azərbaycan Televiziya və Radiosunun caz qrupu (kontrabasist Rauf Sultanov, gitaraçı Rafiq Velimetov; zərbçi Gennadi Qasiyev ilə birlikdə) və Rauf Babayevin məşhur “”Bəri bax “” uşaq vokal kollektivinin birgə çıxışı da böyük artistizmlə ifa etdi.

       Beləliklə, «Caz və Blyuzun» son iki gündə bizə təqdim etdiyi üslub modifikasiyası, müxtəlif səhnə interpretasiya variantları, yeni yanaşma növləri barədə təsəvvürləri genişləndirmiş qaleriyasının sonucu yaxınlaşırdı. Əlbəttə ki, Bakı dinləyicilərinin (onların nisbətən passiv olan həvəskar hissəsini nəzərdə tuturam) ənənəvi və ya klassik kimi səciyyələndirilən üslub zövqünün tərbiyə prosesinə şərh etdiyim çıxışların təsiri az olmadı.

       Lakin bu iki gün ərəfəsində hal-hazırda artıq saysız – hesabsız üslub və maneralar, metodlar, cərəyanlar, müxtəlif ifaçılıq prinsipləri, kənardan siraət edən yad təsirlər və qarşıdan gələn yeni perspektivli ideyalar «selində boğulan» caz mədəniyyətinin qurtulmasına göstərilən kömək alternativi ideyası məni bərk narahat edirdi. Həmin ideyanın ayrı–ayrı cizgiləri görünməyə, bir–birinə bitişib kontur yaratmağa başladı: sırf fərdi, milli şüur, yaradıcı münasibəti saxlamaq şərtilə zehn və qəlbin vəhdətindən yaranan musiqi…

       Bunu sezib duymağıma iki Bakılı musiqiçinin – S.Qəmbərov və V.Sadıqovun çıxışları təkan verdi.

       Salman Qəmbərovun artıq altı il rəhbərlik etdiyi «Bakustik-caz» hər dəfə yeni heyət biçimi ilə heyran edir, yeni obraz və modellərlə dinləyicini darıxmağa qoymur. Ancaq proqram, obraz yeniliyinə baxmayaraq, qrupun əsas invariantı – üslub birliyi və ideyanı dəqiq açıqlayan cilalanmış, tam kompozisiya olaraq qalır.

       Qəmbərovun olduqca artistik təbiəti – valeh edir. «Bakustikin» artıq bir neçə festivalda ifa olunan «East or West?» proyektinə aid «Qara kürəkli qağayı» bu dəfə vokalsız, fortepiano ilə nağaranın (Eldar Qafarov) duetində səsləndi: heyət dəyişikliyinə uğrasa da kompozisiya teatr xarakteri, orijiniallığını itirmədi. «Gözəlim sənsən» xalq mahnısı solo qoboyun (Əlibaba Ağayev) və arabir solo royalın ixtiyarına verilib nəfis harmonik boyalarla xüsusi ekspressivlik qazandı. Qəmbərovun müşayiəti və Rain Sultanovun solo, zərbçi Ramin Sultanov, basist Pərviz Məmmədovun ifasında səslənən mərhum caz ustamız Rafiq Babayevin «Qoca dəyirmançı» kompozisiyası da bu xətti davam edirdi. Həmçinin «Bakustik-cazın» Sax’n Hop triosu ilə birgə ifa etdiyi ilk bəstənin özünəməxsus qüssəli lirikasını qeyd etmək istərdim.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page