Almaniyadan gələn Sax ‘n Hop triosunu da çox bəyəndim: onların ifa etdiyi musiqi mənə çox yaxın idi. Sonradan cem-seyşnlərdə bu üç saksofonçunun necə mədəni, ədəbli olduğunu, öz yerini, öz əhəmiyyətini, cem-seyşn prosesinin bütün incəliklərini duyan bilici, səriştəli musiqiçi olduqları bilindi. Onların, xüsusilə Verner Inqlertin keçirdiyi master-klasslar da, fikrimcə, ən faydalı, maraqlısı oldu.
Cemlərdə mən Kris Strik kimi məharətli zərbçini da tanıdım. Maraqlısı budur ki, caz-klubda o, özünü daha çox şoumen kimi göstərdi və bu da, aydındır, qızışmış publikanın təsirləri idi.
Respublika Sarayında isə Kris əsl cazmen, həssas bir musiqiçi kimi özünü tanıtdı. Heyf ki, onun çox ciddiliklə hazırlaşdığı solo hissəsini publikamız tamamlamağa qoymadı: solonun yarısından əl çalmağa başlayan çanyandıranlarımıza görə Kris solonu başqa səmtə yönəltməyə məcbur oldu. Yeri gəlmişkən xatırladım ki, solo zamanı aplodismentlərə başlamaq düzgün deyil, belə ki, solo – musiqiçinin əvvəldən sonadək inkişaf edən fikridir. O, öz fikrini tədricən açdıqca sən də əl çala bilərsən. Heç bir alət üçün, heç bir yerdə solo zamanı əl çalmazlar, yalnız növbəti alət ifaya başlayanda bu mümkündür.
Publikamız, ümumiyyətlə, çox qeyri-professirnaldır. Indiyədək bütöv bir nəsil yetişib və bilmir – harda, nə vaxt, nəyə öz reaksiyasını versin. Tuts Telemansın çıxışı günü onu buraxmayıb, bisə qaldırmaq əvəzinə başqa vaxtı çığırıb-bağıran publika nədənsə susub qalmışdı.
O ki, qaldı arzulara,sənin vətəninə geridə qalmış ölkə kimi münasibət bəsləyəndə nəsə arzulamaq çətindir – sənin özünə də münasibət elə olacaq. Belə fikirləşirəm ki, bu, bizim özümüzdən asılıdır və güman edirəm ki, artıq keçmişdə qalan «Caz və Blyuz» festivalındakı bütün musiqiçilərimizin çıxışlarından sonra haqqımızda yaranan və artıq əcnəbi musiqiçilərlə bölüşdürülən təsəvvürlərdən sonra müəyyən dəyişikliklər baş verməlidir. Sadəcə bizlər də – hərə öz səviyyəsində tər tökməlidir, öz ölkəsinin imicinə hörmət qazandırmaq naminə işləməlidir.
Pianoçu və bəstəkar Vaqif Sadıqov:
- Ilk beynəlxalq səviyyəli festival rakursundan baxsaq – buraya olduqca nüfuzlu musiqiçilər çağrılmışdılar. Cazın korifeylərindən biri – Tuts Telemans özü daxili aləmi, tükənməz xoşxasiyyətliyi ilə, ilk baxışdan sadə, məzəli aləti ilə qəlbləri fəth etməklə bir nümunədir. Mayk Del Ferro və Dmitri Meteni formalaşmış caz musiqiçiləridir. Del Ferro ifaçılıq nyuanslar, gözəl səs oyununa, fortepiano çalarlarına mükəmməl bələd olub onları məharətlə tutuşdurmağı bacarır.
Bizim gənc musiqiçilərimizin də hamısı bacarıqlıdır. Ruslan Ağababayev çox ahəngli və ritmik çalır. Şahin Növrəsli isə çoxdandan diqqətimi cəlb edir: onun ritmik duyumunu, ifaçılıq xüsusiyyətləri, barmaqlarını çox bəyənirəm. Emil Məmmədovun çalğısında melodiklik duyulur; bu, çox gənc, romantik və cazla mahnı–estrada harmonik priyomlarından məhrum olmayan musiqidir ki, bunlar üslubi xüsusiyyətlərdir.
Festivalların keçirilişi zəruridir: əvvəla, dünyanın müxtəlif nöqtələrindən gələn musiqiçi axını bizim həyatımızda, mədəniyyətimizdə, yerli və beynəlxalq ictimai fikirində rezonans doğurur. Ikincisi, musiqi ilə ən sıx təmas vasitəsi CD yaxud video materiallar yox, məhz festivallardır – öz təcrübəmə əsaslanıb bunu deyirəm. Bir şərtlə ki, bu musiqiyə professional münasibət bəsləyib onun müxtəlif tərəflərini yaxşı qavrayasan və öz mənfi cəhətlərini də obyektiv görə biləsən.
Musiqiçilərimizə isə arzum budur ki, öz üzərlərində daha çox, ciddi işləsinlər və bir–birinə hörmət, gözəl insani münasibət, yumor hissi bəsləsinlər. Məncə festival və konsertlər bu baxımdan da kömək edə bilər, yoxsa onlarsız musiqiçi konservləşir, məhdud aləmə qapılır.
Sağ olsun amerikalılar və avropalılar ki, həmin festivalı həyata keçirdilər və yaxşı olardı ki, bu yardımı bizdən hələ əsirgəməsinlər, çünki öz iqtisadi şəraitimizlə biz hələ ki, buna qadir deyilik.
* * *
Mən də həmsöhbətimin son sözünə qatılıb «I Beynəlxalq Caz və Blyuz» festivalını həyata keçirmiş Mədəniyyət Nazirliyinə, ABŞ səfirliyinə, «Amerika səsləri» təşkilatı, Lüfthanza, Yunokl, ACCELS, Qaradağ sement idarəsi, Radisson şirkətinə, Avropa mehmanxanasına öz dərin minnətdarlığımı bildirirəm: əslinə baxdıqda, caz həyatımızın uzun–uzadı durğunluq dövründən tədricən qurtulma prosesində növbəti həlledici addımı onlar atıb. Amma heyf, addımın davamına bəslənilən ümidlər boşa çıxsa!…
Turan Məmmədəliyeva
Fotolar R.Nağıyev və S.Pirizadənindir.