ÓÑÒÀÄËÀÐÛÌÛÇÛÍ ÕÀÒÈÐßÑÈÍß
FIKRƏT ƏMIROV – AZƏRBAYCAN MUSIQISININ KORIFEYI
Cəmilə HƏSƏNOVA-ISMAYILOVA
AZƏRBAYCANIN ILK QADIN BƏSTƏKARI
Fəttah XALIQZADƏ
BÖYÜK BƏSTƏKAR, ƏSL VƏTƏNDAŞ
Lalə HÜSEYNOVA
RAUF HACIYEV – 80 ONUN MUSIQISI HƏMIŞƏYAŞARDIR
Ramiz ZÖHRABOV
BƏZƏN BIR ÜMID, BƏZƏN GÖZ YAŞI… (Emin Sabitoğlu yarıdıcılığı və şəxsiyyəti haqqında lirik d&uum
Zümrüd DADAŞZADƏ
|
|
Cövdət Hacıyevin yetkinlik yolunda növbəti uğuru 1947-ci ildə diplom işi kimi yazılmış 3 saylı «Gənclik» simfoniyası oldu. Gənclik tərafəti ilə aşıb-daşan bu əsəri musiqi ictimaiyyəti yüksək qiymətləndirdi. Bəstəkarın şəxsi arxivində D.Şostakoviçin ona yazdığı belə bir məktub var: «Əziz Cövdət, məktubunuzu almamışdan azca əvvəl Niyazinin idarəsi ilə Sizin simfoniyanızın 1-ci hissəsini dinləmişdim, gözəl səslənir. Mənə son dərəcə həyati təsir bağışladı». Lakin onu da xatırlatmaq lazımdır ki, bu gözəl əsəri tənqid edib, formalizmdə günahlandıranlar da tapıldı. 1948-ci ildə Sovet Ittifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin «çox məşhur» bir qərarında D.Şostakoviç və S.Prokofyev kimi sənətkarlar «başda» olmaqla bir çoxlarını formalizmdə suçladılar. C.Hacıyev də belə bəstəkarların sırasına düşdü. Əlbəttə, bu gələcəyə böyük ümidlə baxan gənc bəstəkar üçün güclü sarsıntı idi. Lakin mənəvi zərbə bəstəkarı ruhdan salmadı. Əksinə, C.Hacıyevin sonrakı əsərləri Azərbaycan m
usiqisinin qızıl fonduna daxil oldu.
C.Hacıyev yaradıcılığının yetkinlik dövrü Azərbaycan musiqi mədəniyyətinin çiçəklənmə dövrünə – 50-ci illərə təsadüf edib. Bəstəkar bu illərdə iki şah əsərini – «Sülh uğrunda» simfonik poemasını və IV simfoniyasını yazır. 1951-ci ildə ilk dəfə səslənən «Sülh uğrunda» poeması parlaq milli koloriti, orijinal musiqi proqramı, bənzərsiz üslübü ilə tezliklə ölkənin sərhədlərini aşdı, Çexoslovakiyada, Polşada, Bolqarıstanda özünə çoxsaylı pərəstişkarlar tapdı. Bu əsərə görə bəstəkar II dəfə SSRI Dövlət mükafatına layiq görüldü.
1956-cı ildə bəstəkarın qələmindən çıxan IV simfoniya respublikanın musiqi həyatında hadisəyə çevrildi. Bu əsər Azərbaycan musiqi tarixində yeni, bütöv bir mərhələni açdı. Simfoniya sözün əsil mənasında vətənimizin qanlı tarixi, acılı-ağrılı, şirinli günləri, qəhrəmanlıq səhifəsi haqqında bütöv bir dastan, ürəkdən gələn bir hekayətdir. Əsər ilk dəfə 1956-cı ildə Azərbaycan Bəstəkarlarının I qurultayında ifa olunub. Daha sonra onu böyük dirijorumuz Niyazinin idarəsi ilə Moskva Dövlət Filarmoniyasının orkestri çalmış və bu əsərlə SSRI Bəsətəkarlarının III Qurultayı açılmışdı. Şostakoviç bu simfoniyanı yüksək qiymətləndirərək belə yazmışdır: «Cövdət Hacıyevin simfoniyası ölkəmizdə son dövrdə yazılmış ən yaxşı simfonik əsərlərdən biridir».
Cövdət Hacıyev bu möhtəşəm musiqi lövhəsində bütün əsrlər boyu sənətkarları narahat edən həyat və ölüm, mübarizə və həqiqət kimi bəşəri suallara öz cavabını axtarır. Dördüncü simfoniyanın dili müasir olduğu qədər də millidir. Məlumdur ki, onun intonasiya özəyini «Bayatı-Şiraz» muğamı təşkil edir. Bəstəkar muğam ilə simfoniya qovşağında xalq, Vətən obrazını fəlsəfi-epik ümumiləşdirmələr səviyyəsinə qaldırmağa müvəffəq olmuşdur.
Muğam təfəkkürü C.Hacıyevin sonrakı simfoniyalarında da özünü bariz büruzə verir. «Insan, Yer, Kosmos» adlanan V simfoniyanın 7 fəsildən ibarət quruluşu vahid muğam kompozisiyasını xatırladır. Simfoniyanın gərgin inkişaf yekunu isə paklığa, xeyirxahlığa, saf mənəviyyata himn kimi qavranılır. Müasir dövrün ən mühüm problemləri öz vətənini coşğun, saf məhəbbətlə sevən vətəndaş sənətkarın daim diqqət mərkəzində durmuşdur. Milləti , torpağı ilə qırılmaz tellərlə bağlı olan bəstəkar Azərbaycanın təhlükəli, çətin anlarında da öz vətəndaşlıq mövqeyini son illər yaratdığı iki böyük əsərində – «Zirvələrə» adlanan VI və Kamera orkestri üçün «Şəhidlər» simfoniyalarında parlaq təcəssüm etdirmişdir. Cövdət müəllim özünün son 8 saylı simfoniyasını ölkəmizin Prezidenti, cənab Heydər Əliyevə həsr etmiş və əsəri əmin-amanlığımızın rəhni kimi müdrikcəsinə «Onu zaman seçib» adlandırmışdır.
C.Hacıyevin musiqi ictimai xadim kimi fəaliyyəti də son dərəcə önəmli olmuşdur. O, uzun illər – 1957-ci ildən 1969-cu ilədək Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifəsində çalışdığı zaman burada Azərbaycan xalq musiqisi kafedrası açılmış, Konservatoriyanın nəzdində Opera studiyası, habelə xalqın ən müxtəlif təbəqələrini musiqi sənətinə cəlb edən Xalq Konservatoriyası yaradılmışdır.
Cövdət Hacıyev Azərbaycan bəstəkarlarının bir neçə nəslini yetişdirmiş gözəl pedaqoq olmuşdur. O, 40 ildən çox işlədiyi Konservatoriyanın bəstəkarlıq kafedrasında Azərbaycan musiqisini ən tələbkar auditoriya qarşısında layiqincə təmsil edən bəstəkarlar tərbiyə etmiş, yüksək keyfiyyətli musiqiçi kadrları hazırlamışdır. Hazırda bəstəkarlıq məktəbimizin parlaq nümayəndələri olan Aqşin Əlizadə, Ramiz Mirişli, Nəriman Məmmədov, Cavanşir Quliyev və başqaları məhz Cövdət Hacıyevin tələbələri olmuşlar.
Cövdət Hacıyevin zəngin yaradıcılıq irsi Azərbaycan musiqi mədəniyyətinin ayrılmaz tərkib hissəsinə, klassikasına çevrilmişdir. Bu musiqi zaman keçdikcə bizləri daim saflığa, paklığa, insanlığa səsləyəcək, yüksək və ali sənətə, onun ideallarına sədaqətlə xidmətin ən parlaq nümunəsi olacaq.
|