ÌÓÑÈÃÈ ÍßÇßÐÈÉÉßÑÈ
F.ƏMIROVUN SIMFONIK MUĞAMLARININ BƏZI ÜSLUB XÜSUSIYYƏTLƏRI
Inara MƏHƏRRƏMOVA
FIKRƏT ƏMIROVUN «UŞAQ LÖVHƏLƏRI» PIANO SILSILƏSI
Lalə ƏLIYEVA
QEYRI – ƏNƏNƏVI SONATALAR
Iradə ABDURƏHMANOVA
C.HACIYEVIN ALTINCI SIMFONIYASI D. ŞOSTAKOVIÇ ƏNƏNƏLƏRI ASPEKTINDƏ
Fərəh TAHIROVA
TOFIQ QULIYEVIN MAHNILARINDA POETIK MƏTNIN VƏ MELODIYANIN ƏLAQƏLƏSI
Ceyran SABITOĞLU
|
|
«…ənənələrə riayət etmək – onları inkişaf etdirmək deməkdir.
Ənənə yaradıcılığın fasiləsizliyini təmin edir...».
I.Stravinski
«Altıncı simfoniya – yaşadığım və keçirdiyim hisslər haqqında hekayətdir».
C.Hacıyev
Cövdət Hacıyevi dərindən maraqlandıran müxtəlif janrlar içərisində simfoniya aparıcı rol oynayır. Bəstəkar hələ yaradıcılığının erkən çağında bu janra meyl göstərmişdir. Yaradı-cılığında simfonik musiqinin xüsusi yeri olan D.Şostakoviçin şagirdi kimi C.Hacıyev sonra da simfoniyalar yazmaqda davam etmişdir.
C.Hacıyev yaradıcılığında qəhrəmani mövzunun təcəssümü epik ifadə tərzi ilə üzvi surətdə bağlıdır. Bununla belə C.Hacıyevin musiqisinə dramatik gərginlik, nəql edilən hadisələrin güclü aktivliyi xasdır. Müxtəlif hadisələrdən bəhs edən bəstəkar sanki özü də bunların iştirakçısı kimi çıxış edərək, gerçəkliyin nəinki işıqlı, eləcə də faciəvi hadisələrinə münasibətini bildirir. Altıncı simfoniya buna parlaq nümunədir.
Simfoniyanın ilk redaksiyası 1970-ci illərin sonuna aiddir. 1990-1992-ci illərdə bəstəkar bir daha bu əsərə müraciət edərək onu xeyli ixtisar edir və musiqi materialını yenidən işləyir. Bu, yeni məzmunun açılması ilə bağlı idi – VI simfoniya ikinci redaksiyada «20 yanvar» adlanır.1
Şostakoviçin simfoniyaları üçün səciyyəvi olan epik düşüncəlilik Hacıyev simfoniyalarında epik başlanğıcın xüsusi rol oynamasını şərtləndirmişdir. Şübhəsiz ki, Hacıyev musiqisinə muğam da güclü təsir göstərərək, onun epikliyini təmin edən şərtlərdən birinə çevrilir. VI simfoniya C.Hacıyevin epik-dramatik dramaturgiyaya sədaqətini parlaq surətdə nümayiş etdirdi. Simfoniyanın finalı fəlsəfi, kədərli düşüncənin ifadəsi olaraq, müəllifin insan fəlakətinə münasibətini bildirir. C.Hacıyevin VI simfoniyası xalqımızın böyük faciəsi – 1990-cı ilin Qanlı Yanvar hadisələrinə münasibətlə, bunların dərindən dərk edilməsilə sıx bağlıdır.
Məlum olduğu kimi, V simfoniyadan başlayaraq C.Hacıyev simfonik silsiləni təkcə hissələrə deyil, fəsillərə də bölür. Belə bölmə nəticəsində musiqi materialı daha da detallaşır və böyük hissələr daxilində nisbətən kiçik silsiləvi kompozisiyalar yaranır. VI simfoniya da fəsillərə bölünmüşdür. Böyük simfonik orkestr üçün yazılmış bu simfoniya 3 hissə və 5 fəsildən ibarətdir.
I və II hissələr iki, III hissə isə bir fəsildən ibarətdir. Lakin bu bölünmə şərtidir və simfoniya bütövlükdə birhissəli kompozisiya təəssüratı bağışlayır.
VI simfoniyanın mühüm bir xüsusiyyəti də qeyd olunmalıdır ki, bu da müəllifin öz müəllimi D.Şostakoviçin adı ilə bağlı «DSCH» musiqi monoqrammasından istifadə etməsidir. D.Şostakoviç həyatı boyu bir çox faciəvi anlar yaşamış sənətkardır. Şostakoviçin musiqisində faciəvilik böyük yer tutur və güclü təsir qüvvəsi kəsb edir. Məhz bu səbəbdən C.Hacıyev özünün bu «faciəvi» simfoniyasını yaradan zaman Şostakoviçi xatırlamaya bilməzdi.
Şostakoviçin transformasiyaya uğradılan monoqramması əsərin mühüm leytintonasiya kompleksidir. Bu material müxtəlif səs yüksəkliyində istifadə edilərək, gah «açıq», gah pərdələnmiş şəkildə, gah hansısa alətin, gah da orkestrin «tutti» səslənməsində verilir və geniş inkişaf etdirilir. Bundan başqa, orkestrin «tutti»sində səslənən zaman, bu monoqramma Şostakoviçin «hərbi» simfoniyalarının mövzularına xas olan «hərbi qüdrət» təəssüratı oyadır.
Monoqramma ilk dəfə I hissənin ekspozisiyasında, əsas mövzunun ikinci dəfə keçirilməsi zamanı səslənir – burada monoqramma əsas mövzuda «əkshərəkət» kimi keçərək, musiqinin daxili dramatizmini aşkara çıxarır. Daha sonra, monoqramma Andante aqitato bölməsindəki kulminasiya anında fleytalar, fortepiano və skripkalarda pərdələnmiş şəkildə səslənir, kontrafaqot, tuba və simlilərdə isə «açıq» şəkildə səslənir. C.Hacıyev həmin anda Şostakoviçin monoqrammasının lad boyasını şüştər ladı ilə bağlayır; bununla da bəstəkar sanki monoqrammanın melodik xəttini davam etdirərək, şüştər ladı məcrasında öz motivini verir:
Misal 1.
Lakin bəstəkar ladın intonasiya sırasından kənarlaşaraq, bu lad üçün yabançı olan səslər əlavə etsə də, musiqi fikrini si-şüştər ladının son pilləsində tamamlayır:
Misal 2.
Gərginləşmiş mühitdən sonra bəstəkar sanki fermatada kiçik fasilə verir və burada monoqrammanın motivi zənglər və çelestanın partiyasında «əks-səda» kimi səslənir:
Misal 3.
Birinci hissənin işlənmə bölməsində əsas mövzunun dəyişilmiş şəkildə keçirilməsi gözlənilmədən kəsilir və solo bas-klarnetdə monoqramma keçir. III hissədə (Adagio) Piu mosso epizodundan sonra violonçel və kontrabaslarda monoqramma son dəfə səslənir. Burada C.Hacıyev şüştər ladının ayrı-ayrı intonasiyalarından istifadə edir və bu motivi fa-şüştərin son pilləsində tamamlayır:
Misal 4.
Düşünürük ki, VI simfoniya 1990-cı ilin faciəvi hadisələrinə həsr edilsə də, monoqrammanın dəfələrlə keçirilməsi eyni zamanda əsərin Şostakoviçə «gizli» ithafından xəbər verir. Əsas tematizmlə yanaşı, monoqrammanın da keçirilməsi dramaturji inkişafın ikinci layını təşkil edir. Bunun nəticəsində simfoniyada «polidramaturgiya» yaranır.
Şostakoviçin monoqrammasında I.S.Baxın tematizmi ilə də intonasiya əlaqəsi hiss olunur.2 Görünür, Şostakoviç öz şagirdinə Bax musiqisinə qarşı məhəbbət aşılamışdır.3 Simfoniyanın leytmotivində şüştər ladının intonasiyalarının olması isə bir daha təsdiq edir ki, C.Hacıyev özünün əvvəlki simfoniyalarında olduğu kimi, burada da şifahi ənənəli musiqimizin lad-intonasiya quruluşunu inkişaf etdirir.
Simfoniyanın digər leytintonasiyası xalis kvintadan ibarətdir. Bəstəkar bunu hər dəfə ritmik cəhətdən qabardır və nəzərə çarpdırır – bu, gah sinkopun, gah da punktir ritminin köməyilə ifadə edilir. Bəzən kvinta intonasiyası bilavasitə melodik xəttə daxil olur. Bu intonasiya artıq I hissənin əsas mövzusunda, «faciəvi» mi bemol minor tonallığında4 solo valtornada səslənən ifadəli frazada özünü göstərir:
Misal 5.
Daha sonra əsas partiyanın ikinci keçirilməsində mövzu kvintaya sıçrayışla bitir.
Misal 6.
|