ÁÈÁËÈÎÃÐÀÔÈÉÀ
MILLI-MƏDƏNI DƏYƏRLƏRIN
TƏDQIQINDƏ QIYMƏTLI NAILIYYƏT

Ariz ƏLIOĞLU
Search

ÁÈÁËÈÎÃÐÀÔÈÉÀ
ƏFRASIYAB BƏDƏLBƏYLININ
IZAHLI MONOQRAFIK MUSIQI LÜĞƏTI

Babək QURBANOV,
Əhməd ISAZADƏ

MILLI-MƏDƏNI DƏYƏRLƏRIN
TƏDQIQINDƏ QIYMƏTLI NAILIYYƏT

Ariz ƏLIOĞLU
ELMDƏ VARISLIYIN TƏZAHÜRÜ
Kamilə DADAŞZADƏ
YENI TƏDQIQAT IŞI
Şəhla MAHMUDOVA
AZƏRBAYCAN MUSIQI
MƏDƏNIYYƏTI HAQQINDA
YENI ƏSƏRLƏR

Imruz ƏFƏNDIYEVA
SÜLEYMAN ƏLƏSGƏROV
XATIRƏLƏRDƏ

Azad ZAHID

 


       Azərbaycan xalq musiqisi yaradıcılığının qədim nümunələrini elmi-sistemli şəkildə toplamaq, nota yazmaq, tədqiq etmək müasir dövrdə xüsusilə böyük əhəmiyyət kəsb edir. Bu istiqamətdə aparılan məqsədyönlü təqiqat işləri müasir musiqişünaslıq elminin aktual məsələlərindən biri olmaqla yanaşı, milli-mədəni sərvətlərimizin, qədim musiqi irsimizin yaşadılması, öyrənilməsi və təbliğ olunması üçün də olduqca gərəkli və zəruridir. Bu sahədə Azərbaycan musiqişünaslığı uzun illər ərzində kifayət qədər elmi nailiyyətlər qazanmışdır. Qeyd etmək vacibdir ki, zəngin xalq musiqi mədəniyyətinin ardıcıl və məqsədyönlü şəkildə tədqiqatı ilə məşğul olan və bu sahədə elmimizə uğurlar qazandıran alim-mütəxəssislər əsasən MEA Memarlıq və Incəsənət Institutu xalq musiqisinin tarixi və nəzəriyyəsi şöbəsində və Bakı Musiqi Akademiyasında çalışırlar. Xüsusilə Memarlıq və Incəsənət Institutu xalq musiqisinin tarixi və nəzəriyyəsi şöbəsinin bu sahədə fəaliyyəti daha önəmli, genişmiqyaslı və uğurludur. Istər respublika nın ayrı-ayrı bölgələrinə musiqi-etnoqrafik ekspedisiyaların təşkilində, xalq musiqisi nümunələrinin elmi şəkildə toplanılıb tədqiq olunmasında, qiymətli elmi və elmi-kütləvi folklor məcmuələrinin tərtib və nəşr edilməsində, istərsə də xalq musiqisinin müxtəlif tarixi və nəzəri problemlərinə dair dissertasiyaların, monoqrafiyaların və elmi məqalə toplularının meydana gəlməsində bu şöbənin əməkdaşları uzun illərdir ki, gərgin əmək sərf edir, uğurlu nəticələrə nail olurlar. Məhz bu dəyərli elmi fəaliyyətin nəticəsində onlarla folklor topluları, monoqrafiyalar nəşr olunmuş və elmi ictimaiyyətin müzakirəsinə verilərək, müsbət rəy qazanmışlar.

       Xalq musiqisinin tarixi və nəzəriyyəsi şöbəsi Azərbaycan ictimaiyyətinə, bütün musiqisevərlərə, ölkənin elm və sənət mütəxəssislərinə daha bir qiymətli iş təqdim etmişdir: «Azərbaycan xalq musiqisi antologiyası. I cild». Kollektivin elmi-tədqiqat işlərinin birgə məhsulu olan «Antologiya» on cilddən ibarətdir. On cildlik fundamental elmi iş on beş ilə yerinə yetirilmişdir. Şöbənin əməkdaşlarının çoxillik zəhməti uğurla nəticələnmiş və Azərbaycan musiqi elminə, musiqi mədəniyyətinə yeni bir nailiyyət gətirmişdir.

       Məlumat üçün qeyd edək ki, «Azərbaycan xalq musiqisi antologiyası»nın hər bir cildi xalq musiqisi yaradıcılığının müəyyən janrını əhatə edir. Nəşr olunmuş 1-ci cildə xalq mahnıları daxil edilmişdir. Cildin tərtibçiləri respublikanın əməkdar elm xadimi, sənətşünaslıq doktoru, professor Əhməd Isazadə, sənətşünaslıq namizədi, baş elmi işçi Əfruz Məmmədova, sənətşünaslıq namizədi, dosent Ceyran Mahmudova və elmi işçi Ariz Abduləliyevdir. Redaktorları görkəmli bəstəkar, xalq artisti, Azərbaycan MEA müxbir üzvü, professor Arif Məlikov və şifahi ənənəli musiqi sahəsində tanınmış alim-mütəxəssis , elmlər doktoru, professor Elxan Babayevdir.

       «Antologiya»nın 2-ci cildinə xalq rəqsləri, 3-cü cildə mərasim nəğmələri, 4 və 5-ci cildlərə aşıq havaları və dastanları, 6-10-cu cildlərə muğam və zərbi-muğamlar daxil edilmişdir.

       1-ci cilddə professor Ə.Isazadə Azərbaycan xalq musiqisinin toplanılması və nota yazılması tarixi haqqında qiymətli faktlara istinadən maraqlı məqalə yazmış, «Antologiya» haqqında oxuculara ətraflı məlumat vermiş, nəşrin elmi məqsəd və əhəmiyyətini, aktuallığını əsaslandırmışdır. Alimin haqlı olaraq yazdığı kimi, «Antologiya» dahi Ü.Hacıbəyov və M.Maqomayevin xalq musiqimizin tədqiqi sahəsində başladıqları tarixi işin və 1930-cu illərdə Elmi-Tədqiqat Xalq Musiqisi Kabinetinin çox dəyərli fəaliyyətinin davamıdır.

       Qeyd edək ki, «Antologiya»nın 1-ci cildinin tərtibi zamanı buraya indiyə qədər nəşr olunmuş xalq mahnı məcmuələrindəki nümunələr daxil edilmişdir. 1-ci cild əsasən Ü.Hacıbəyov və M.Maqomayevin, Z.Hacıbəyovun, Bülbülün, Q.Qarayevin, F.Əmirovun, S.Rüstəmovun, S.Ələsgərovun, T.Quliyevin, Ə.Isazadə və N.Məmmədovun, H.Xanməmmədovun, D.Məmmədbəyovun müxtəlif illərdə toplayıb notlaşdırdıqları və məcmuə şəklində çap etdirdikləri xalq mahnı nümunələrindən ibarətdir. Bununla belə, 1-ci cildə ilk dəfə çap olunan qədim mahnı nümunələri də daxil edilmişdir ki, onlar da A.Abduləliyev tərəfindən ilk dəfə toplanılmış və nota yazılmışdır.

       «Antologiya»nın 1-ci cildinin işıq üzü görməsi sponsor hesabına başa gəlmişdir. Nəşrin sponsoru Isveçin «Sani Amarant» kampaniyasının Azərbaycanda rəsmi nümayəndəsi olan «Intibah» şirkətidir. Bu şirkətin rəhbərliyi Azərbaycan xalqının musiqi mədəniyyətinə və Azərbaycan alimlərinin əməyinə böyük qiymət verərək, belə bir xeyirxahlıq etmişdir. Bu, bütün Azərbaycanın musiqi elminə, musiqi ictimaiyyətinə göstərilən böyük hörmət və xeyirxahlıqdır. Belə bir xeyriyyəçiliyə görə, cildin tərtibçiləri adından, şöbənin bütün əməkdaşları və musiqi xadimləri adından «Intibah» şirkətinin rəhbərliyinə dərin təşəkkürümüzü çatdırırıq. Inanırıq ki, şirkətin rəhbərliyi bu qiymətli və böyük xeyirxahlığını bundan sonra da əsirgəməyəcək və Azərbaycan ictimaiyyətini «Antologiyanın» növbəti cildlərinin nəşri ilə sevindirəcəkdir.

       1-ci cildin daşıdığı əhəmiyyət barədə bir məsələni xüsusi olaraq qeyd etmək lazımdır. Məlumdur ki, ayrı-ayrı illərdə nəşr olunmuş xalq mahnı məcmuələrinin hal-hazırda yenidən çap olunmasına ehtiyac var. Çünki bu məcmuələr neçə illər bundan əvvəl nəşr olunduqları üçün, bu gün çox çətinliklə əldə edilən nadir nüsxələrə çevrilmiş və həm də yararsız poliqrafik vəziyyətə düşmüşlər. Lakin onların yenidən nəşri çoxlu vaxt, əmək və maliyyə tələb edən bir işdir. Odur ki, şöbənin əməkdaşları musiqi ictimaiyyətinin, təhsil müəssisələrinin, tədqiqatçıların və aspirantların üzləşdikləri bu problemi aradan qaldırmaq üçün, müxtəlif məcmuələri bir cilddə – «Antolociya»da toplamışlar. Işıq üzü görmüş 1-ci cilddən təqiqatçılar, gənc aspirant və dissertantlar, tələbələr, musiqi müəllimləri, ifaçılar öz yaradıcılıq işlərində, tədrisdə, tədqiqatlarda geniş istifadə edərək, cilddəki nümunələrdən faktik material kimi yararlana biləcəklər. Digər tərəfdən, Azərbaycan musiqi mədəniyyətinə bütün dünya miqyasında marağın dah a da artdığı müasir dövrdə «Azərbaycan xalq musiqisi antologiyası» musiqimizin təbliğ olunmasında və bu beynəlxalq maraqların təmin olunmasında böyük rol oynayacaqdır.

       Musiqi ictimaiyyəti adından, milli-mədəni dəyərlərimizə vətəndaş sevgisi ilə yanaşan bütün soydaşlarımız adından, bütün tədqiqatçılar, ifaçılar, müəllim və tələbələr adından çoxcildliyin tərtibçilərinə və 1-ci cildə əmək sərf edənlərə belə bir qiymətli fundamental işə görə dərin minnətdarlığımızı çatdırırıq.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page