ÅÒÍÎÌÓÑÈÃÈØÖÍÀÑËÛÃ
AZƏRBAYCAN MUSIQŞÜNASLARININ
TƏDQIQATLARINDA XALQ MUSIQISININ
JANR TƏSNIFATI

Yeganə ƏSƏDOVA
Search

ÅÒÍÎÌÓÑÈÃÈØÖÍÀÑËÛÃ
BÜLBÜLÜN
III-cü AŞIQ QURULTAYINDAKI
MƏRUZƏRI 1961-ci IL

.
AZƏRBAYCAN MUSIQŞÜNASLARININ
TƏDQIQATLARINDA XALQ MUSIQISININ
JANR TƏSNIFATI

Yeganə ƏSƏDOVA
AZƏRBAYCAN XALQ
MUSIQISININ TOPLANILMASI VƏ
YAZIYA ALINMASINDA NIYAZININ ROLU

Fəttah XALIQZADƏ
MIRZƏ FƏRƏC
HAQQINDA XƏTIRƏLƏRIM

Ruqiyyə RZAYEVA

 


       Azərbaycanda musiqi elminin bünövrəsi dahi bəstəkarımız Üzeyir Hacıbəyov tərəfindən qoyulmuşdur. Onun musiqiyə həsr olunmuş məqalələrində, xüsusilə çoxillik tədqiqatlarının nəticəsi olan "Azərbaycan xalq musiqisinin əsasları" fundamental əsərində Azərbaycan musiqi elmi üçün proqram əhəmiyyətli müddəalar irəli sürülmüşdür. Ü. Hacıbəyovun irəli sürdüyü tezisşəkilli müddəalar sonrakı illərdə Azərbaycan musiqşünaslığının müxtəlif qollarının yaranmasına təkan vermişdir. Xüsusilə Ü.Hacıbəyovun xalq musiqisi haqqında fikirləri Azərbaycan musiqisinin inkişafı üçün bir bünövrə olmuşdur. Ü. Hacıbəyovdan sonra yetişmiş tədqiqatçıların əsərlərində xalq musiqisinin müxtəlif rakursdan öyrənilməsi geniş vüsət alır. Belə ki, dahi bəstəkarın xalq musiqisi haqqında ideyalarından ilham alan, onlardan faydalanan Azərbaycan musiqişünasları bu sahənin inkişafı üçün xeyli əmək sərf etmişlər.

       Hazırkı məqalədə bizim məqsədimiz məhz Azərbaycan musiqişünaslarının tədqiqatlarında xalq musiqi yaradıcılığının təsnifatı məsələlərini araşdırmaqdan ibarətdir. Buna görə də biz bir neçə elmi tədqiqat əsərinin nümunəsində Azərbaycan xalq musiqisi yaradıcılığının təsnifatı, yəni janr və növlər üzrə sistemləşdirilməsi məsələlərini açıqlayacağıq.

       Azərbaycan musiqişünaslarının xalq yaradıcılığına həsr olunmuş tədqiqatlarını nəzərdən keçirdikdə xalq musiqisinin janr təsnifatı diqqəti daha çox cəlb edir. Həqiqətən də əgər musiqi haqqında danışırıqsa, istər bəstəkar, istərsə də xalq musiqisi olsun, ilk növbədə, onun janrı təyin olunmalıdır. Adətən, musiqinin şərti olaraq, vokal, instrumental və vokal-instrumental janr qruplarına bölünməsi qəbul edilir ki, bu halda musiqinin ifa tərzi ön plana çəkilir. Öz növbəsində, hər üç qrupa müxtəlif janrlar daxildir.

       Azərbaycan milli musiqisinin janr təsnifatında hansı xüsusiyyətlərin əsas götürüldüyünü göstərmək olar? Bununçün də tədqiqatçılarımızın əsərlərinə, oradakı fikir və mülahizələrə müraciət edək.

       Ilk növbədə, Ü. Hacıbəyovun elmi irsinə nəzər salaq. Öz məqalələrində xalq musiqisi janrlarının təsnifatını və xasiyyətnaməsini verən Ü. Hacıbəyov ümumi şəkildə xalq musiqi nümunələrini iki yerə bölür: bəhrli və bəhrsiz. «Bəhrli» dedikdə, o, dəqiq metro-ritmə malik, ifası zamanı zərb alətlərinin müşayiətinin istifadə olunduğu musiqi janrlarını nəzərdə tutur. Bu növ musiqiyə bəstəkar təsnif, rəng, rəqs və xalq mahnılarını aid edir. «Bəhrsiz» növə isə o, çalğısında zərb aləti istifadə olunmayan, sərbəst vəznli musiqi nümunələrini – muğam dəstəgahlarını aid edir. Eyni zamanda, Ü. Hacıbəyovun fikrincə, «dəstgah kimi müəyyən bəhr və havaları olmayan musiqi cümləsindən biri də şikəstə və digəri bayatıdır» ki, bunları «aşıq dəstəsinin dəstgahı» adlandırır1.

       Ü. Hacıbəyov daha bir növü qeyd edir: O yazır: «Bir para dəstgah və ya şöbələri bəhrsiz olaraq tağəni edilirkən musiqisi biləks bəhrli olub zərb dəxi işlənir, məsələn, heyratı, kabili, mənsuriyyə, simayi-şəms, ovşarı kimi»2. Göründüyü kimi, Ü. Hacıbəyov zərbi-muğam janrını bəhrsiz və bəhrli musiqinin qovuşmasından əmələ gələn bir musiqi növü kimi təqdim edir. Lakin onun bu fikri tezis olaraq qalır və inkişaf etdirilmir. Digər musiqi növləri isə dolğun şəkildə açıqlanır.

       Beləliklə, Ü. Hacıbəyov xalq musiqisinin janr təsnifatı üçün metro-ritmik xüsusiyyətləri əsas götürür.
       Professor M.S. Ismayılov öz tədqiqatlarında hər bir xalqın musiqi irsində olduğu kimi, Azərbaycan xalq musiqi irsinin də başlıca olaraq, vokal, instrumental və vokal-instrumental musiqidən ibarət olduğunu qeyd edir. Lakin alim xalq musiqisinin elmi cəhətdən öyrənilməsi üçün onun bu nöqteyi-nəzərdən qruplara bölünməsini əlverişli saymır və xalq musiqi formalarının ifa üsuluna əsaslanaraq, bölünməsini zahiri bir əlamət kimi qiymətləndirir. Çünki, onun fikrincə, xalq musiqimizdə elə bir hal vardır ki, eyni musiqi forması həm vokal, həm instrumental, həm də vokal-instrumental janr kimi özünü göstərir, məsələn, muğamlar, mahnı-rəqslər və s. janrlar3.

       M.S. Ismayılov Ü. Hacıbəyovun bölgü prinsipini qəbul edərək, xalq musiqi yaradıcılığının janr bölgüsündə metro-ritmik xüsusiyyətlərə əsaslanır. Lakin o, bəhrli və bəhrsiz janr qrupları ilə yanaşı, üçüncü bir qrupu da daxil edir ki, bu da qarışıq bəhrli janr qrupudur. Tədqiqatçı bəhrli janr qrupuna xalq mahnılarını, təsnifləri, aşıq mahnılarını, rəngləri və rəqsləri, bəhrsiz janr qrupuna muğamları, qarışıq bəhrli janr qrupuna isə zərbi-muğamları aid edir.

       Xalq musiqisinə aid digər tədqiqatlarda isə bu bölgü prinsipi davam etdirilmir. Biz musiqi janrlarının metro-ritmik xüsusiyyətlərinə görə qruplara bölünməsinin özünü doğrultmadığını iddia edə bilərik. Eləcə də Azərbaycan tədqiqatçılarının əsərlərində xalq musiqisi janrlarına fərqli mövqedən yanaşmanın şahidi oluruq. Bu mövqenin formalaşmasında rus musiqşünası V. Belyayevin təsiri də hiss olunur.

       V. Belyayev Azərbaycan xalq musiqisinin təsnifatını bu şəkildə verir: xalq mahnısı, instrumental rəqs musiqisi və xalq-professional musiqi sənəti – bura aşıq yaradıcılığı, eləcə də xanəndə və sazəndə yaradıcılığı (muğamlar və təsniflər) aiddir4.

       Azərbaycan xalq musiqi yaradıcılığının janr təsnifatını professor R. Zöhrabovun tədqiqatlarında da izləyə bilərik. R. Zöhrabov V. Belyayevin təsnifatını bir qədər genişləndirərək, Azərbaycan xalq musiqi yaradıcılığını üç təbəqəyə bölür: 1. Xalq (mahnı və rəqs musiqi janrları); 2. Xalq-professional (aşıq musiqi yaradıcılığı); 3. Şifahi ənənəli professional musiqi janrları (muğam dəstgahları, kiçik formalı muğamlar, zərbi-muğamlar, təsnif və rəng) 5.

       Tədqiqatçının fikrincə, xalq musiqi janrlarına aid olan nümunələrin əksəriyyəti əmək prosesi, ailə-məişət şəraiti, müxtəlif oyunlar və ya ilin müəyyən fəsilləri ilə əlaqədar yaranmışdır. Bunlarla yanaşı, elə lirik məzmunlu mahnı və rəqslər vardır ki, onlar ancaq asudə vaxtlarda ifa edilir. Bütün bunlar mahnı və rəqslərin mövzu, janr müxtəlifliyinə səbəb olmuş, nəticədə də əmək, ənənəvi-mərasim, uşaq, lirik, məişət, satirik, yumoristik, qəhrəmanlıq, tarixi mahnı və rəqs janr nümunələri əmələ gəlmişdir. R. Zöhrabovun fikrincə, bu növ musiqi xalq arasından çıxmış istedadlı adamlar tərəfindən yaradılsa da, onları professional saymaq düzgün deyil. Bununla belə, şifahi şəkildə ağızdan-ağıza, nəsildən-nəslə keçən xalq musiqisi şifahi ənənəli professional musiqi janrlarının yaranması üçün əsas mənbə olmuşdur.

        «Azərbaycan şifahi ənənəli professional musiqisi» dedikdə, alim «əsaslı məktəb keçmiş xanəndə, sazəndə kimi xalq-professional sənətkarların yaradıcılıq məhsulu olan muğam dəstgahları, kiçik formalı muğamları, zərbi-muğamları, təsnif və rəng kimi janrları nəzərdə tutur. Bütün bunlar quruluşu, kompoziyası, havacatı baxımından inkişaf etmiş kamil formaya malik əsərlər olub, ifaçılıq cəhətdən virtuozluq tələb edir. Şifahi ənənəli professional musiqinin yaradıcıları istedadlı, peşəkar ifaçılar – xanəndə və sazəndələrdir. Alimin fikrincə, əsrlər boyu püxtələşmiş muğam-dəstgahlar, zərbi-muğamlar, təsniflər və rənglər xanəndə və sazəndə yaradıcılığının uğurlu məhsullarıdır.

       Alimin fikrincə, xalq musiqisi ilə şifahi-professional musiqi janrları arasında qovşaq təşkil edən bir musiqi forması da vardır ki, bu da aşıq yaradıcılığıdır. Belə ki, məzmun, ifadə dəqiqliyi və konkretliyi, qəhrəmani-epik rəvayət, klassik lirik süjetlər və i.a., ifaçılıq mədəniyyətinin ənənəvi xarakter daşıması baxımından aşıq sənəti professional yaradıcılığın bir tərəfini təmsil edir. Lakin musiqi üslubu və quruluş cəhətdən o xalq musiqisinə yaxındır.

       Qeyd edək ki, haqqında danışdığımız təsnifat nəzərdən keçirdiklərimizdən ən mükəmməl və məntiqi görünür. R. Zöhrabovun irəli sürdüyü bu təsnifat müxtəlif nəsillərdən olan Azərbaycan musiqişünasları tərəfindən qəbul olunmuş və bu gün də inkişaf etdirilir.

       Musiqişünas E. Babayevin də əsərlərində xalq musiqi irsinin janr təsnifatı verilmişdir. Alim «Azərbaycan xalqının şifahi ənənəli musiqi irsinin bir-birilə qırılmaz tellərlə bağlı olan bir sıra yaradıcılıq sahələrindən» ibarət olduğunu göstərir:

       - «icra ənənələrini, eləcə də milli təzahür formasını peşəkar el sənətkarlarımızın – xanəndə və sazəndələrimizin yaradıcılığı ilə müəyyən etmiş muğam sənəti;
       - söz qoşan, nağıl söyləyən, çalıb-oxuyan, rəqs edən peşəkar el sənətkarlarımızın çoxəsrlik ənnələrini yaşadan aşıq yaradıcılığı;
       - el-obanın toy-düyünündə, şadyanalıq mərasimlərində soydaşlarımızın dediyi nəğmələr, getdiyi yallılar, oynadıqları rəqslər bir sözlə, musiqi folkloru, xalq musiqi sənəti» 6.

       E. Babayev Ü. Hacıbəyovun: «Peşə və sənət məqamında musiqi icrası ustadların işidir» fikrinə əsaslanaraq, həm aşıq, həm də xanəndə və sazəndə sənətini professional sənət növü hesab edir. O, hər iki sənət növünün şifahi ənənəyə malik olmasını onların başlıca cəhəti kimi ön plana çəkir. E. Babayev bu sənət növlərinin bu günədək məhz şifahi şəkildə mövcudluğunu vurğulayaraq yazır: «Yüz il əvvəl olduğu kimi, bu gün də ustad aşıq şagirdinə saz havalarını çalıb-oxuyur, bu havalara söz qoşmağın sirlərini anladır. Xanəndələr də öz növbəsində, ustadlarından dəstgahın kompozisiya quruluşunu, əruz və muğamın vəhdətilə bağlı ənənələri öyrənir, mənimsəyirlər» 7.

       E. Babayev şifahi ənənəli musiqi irsini iki başlıca hissəyə ayırmağı məqsədəuyğun hesab edir: 1) Ənənəvi musiqi; 2) Xalq musiqisi. Tədqiqatçı bu janr təsnifatını onunla əsaslandırır ki, bütün dünyada digər xalqların muğamla analoji olan milli musiqi sənətləri-raqa, makam və s. «traditional music» - ənənəvi musiqi adlandırılır. Onu da qeyd edək ki, alim bu anlayışın «şifahi ənənəli professional musiqi sənəti»anlayışının daha təkmilləşmiş forması hesab edir.

       Beləliklə, biz Azərbaycan musiqişünaslarının əsərlərində xalq musiqi yaradıcılığının janr təsnifatı məsələsini nəzərdən keçirdik. Göründüyü kimi, Ü. Hacıbəyovun mülahizələrindən bəhrələnən Azərbaycan musiqişünasları janr təsnifatına müxtəlif mövqelərdən yanaşmışlar. Onların irəli sürdüyü müddəalar musiqi elminin inkişafında mühüm addım kimi qiymətləndirilə bilər.





ƏDƏBIYYAT

1.Ü. Hacıbəyov. Azərbaycan xalq musiqisinə bir nəzər. Seçilmiş əsərləri. Bakı, 1985, səh. 188.
2. Yenə orada. səh. 188.
3. M.S. Ismayılov. Azərbaycan xalq musiqisinin janrları. Bakı, 1960.
4. V. Beləev. Oçerki po istorii muzıki narodov SSSR. Vıp. 2. M., 1963.
5. R. Zöhrabov. Muğam. Bakı, 1991.
6. Babayev E. Şifahi ənənəli Azərbaycan musiqisində intonasiya problemləri. Bakı, 1998, səh. 5.
7. Babayev E. Göstərilən əsəri. səh. 8.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page