ÅÒÍÎÌÓÑÈÃÈØÖÍÀÑËÛÃ
BÜLBÜLÜN III-cü AŞIQ QURULTAYINDAKI MƏRUZƏRI 1961-ci IL
.
AZƏRBAYCAN MUSIQŞÜNASLARININ TƏDQIQATLARINDA XALQ MUSIQISININ JANR TƏSNIFATI
Yeganə ƏSƏDOVA
AZƏRBAYCAN XALQ MUSIQISININ TOPLANILMASI VƏ YAZIYA ALINMASINDA NIYAZININ ROLU
Fəttah XALIQZADƏ
MIRZƏ FƏRƏC HAQQINDA XƏTIRƏLƏRIM
Ruqiyyə RZAYEVA
|
|
Dünya şöhrətli dirijor, gözəl bəstəkar, görkəmli musiqiçi-ictimai xadim, xalq artisti, Dövlət və Beynəlxalq mükafatlar laureatı Niyazi Zülfüqar oğlu Tağızadə-Hacıbəyov (1912-1984) Azərbaycan xalqının yetirdiyi ən qüdrətli sənətkarlardan biridir. O, özünün qaynar və mə’nalı ömrü boyu milli musiqi mədəniyyətimizin çiçəklənməsi naminə əvəzsiz xidmətlər göstərmiş, xüsusilə də Azərbaycan bəstəkarlarının saysız-hesabsız simfonik, opera və balet əsərlərini əlçatmaz səviyyədə təcəssüm etdirməklə, onların uğurlu taleyini müəyyən etmiş, beləliklə də, xalqımızın musiqi salnaməsinə parlaq səhifələr yazmışdır.
Fövqəl’adə iste’dadlı sənətkar və qüdrətli bir şəxsiyyət kimi Niyazinin yaradıcılıq siması, estetik dünyagörüşü və incə bədii zövqü qədim tarixli Azərbaycan mədəniyyətinin – şe’r, rəsm və rəqs sənətinin və ilk növbədə, zəngin musiqi irsimizin güclü tə’siri altında təşəkkül tapıb inkişaf etmişdir. Möhtəşəm və əsrarəngiz «Rast» simfonik muğamı, «Qaragilə», «Sarı bülbül», «Xumar oldum» kimi qəlb oxşayan xalq mahnılarının əlvan boyalı orkestr işləmələri bu bağlılığın, bu doğmalığın ən qabarıq nümunələridir.
Bundan başqa, Niyazi elin mahnı yaradıcılığının dürlü-dürlü incilərini damla-damla toplayıb notlaşdırmaqla da məşğul olmuşdur. Böyük sənətkarın bu fəaliyyət sahəsi milli musiqi folklorşünaslığının maraqlı bir səhifəsini təşkil etsə də, indiyə qədər mütəxəssislərin diqqətindən yayınmış və işıqlandırılmamışdır. Halbuki, Niyazi və xalq musiqisi kimi əlverişli bir mövzu bir sıra digər mövqelərdən baxılmış, bu və ya başqa dərəcədə öyrənilmişdir. Məsələn, bəstəkarın orijinal yaradıcılığının milli kökləri, klassik muğam sənətini ilk dəfə və uğurla nota köçürməsi, xalq mahnı işləmələri, habelə milli musiqi haqqındakı ayrı-ayrı fikirləri mütəxəssislərə və onun sənətinin pərəstişkarlarına yaxşı tanışdır.
Hazırkı məqalədə maestro Niyazinin praktiki folklor çalışmalarının öyrənilməsinə müəyyən cəhd göstərilmişdir.
Bir neçə il bundan qabaq Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin filialı – Niyazinin mənzil-muzeyində gözlənilmədən maestronun öz dəst-xətti ilə yazılmış bə’zi folklor nümunələrini gördüm və məndə ilk dəfə bu mövzuya qarşı xüsusi maraq oyandı. Nümunələr sayca çox olmasalar da orijinal idi, onların üzərindəki müəllif qeydləri də əlamətdar hadisələrdən xəbər verirdi («Lənkəranda yazılmışdır, 1934-cü il»). Nə yaxşı ki, böyük musiqiçinin 90 illik yubileyi ərəfəsində mənzil-muzeyə bir də baş vurduqda, mənə eyni qəbildən olan başqa əlyazmalarını da lütfən təqdim etdilər və beləliklə də, illərlə ürəyimdə baş qaldırmış bu arzunun, qismən də olsa, gerçəkləşdirilməsi üçün çox yaxşı imkanlar yarandı. Eyni zamanda bu vəzifənin nə qədər ağır olduğunu da hiss etdim. Niyazi haqqında yazılmış kitab və məqalələrdə bu barədə çox az mə’lumat olduğundan axtarışlara başladım, yaddaşımda maestro ilə bə’zi görüşlərim canlandı.
Ilk dəfə Niyaznin musiqi folklorunu toplayıb nota köçürdüyünü təxminən 25 il bundan qabaq elə onun öz dilindən eşitmişdim. O zamanlar Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını yenicə bitirmiş gənc və təcrübəsiz bir musiqişünas kimi qədim el havaları haqqında dərin və ətraflı mə’lumata böyük ehtiyacım var idi. Musiqi folkloru ən’ənələrinin xeyli dərəcədə unudulduğunu düşünərək, zəngin bilikli ağsaqqal musiqiçilərlə ünsiyyətə can atırdım. Bir dəfə imkan və cəsarət tapıb maestro Niyaziyə də müraciət etmişdim. O isə «bir qədər aşağı enmək lazımdır» – deyə qısa və müdrik cavab vermiş, vaxtiykən Lənkəran musiqi folklorunu toplamaqla məşğul olduğunu söyləmiş, hələ üstəlik, yaşlı bir kişinin ifasında eşitdiyi həzin bir havanı olduğu kimi eyni şirin xallarla elə gözəl zümzümə etmişdi ki, buna heyran qalmamaq olmurdu.
Bəli, Azərbaycan sənətkarının e’cazkar dirijorluq məharəti neçə-neçə ölkənin geniş auditoriyalarını fəth etmişdi. Gözəl piano çalmağı, yüksək şövqlə rəqs etməyi, nəfis rəsm qabiliyyəti, ifadə ilə şe’r söyləməsi, səlis nitq mədəniyyəti bir çoxlarına bəlli idi. Sən demə, bizim maestronun pəsdən gözəl oxumağı da varmış…
Niyazinin, Azərbaycan xalq musiqisinin notlaşdırılma qaydalarına dair bir görüşünü də yaxşı xatırlayıram. Mə’lum olduğu kimi, şirin xallar, şaqraq zəngulələr və intonasiya xırdalıqları Şərq musiqisinin əsl cövhərini təşkil edir. Bunu nəzərə alaraq, maestro ümumən qəbul edilmiş melizm işarələrinin (trel, mordent, forşlaq) «quru» not yazılarına əlavə edilməsinə mənfi münasibət bəsləyər və hər bir ayrıca ifanın bənzərsiz fərdi xüsusiyyətlərini dəqiq notlarla əks etdirilməsini zəruri hesab edərdi. O, belə bir yazı texnikasına artıq 30-cu illərdə Bülbülün oxumasından yazdığı xalq mahnılarından nail olmuşdu.
Nə isə, onun şirin söhbətlərinə heyranlıqla və səssiz-səmirsiz qulaq asırdım – vahiməsi çox güclü idi. Sonradan, heç bir qeyd aparmadığıma, heç bir sual vermədiyimə yaman peşman oldum. Bu məsələnin bütün əhəmiyyətini və incə detallarını həddindən artıq gec anladım və meydana çıxan müxtəlif suallara indi özüm cavab axtarmalı oluram: «Niyazi Lənkəranda xüsusi ekspedisiyadamı olmuşdu, yoxsa elə belə gəzməyə getmişdi? Bu səfərə təkmi çıxmışdı, yoxsa onu başqa həmkarları da müşayiət edirdi? Folklorun toplanılmasında fonovaliklərdən istifadə olunurdu, yoxsa adi kağız-qələmdən? «Bir qədər aşağıya enmək» kimi müəmmalı sözlər nə demək idi?».
Son ifadənin əsl mə’nasını sadə xalq kütlələri ilə əlaqə yaratmaq kimi yozmaq olardı. Digər tərəfdən, «aşağıya enmək» həmçinin Lənkəranın yerləşdiyi cənub istiqamətini də göstərə bilərdi. Hər halda həmin sözlər sahə araşdırmalarının zəruriliyini vurğulayırdı.
Yuxarıdakı ilk iki suala cavabı isə qiymətli mənbədən tapdıq. Elmi Tədqiqat Musiqi Kabinetinin (NIKMUZ) Qarabağda 1932-ci ildə təşkil etdiyi ilk folklor ekspedisiyasından bir il sonra «xalq yaradıcılığını yazıya almaq məqsədi ilə Niyazi Lənkəran və Masallı rayonlarına e’zam olunur» (6.86). Əlyazmalardakı qeydə əsasən həmin hadisə 1934-cü ilin əvvəlində (yə’ni, 1933-1934-cü tədris ilində) baş vermişdi.
Beləliklə, aydınlaşdırmağa çalışdığımız bu məsələ həm də ona görə böyük əhəmiyyət daşıyır ki, Niyazinin folklor toplamaları ET Musiqi Kabinetinin geniş miqyaslı işi ilə bilavasitə bağlı olmuş və onun indiyə qədər qaranlıq qalan səhifələrinə də işıq salır.
Bununla əlaqədar olaraq xüsusi qeyd olunmalıdır ki, çox vaxt kabinetin həqiqətən geniş fəaliyyəti barədə haqlı olaraq bol-bol tə’riflər söylənilsə də, onların arxasında dayanan real fakt və göstəricilər qətiyyən yetərli olmur. Adətən belə hesab edilir ki, bir sıra not nəşrləri (xalq mahnılarının ikicildliyi, 4 Dəftər aşıq havacatı, rəng və oyun havaları) həmin fəaliyyəti kifayət qədər əks etdirir.
Əslində isə, XX əsrdə Azərbaycan musiqi folkloru nümunələrinin toplanılmasında ET Musiqi Kabineti qat-qat böyük işlər görmüş və yuxarıda sadaladığımız not məcmuələri Bülbül, Q.Qarayev, C.Hacıyev, Z.Bağırov, T.Quliyev, M.S.Ismayılov və başqalarının əzmkar kollektiv əməyinin yarısını da (bəlkə də heç dörddə birini də) əhatə edə bilmir. Belə bir vəziyyətin əsas səbəblərindən birini 30-cu illərdə keçirilmiş 6 folklor ekspedisiyasına aid materialların və not yazılarının dağınıq düşməsi ilə, bə’zən də itib-batması ilə izah etmək olar (Böyük Vətən müharibəsi illərində Konservatoriyanın binasında hərbi hospital yerləşmişdi). Buna görə də Niyazinin Lənkəran ekspedisiyasının və başqa not yazılarının izinə düşmək, müvafiq fakt və sənədləri tapıb diqqətlə araşdırmaq tələb olunur.
Bəs, mənzil-muzeydə saxlanılan əlyazmalar nələrdən «danışır». Bunun üçün ilk növbədə onların qısa tekstoloji şərhini verək.
Bütün xalq musiqi nümunələri qoşa not vərəqlərinə yazılmışdır. Onlardan bir qismi iç-içə qoyularaq nisbətən çox sayda mahnıları ehtiva etməklə bir növ Dəftər (işçi qaydada) əmələ gətirir. Üzərində «Lənkəran, 1934» qeydi olan I dəftərdə 10, II dəftərdə (tarixsiz) 11, 4 ayrıca vərəqdə isə 6 el havası yazılmışdır. Həmin nümunələrin hamısı (cəmi 27) tam və ya yarımçıq, söz mətni ilə və ya mətnsiz, bir dəfə və ya təkrarən yazılmasından asılı olmayaraq, biz tərəfdən siyahıya salınmışdır. Bu da onların, gələcəkdə tapılaraq müvafiq faktlarla tutuşdurula bilməsi üçün edilmişdir.
Bütün əlyazmalarda rast gəldiyimiz qısa qeydlər və ayrı-ayrı sözlər rusca aparılsa da, nümunələrin adları orijinalda saxlanılmışdır. Çox maraqlıdır ki, həmin məqsədlə I Dəftərdə (Lənkəran dəftərində) latın, II Dəftərdə isə kiril əlifbasından istifadə olunmuş və beləliklə də, sonuncunun 1936-cı il mə’lum əlifba islahatından sonra, yə’ni ekspedisiyadan sonra yazılması və ya köçürülməsi aydınlaşır.
I Dəftərin iki nümunəsi ilə əlaqədar Aşağı Nüvədi («Çoban havası») və Astara («Vallah şirinəm») kimi yer adlarının hərəsinin cəmi bir dəfə göstərilməsi belə qənaətə gəlməyə tamamilə kifayətdir ki, ekspedisiya öz işini Lənkərandan başqa kəndlərdə və qonşu rayonda da aparmışdır (yuxarıdakı sitatda qeyd olunmasına baxmayaraq, o vaxtlar Niyazinin Masallıda da işləməsi hələlik sənədlərlə təsdiq olunmur).
|