ÅÒÍÎÌÓÑÈÃÈØÖÍÀÑËÛÃ
MIRZƏ FƏRƏC
HAQQINDA XƏTIRƏLƏRIM

Ruqiyyə RZAYEVA
Search

ÅÒÍÎÌÓÑÈÃÈØÖÍÀÑËÛÃ
BÜLBÜLÜN
III-cü AŞIQ QURULTAYINDAKI
MƏRUZƏRI 1961-ci IL

.
AZƏRBAYCAN MUSIQŞÜNASLARININ
TƏDQIQATLARINDA XALQ MUSIQISININ
JANR TƏSNIFATI

Yeganə ƏSƏDOVA
AZƏRBAYCAN XALQ
MUSIQISININ TOPLANILMASI VƏ
YAZIYA ALINMASINDA NIYAZININ ROLU

Fəttah XALIQZADƏ
MIRZƏ FƏRƏC
HAQQINDA XƏTIRƏLƏRIM

Ruqiyyə RZAYEVA

 


REDAKSIYADAN

       Azərbycan musiqi tarixinin açılmamış səhifələri yalnız arxivlərdə, mətbuat materiallarında yox, həm də ayrı-ayrı maraqlı insanların, yaşlı nəslin nümayəndələrinin yaddaşında, xatirələrində yaşayır. O yaddaşı oyatmaq, xatirələr «dəftərini» səhifələmək musiqimizə dair neçə-neçə dəyərli faktların aşkarlanmasına səbəb ola bilər. Bu məqsədlə də Ruqiyyə xanım Rzayevanın bütün Şərqdə tanınmış məşhur muğam bilicisi, tarzən Mirzə Fərəc haqqında maraqlı xatirəsini oxuculara təqdim edirik. Bir vacib məqamı da diqqətə çatdırırıq ki, Ruqiyyə xanım Mirzə Fərəcin nəvəsidir və onun öz babası haqqında indiyə qədər maraqlı kitab və məqalələri çap olunub. Bu xatirəsi isə ilk dəfədir bütöv şəkildə çap olunur. Onu redaksiyamıza sənətşünaslıq namizədi, musiqişünas-alim Sənubər Bağırova təqdim etmişdir.



GIRIŞ

       Yurdumuzun başqa dilbər guşələri kimi Abşeron torpağının da bir çox görkəmli musiqiçiləri olmuşdur.
       Bakıda musiqi ənənələri Abşeron torpağının qədim mədəniyyətindən irs qalmışdır.
       Memar Davud Axundov müəyyən etmişdir ki, eramızdan əvvəl VII-V yüzillikdə Bakıda, dəniz kənarında yaxın Şərqdə məşhur olan atəşpərəstlik məbədləri fəaliyyət göstərmişdir. Onlardan ən əzəmətlisi Bakıdakı «Qız qalası»dır. Vaxtilə bu məbədin kəlləsində yerləşmiş yeddi qülləsində yeddi rəng alov yanırmış. Müəllif əsərində göstərir ki, bu Abşeron məbədləri e.ə. IX-VII əsrlərdə Midiya, Xarəzm və Abşeron ustaları tərəfindən tikiləndən sonra Hindistan, Midiya, Babilistan və Xarəzmdən gələn atəşpərəst zəvvarların müqəddəs ibadətgahı olmuşdur.

       Qardaşım Nəsir Rzayevin «Möcüzəli qərinələr» kitabında oxuyuruq (Azərnəşr, 1984, səh. 35): «Ədəbiyyatdan məlumdur ki, Avesta qanunlarına əsasən kahinlər mehrabda yanan müqəddəs odun işığında qurban (nəzir) vermə ayini keçirərkən əllərində müqəddəs baresma çubuqları tutduqları halda, allahın və dünyanın yaradılması haqqında himn, mahnı oxuyurmuşlar.

       Məbədlər təşkil olunan vaxtlarda (e.ə. X-VII əsr) məbəd kahinlərinin – maqların Avesta poemalarının şerlərinə üyğyn şəkildə yaratdıqları melodiyalar və bu məqsədlə yenidən işlədikləri və istifadə etdikləri xalq havaları muğamların ilk, arxaik formalarını təşkil etmişdir. Belə kahinlərin məbəd fəaliyyəti Sasani dövründə də VII əsrə qədər davam etmişdir.

       Atəşpərəstlərin qanunlar külliyyatı olan Avestanın ilk dəfə folklardan yazıya köcürülməsində (e.ə. V əsr), Makedoniyalı Iskəndərin Avestanı yandırandan (e.ə. IV ə. əvvəli) sonra, I-II əsrlərdə, Iranın Pəhləvi padşahlığı vaxtında onun yenidən bərpa edilməsində və nəhayət, Sasani padşahları dövründə Avestanın bərpa və tərcümə edilməsində maqların görkəmli xidmətləri olmuşdur.

       Azərbaycanda atəşpərəstlik məbədlərində kahinlər – maqlar, Avestanın poemalarını və eləcə də yaratdıqları ilk melodiyalarını böyük həvəslə təbliğ etmişlər. Maqların belə poetik musiqi yaradıcılığı atəşpərəstlik məbədlərində, ancaq VII əsrə qədər, ərəblərin hərbi yürüşlərinə qədər davam etdirilə bilərdi.

       Ərəblərin istilası dövründə, yeni musəlman ideologiyasına uyğun gəlməyən atəşpərəstlik məbədləri dağıdılır və atəşpərəstlik ideyalarının təbliği qadağan edilir. Bununla əlaqədar olaraq, vaxtilə öz məbədlərində səslənmiş musiqi əsərləri, yeni şəraitdə, müsəlman dini mərasimlərində, toy və bayramlarda istifadə edilir, dünyəvi xarakter qazanır, dini amillərdən azad olub müstəqilləşir, xalq yaradıcılığına, folklora çevrilir.

       XVII–XVIII əsrlərdə musiqi mədəniyyətmiz inkişaf etdikcə musiqi formaları iriləşir, böyüyür, orta əsrlərdə müstəqil formada olmuş kiçik musiqi formaları, bu dövrdə janr etibarilə birləşdirilərək iri kompozisiyalı muğam dəstgahları yaradılır. Bu inkişaf XIX əsrdə özünün ən yüksək zirvəsinə çatır»1.

       Muğamlar dini-fəlsəfi cərəyanlar ilə bağlı olduğu üçün şəhər mədəniyyətinin ayrılmaz bir hissəsini təşkil etmiş, şəhərlərin inkişafı ilə, ideoloji görüşlərin tərəqqisilə həmahəng qol-budaq atmış, mürəkkəbləşmişdir. Bütün bu mülahizələr imkan verir ki, Marağa, Şiraz, Səmərqənd kimi Bakı şəhərinə də qədim musiqi mərkəzlərindən biri kimi baxaq. Bakı Yaxın Şərqdə musiqi xadimlərini özünə cəlb edən, musiqini ünsiyyət, mədəni əlaqələr vasitəsinə çevirən, kahinlər, dərvişlər, xalq aktyorları, çalğıçılar, xanəndələr, ruhanilər vasitəsilə musiqi mədəniyyətini təbliğ edən, onu digər kənd və şəhərlərimizdə də yayan bir mərkəz olmuşdur.

       Bakıda Mirzə Fərəc, Mansur Mansurov, Həsən Əliyev, Əhməd Bakıxanov kimi ustad tarzənlərin, Nardaranda XIX əsrin sonu – XX əsrin əvvəlində yaşamış Nağdəli, Kəblə Mirzağa, Maştağada Kəblə Hüseyn Hüseynov, Mirhəsən (Güləhmədin babası), sonra da Güləhməd kimi xalqın sevimlisinə çevrilmiş xanəndələrin yetişməsi göstərir ki, bu torpağın çox qədim musiqi tarixi, musiqi mədəniyyəti olmuşdur.

       Indi də Nardaranda və Maştağada muğam həvəsi kütləvi xarakter daşıyır. Bu, nəsildən-nəslə keçərək dövrümüzə qədər gəlib çıxmış böyük bir musiqi mədəniyyətimizin təzahürüdür. Indi Nardaranda fəaliyyət göstərən ədəbi musiqi məclisi o irsi davam etdirir. Onlara bu yaradıcılıq yollarında müvəffəqiyyətlər arzulayaq.

       Bakıda vaxtilə Mansurovlar ailəsində keçən musiqi məclisləri öz yaradıcılıq meylləri etibarilə müstəqil və orijinal bir musiqi məktəbi idi. Bu məktəbin Mirzə Fərəc kimi qüdrətli tarzəni, gözəl zil səsilə dinləyiciləri məftun edən Ağasəid oğlu Kəblə Ağabala kimi məşhur xanəndəsi vardı.

       Heç təsadüfi deyil ki, Mirzə Mansur Məşədi Məlik oğlu özünün Mirzə Fərəcin şagirdi olmasıyla fəxr edib öyünürdü və bütün yaradıcılıq məsələlərində onunla məsləhətləşirdi.

       Inqilabdan əvvəl fəaliyyət göstərmiş musiqi məclislərinin ayrı-ayrı yaradıcılıq xüsusiyyətlərini müəyyənləşdirmək, bu məclislərlə bağlı olan ustad sənətkarların hamısını ortaya çıxarmaq, onların əsl qiymətini vermək musiqisevərlərin ürəyindən olardı.


1. MIRZƏ FƏRƏC VƏ AILƏSI

       Babam Mirzə Fərəc 1847-ci ildə mart ayının 15-də Bakıda, Içəri şəhərdə anadan olmuşdur. Onun atası Rza, anası Mülkcahan idi. Onların hər ikisi çox cavan vaxtlarında vəfat etmişlər.

       Babamın ailəsi Içəri şəhərdə (Qız qalasının yaxınlığında) öz bibisi ilə bir küçədə yaşamışdır. Çox mehriban olmuşlar. Sonralar onların yaşadığı evlər Içərişəhərin yenidən qurulması ilə əlaqədar olaraq sökülmüşdür.

       Babamın bibisigil Içəri şəhərdən daha erkən çıxmışlar, Bayır şəhərdə yer alıb bina tikdirmişlər. Indiki Bəşir Səfəroğlu küçəsi, ev ¹ 135. Orada indi də yaşayırlar.

       Babamın bibisi Ümüleyla, onun əri Imamverdi, qayınatası isə Məmməd Bağır idi. Qayınatasının adı ilə əlaqədar olaraq bibinin ailəsi Bağırzadə familiyasını qəbul etmişdir. Bu ailədə o vaxt ən görkəmli şəxsiyyət bibinin oğlu olan Fəramərz idi. O, zəmanəsinin qabaqcıl ziyalısı, mütərəqqi ideyaların yolçusu, böyük hörmət sahibi olan ruhani başçısı idi. Odur ki, xalq ona Axund Ziya adı vermişdi. Içəri şəhərdə hamı ona bu adla müraciət edər və tanıyardı. (1872-ci ildə Içəri şəhərdə doğulub, 1952-ci ildə vəfat etmişdir).

       Fəramərzin qızı Aliyə xanım xatırlayıb deyirdi ki, hər axşam atamın yanına çoxlu adamlar gələrdi. Evimizdə Şərq mədəniyyətilə maraqlananların məclisi keçirilərdi. Atam gördüklərindən, oxuduqlarından nəql edər, suallara cavab verərdi. Mən evin kiçik qızı olduğumdan şam yeməyi aparıb, süfrəni düzəltmək və yığmaq mənə həvalə olunardı. Bu, mənim hər axşamkı vəzifəm idi.

       Həkim, akademik, professor Mirzəməsi Nəzirov 1969-cü ildə «Elm və həyat» jurnalının 3-cü nömrəsində dərc olunmuş xatirəsində yazır ki, «Real məktəbində» Axund Fəramərz bizə şəriətdən dərs deyərdi. Dərsin ancaq adı şəriət dərsi idi. Əslində Bağırzadə zərrə qədər də axunda oxşamırdı. O, bizə dərs zamanı türk və Şərq ədəbiyyatından, şərq fəlsəfəsindən danışardı. Məndə Nizamiyə, Füzuliyə, Hafizə, Ömər Xəyyama, Sədi Şiraziyə qarşı məhəbbəti o yaratmışdır».

       Axund Fəramərzin tələbələrinin bir çoxu indi adlı-sanlı elm xadimləridir. Onlardan akademik, memar Mikayıl Hüseynovu, memar Sadıq Dadaşovu, memar Ənvər Qasımzadəni, professor Mirzəməsi Nəzirovu və başqaların göstərmək olar.

       Babamın ata-anası tez vəfat edir, onların üç oğlu (böyük oğul – Nəsir, ortancıl oğul – Fərəc, kiçik oğul Əsəd) və bir də qızı (Ağabacı) yetim qalır. Bayır şəhərdə yaşayan dayıları Xəlil Qasımzadə yetim qalmış uşaqların Içəri şəhərdəki evlərini satıb onları öz evinə (indiki Qasım Ismaylov, 78) gətirir və öz himayəsinə alır.

       Xəlil dayı doqquz yaşlı Fərəçi gələcəkdə ruhani etmək məqsədilə məhəllə mollaxanasına qoyur. Ancaq molla görür ki, bu uşaqdan ruhani olmayacaq. Uşaqlar mollaxanada dərs keçdikləri vaxt küçədən musiqi səsləri eşidilən kimi Fərəc hər şeyi unudub tez pəncərəyə qalxırdı. Mollanın dedikləri qulağına girməzdi. Odur ki, Fərəcin bu «yaramaz» hərəkətlərindən cana gələn molla onun dayısını çağırıb: «Bundan ruhani olmaz, apar qoy çalğıçı olsun», demişdi. Görünür, molla heç də səhv etməmişdi.

       Babamın ana tərəfi isə musiqiçi nəsli olmuşdur. Belə ki, Azərbaycan SSR xalq artisti Əhməd Bakıxanovun atası Məmmədrza bəy Bakıxanov babamın doğma xalası oğludur. Xalası qızı Nazənin isə toylarda qaval-nağara çalırmış. 0,9 yaşlı Fərəcdə musiqiyə olan son dərəcə böyük marağı görüb qadın toy məclislərinə gedərkən onu da özü ilə aparıb qoşa nağarada çalmağı öyrədir. Beləliklə, Fərəc daxili tələbat nəticəsində arzusunda olduğu musiqi dünyasının astanasına qədəm qoyur.

       Bu qədəm isə onun üçün çox uğurlu olur. Bu, on dörd yaşına qədər davam edir. Bundan sonra o artıq qadın məclislərinə gedə bilməzdi. Gözlənilmədən tale Fərəcin üzünə gülür. Təsadüf elə gətirir ki, 1860-62-ci illərdə Şirazlı Əli 5 simli tarilə Bakıya gəlir. Çox böyük istedad sahibi olan Fərəc tez bir zamanda Əlidən tarda çalmağı öyrənir. (Onun bir neçə şagirdi olur.) Beləliklə, Fərəc öz qismətini tapır, ona ürəklə bağlanır. Yaxşı çalandan sonra atamın tərcüməyi-halında yazdığı kimi, 5 simli tar onu artıq qane etməyir. O, tara 6-cı sim salır. Və özü tar düzəltməyə başlayır2.

       Sonralar Sadıqcan tarı daha da yeniləşdirir, simlərini on birə çatdırır.
       Babam çox gec – 40 yaşında evlənir. O, bunun səbəbini belə izah edirdi: «Qadın gül kimi zərif məxluqdur, onun gərək gül kimi də nazını çəkib saxlayasan. Əgər bunu edə bilməyəcəksənsə, onda heç evlənmə.»
       O vaxtlar babamgilin qonşuluğunda Maştağadan köçüb gəlmiş Ruqiyyəxanım adlı bir qadın üç qızı ilə – Səadət, Pəri, Güləndam – yaşarmış. Babam çox gözəl, sarışın, göygöz olan Güləndama vurulur. Iki böyük bacı ərə gedəndən sonra onu nişanlayır və anasilə bərabər himayəsinə alır. 1885-ci ildə kəbin kəsilir (kəbin kağızı Tarix muzeyinin elm şöbəsində saxlanılır).

       Babam evlənəndən sonra bir müddət dayısı Xəlilin evində yaşayır.
       Bir gün nənəm Güləndam evdə tək imiş, divarın o biri tərəfindən qonşunun həyətindən fala baxan qaraçını dövrəyə alan qadınların səs-küyü eşidilir. Divarın dibində olan dərin quyunun üstünə çıxır ki, onlara baxsın, ayağı sürüşür, yıxılır quyuya, möhkəm əzilir, diz qapağı qopur, yaxşı ki, suda boğulmur, su az imiş. Sonra babam daha bu həyətdə qalmayıb. Bu evin sağ tərəfində təzə bir ev tikdirir. Iki otaqlı bu evi gecə başlayıb səhərə qədər qurtarırlar (o vaxt belə bir qayda vardı ki, icazəsiz tikilmiş evin hörgüsü başa çatmışsa, onu sökmək olmazmış). Onlar bu evdə də az yaşayırlar Babamın xoşuna gəlməyir. Küçə qapısı balaca dalana açılır. Az sonra üzbəüz tində Aşağı priyut küçəsi 99/101 (indiki S.Rəhimov,95) evi tikdirir. Evin iki küçə qapısı olur, küçəyə dörd pəncərəsi, altı otaq və bir mətbəxdən ibarət. Bu evdə babamın altı nəvəsi dünayaya gəlir. Bir qədərdən sonra babam qardaşı Nəsir üçün bu evdən iki ev yuxarı həmən cərgədə (S.Rəhimov.89) ev tikdirir. Ev planda üç mərtbəli olmalı idi. Həmən evdə baba mın qardaşı arvadı Pərixanım (həm də baldızı idi) yaşayır. O vəfat edəndən sonra biz yaşamışıq.

       Mirzə Fərəc ömür-gün yoldaşı Güləndamı çox əziz saxlayır. Görür ki, gözəl səsi var, ona muğamları oxumağı öyrədir. Nənəm Seyid Əzimin qəzəli ilə ən çox sevdiyi Bayatı-Şiraz muğamını özünə məxsus yanıqlı ifa edərdi. Qarabağ şikəstəsini isə onun kimi oxuyan tək-tək tapılardı.

       Babam uzaq səfələrldə tez-tez olarmış, onda nənəm bu sözləri oxuyarmış:

Saralanda heyvalardan sarıyam,
Qızaranda qızılgüldən alıyam,
Hamı bilir tar çalanın yarıyam
Yarı qürbətdə tək qalan canım.

Əzizim gecədən gedər,
Karvan gecədən gedər,
Gecə uzun, həmdəm yox
Zəhləm gecədən gedər.

       Nənəm yaşlı vaxtında da o günləri tez-tez xatırlayıb həmən bayatıları təkrar-təkrar oxuyardı.
       Nənəm nədənsə sarı rəngi çox sevərmiş. Babam onun üçün tez-tez sarı rəngdə zərli köynəklər tikdirər və zarafatla oxuyarmış:

Mən aşıq Güləndama
Şeh düşər gül əndama
Sarı köynək olaydım
Qonaydım Güləndama.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page