ÅÒÍÎÌÓÑÈÃÈØÖÍÀÑËÛÃ
MIRZƏ FƏRƏC
HAQQINDA XƏTIRƏLƏRIM

Ruqiyyə RZAYEVA
Search

ÅÒÍÎÌÓÑÈÃÈØÖÍÀÑËÛÃ
BÜLBÜLÜN
III-cü AŞIQ QURULTAYINDAKI
MƏRUZƏRI 1961-ci IL

.
AZƏRBAYCAN MUSIQŞÜNASLARININ
TƏDQIQATLARINDA XALQ MUSIQISININ
JANR TƏSNIFATI

Yeganə ƏSƏDOVA
AZƏRBAYCAN XALQ
MUSIQISININ TOPLANILMASI VƏ
YAZIYA ALINMASINDA NIYAZININ ROLU

Fəttah XALIQZADƏ
MIRZƏ FƏRƏC
HAQQINDA XƏTIRƏLƏRIM

Ruqiyyə RZAYEVA

 


       Babamdan sonra nənəm bu bayatıları oxuyardı. Deyərdi ki, ürəyim partlayır, bir çalın, oxuyub ürəyimi boşaldım. Indi müğənni Leyla Hüseynova oxuyanda mənə elə gəlir ki, nənəmin səsini eşidirəm.

       Nənəm aşıq havalarını və nağılları çox sevərdi. Babamdan xahiş edərdi ki, aşıqları gətirsin. Evimizə aşıq dəstəsi gələndə qonum-qonşu bizə yığışardı. Qadınlar bu kişilərdən yaşınmazdılar. (Səhv etmirəmsə aşıq Nəcəfqulu bizdə olub).

       Toydan-nişandan geri qalmayan nənəm tez-tez Tağıyevin teatrına, operaya gədərdi. Dostluq etdiyi kübar qadınlar (Hacı Şıxəlinin qızı, Hacı Zeynalabdinin arvadı) onun üçün lojaya bilet göndərərdilər. O vaxt qadınlar örtülü lojalarda oturardılar. Işıqlar sönəndə pərdəni açıb tamaşa edərmişlər. Nənəmin çox gözəl olduğuna, qəşəng geyindiyinə və həddən artıq sadə xasiyyətinə görə hamı onu sevir və tez-tez öz toy məcilslərinə dəvət edərdilər. Belə məclislərdən birində nənəm Xədicə xanım adlı bir qadınla tanış olur. Onun gözəl səslə oxuması, qəşəng oynaması nənəmi valeh edir. Odur ki, onunla dostlaşır və evinə dəvət edir. Bu qadın xalqımızın ən sevimli artisti, ilk «Məcnunu» olan Hüseynqulu Sarabskinin bibisi Xədicə xanım idi. Bu dostluq o qədər möhkəm olur ki, Xədicənin əri vəfat edəndən sonra evimizdə ona otaq ayırıb verirlər. Xədicə xanımın böyük oğlu Məmməd (Azərbaycan SSR əməkdar artisti Məmməd Sadıqov) və kiçik oğlu Sadıqla köçüb bizdə qalırlar.

       Nənəmin evdə on dörd dilli qarmonu vardı. Ancaq özü çala bilməzdi. Rəfiqələrindən Nərgiz adlı bir qadın onu yaxşı çalardı. Xədicə isə vaxtilə babamın xanəndəsi olmuş neft milyonçusu Mirtağı Mirbabayevin bizdə olan sədəfli qavalını çox gözəl çalardı. Şikəstənin birini o deyəndə, birini də nənəm deyərdi. Hərdən babamın o biri otaqdan bu gözəl yanıqlı şikəstə məclisinə qoşulub çalması indi də yadımdadır.

       Evdə belə şənliklər keçirilərkən Xədicə xanımın ürəklə oxuduğu «Uca dağlar qarlı dağlar başında» mahnısını elə bil indi də eşidirəm.
       Babam uca boy, sifəti bir qədər uzunsov idi. Saqqal qoymazdı, ancaq bığı vardı, ona yaraşardı. Burnu bir az böyük idi. Hərdən zarafatla deyərdi:

«Ağzım böyük olar, büzərəm,
Gözüm xırda olar, süzərəm,
Bu böyük burnumu harada gizlərəm…».

       Evin bütün qayğıların özü çəkərdi. Qoca vaxtında da atama ümid etməzdi, yeganə oğlunu çox sevdiyindən onu bütün işlərdən azad etmişdi. Çox yüksək zövq sahibi idi. Evə ucuz qiymətli qab-qacaq almazdı. Qonşuya dilək üçün getməyi heç sevməzdi. Ona görə də yüz nəfər qonağı təmin edəcək əşya almışdı. Hətta dondurma hazırlayan və kofe bişirən dəstimiz vardı.

       Binanın bir hissəsinin ayrıca küçə qapısı, dəhlizi, küçəyə açılan pəncərəsi olan böyük otağı, həyətə şüşəbəndi, su kranı və hər cür rahatlığı babama aid idi. Onun yanına gələn şagirdlərini, həmkarlarını orada qəbul edərdi. Otaqda bir divarın yanında çarpayı qoyulmuşdu, divardan tarı asılmışdı. Bir də stol qoyulmuşdu. Evdə bir neçə tarı vardı, özü düzəltmişdi. O vaxtlar tarı qara rəngli parçadan tikilmiş torbada gəzdirərdilər. Ancaq babam uzaq səfərlərə, rayonlara getmək üçün taxtadan tar üçün qutu düzəltdirmişdi. Ona qoyub ağzını qıfılla bağlardı.

       Babam evdə olanda əksər vaxtlarda çarpayıda uzanıb, rahat vəziyyətdə tarını sinəsi üstünə alıb mizrabsız çalardı. Mən onun barmaqlarına diqqətlə baxardım. Çox vaxt sağ əlini heç tara vurmazdı, mirzab işlətməzdi. Tarın qolu üzərində sol əlinin barmaqları ilə çalardı, özü də həzin-həzin. Mənim uşaq qəlbimi sızıldadardı. Hələ o vaxtdan bu sehrkar musiqi alətinin səsi, rəngarəng muğam sədaları məni ovsunlamışdı. Odur ki, cavanlıqda oxuyurdum da, çalırdım da. Babam sağlığında heç özüm də bilmirdim ki, mən nə üçün onunla belə maraqlanıram. Onun hər hərəkətini, gördüyü işi, danışığını izləyirdim. O, çox ağır təbiətli idi. Evdə heç güldüyünü görməzdim. Çox asta və az danışardı. Onun üzündə bəzi adamlar kimi zəhmliliyi yox idi. Elə bil həmişə gülümsəyirdi, bu halı ondan sonra qalan bir sıra fotoşəkillərdə də görürəm. Ən qoca xəstə vaxtında ömrünün axırında çəkdirdiyi şəkildə də gülümsəyir. Görünür, həyata çox nikbin baxırmış. Çox vaxt əlində bir parça qara mumu növbə ilə iki ə lində barmaqları ilə əzərdi. Mən sonralar başa düşdüm ki, o adi mum yox, müalicəvi mum imiş. Onunla barmaqlarında toplanmış duzları əridərmiş. Odur ki, çaldığı tarın səsi çox dolğun və qüvvətli çıxardı. Mən pəncərədə oturub küçəyə baxardım, ancaq bütün fikrim onda olurdu. Səhər tezdən yuxudan oyanan kimi babamın otağına gələrdim. O, mehriban gözlərilə mənə baxardı. Biz bir-birimizi səssiz-sözsüz başa düşərdik. Onu heç tək qoymazdım. Istərdim ki, nənəm kimi o da məni qucağına alsın, oxşasın. Ancaq yox, o elə etməzdi. Mən onu elə onsuz da çox sevirdim. Indi də bu yaşda yadıma düşəndə burnumun ucu göynəyir, gözlərimdən yaş axır. Babam və nənəm mənim üçün ən ülvi, müqəddəs və qiymətli adamlar idi.

       Babam çox səliqəli geyinərdi. Cavanlığından qalmış şəkillərindən bunu aydın görürəm. Bununla əlaqədar bir söz yadıma düşür. Bir dəfə evdə söhbət əsnasında bir tanış adamın heç görünmədiyini söylədilər. Babam tez dedi: «O çarşab-başmaqsızlıqdan evdə oturub.» Bunu hamı başa düşdü və güldü. O, yaşlı vaxtında da səliqəli idi. Alt ağ köynəyinin üstündən yaxası örtülü, beldən aşağı büzməli don geyərdi. Üstündən belinə ensiz belbağı taxardı. Onun üzərində isə gümüşdən ya da qızıldan toqqaları və ucluğu olardı. Saatın qızıl zənciri sağ tərəfdə bənd olunardı. Bu qızıl, gümüş bəzək onun qədd-qamətinə necə də yaraşırdı. Uşaq vaxtında bir qədər papaqçı yanında şagird olub papaq tikməyi də öyrənmişdi. Odur ki, sonralar həmişə atam və özü üçün cürbəcür qaragül dərisindən papaqlar tikərdi. Çeçələ barmağında sağ əlində böyük bir firuzə qaşlı üzük var idi. O, donun üstündən uzun çuxa geyərdi. Çuxa belinə kip oturardı. Yaxası açıq olduğundan saatın qızıl zənciri görünərdi. Bu çuxaların bəziləri vəznəli, bəziləri vəznəsiz olardı. Qış vaxtı çuxanın üstündən içərisi qiymətli xəzdən olan mahud palto geyərdi. Pis havalarda papağın üstündən başına başlıq taxıb uclarını boynuna dolardı. Çəkmənin üstündən isə mahuddan üzlük taxardı.

       Evimizdə nahar və şam yeməyi nənəmin otağında təşkil olunardı. Bu otaq şərq qaydası ilə döşənmiş, səliqəli otaq idi. Burada masa, səndəl yox idi. Xalça üzərində döşəklər düzülmüşdü, yerə böyük qələmkar süfrə salınardı (qələmkar – üzərində ortada böyük butalar, kənarlarda isə cərgə ilə kiçik butalar həkk olmuş göy və açıq qırmızı rəngində bəzənmiş süfrə.) Bizdə vardı. Süfrə çox səliqəli olmalı idi. Göyərti və qatıq, bir də içərisinə albuxara tökülmüş şərbət dolçası mütləq öz yerində olurdu.

       Ən əvvəl babam gəlib baş tərəfdə özünün daimi yerində oturardı. Sonra nənəm, atam, anam və axırda biz uşaqlar gələrdik. Babam bir süfrəyə göz gəzdirib, «bismillah rəhmanu rəhim» deyərdi və çörəkdən kəsərdi. Ondan sonra hamımız o deyəni təkrar edib yeməyə başlardıq. (Orucluq vaxtı isə o bərkdən dua oxuyardı, ona iftar duası deyərdilər, hamımız qulaq asırdıq, nənəm, atam, anam Quranı oxuduqlarına görə bu duanı bilirdilər, ürəklərində təkrar edirdilər. Qurtardıqdan sonra «bismillah» deyərdilər). Nənəmin isə öz qarşısında atası Yarməmməddən ona yazılı üstü hədiyyə olmuş mis birəllidə (bir qulplu) su olmalı idi. Mis suyu çox sərin saxlayır. Birəllinin üstündə yazılıb: «Sahib Yarməmməd 1286» (hicri ilə). Miladi tarixi ilə 1865-ci il. Bu mis qab evdə əzizlənib saxlanılır, atamın babasından yadigar kimi.

       Yemək zamanı tam sakitlik olardı heç kəs danışmazdı. Nahar qurtaranda yenə də əvvəlcə babam «əlhəmdullah» deyib durardı, sonra da biz durardıq.
       Püstə, badam, qoz, ləbləbi, qara kişmiş, innab isə babamın gündəlik, çərəz yeməyi idi. Bəlkə elə ona görə də səksən yaşında vəfat edəndə bütün dişləri yerində idi, gözləri də yaxşı görürdü. Heç vaxt eynək taxmırdı. Əti çox sevməzdi. Qutab bişirəndə isə çox az miqdarda əti əvvəl yağda qovurub, sonra qutabın içərisinə qoyardılar. Ayranı, şərbəti, istgancəbisi, çayı çox sevirdi (ancaq kəmşirin).

       Babam küftə və piti bişirmək üçün bir saxsı küvəc almışdı, bir də palçıqdan kürə düzəltdirmişdi. Kürənin içərisinə kömür töküb yandırardılar. Kömür qızaranda küvəci kürənin üstünə qoyub yavaş odda xörəyi bişirərdilər. Zəfəranlı xörəyin ətri hər tərəfə yayılardı. Bununla əlaqədar etdiyim bir qəbahət indi də yadımdadır. Bir dəfə qardaşım Nəsirlə savaşdıq. Mən arxada yanan kürəyə toxundum. Üstündəki küvəc yerə yıxıldı və sındı. Xörək yerə dağıldı. Babamdan qorxub tez dəhlizə qaçdım. O arxamca gəldi. Mən divara qısılıb tir-tir əsirdim. Möhkəm döyüləcəyimi gözləyirdim. Babam mənə yaxınlaşıb qolumdan tutub məni dolandırdı. Əlimi, ayağımı yoxladı, dərindən bir nəfəs alıb başımı tumarladı. Heç bir kəlmə də söz deməyib sakitcə getdi. Bu hadisədən sonra mənim babama qarşı olan məhəbbətim birə yüz artdı. Sonralar bildim ki, babam nə qədər alicənab insan imiş.
       Ailədə nəvələrin sayı artdıqca onun fərəhi dünyaya sığmayırmış. Babam deyərmiş:

«Ağabacı başımın tacı
Ruqiyyə xanım, sənə qurban bu canım».

       Doğrudan da, elə Ağabacı onun başının tacı oldu. O, ən yaxşı cəhətlərini – xasiyyətini, ağayanalığını, istedadını ilk nəvəsinə verib getdi.

       1919-cu ildə sentyabr ayında ilk oğlan nəvəsi dünyaya gəlir, böyük qardaşının adını ona verir – Nəsir. 1921-ci ildə isə ikinci oğul nəvəsi olur. Bu dəfə yenə ikinci qardaşının adını ona verir – Əsəd.

       Bizim evdə qoz ağacından bir yaraşıqlı beşik vardı. Hamımızın körpəliyi bu beşikdə keçmişdi. Bir də qırmızı rənglənmiş yüyürük vardı. Beşik nənəmin otağında qoyulardı. Biz nəvələr onun şirin muğamlar üstündə avazla oxuduğu laylalarını dinləyərək həyatı dərk etməyə başlamışıq. Bir dəfə qaçaraq nənəmin otağına girdim. Ancaq adət etdiyim kimi beşiyin yanında nənəmi yox, babamı gördüm. O yerdə, döşək üstündə oturub əlində qoltuq sazı (cürə saz) həzin-həzin çalırdı. Beşikdəki uşaq ağlamırdı. Gözlərini zilləyərək babama baxır, gözəl səsi anlayırmış kimi qulaq asırdı. Babam elə bil özü də sehrlənmişdi. Heç mənim içəriyə girməyimi də hiss etməmişdi. O, ancaq sevimli oğlan nəvəsinə həsrətlə baxırdı. Gözləri gülürdü. Onun bu sevgisini, ürək dolu fərəhini, arzusunu əlindəki sazın qolu üzərində ehmalca gəzdirdiyi pərdələrdən axıb gələn bihuşedici melodiyalar bəyan edirdi. Gözləri yaşarmışdı. O ağlayırdımı? Əlbəttə, yox! Bu, sevinc göz yaşı idi.

       Babam evdə tar çalanda adətən balaca döşək üstündə oturar, bardaş qurardı, kürəyini isə mütəkkəyə söykərdi. Onun həzin təranələri mənim uşaq qəlbimi sehrlərdi, qulaq asmaqdan yorulmazdım. Odur ki, həmişə onun yanında olmağa çalışardım. Məhz buna görə də nəvələr içərisində ancaq mən onu yaxşı tanıyıb, yaddaşımda da əla saxlamışam.

       Babamın çox gözəl oxuyan balaca sarı bir bülbülü vardı. Onu qəfəsdə saxlardı. Geniş şüşəbənddə hava çox olduğundan bu qəfəs həmişə orada mıxdan asılardı. Hərdən qəfəsi açıb bülbülü buraxardı və tar çalmağa başlardı. Bülbül gəlib onun tarının kəlləsinə qonar, cəh-cəh vurardı. Çalğı dayanardı, bülbül isə hələ şövqlə oxuyardı. Babam çox məmnun halda gülümsərdi.

       Heç yadımdan çıxmır. Bir gün anamın nənəsi Mehsənəm bizə qonaq gəldi. Şüşəbənddə çarşabını götürüb heç fikirləşmədən qəfəsin üstünə atdı. Qəfəs ağırlığa davam gətirməyib yerə düşdü və bülbül dərhal öldü. Bu hadisə hamımıza, ən çox isə babama təsir etdi. O daxildən həddindən artıq əsəbiləşməsinə baxmayaraq, heç bir söz demədi, sevimli bülbülünü götürüb evə keçdi. Sonra evdən çox həzin bir muğam çalınmasını eşitdim. Babama yazığım gəldi. Ancaq o daha bülbül almadı.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page