ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
YARADICILIQ…
.
Search

ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
INTERNET SƏHIFƏLƏRINDƏ...

YARADICILIQ…
.
MÜSAHIBƏLƏR…
.
TƏHSIL...
.
GÖRÜŞLƏR…
.

 


       Professor V.Əbdülqasımov Konservatoriyada pedaqoji fəaliyyəti ərzində həm də tar ixtisasının təkmilləşdirilməsi və inkişafı, tədris repertuarının zənginləşməsi sahələrində çox əhəmiyyətli işlər görmüşdür. Onun pedaqoji metodika sahəsindəki işləri respublikanın hər yerində uşaq, orta ixtisas, ali musiqi məktəblərində tar ixtisası üzrə müəllimlərin tədris metodikası üzrə öz bilik və bacarıqlarını təkmilləşdirməsinə müsbət təsir göstərmişdir. Qeyd olunmalıdır ki, professor V.Əbdülqasımov 6 elmi-metodik broşüranın, xalq musiqisi və alətşünaslıq sahəsində dərs vəsaitlərinin müəllifidir. Onun zəngin təcrübə və biliyə malik müəllim kimi qiymətli metodik tövsiyələri, dərs vəsaitləri bu gün də öz əhəmiyyətini, aktuallığını saxlayaraq, müəllim və tələbələr tərəfindən istifadə olunur.

       V.Əbdülqasımovun pedaqoji fəaliyyətində önəmli yerlərdən birini onun tədris repertuarı istiqamətindəki qiymətli işləri tutur. Belə ki, Azərbaycan, rus və Qərb bəstəkarlarının müxtəlif janrlarda onlarla əsərlərini tar ilə fortepiano üçün işləyərək, uşaq, orta ixtisas və ali musiqi məktəblərində tar ixtisası üzrə tədris repertuarını zənginləşdirmişdir. Digər tərəfdən, bunu da mütləq nəzərə çatdırmalıyıq ki, Vaqif müəllim gərgin zəhmət sərf edərək, indiyə qədər təxminən 250 çap vərəqi həcmində partitura işləmişdir. O, müxtəlif ölkə və müxtəlif dövr bəstəkarlarının yüzlərlə əsərini xalq çalğı alətləri orkestri üçün işləmişdir. Partitura şəklində orkestrləşdirdiyi bu əsərlər həm orkestr repertuarının zənginləşməsinə səbəb olmuş, həm də indiyə qədər orkestrləşdirmədən vəsait kimi «xalq çalğı alətləri orkestri dirijorluğu» ixtisas fənnində istifadə olunur. Bu metodik işlər, bu tədris vasitələri bir daha təsdiq edir ki, Vaqif müəllim öz pedaqoji fəaliyyətini yalnız təcrübə üz ərində deyil, eyni zamanda elmi əsaslarla, müasir tədris-təlimin və pedaqogikanın tələbləri səviyyəsində qurmağı bacaran, daim özü üzərində işləyən, özünə böyük tələbkarlıqla yanaşan bir müəllimdir. Onun bu keyfiyyətləri gənc nəsil üçün olduqca dəyərli bir nümunədir. Nəhayət, pedaqoji nailiyyətləri haqqında bu faktları da nəzərə çatdıraq ki, onun tərbiyə edib yetişdirdiyi yüzdən artıq kadr arasında hazırda ifaçılar, musiqişünaslar, dirijor və bəstəkar kimi uğurla fəaliyyət göstərənlər var. On iki tələbəsi müxtəlif səviyyəli ifaçılıq müsabiqələrində qələbə qazanaraq, diplomlara, fəxri adlara layiq görülmüşlər. Yetirmələrinin bəziləri hazırda Konservatoriyada onunla birlikdə müəllim, dosent, professor kimi çalışırlar.

Müəllim üçün isə ən böyük xoşbəxtlik və ömür qazancı yetişdirdiyi tələbələr və onların uğurlarıdır. Bu mənada Vaqif müəllim xoşbəxt insandır.

       V.Əbdülqasımovun müəllimliklə yanaşı, elmi fəaliyyəti də təqdirəlayiq və uğurludur.        Professorun elmi işlər siyahısında 6 monoqrafiya (Azərbaycan, ingilis, türk, rus, fars dillərində), 100-ə qədər elmi məqaləsi vardır.

       V.Əbdülqasımov Azərbaycanda tar alətinin tədqiq olunması istiqəmində ilk ciddi elmi axtarışlar aparan və bu istiqamətdə elmə uğurlar gətirən ilk alimdir. O, 1990-cı ildə «Tarın Azərbaycan musiqi mədəniyyətində rolu» mövzusunda namizədlik dissertasiyasını Daşkənddə, H.H.Niyazi adına incəsənət elmləri Institutunda müdafiə etmiş və sənətşünaslıq namizədi elmi dərəcəsini almışdır. Musiqi alətinin xalqın etnik dünyagörüşləri ilə, mədəniyyət tarixi ilə, xalqın məişət və adət-ənənələri ilə sıx əlaqəsini nəzərə alsaq, adətlərimizin və musiqimizin tacı olan tarın tədqiq edilməsinin elmi əhəmiyyəti və aktuallığı bir daha aydınlaşar. Alimin bu istiqamətdə sonrakı illərdə apardığı tədqiqatlar nəticəsində «Azərbaycan tarı» adlı monoqrafiyası işıq üzü görmüş və elm aləmində tanınmış musiqişünas-alimlər tərəfindən müsbət rəylərlə qarşılanmış, kamil tədqiqat əsəri kimi qəbul edilmişdir. Bu əsərində müəllif ilk dəfə olaraq tar alətinin yaranma tarixi, tar sözünün etimoloji mənası, alə tin Şərq ölkələrində yayılması və istifadəsi, Azərbaycan tarının ifaçılıqda və tədrisdə tutduğu yer və rol, onun təkmilləşdirilməsi və müasir dövrdə istifadəsi, təbliğı – bu kimi tarixi və nəzəri məsələlərə ilk dəfə olaraq elmi aydınlıq gətirmiş və maraqlı mülahizələrlə, tapıntılarla çıxış etmişdir. Bu əsər doğurduğu müsbət reaksiyaya görə və tələbata görə xarici dillərə də tərcümə edilərək nəşr olunmuşdur. Demək olar ki, hazırda Azərbaycan tarını xarici ölkələrdə əcnəbi dillərdə layiqincə elmi şəkildə təbliğ edən ilk və yeganə monoqrafiya bu kitabdır.

       Vaqif müəllim Azərbaycan musiqi elmində ilk dəfə olaraq temperasiya nəzəriyyəsi ilə də məşğul olan alimdir. Dahi Üzeyir Hacıbəyovdan sonra tar alətinin temperasiyası və Şərq musiqisinin, o cümlədən Azərbaycan musiqisinin temperasiya xüsusiyyətlərilə bağlılığı problemi ilə elmi-tarixi və nəzəri şəkildə məşğul olan və Üzeyir bəyin bu istiqamətdə işlərini davam etdirən ilk mütəxxəssis məhz V.Əbdülqasımov olmuşdur. Doğrudur, Azərbaycan tarının temperasiya məsələləri ilə dünya şöhrətli musiqişünas-alim V.Belyayev də məşğul olmuş və bu sahədə müəyyən kitablar yazmışdır. Lakin onun bu mövzuda yazdıqlarının əksəriyyəti əlyazma şəklində qaldığından, Azərbaycanda kifayət qədər yayılmamışdır. Vaqif müəllim bu istiqamətdəki araşdırmaları sayəsində Azərbaycan elmində bu boşluğu doldurmuş, tarın temperasiyasını ilk dəfə elmi müstəvidə öyrənmiş və Azərbaycan tarının temperasiya özəllikləri barədə beynəlxalq elmi ictimaiyyətə lazımi informasiya verərək, musiqi tariximiz və nəzəriyyəm iz üçün dəyərli nəticələrin əldə edilməsini təmin etmişdir. Doğrudur, onun elmi işlərinə «sən musiqişünaslıq yox, tar təhsili almısan» iddiası ilə əsassız olaraq maneçilik yaratmaq və süni sədlər qoymaq istəyənlər də olubdur. Lakin, bu kimi stereotip təzahürlərə, əsassız iddialara Vaqif müəllim öz istedad və biliyi ilə, öz zəhməti və uğurlu nəticələri ilə daim qalib gəlmişdir.

       Vaqif müəllim 60 illik həyatını dəyərli, xalqımız üçün böyük və lazımlı işlərə sərf edərək, öz fəaliyyəti ərzində musiqi mədəniyyətinin inkişafında lazımi, əhəmiyyətli, böyük xidmətlər göstərmişdir. Bir sözlə, ömrünü ləyaqətlə, şərəflə yaşamışdır, gənc nəslə nümunə olan bir həyat sürmüşdür.

       Yubilyara olan təbriklərə biz də qoşulur, Vaqif müəllimə bundan sonra da öz dəyərli, gərəkli, qiymətli fəaliyyətində yeni-yeni uğurlar arzulayır, ona şəxsi həyatda xoşbəxtlik, ailə sevincləri, möhkəm cansağlığı diləyirik. Vaqif müəllimi yüz yaşasın! Bir də... o gün edilsin ki, Qarabağımız erməni işğalçılarından azad olsun və Vaqif müəllim ürəyində gəzdirdiyi o ağır kədərdən, o ağır faciədən birdəfəlik qurtulsun, üzü həmişə gülsün. Amin!

Ariz ABDULƏLIYEV

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page