ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
YARADICILIQ…
.
Search

ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
INTERNET SƏHIFƏLƏRINDƏ...

YARADICILIQ…
.
MÜSAHIBƏLƏR…
.
TƏHSIL...
.
GÖRÜŞLƏR…
.

 


ÖMRÜN SƏHIFƏLƏRI



       Xalqımız arasında müəllim həmişə müqqəddəs peşə hesab olunub. Xüsusilə musiqi müəllimi sənətin sirlərini açan, onun nəsildən-nəslə ötürülməsinə yardımçı olan istedadlı şəxslər kimi qiymətləndirilib.

       Yusif müəllim də bu adı şərəflə daşıyan insanlardandır. 50 illik ömrünün 30 ilini müəllimliyə həsr edən Yusif Vəliyev hal-hazırda Bakıdakı G.G.Şaroyev adına 35 saylı onbirillik musiqi məktəbinin müdiridir.

       Musiqi məktəbi Y.Vəliyevin həyatıdır – desək, səhv etmərik. Ona görə ki, o, bir neçə musiqi məktəbində müəllim və müdir vəzifəsində çalışıb, indi də bu vəzifədədir. Əlbəttə ki, bu, onun tərcümeyi-halının, əmək yolunun səhifələridir. Lakin buna onun işi, fəaliyyəti kimi baxmaq çox az olar. Çünki bu, həqiqətən də Yusif müəllimin həyatıdır. O, bütün biliyini, bacarığını qüvvəsini, vaxtını, diqqətini məktəbə, onun problemlərinin həllinə yönəldir. Və harda olursa-olsun, özünü bu qayğılardan kənarda təsəvvür etmir, daim bu fikirlə yaşayır.

       Yusif Vəliyevin sənətə gəlişi təsadüfi olmayıb. O, Qarabağ torpağında, Ağdamda doğulub boya-başa çatmışdır. Qarabağlıların musiqiyə meyli isə hamıya məlumdur. Yusifin atası musiqiçi olmasa da böyük muğam həvəskarı idi. Onların evində həmişə rayonun məşhur musiqiciləri toplaşardı. Çox zaman da sənətkarların adi söhbətləri əsil musiqi məclisinə çevrilərdi. Bu da, sözsüz ki, kiçik yaşlarından Yusifin yaddaşına həkk olunmuş, onun musiqiçi olmaq həvəsini qüvvətləndirmişdir. Onun bu həvəsini isə ilk görüb qiymətləndirən dayısı Mustafa Ismayılov olub. Uzun müddət S.Rüstəmov adına xalq çalğı alətləri orkestrində çalışan tarzən M.Ismayılov həm də böyük təcrübəyə malik pedaqoqdur. Elə kiçik Yusifin ilk musiqi müəllimi də dayısı olub.

       Sonradan Ağdam musiqi məktəbində tar ixtisası üzrə təhsil almağa başlayan Yusif respublikada tanınmış pedaqoq Lentruş Orucovun sinfinə təyin olunur. Artıq həmin vaxtlardan o, musiqiçi – tarzən olarcağını qərarlaşdırır. Elə musiqi məktəbində oxuyarkən də ilk ciddi sınaqdan keçir. 14 yaşında, 1966-cı ildə keçirilən gənc musiqi ifaçılarının respublika müsabiqəsinin laureatı olur.

       Sonralar musiqi təhsilini davam etdirmək məqsədilə o, Ağdam musiqi texnikumuna qəbul olunur. Burada da o, təcrübəli müəllimlərdən dərs alır. Muğamı o, gözəl muğam bilicisi, məşhur tarzən Məşədi Nəriman Mehrəliyevdən öyrənir. Tar ixtisası üzrə not məşğələlərini isə Aydın Mehrəliyevin sinfində keçir. Texnikumda oxuyarkən o, konsertlərdə, Ağdam musiqi texnikumunun «Şur» ansamblının tərkibində rayonlarda keçirilən tədbirlərdə iştirak edir, həmçinin, bu ansamblın Bakıda Dövlət Filarmoniyasında çıxışları olur.

       1970-ci ildə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına (indiki Bakı Musiqi Akademiyası) qəbul olunan Y.Vəliyev artıq professionallığa aparan yolun başlanğıcına qədəm qoyur. Burada o, tar ixtisası üzrə tanınmış tarzən-pedaqoq, professor Oqtay Quliyevin, orkestr dirijorluğu üzrə isə görkəmli bəstəkarımız, xalq artisti, professor Süleyman Ələsgərovun sinfində təhsil alır.

       Konservatoriyada təhsil illəri də Yusifçün yaddaqalan olub. Televiziyada tələbələrin konsertlərində çıxışları, konservatoriyanın tələbə xalq çalğı alətləri orkestrinin ifasında Ü.Hacıbəyovun «Koroğlu» uvertürasına dirijorluq etməsi, tələbə konsert briqadasının tərkibində rayonlara qastrol səfərləri, musiqi folkloru ekspedisiyasında iştirakı – bütün bunlar tələbəlik illərinin əlamətdar hadisələri, həm də onun üçün, bir növ, sənət təcrübəsi idi.

       Konservatoriyanı bitirdikdən sonra isə Yusif ifacılığı deyil, məhz müəllimliyi seçdi.

       1976-cı ildə o, Mədəniyyət Nazirliyi tərəfindən yeni yaradılmış Lerik uşaq musiqi məktəbinin müdiri vəzifəsinə təyin olundu. Beləliklə, Y.Vəliyev artıq müstəqil fəaliyyət yoluna qədəm qoydu və bu yol onun üçün uğurla başladı.

       Lerik musiqi məktəbində işlədiyi bir il müddətində Yusif müəllimin təşkilatçılıq qabiliyyəti özünü büruzə verdi. Demək olar ki, bu məktəbin özülünü qoyan Y.Vəliyev bura ixtisaslı müəllim kadrları cəlb etdi. Məhz onun zəhməti sayəsində formalaşan məktəb bu gün Lerikdə artıq incəsənət məktəbi kimi fəaliyyətini davam etdirir.

       1977-ci ildən Y.Vəliyevin həyatının yeni mərhələsi başladı. Həmin ildən, düz 17 il müddətinə o, Bərdə uşaq musiqi məktəbinin müdiri vəzifəsində çalışıb.

       O vaxt Bərdə musiqi məktəbində 300-ə yaxın şagird təhsil alırdı. Lakin müəllim az idi. Xüsusilə ixtisaslı kadrlara böyük ehtiyac duyulurdu. Y.Vəliyev, ilk növbədə, bu məktəbə Bakıdan, Sumqayıtdan müəllim kadrları dəvət etdi və bu, gənc kadrların səviyyəsinin yüksəlməsinə səbəb oldu.

       Yusif müəllim yerli kadrların yetişdirilməsi məsələsini birinçi dərəçəli vəzifə hesab edirdi. Buna görə də məktəbin istedadlı şagirdlərini həvəsləndirərək, onların təhsilini davam etdirməsinə şərait yaradırdı. Heç də təsadüfi deyil ki, məktəbin 12 nəfər məzunu Ali musiqi təhsili alıb müəllim kimi məktəbə döndülər.

       Y. Vəliyevin Bərdəyə gəldiyi vaxt burada bir musiqi məktəbi vardı. O, rayon camaatının musiqiyə olan həvəsini görüb, musiqi təhsilini genişləndirmək məsələsini irəli sürdü. Onun təşəbbüsü sayəsində Bərdədə əlavə olaraq, üç şəhər və üç kənd uşaq musiqi məktəbi fəaliyyət göstərməyə başladı.

       Məktəbin həyatındakı daha bir diqqətəlayiq cəhət şagirdlərin müsabiqə və festivallarda iştirak etməsi, laureat və diplomant adını qazanması idi. Bütün bu nailiyyətlər yenə də Y. Vəliyevin səyi nəticəsində, eyni zamanda, müəllimlərin yüksək peşəkarlığı və zəhməti sayəsində əldə olunmuşdu.

       Y.Vəliyevin əməyi, işinə can yandırması, kollektivin mənafeyini və müəllim adını yüksək tutması Mədəniyyət Nazirliyinin diqqətini çəlb etmiş və ona daha artıq məsuliyyət tələb edən bir iş – G.Şaroyev adına onbirillik musiqi məktəbinin müdiri vəzifəsi həvalə olunmuşdur. Bu da Yusif müəllimin həyatında yeni bir mərhələ oldu.

       Bu məktəb həqqında ayrıca danışmaq istərdim. Qeyd etmək lazımdır ki, G.Şaroyev adına 35 saylı onbirillik musiqi məktəbi 65 ildən artıqdır ki, fəaliyyət göstərir.

       Tədris prosesinin və müəllimlərinin yüksək professional səviyyəsi ilə seçilən bu məktəbin özünəməxsus ənənələri var. Bu da təsadüfi deyil. Cünki məktəbin bünövrəsi Azərbaycanda professional musiqi təhsilinin beşiyi başında duran şəxslərdən biri olmuş tanınmış pianoçu və pedaqoq, respublikanın əməkdar incəsənət xadimi, professor Georgi Georgiyeviç Şaroyev tərəfindən qoyulmuşdu. Burada həmişə adlı-sanlı musiqiçilər, Azərbaycan Dövlət Konservatoriyasının professor və müəllimləri çalışıblar.

       Təqdirəlayiqdir ki, Y.Vəliyev bura müdir təyin olunanda məktəbin illərdən bəri kök salmış ənənələrini, buradakı tədris prosesinin xüsusiyyətlərini çox gözəl duymuş və öz işini də bu ruhda qurmağa nail olmuşdur. Belə ki, o, məktəbin klassik musiqi üzrə köklənmiş ab-havasını saxlayaraq, xalq musiqisinin də tədrisini təkmilləşdirməyə çalışır və yüksək nailiyyətlər əldə edir.

       Y.Vəliyevin təşəbbüsü ilə məktəbdə xalq çalğı alətləri şöbəsi genişləndirilmiş, tar, kamança ixtisasları ilə yanaşı, saz, kanon, balaban, nağara, xanəndəlik-muğam sinifləri fəaliyyət göstərməyə başlamışdır. Şagirdlərdən ibarət xalq çalğı alətləri orkestrinin yaradılmasını da onun xidməti, hesab etmək olar.

       Məktəbin hər il keçirilən hesabat konsertlərində şagirdlərin həm solo, həm ansamblda, həm də simfonik orketrlə çıxışları diqqətəlayiqdir.

       Y.Vəliyevin gözəl təşkilatçılığı və rəhbərliyi sayəsində ildən-ilə professional səviyyəsini artıran 35 saylı musiqi məktəbi bu gün respublikanın ən güclü musiqi təhsili ocaqlarından biri kimi tanınır.

       Onu da qeyd edək ki, hər il 35 saylı musiqi məktəbinin bir necə məzunu Bakı Musiqi Akademiyasına, Mədəniyyət və Incəsənət Universitetinə, Milli Konservatoriyaya daxil olur.

       Y.Vəliyevin məktəb müdiri kimi işində əldə etdiyi nailiyyətlər çoxdur. O, bu işin bütün ağırlığını, bütün məsuliyyətini dərk edərək, özü də həm müəllim kimi, həm də ifacı kimi rəhbərlik etdiyi kollektivə nümunə olur, konsertlərdə vaxtaşırı çıxış edir, yeni-yeni əsərləri öz repertuarına salır.

       Yusif müəllim geniş dünyagörüşlü, vətənpərvər bir insandır. O, uzun illərdir ki, boya-başa çatdığı Qarabağ torpağının xalq musiqiciləri haqqında materiallar toplayır, bu mözuda konfrans və yığıncaqlarda çıxışlar edir. Güman edirəm ki, yaxın gələcəkdə onun planlarının kitab və ya dissertasiya işı səviyyəsində reallaşacağının şahidi olacağıq.

       Adətən yubiley tarixlərində həyat səhifələri vərəqlənir, insanın gördüyü işlər saf-çürük edilir, əldə etdiyi nailiyyətlər bir daha sadalanır. Əgər insanın fəxr etməli işləri varsa və o öz əməllərilə xalqına xeyir verirsə, övladlarımızın maariflənməsi, mədəniyyətimizin gələçəyi uğrunda əlindən gələni əsirgəmirsə, deməli, insan öz ömrünü hədər yaşamayıb.

       Bu gün 50 yaşını qeyd edən Yusif müəllim də belə insanlardandır. Müstəqil respublikamızın musiqi mədəniyyətinin yüksəldilməsi naminə əməyini əsirgəməyən, Azərbaycan incəsənətini irəli apara biləcək professional musiqiçi kadrların hazırlanmasını özünün vətəndaşlıq borcü hesab edən Yusif Vəliyevə bundan sonrakı pedaqoji, təşkilatı, ictimai və ifaçılıq işlərində müvəffəqiyyətlər arzulayırıq.

Cəmilə HƏSƏNOVA-ISMAYILOVA

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page