ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
INTERNET SƏHIFƏLƏRINDƏ...
YARADICILIQ…
.
MÜSAHIBƏLƏR…
.
TƏHSIL...
.
GÖRÜŞLƏR…
.
|
|
AZƏRBAYCAN DILI DƏRSLƏRINDƏ XALQ MAHNILARINDAN ISTIFADƏ
Ana dilinin bütün fənlərlə geniş əlaqə imkanları vardır. Orta və ali məktəblərdə tədris olunan fənlərin hamısı öz «qidasını», «xammalını» əsasən ana dilindən alır. Ona görə də ana dili dərslərində də həmin fənlərdən istifadə etmək təcrübədə özünü doğrultmuşdur.
Azərbaycan dili dərslərində xalq mahnılarından, xalq musiqimizdən istifadə və onun əhəmiyyəti haqqında bəzi fikirlərimi sizinlə bölüşmək istəyirəm. Mən ana dilini bütün fənlərin ilk ruşeymi, digər dilləri öyrənməyin kökü və mənbəyi sayıram. Ona görə də, ayrı-ayrı elm sahələri nə qədər inkişaf edib göylərə yüksəlsə də, onların hamısının kökü ana dili adlı şəffaf dəryanın suyu ilə qidalanır.
Ana dilinin şirinlik və həzinliyini, gözəllik və zənginliyini özündə yaşadan incilərimizdən biri də xalq mahnılarıdır.
Sözlərinin şirinliyi, saflığı, təbiiliyi ilə ürək oxşayan xalq mahnıları həzinliyi, həlimliyi ilə insanı ovsunlayır. Ana dilimizin saf mayasından yoğrulmuş gözəlliyi ilə insanı heyran edir.
Bu heyranedici mətnlərin sözlərindən və musiqisindən Azərbaycan dili dərslərində geniş şəkildə istifadə etmək imkanları çoxdur. Məsələn, fonetikanın tədrisində səslərin əmələ gəlməsi, onların formalaşmasında danışıq üzvlərinin rolu, səslərin uzun və qısa tələffüzü, vurğu, səsin ahəngi, tonu, danışıq səslərinin digər səslərlə oxşar və fərqli əlamətləri öyrədilərkən xalq mahnılarından geniş istifadə etmək imkanları vardır. Belə ki, fonetika üzrə biliklərin möhkəmləndirilməsi zamanı üzərində iş aparılacaq xalq mahnılarından biri ustad müğənninin ifasında səsləndirilir.
Şagirdlərə əvvəlcədən kollektiv və ya fərdi tapşırıqlar verilir. Məsələn, səslənəcək xalq mahnısında saitləri uzun tələffüz ediləcək sözləri yazın, nəqəratda hər misrada neçə heca olduğunu müəyyənləşdirin, tələffüzü yazılışından fərqlənən sözləri qeyd edin, qoşadodaq samitlərin işləndiyi sözlərdən bir neçəsini yazın və s. Bu tipli çalışmalar öyrənilmiş dil hadisələrini nəzəri baxımdan möhkəmləndirməklə bərabər, onun təcrübədə tətbiqinə xidmət edir, öyrənciləri düşündürür, diqqətli, həssas olmağa, dil qayda-qanunlarını xalq mahnılarımızın üzərində canlı müşahidələr aparmaqla öyrənməyə alışdırır. Bu cür iş növü şagird və tələbələrə təkcə dil hadisələrini öyrətmək baxımından deyil, milli köklərimizə, mədəniyyətimizə, mənəviyyatımıza, xalqımıza, vətənimizə məhəbbət hissləri aşılamaq yönümündən də olduqca faydalıdır.
Azərbaycan dili dərslərində xalq mahnılarından istifadənin bəzi imkan və yollarına diqqət yetirək. Dil dərslərində ilk növbədə xalq mahnılarımızın adını öyrətmək məqsədilə nümunə üçün verilmiş aşağıdakı tipli çalışmalardan başlamaq faydalıdır.
Çalışma 1. Verilmiş Azərbaycan xalq mahnılarının adlarını əlifba sırası ilə yazın.
«Tello», «Qoy gülüm gəlsin», «Evləri var xana-xana», «Nəbi», «Qalalı», «Anacan», «Üç telli durna», «Qara tellər», «Qubanın ağ alması», «Ay Laçın», «Gör nə məlahətlisən», «Ay qız, kimin qızısan?», «Pəri», «Küçələrə su səpmişəm», «Noleydi», «Qara gilə», «Ağ üzündə xalın», «Qara qaşın vəsməsi», «Gülə-gülə», «Sudan gələn sürməli qız», «Bağçada güllər», «Almanı atdım xarala», «Şuşanın dağları», «Ay bülbüllər», «Uca dağlar başında», «Ay bəri bax».
Çalışma 2. Kar samitlərlə başlayan Azərbaycan xalq mahnılarının adları qarşısında cingiltili samitlərlə başlayan xalq mahnılarının adlarını yazın.
«Pəri» -
«Küçələrə su səpmişəm» -
«Çal-oyna» -
«Tello» -
Çalışma 3. Sait səslərlə başlayan aşağıdakı xalq mahnılarının bütün saitlərini şifahi (yazılı) şəkildə fonetik təhlil edin.
«Evləri var xana-xana», «Üç telli durna», «Əmim oğlu», «O xal nə xaldır», «Şuşanın dağları».
Çalışma 4. «Qara gilə» xalq mahnısının aşağıdakı bəndlərinin sözlərini nitq hissələrinə görə qruplaşdırıb yazın.
Gəlmişəm otağına oyadam səni,
Qara gilə, oyadam səni.
Nə gözəl xəlq eləyib yaradan səni,
Qara gilə, yaradan səni.
Götürüb, mən qaçaram aradan səni,
Qara gilə, aradan səni.
Nəqarət:
Qızıl gül əsdi,
Səbrimi kəsdi.
Sil gözün yaşın,
Qara gilə,
Ağlama bəsdi.
Çalışma 5. «Apardı sellər Saranı» Azərbaycan xalq mahnısından seçilmiş aşağıdakı misralarda felləri indiki zamanda işlətməklə cümlələri köçürün.
(Mətndəki sözləri quruluşuna görə fərqləndirib ayrı-ayrı sıralarda yazın, tələffüzü yazılışında fərqlənən sözləri göstərin).
Arpa çayı aşdı-daşdı,
Sel Saranı aldı qaçdı,
Ala gözlü, qələm qaşlı,
Apardı sellər Saranı.
Bir ala gözlü balanı.
Gedin deyin Xançobana
Gəlməsin bu il Muğana,
Muğan batdı nahaq qana.
Bu zaman əvəzliklərin mənaca növləri sadalanır, onlara aid nümunələr göstərilir, hal şəkilçisi qəbul etmiş əvəzliklərin çıxışlıq haldakı (mənnən, özünnən, bunnan, sənnən və s.) tələffüzü ilə orfoqrafiyası qarşılaşdırılır.
Müəyyən nümunələr üzərində öyrənilən nəzəri materiallar praktik işlə yoxlanılır. Bu məqsədlə öyrəncilərə bildirilir ki, əvəzliyin mənaca növlərini necə mənimsədiyinizi xalq mahnılarından birinin – «Ay bəri bax»ın səsləndirilməsi ilə yoxlayacağıq. Onlar əvvəlcə bunun necə aparılacağı ilə maraqlanırlar və müəllimin təklifinə müxtəlif münasibətlər bildirilir. Lakin müəllim nəzərdə tutduğu praktik işin nə məqsədlə yerinə yetirilməsi üçün şagirdlərə (tələbələrə) əvvəlcədən belə bir tapşırıq verir. Dinləyəcəyiniz xalq mahnısına diqqətlə qulaq asıb, onun mətnindəki əvəzlikləri seçib dəftərlərinizdə qeyd edin. Bu da bildirilir ki, hər kəs mahnının sözlərindəki əvəzlikləri elə yazsın ki, bir-birindən köçürmə halları müşahidə edilməsin. Axırda kimin daha çox və düzgün yazdığının yoxlanacağı qeyd edilir. Şagirdlərin bir-birindən köçürməsinin qarşısını almaq üçün sıralardan birincisinə isimləri, ikincisinə sifətləri, üçüncüsünə əvəzlikləri, dördüncüsünə isə felləri müəyyənləşdirib yazm
ağı da tapşırmaq olar.
Öyrəncilər valçaldıran, maqnitafon, videokaset və ya kompüterlə səsləndirilən xalq mahnısına diqqətlə qulaq asırlar. Mahnı səsləndikcə hərə ona verilən tapşırığa uyğun iş aparır. Sonra yerinə yetirilmiş tapşırığın düzgünlüyünü müxtəlif yollarla: müəllim tərəfindən, şagirdlərin bir-birinin səhvlərini tapması, müəllimin nəzarəti ilə uşaqların özlərinin yoxlaması, müəllimin dəftərləri yığıb evdə nəzərdən keçirməsi və s. yollarla yoxlanılıb təhlil edilir.
Məsələn, «Ay bəri bax» xalq mahnısını dinləyən öyrəncilər müəyyənləşdirirlər ki, mətndəki bəri, səni, məni, hər, özgəyə sözləri əvəzlik; pəncərə, daş, mil, gül, oğlan, yol, qız, dil sözləri isim; gəlir, bax, versələr, açılıb, yoldan eylər, bağlama, gedirəm, ağlama, bel bağlama sözləri isə feldir.
Müəyyənləşdirilmiş sözlər üzərində həm şifahi, həm də yazılı şəkildə məqsəddən asılı olaraq müxtəlif işlər aparılması faydalıdır. Xalq mahnılarından hər bir dərsdə müxtəlif məqsədlərlə istifadə edilməsi mümkündür.
Məsələn, durğu işarələri ilə bağlı öyrənilmişlərin yoxlanması və möhkəmləndirilməsi məqsədilə bir nümunəyə də diqqət yetirək. «Şuşanın dağları» mahnısını diqqətlə dinləyib nəqarət və bəndlərdən birini dəftərlərinizə yazmağa çalışın, lazım olan yerlərdə müvafiq durğu işərələrini qoyun.
Ay qız, bu nə qaş-göz, bu nə tel?
Ölərəm dərdindən onu bil,
Danışmasan da, bala, barı gül.
Şuşanın hər yanda vardır sorağı,
Tərifə layiqdir «Isa bulağı»,
Dağları, bağları, qızlar oylağı.
Buraxılmış durğu işarələrinin işləndiyi məqamlar göstərilməklə bərabər, onların işlənmə səbəbləri də soruşulur, elmi şəkildə şərh edilir. Öyrəncilərdən aşağıdakı suallara cavab almaq, onları düşündürmək üçün müsahibələr də təşkil edilir:
1. «Şuşanın dağları» mahnısının musiqisini yadda saxlaya bildinizmi?
2. Bu mahnı oxunanda hansı hissləri keçirirsiniz?
3. Mahnının birinci bəndində (öyrədilən dil hadisəsinə uyğun olaraq) sifətləri və onların aid olduğu sözləri (qırmızı qoftalı, yaşıl tumanlı) göstərə bilərsinizmi?
4. Şuşa ilə bağlı hansı xüsusi isimləri sadalaya bilərsiniz?
5. Əsirlikdə olan doğma torpaqlarımızı, anamız Şuşanı nigarançılıqdan qurtarmaq üçün biz nə edə bilərik?
Mahnının sözləri üzərində, dərsin məqsədindən asılı olaraq, kök və şəkilçiləri ayırmaq, linqvistik təhlillər aparmaq və s. müxtəlif iş üsulları ev tapşırığı kimi verilə bilər.
Azərbaycan dili dərslərində xalq mahnılarından istifadənin əhəmiyyəti əvəzsizdir. Bu əhəmiyyəti və bəzi təklifləri tezis şəklində aşağıdakı kimi göstərmək olar:
a) şagirdlər və ya tələbələr dil hadisələrini xalq ədəbiyyatı nümunələri üzərində müşahidə edirlər;
b) xalq mahnılarımızı dinləyir, onların mətni, musiqisi və ifaçısı ilə yaxından tanış olurlar;
c) Cabbar Qaryağdıoğlu, Bülbül, Seyid Şuşinski, Rəşid Behbudov, Hacıbaba Hüseynov, Qədir Rüstəmov, Alim Qasımov və başqa bu kimi ölməz sənətkarların, əvəzsiz, sirli-sehrli səsləri ilə «qidalanırlar»;
ç) yabançı musiqilər və son dövrdə yaranmış bir qisim sönük, zəif, məntiqsiz və mənasız «mahnılarla» dərin mənalı, milli xalq mahnılarımızı müqayisə edib müəyyən nəticə çıxarmağı bacarırlar;
d) ana dilimizə, ana dilli xalq mahnılarımıza, mədəniyyətimizə, milli musiqi folklorumuza, vətənimizə böyük məhəbbət hissi aşılanır;
e) mənəvi sərvətlərimiz unudulmaqdan, başqalarının mənimsənilməsindən xilas edilir;
ə) xalq mahnılarımız, milli musiqimiz, mədəniyyətimiz, dilimiz qorunur, yadda qalır, gələcək nəsillərə çatdırılır;
f) ana dilimizin şəffaflığının təmsilçisi olan xalq mahnılarımız nəzarətsiz, unudulmuş qalmır, bayağılaşdırılmış, bəsitləşdirilmiş mətn variantından uzaq olur;
g) gənc nəsil milli,, bəşəri mədəniyyətini tanıyıb, onun qoruyucusu, təəssübkeşçisi və müdafiəçisi ruhunda böyüyüb tərbiyə olunur;
ğ) yeni hazırlanacaq dərsliklərdə xalq mahnıları mətnlərindən istifadə ilə bağlı çalışmaların verilməsi də faydalı olar;
h) tədrisdə xalq mahnılarından istifadə ana dilimizi öz kökləri, qaynaqları ilə bağlı şəkildə öyrənməyə xidmət edir.
Qrammatik iş aparılması məqsədilə dərsdə öyrəncilər mahnıları özləri də oxuya bilərlər. Bu dərsin maraqlılığını və canlı olmasını daha da artırar.
Elbəyi MAQSUDOV
|