ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
INTERNET SƏHIFƏLƏRINDƏ...
YARADICILIQ…
.
MÜSAHIBƏLƏR…
.
TƏHSIL...
.
GÖRÜŞLƏR…
.
|
|
Ilk konsertdə Özbəkistanı təmsil edən bəstəkarlar Dmitri Yanov-Yanovski (F.Qarsia Lorkanın sözlərinə «Ay nəğmələri») və Artyom Kimlə («H.Heynenin üç şeri») tanış ola bildik. Səsi zövqlə «seyr etmək», poetik mənbənin emosional kaloritini çatdırmaq cəhdi, və ən əsası, bu əsərlərin istedadlı müğənni Anna Quzairova (metsosoprano, Özbəkistan) tərəfindən məharətlə ifa edilməsi dinləyicilərin marağına səbəb oldu.
Gürcü bəstəkarları Nino Cancqava («Sanço üçün dörd məktub») və Irakli Tsinsadze (skripka, violonçel və fortepiano üçün sonata) ikinci gün çıxış etdilər. Musiqi tembrlərinin incə «toxuması», onların «fərdi gözəlliyinin» üzə cıxarılması, sanki duvaqla pərdələnmiş milli özünəməxsusluq Tsinsadzenin Sonatasının üslubunu təşkil edir.
Moskva bəstəkarı Viktor Yekimovskinin bas-klarnet üçün «Daimi qayıdış» əsəri (yeri gəlmişkən, onu bir neçə il əvvəl Bakıda N.Zeynalovun ifasında eşitmişdik, daha doğrusu görmüşdük), ilk növbədə, öz originallığı, incə yumoru, instrumental teatrın bəzi effektlərinin məharətlə işlənilməsilə yadda qalır.
Daha bir Moskva bəstəkarı Qriqori Voronovun «Uca sahildən baxıram» – Li Bo üslubunda kvintet əsəri qədim Çin şairinin yaradıcılığının musiqi interpretasiyasıdır. Intuitiv impuls kimi əmələ gələn misralar sanki kainatla doğmalıq hissini əks etdirir.
Festivalda səslənən əsərlərdən ikisi solo faqot üçün bəstələnmişdir və gözəl ifaçi Valeri Popov tərəfindən səsləndirilmişdir. Yuri Kasparovun «Sonata infernale»si və xüsusən ingilis bəstəkarı Timoti Murun «Popov üçün Presto» əsəri bu alətin imkanlarını, eləcə də ifaçının yüksək texniki ustalığını nümayış etdirdi.
Artıq bir çox əsər dinlənilib, müəyyən təəssüratlar yaranmışdır. Lakin bu yaradıcılıq forumuna olan maraq artmaqdadır. Dinləyicilər sırasında məşhur musiqiçilər, bəstəkarlar, qiymətli tədqiqatlar müəllifləri – adlı-sanlı musiqişünaslar əyləşmişdilər. Üçüncü gün Azərbaycan musiqiçiləri üçün daha həyəcanlı idi: axı burada tanınmış bəstəkarlar latviyalı Peteris Vasks (solo fleyta üçün «Quşlarla peyzaj») və isveçrəli Yan Lyuk Darbelle (solo fortepiano üçün «On göndəriş») ilə birgə Ismayıl Hacıbəyovun, Cəlal Abbasovun və Zaur Fərhadovun musiqisi səslənəcəkdi. Üç əsər – üç lövhə, hər biri ayrı-ayrı üslub, məqsəd və təcəssüm vasitələrinin rəngarəngliyini göstərir. I. Hacıbəyovun fleyta, klarnet və fortepiano üçün yazılmış «Həvəs» pyesində bəstəkarın ustalığı özünü biruzə vermişdir. Əsərin ab-havası sanki yaradıcılıq meylini, yazıb-yaratmaq istəyini zərif boyalarla əks etdirir.
Cəlal Abbasovun «Qara Qarayevin xatirəsinə Postlyudiya»sında dərin qüssə hissi ilə yanaşı ümum bəşəri problemlərin fəlsəfi baxımdan dərkedilməsi duyulur. Bu əsər dahi bəstəkar və müəllimə layiqli ithafdır.
Zaur Fərhadovun «Chronos» əsərinin emosional mühiti hissedilməz dərəcədə incə, bir qədər «xəyalidir». O, sanki mövcüd dünyanın ziddiyyətlərındən kənarda, irreal bir məkanda «axır». Lakin Yerin cazibə qüvvəsi daha güclüdür və kövrək xülyalar aləmini öz iradəsinə tabe etdirməyə qadirdir.
Qətiyyətlə demək olar ki, səslənən həmin üç əsər Azərbaycan bəstəkarlıq məktəbini Festivalda layiqincə təmsil etdi. Bu da həm «kuluar» söhbətlərində, eləcə də «dəyirmi masa» və mətbuatda öz əksini tapdı. Bəstəkarlarımızın bu müvəffəqiyyətində sözsüz ki ifaçıların – Moskva Müasir musiqi ansamblının, eləcə də Azərbaycan dinləyicilərinin yaxşı tanıdığı orqan çalan Beynəlxalq müsabiqələr laureatı Marianna Vısotskayanın rolu inkaredilməzdir. Musiqiçilərin ifaya təqdim olunmuş əsərlər üzərində diqqətlə və səylə işləməsi, bəstəkarın nəzərdə tutduğu bütün «incəlikləri» qavramaq cəhdi, sözün əsl mənasında fədakarlıqları, müəlliflərin səmimi minnətdarlığına və auditoriyanın alqışına səbəb oldu. Festivalın işində müntəzəmlik və dəqiqlik, konsert və məşqlərin vaxtı-vaxtında təşkil edilməsi, tədbirin iştirakçıları üçün, demək olar ki, problemsiz keçməsi – ilk növbədə fövqəladə dərəcədə istedadlı təşkilatçı – ASM ansamblının direktoru, səmimi insan və cazibəli qadın – xanım Viktoriya Kor
şunovanın fəaliyyətilə bağlıdır. Biz Festivalın bütün iştirakçıları adından, eləcə də öz adımızdan ona dərin minnətdarlığımızı bildirməyi borc sayırıq.
Festivalın ahəngi olduqca dolğun və məzmunlu idi. Günlər hiss edilmədən keçirdi. Lakin o günlərin xoş duyğusu indi də qalır. Musiqiçilərlə ünsiyyət, maraqlı mövzularda söhbət və diskussiyalar, ümumiyyətlə Rusiya Bəstəkarlar təşkilatında hökm sürən xoş və işgüzar ab-hava yaradıcı işçilərə çox yaxşı tanış olan, son vaxtlarda yaranmış bir növ çatışmamazlıq, boşlug, «vakuum»u dəf etməyə kömək edirdi. Konsertlərdə və nəzəri konfranslarda Y.Korev, V. Zaderatski, Y. Xolopov, V. Rojnovski kimi məşhur tədqiqatçı-musiqişunasların, Rusiya Bəstəkarlar Ittifaqının rəhbəri V.Kazehinin, «Yurgenson Fondunun» sədri B.P.Yurgensonun, bir çox başqa musiqiçi və musiqisevərlərin iştirakı yaradıcılıq forumunun əhəmiyyətini bir daha təsdiq etdi. Yaradıcı diskussiyalar çərçivəsində ən geniş mövzular ətrafında söhbətlər və fikir mübadiləsi aparılır, iştirakçılar qonşu xalqların musiqi mədəniyyətində baş verən hadisələrlə yaxından tanış olurdular. Yeni işıq üzü görmüş «Musiqi Akademiyası» jurnalının
buraxılışı (¹ 1, 2002) özündə Azərbaycan musiqi mədəniyyətinə həsr olunan məqalələr toplusunu cəmləşdirmişdi. Yurnal Festivalın iştirakçılarına təqdim edilib, onların fəal marağının səbəbi olmuşdur. «Dəyirmi masa»da iştirak edən, jurnalın baş redaktoru, Rusiya Bəstəkarlar Ittıfaqının katibi Yuri Korev, fürsətdən istifadə edərək, toplunun tərtibçılərinə əməkdaşlığa görə onun dərin minnətdarlığını çatdırmağı tövsiyyə etdi.
Özbəkistan nümayəndələri «Musiqi dünyası» jurnalının baş redaktoru, sənətşunaslıq doktoru Tariyel Məmmədovla göruşlərindən bəhs etdilər, jurnalın «WEB-sayt» səhifələrilə tanışlıqlarından məmnun qaldıqlarını bildirib, bu təşəbbüsün Azərbaycan musiqi mədəniyyətinin nailiyyətlərinin geniş yayılmasında çox mühüm əhəmiyyəti olduğunu vurğuladılar.
«Yeni musiqi» assosiasiyası və onun prezidenti Azərbaycanın əməkdar incəsənət xadimi, professor Fərəc Qarayevin müasir musiqimizin inkişafı və yayımında fəaliyyətinə moskvalı kolleqaların rəğbətini və haqqında söylədikləri xoş sözləri də əlavə etsək, onda, zənnimcə, Azərbaycan musiqi həyatının salnaməsinə kifayətcə parlaq bir səhifənin daxil edilməsinə sevinə bilərik.
«Dostların musiqisi» adlı VII Beynəlxalq Festival öz işini yekunlaşdırdı. Onun şüarı – «Musiqiçilər üçün vahid musiqi məkanı», məqsədi – sənətçilər arasında ünsiyyət yaratmaqdır. Onun gələcəyi, yəqin ki, hamımızdan asılıdır.
Rəyya Abassova
|