Xəyyam MIRZƏZADƏ
Azərbaycan Respublikasının Xalq artisti,
professor
Azərbaycan musiqisi dünya musiqisinin bir hissəsidir. Buna görə də Azərbaycan musiqisini biz dünya musiqisi aspektində götürməliyik. Elə Qara Qarayevin «fərhadlığı» ondan ibarətdir ki, o, Azərbaycan musiqisini dünya musiqisi səviyyəsinə çıxarmışdı.
Q.Qarayevin uzun illərin axtarışları nəticəsində yazdığı əsərləri Azərbaycan musiqisinə həmişə təkan verib. Onun harmoniya və tembr sahəsindəki axtarışları, onun obrazlar dairəsi, lirikası, faciəli obrazları diqqətəlayiqdir. Bütün bunlar sonralar Azərbaycan musiqisində müxtəlif səviyyədə inkişaf etdirilib. Çünki bə’zi bəstəkarlar onun həqiqi davamçıları idi, bə’ziləri isə onu təqlid edir, onun kəşflərini kor-koranə istifadə edirdilər. Onun tapıntılarının inkişaf etdirilməsi musiqimizin hal-hazırdaki yüksəlişinə gətirib çıxarıb. Onun 1950-ci illərdəki nailiyyətləri bu günkü musiqimizə daxil olmuşdur. Artıq 20 ildir ki, Qara Qarayev həyatda yoxdur. Lakin Azərbaycan musiqisinin inkişafı davam edir. Bu gün yazılan əsərlərdə bu, aydın görünür.
Əlbəttə ki, Q.Qarayevin nailiyyətləri də boş yerdən yaranmamışdır. Bir tərəfdən o, xalqımızın ilk professional bəstəkarı Üzeyir bəyin yaradıcılığına əsaslanmışdır. Digər tərəfdən isə ona dünya musiqisinin, o cümlədən, rus musiqi mədəniyyətinin, rus konservatoriyasının təsiri böyük olub.
Tələbə vaxtı mən Q.Qarayevə musiqisinə, ağıllı söhbətlərinə, gözəl dərslərinə, onun həyatdakı saflığına, təmizliyinə görə, sonralar isə Azərbaycan musiqisindəki qəhrəmanlığına, ön cərgədə getdiyinə – avanqard olduğuna, Azərbaycan musiqisini inkişaf etdirdiyinə görə hörmət edirdim. Indi isə mən onun əsərlərinə elmi nöqteyi-nəzərdən yanaşıram. Və görürəm ki, onun musiqisinin bütün komponentləri – istər forması və məzmunu, istər harmonik və melodik dili, istər ritmikası və sezuraları düzgün və yerindədir. Bunlar hamısı onun özünün yüksək dərəcədə savadlı olması ilə bağlı olub, Allah-taala tərəfindən ona verilmiş fitri istedadın, nəticəsidir.
Qara Qarayev həmişə özündən narazı və narahat adam idi. Bu da ondan irəli gəlirdi ki, o, əldə etdiklərilə qane olmurdu. O, həmişə fikirləşirdi ki, onun əsərini necə qəbul eləyəcəklər. Çünki o vaxt Bakıda onu tənqid edənlər tərifləyənlərdən daha çox idi. Bununla belə o, yenə də irəlidə gedirdi. Və onun liderliyini qəbul eləmişdilər. Bə’ziləri kor-koranə qəbul eləmişdi, Bə’ziləri də buna vadar olmuşdu. Çünki həqiqətən də o, irəlidə gedən idi, bayraqdar idi. Çünki çox cavan vaxtlarından o, özünü zəhmətilə belə tanıtmışdı.
Yaddan çıxartmaq olmaz ki, o vaxtlar dünya musiqisi Azərbaycan üçün bağlı qapı idi. Biz dəmir pərdə arxasında yaşayırdıq. Əlbəttə ki, Qara Qarayevin və Cövdət Hacıyevin Moskvadan gətirdikləri hər bir xəbər bizimcün bir açıqlama idi. Onlar çox şey görmüşdülər, 1930-40-50-ci illərin böyük ustadları ilə Moskvada oturub-dururdular. Bizimçün kim vardı axı, adlarını bilib, özlərini görmədiyimiz, əsərlərini eşitmədiyimiz bəstəkarlar. Və Q.Qarayevin, C.Hacıyevin Bakıya gətirdikləri Moskva mühiti, Moskva ab-havası bizə böyük təsir göstərmişdi. Bunlar Q.Qarayevin və C.Hacıyevin müsbət cəhətləri idi.
1960-cı ildə mən ilk dəfə olaraq, «Varşava payızı» müasir musiqi festivalında iştirak etmişdim. Oradan gətirdiyim notları, lent yazılarını, plastinkaları öz müəllimimə göstərdim və onu maraqlandırdım. Bir ildən sonra o da həmin festivala getdi, orada bə’zi bəstəkarlarla tanış oldu, onların musiqisi ilə maraqlandı. Beləliklə də onun həyatının ikinci dövrü başlandı. Qayıdandan sonra yazdığı əsərlərdə onun necə dəyişdiyi özünü bürüzə verdi. Iki cür dəyişmə ola bilər: zahiri cəhətdən və daxilən. Q.Qarayev daxilən dəyişdi. Elə bəlkə onun dəyişməsi də lazım idi.
Mən konveratoriyada oxuduğum dövrdə onun hər bir kəlməsi mənimcün bir qayda idi. Mən onu ustad bilirdim. Elə indi də ustad bilirəm. Amma tələbəlik dövründən sonra, mənim püxtələşdiyim vaxtlarda onun da mənə hörməti artırdı, bir insan kimi, bir bəstəkar kimi. O, hətta bə’zi əsərlərini ilk dəfə mənə çalırdı. Mən həmişə ona öz əsərlərimi göstərirdim. Və bir dinləyici kimi onun razılığını almamış, geniş auditoriya qarşısına çıxmırdım. Yadıma gəlir, «Oçerk-63» əsərimi konservatoriyanın səsyazma otağında təqdim edəndə çox mübahisələrə səbəb oldu, hətta dedilər ki, «bu, bombadır». Qara müəllim də dedi ki, «bəli, bombadır və bu bombanın səsini sonra eşidəcəksiniz». Həqiqətən də bu əsər artıq 40 ildir ki, səslənir.
Əlbəttə ki, müəllim olmaq çox çətindir. Bunun üçün savad lazımdır, hövsələ lazımdır, dünya mədəniyyətini bilmək lazımdır. Müəllim dünya musiqisini əhatə etməli, misalları dünya musiqisindən götürməlidir. Müəllim tələbə üçün bir avtoritet olmalıdır. Tələbə də müəllimə inanmalı, onun əsərlərindən xəbərdar olmalıdır. Müəllim tələbəyə öz prinsiplərini aşılamalıdır. Lakin müəllim tələbəyə əmr verməməli, onu təqlid etməyə imkan yaratmamalıdır. Bu cəhət bizim müəllimimizdə – Qara Qarayevdə vardı. O da bunu öz müəllimi D. Şostakoviçdən öyrənmişdi. Şostakoviç də öz müəllimlərindən və ilaxır. Bunun kökləri çox uzaqlara gedir...
Oqtay ZÜLFÜQAROV
Azərbaycan Respublikasının Xalq artisti
Qara Qarayev dahi bəstəkar kimi, gözəl insan kimi, əziz və sevimli müəllim kimi mənim qəlbimdə qalıb.
Mənim Q.Qarayevlə yaxından tanışlığım konservatoriyanın ikinci kursunda oxuyarkən olub. Mən o vaxt violonçel sinfində oxuyurdum, I.M.Turiçin tələbəsi idim. Bir dəfə çalmamaq üçün violonçelin simlərini kəsdim. I.M.Turiç məndən rektora – Qara Qarayevə şikayət etdi. Q.Qarayev mənim nə üçün belə bir iş tutduğumla maraqlananda, mən violonçelçalan deyil, bəstəkar olmaq istədiyimi dedim. O, maraqlandı və mən ona bir necə kiçik pyeslərimi göstərdim. Sonra o, mənimlə bir qədər söhbət etdi və az bir zamanda mən elə bildim ki, o, mənim doğma qohumum, əziz adamımdı.
Beləliklə, mən Qara Qarayevin bəstəkarlıq sinfində məşğul olmağa başladım.
O, həmişə tələb edirdi ki, karandaşla yox, mürəkkəbli qələmlə yazın. Çünki karandaşla yazılanı pozub düzəltmək olur. Mürəkkəblə yazanda isə bu, mümkün deyil. Onunçün də əvvəlcə fikirləşib sonra yazmaq lazımdır. Beləliklə, Qara müəllimin sinfində mən tədricən musiqi cümlələrini, periodları necə yazmağı öyrəndim. Digər formalarda musiqi bəstələməyə başladım.
Q.Qarayevin bir yaxşı xüsusiyyəti o idi ki, o, tələbəyə hazır reseptlər vermirdi. Hansısa bir keçid və ya modulyasiya alınmayanda, o deyirdi ki, mən bilirəm burdan-ora necə keçmək lazımdır, sən də axtar, tan. Bir necə dəfə yazıb gətirirdin, düz olmurdu və nəhayət, nə isə alınırdı.
Qara müəllimin daha bir xüsusiyyəti də ondan ibarət idi ki, o, hansı tələbənin nəyə qadir olduğunu bilirdi. Bir dəfə Qara müəllim mənə dedi ki, «Oqtay, sənin musiqin çox oynaqdır, sanki qığılcım saçır. Bəlkə uşaqlar üçün musiqi yazmağı sınaqdan keçirəsən». Mən də onun məsləhəti ilə Abdulla Şaiqin, Teymur Elçinin, Yusif Həsənbəyin və başqa şairlərin sözlərinə mahnılar yazdım, yaxşı qəbul olundu, uşaqlar tərəfindən sevildi. Bu günə kimi həmin mahnılar uşaq baxçalarında, məktəblərdə öyrədilir, uşaqlarımız bu mahnılarla böyüyür. Beləliklə, sevimli müəllimim Q.Qarayevin məsləhətilə əsas diqqətimi də uşaq musiqisinə vermişəm və məni artıq uşaq bəstəkarı kimi tanıyıb və qəbul ediblər. Uşaq mahnısını yazmaq da ilk baxışdan göründüyü kimi asan deyil. Uşaq psixologiyasını yaxşı bilmək və uşağı cəlb etmək lazımdır.
Qara müəllim, vaxtilə deyirdi ki, «Oqtay, mən belə hesab edirəm ki, sən uşaq mahnılarının klassik nümunələrini yaradırsan. Bax, Q. Qarayevin dahiliyi də onda idi ki, biz tələbələrin bacarığını görub qiymətləndirə bilirdi. Mən çox xoşbəxtəm ki, Q.Qarayevin tələbəsi olmuşam. Onunla ünsiyyətdə olmuşam, görüşüb söhbətləşmişəm. O, ensiklopedik biliyə malik şəxsiyyət idi. C.Hacıyev də belə bir şəxsiyyət idi. Onlarla ən müxtəlif mövzularda söhbət aparmaq olardı. Onlar fəlsəfi dünyagörüşünə malik insanlar idi.
Ancaq onu da deyim ki, Q.Qarayevin ətrafında həmişə sözgəzdirən, aravuran adamlar dolaşırdı. Niyazi, F. Əmirov və başqaları haqqında danışırdılar. Əlbəttə ki, bütün bu söz-söhbətlər Q.Qarayevə pis təsir eləyirdi, xoşagəlməz hisslər yaradırdı. Qara Qarayev çox həssas adam idi, diqqətli və qayğıkeş idi. Yaxın adamlarına, tələbələrinə əlindən gələn köməyi əsirgəmirdi. Mən bir çətinliyə düşəndə, istər mənəvi cəhətdən, istərsə də maddi cəhətdən, ondan əsil atalıq qayğısı hiss edirdim. Yaş fərqimiz də çox deyirdi. Mən onu özümə böyük qardaş bilirdim. Konservatoriyanı bitirdiyim zaman o, mənə bağışladığı şəklinin arxasında yazmışdı: «Oqtay, dünyada elə gözəl musiqilər var ki, onları öyrənib-bilməyin vacibdir».
Q.Qarayev tələbəni incitmirdi, ancaq sözü elə deyirdi ki, istər-istəməz kim olduğunu başa düşürdün.
Q.Qarayev çox zaman özfəaliyyət səviyyəli, həvəskar bəstəkarlarla mübarizə aparırdi. Əlbəttə ki, pis rəftar eləmirdi, ancaq bunu arzuolunmaz bir hadisə kimi qeyd edirdi. Indi isə görürük ki, həmin adamları milli musiqimizin klassiki adlandırırlar. Xarici musiqiləri Azərbaycan musiqisi adı ilə camaata təqdim edirlər. Son vaxtlar mən daha artıq dərəcədə Q.Qarayevin yoxluğunu hiss edirəm. Indi bizim musiqimizə Q.Qarayev hava kimi, nəfəs kimi lazımdır.
Mən artıq yaşa dolmuşam, ancaq mənə belə gəlir ki, Qarayevin dediklərini, nəsihətini az da olsa yerinə yetirmişəm.
Materialı hazırladı:
Cəmilə HƏSƏNOVA