ÓÑÒÀÄËÀÐÛÌÛÇÛÍ ÕÀÒÈÐßÑÈÍß
QARA QARAYEVIN PORTRET CIZGILƏRI (bəstəkarın anadan olmasının 85 illiyi münasibətilə)
.
ÜRƏKLƏRI FƏTH EDƏN BƏSTƏKAR
.
CAVIDIN MUSIQI DÜNYASI
Sərdar FƏRƏCOV
AZƏRBAYCAN VIOLONÇEL MƏKTƏBININ BANISI
Ülviyyə IMANOVA
...HƏMIŞƏ YARADASAN, HƏMIŞƏ YAŞADASAN... ONUN ÖLMƏZ SIMASI...
Gülnarə QURBANOVA
BAYRAM HÜSEYNLI – ALIM, PEDAQOQ, BƏSTƏKAR
Ariz ABDULƏLIYEV
|
|
2002-ci il noyabr ayının 7-də sevimli bəstəkarımız, Azərbaycan Respublikasının xalq artisti, Dövlət mükafatı laureatı, professor Tofiq Quliyevin 85 yaşı tamam olur. Artıq iki ildir ki, Tofiq müəllim aramızda yoxdur. Inanmaq çətindir. Sözsüz ki, bu yubileylə bağlı yerli mətbuatda, jurnallarda, müxtəlif səpkili yazılarda Tofiq müəllimin nəinki yaradıcılığı, habelə onun bir şəxsiyyət kimi Azərbaycan mədəniyyətində rolu işıqlandırılacaq, bəstəkar haqqında ən maraqlı xatirələr yada düşəcək.
Təqdim olunan yazı da məhz belə xarakter daşıyır.
Respublikamızın xalq artisti, Azərbaycan Bəstəkarlar Ittifaqı Idarə Hey’ətinin Birinci Katibi, professor Vasif Adıgözəlov uzun illər Tofiq müəllimlə çiyin-çiyinə çalışmış, bəstəkara həmkar və yaxın dost olmuşdur.
Aşağıda oxuculara Azərbaycan Bəstəkarlar Ittifaqının baş məsləhətçisi Leyla Fərəcovanın Vasif müəllimlə söhbətini təqdim edirik.
L.F.: - Vasif müəllim, Azərbaycan mədəniyyətində Tofiq Quliyev şəxsiyyətinin yerini necə görürsünüz?
V.A. - Azərbaycan mədəniyyətinin elə nümayəndələri var ki, onlar, sözün tam mə’nasında, mədəniyyətimizin ağsaqqalları sayıla bilərlər. Ağsaqqalları deyəndə mən yaş barəsində düşünmürəm, yaşı nəzərə almıram – sənətinə, səviyyəsinə, cəmiyyətimizdə tutduğu mövqeyinə görə ağsaqqallıq, mənə belə gəlir ki, mədəniyyətdə daha qiymətli, daha sevimli olur. Tofiq Quliyev məhz belə ağsaqqallardandır. O, sənətkarlığın ən yüksək səviyyəsində duran, xalqın ən sevimli bəstəkarı olmağıyla bərabər, bir insan kimi də xalq tərəfindən sevilir, qəbul olunurdu. Hər bir insanla münasibətdə, təmasda onun üstünlüyü həmişə hiss olunurdu, çünki o, çox yüksək biliyə malik, müasir düşüncəli bir şəxsiyyət idi. Bu baxımdan Tofiq Quliyev əlbəttə digər sənətkarlarımızdan seçilirdi.
Mən mədəniyyətimizdə Tofiq Quliyev kimi çox az adam tanıyıram ki, hərtərəfli inkişaf etmiş olsun. Misal üçün, Tofiq Quliyev bəstəkarların içində ən gözəl pianoçu idi. Yaşının çox olmasına və uzun zaman məşq etməməyinə baxmayaraq Tofiq Quliyev piano arxasında əyləşəndə daim məşq edən ifaçını xatırladırdı. Yə’ni təbiətən onun barmaqlarında texnika inkişaf etmişdi, barmaqlarında olan «şirinlik» musiqisinə də sirayət etmişdi. Ona görə də Tofiq Quliyevin elə bir mahnısı yoxdur ki,o mahnı xalqın ürəyincə olmasın, o melodiya xalq tərəfindən sevilməsin.
Mən həmişə bir hadisəni misal gətirirəm: ssenariyə görə T.Quliyev «Bəxtiyar» filminin bir hissəsində çox primitiv, şablon bir mahnı yazmalı idi. Lakin, hətta qəsdən «primitiv» yazılmış mahnı yenə də çox gözəl alınmışdı. O mahnı sonradan ən sevimli mahnıya çevrildi və xalq tərəfindən indi də sevilə-sevilə oxunur (söhbət R.Behbudovun ifasında Ə.Əlibəylinin söz. «Sevgilim» mahnısından gedir. – L.F.). Deməli, Tofiq Quliyevdə aşağı səviyyəli musiqi yox idi. Ola da bilməzdi. Çünki onun təbii iste’dadı və eyni zamanda da böyük mədəniyyəti buna yol verməzdi. O, həm pianoçu, həm dirijor, həm də çox yüksək səviyyəli, böyük iste’dada malik, öz janrında dahi bir bəstəkar idi.
Mən bir dəfə Tofiq müəllimə sual verdim ki, Siz niyə dirijorluq etmirsiniz? Dedi ki, mən dirijorluq edərdim, özü də yaxşı məktəb keçmişəm, amma Niyazinin qarşısında dirijorluq etmək günahdır (!).
O qədər Niyazini sevirdi, o qədər Niyaziyə bağlı idi. Qara Qarayevə, Fikrət Əmirova da çox bağlı idi…
Tofiq elə insan idi ki, insana münasibətindən asılı olmayaraq, iste’dadlı adamlara həmişə baş əyib, onları sevirdi, yüksək tuturdu. Ona görə də Niyazi, Qara Qarayev, Fikrət Əmirov kimi böyük sənətkarlar Tofiqin yaxın dostları idi.
Tofiq müəllim Azərbaycan musiqi tarixində özünə çox böyük, dərin iz qoymuş bəstəkardır. Özü də bu yaradıcılıq, zənnimcə, əsl «şəhər» yaradıcılığıdır. Çünki Tofiq Quliyevin əsərləri çalınanda gözlərim önündə, birinci növbədə, Bakı canlanır. Yə’ni o, həyatı ilə, ürəyinin bütün damarları ilə, Bakıya bağlı idi. Bakı haqqında neçə mahnı yazıbsa - hamısı şedevrlərdir. Tofiqin lirikası, Tofiqin mətn seçməyi – bunlar hamısı Tofiq dühasının ən dəyərli bəhrələridir.
Zaman bizi ondan getdikcə ayırır… Lakin, bəstəkarın gücü də ondadır ki, indi də Bakı radiosunda, Dövlət televiziyasında və bütün özəl kanallarda, toy məclislərində, şənliklərdə yenə də Tofiqin musiqisi səslənir. Bü gün də elə bir məclis, elə bir yığıncaq olmur ki, Tofiq musiqisi səslənməsin. Sənətkar üçün bundan böyük xoşbəxtlik, əlbəttə ki, ola bilməz. Ona görə mən həmişə, hətta Tofiq Quliyevin dəfn mərasimində də demişəm ki, Tofiq xoşbəxt bəstəkardır.
L.F.: - 90-cı illərdə Siz Azərbaycan Bəstəkarlar Ittifaqında Tofiq müəllimlə birgə çalışmısınız. Ilk növbədə hansı xatirələr yadınıza düşür?
V.A. - Mən Tofiq Quliyevlə gənc yaşlarımdan dostluq etmişəm, lakin 90-cı ildən biz bir yerdə Bəstəkarlar Ittifaqında işləmişik. Və deməliyəm ki, bu illərdə mən onu daha yaxından tanıdım, Tofiq Quliyev şəxsiyyətinin yeni cizgiləri ilə rastlaşdım.
Mənim yadımda deyil ki, Tofiq Quliyev kiməsə e’tiraz etsin, kiminsə bir xahişini yerinə yetirməsin, kiminsə qarşısına düşüb onun işi üçün bir adama müraciət etməsin. Demək olar ki, belə şeylər Tofiq Quliyev üçün yox idi. Azərbaycanca da, rusca da çox gözəl danışardı, hər bir insanla dil tapardı. Onun qəlbində müştəbehlik, paxıllıq, qısqanclıq hissləri yox idi. Həmişə deyəndə ki, Tofiq müəllim, filankəsə filan adı verdin, deyirdi: «Halal xoşu olsun, qoy alsın». «Ay Tofiq müəllim! Bəlkə o, buna heç layiq deyil?!» - deyirdik, cavab verirdi: «Eybi yoxdur, qoy alsın». Yəni bu insan ancaq xeyirxah əməllərlə yaşayırdı. Eyni zamanda da, Tofiq Quliyev çox böyük ağıla, dərin zəkaya malik, hər addımını, hər sözünü ölçüb-biçən bir insan idi.
Mən Tofiq Quliyevlə uzun illər bir yerdə işlədim və deməliyəm ki, onun keçdiyi yol, onun iş prosesi mənim üçün böyük bir məktəb olmuşdur.
L.F. – Sizcə, Tofiq müəllimin yaradıcılığının onun müasirləri, bizim üçün və gələcək nəsillər üçün əhəmiyyəti nədədir?
V.A. – Burada mən xüsusi olaraq bir məsələyə toxunmaq istərdim. Tofiq Quliyevin populyar olmasında, onun dünya miqyasında bəstəkarlıq səviyyəsinə çıxmasında, əlbəttə, birinci növbədə Tofiq müəllimin ifaçılarının böyük rolu olub. Siz baxın: Tofiq Quliyevin əsərlərini Bülbül, Rəşid Behbudov, Şövkət xanım Ələkbərova, Fidan və Xuraman Qasımova bacıları, Mirzə Babayev, Zeynəb Xanlarova və onlardan sonra gələn gənc ifaçıların hamısı böyük məmnuniyyətlə ifa edirlər.
Adını çəkdiyim sənətkarlar, əlbəttə, Tofiq Quliyevin məşhurlaşmasında çox böyük rol oynadılar. Lakin, o sənətkarlar niyə məhz Tofiq Quliyevin mahnılarını oxuyurdular? Çünki, Tofiq Quliyev əsərləri, Tofiq Quyliev yaradıcılığı onlara yaxın idi; onun səviyyəsi, bu böyük, dahi sənətkarların səviyyəsi ilə düzgün, üst-üstə düşürdü. Bu baxımdan Tofiq Quliyev həm də böyük bir ifaçılar nəsli yetişdirmiş pedaqoq kimi də sayıla bilər.
Onu da demək istərdim ki, T.Quliyev yaradıcılığından böyük bir nəsil bəhrələnib, ondan tərbiyə alıb. T.Quliyev yaradıcılığı onlarda təbiəti sevməyi, həyatı sevməyi, gözəlliyin qədir-qiymətini bilməyi, musiqinin səviyyəsini düzgün təyin etməyi, Vətənə bağlılığı, Azərbaycanın bütün güşələrini sevməyi - bütün bu hissləri oyadıb. Bu özü də bəstəkarın bir vətəndaş kimi ən yüksək səviyyəli cəhətlərindən biridir. Bu baxımdan, Tofiq Quliyev həqiqətən əvəzolunmaz böyük sənətkardır.
Mən həmişə deyirəm ki, əgər Azərbaycan bəstəkarlarının yaradıcılığını böyük bir çiçək çələnginə bənzətmiş olsaq, onların içərisində T.Quliyevin yaradıcılığı ən ətirli, ən gözəl çiçəklərdən biridir. Ona görə də, Tofiq Quliyev həmişə var, Tofiq Quliyev yaddan çıxmayacaq. Zənnimcə, nə qədər ki, Azərbaycan xalqı var, Tofiq Quliyevin əsərlərini, onun mahnılarını həmişə sevə-sevə dinləyəcək, oxuyacaqlar.
Materialı hazırladı:
Leyla Fərəcova
|