ÈÐÑÈÌÈÇ
MIRZƏ FƏRƏC HAQQINDA XATIRƏLƏRIM
(əvvəli jurnalım&

Ruqiyə RZAYEVA
Search

ÈÐÑÈÌÈÇ
ŞƏRQIN 95 YAŞLI ILK OPERASI
Səadət QARABAĞLI
MIRZƏ FƏRƏC HAQQINDA XATIRƏLƏRIM
(əvvəli jurnalım&
Ruqiyə RZAYEVA
BAKININ MUSIQI TARIXINI VƏRƏQLƏYƏRKƏN...
Minirə DILBAZI
XX ƏSR AZƏRBAYCAN MUSIQISININ
DÖVRLƏŞDIRILMƏSINƏ DAIR MÜLAHIZƏLƏR

Fərəh ƏLIYEVA

 


       Bu əhvalatdan xeyli vaxt keçəndən sonra bir dəfə Sabunçulu Teymurbəy Aşurbəylinin evində böyük bir musiqi məclisində babam Şirinlə rastlaşır. Şirin artıq öz istedadı sayəsində usta tar çalan olmuşdu. Bu məclisə də elə ona görə gəlmişdi ki, öz məharətini göstərsin. Odur ki, babam tarın bütün pərdələrini bıçaqla kəsib Şirinə uzadaraq deyir ki, al mənim tarımda bir şey çal. Ancaq Şirin bunu bacarmayır, tarın səsi çıxmayır, tarı qaytarıb deyir ki: «Ustad, bu tarı ancaq sən dilləndirə bilərsən».

       Babam tarı alır əlinə, bütün məclis əhli çox maraqla bu səhnəni seyr edir. Mirzə Fərəc isə heç bir şey olmamış kimi pərdəsiz tarda bir muğam dəstgahı çalır. Bütün məclis heyrət içində qalır. Babam Şirini imtahana çəkirmiş. Bildirib ki, tarı yaxşı çalmaq hələ ustadlıq deyil.

       Sonralar mən musiqi məktəbində oxuyarkən muğamatdan kamançada mənə dərs verən qoçaman Mirzə Asatur da bu əhvalatı çox məzəli halda mənə danışardı. Demə bu əhvalat o vaxt ağızdan-ağıza düşən qəribə nadir bir hadisə olubmuş. Belə qeyri-adi çalğı tərzi, lal barmaqlar (mizrabsız olaraq baramaqların pərdələr üzərində möhkəm vurmaqla səs alınması) tarı boyun arxasında saxlayıb güclü çalması, hərdən də sinəsi üzərində olan tarı çalğı zamanı fırlatması. Bütün bünlar elə bir ustalıqla olurdu ki, qulaq asanları valeh edirdi. Toy məclisləri növbə gözlərdilər, təki Mirzə Fərəc toyu aparsın.

       Mən kiçik yaşımda olsam da öz evimizdə XIX əsrdə anadan olmuş məşhur nağaraçı Gülünün oğlu Hacının toyunda babamın bu çalğı tərzlərini gözümlə görmüşəm. Onda babamın yaşı artıq 70-i keçmişdi. Təsəvvür edirəm ki, onun cavan enerjili vaxtı necə olub. Onun qüvvətli biləngi, barmaqları, hər şeydən artıq tara olan sevgisi, eşqi onu heç vaxt yormurdu. Saatlarla bir-birinin dalınca çalınan oyun havaları onu daha da şövqə gətirirdi, həvəsləndirirdi. Babam ayağa qalxıb toyda oynayanların başı üstündə tarı mizrabsız çalıb, sonra da fırladıb şövqlə mizraba keçməsinin şahidi olmuşam. Onun ən çox çaldığı oyun havalarından bəzilərini indi də çalırlar. Onlardan «Vağzalı», «Şalaxo», «Ənzəli», «On dörd», «Tərəkəmə», «Turacı», «Ekspres», «Innabı», «Kintauri», «Bəxtəvəri», «Yüz bir», «Çervon», «Nazpəri», «Qocəli», «Jiqanı», «Qaytağı», «Arazbarı», «Əsgəranı», «Dərbəndi», «Lalə», «Qızıl gül», «Qaraçı havaları», «Yabloçka», «Bənövşə» (bu rəqs havası Mirzə Fərəcindir). Babam oyun havalarını çalanda zəng simlərdən elə məharətlə istifadə edirdi ki, tar elə bir ansanbl kimi səslənirdi. O marşları və valsları da tez-tez çalardı.

       Mən babamın qüvvətli, dolğun, həm də yumşaq barmaqlarını və tarının səsini Xalq artisti mərhum Hacı Məmmədovun tarının çalğı ifasında hiss edirdim. Hər dəfə onun fonoqramma ilə verilən çalğısını eşidəndə xəyalımda babam canlanır və elə bil o illərə qayıdırdım.

        «Bənövşə» oyun havasını xüsusi bir şövq ilə çalardı.

       Çox sevindiriçi haldır ki, «Bənövşə» oyun havası indi də müasir musiqiçidərin repertuarına daxildir. Yüzdən artıq yaşı olan bu musiqi hələ də yaşayır. Deməli, babam da yaşayır, öz musiqisində. Növbəti konsertə, ya məclisə getməzdən əvvəl bir neçə musiqiçi və xanəndə bizə toplaşardı. Onlar evdə məşq edərdilər. Çala-çala hamı bərabər oxuyardılar xorla. Mən bu konsertin ilk dinləyicisi olurdum. «Yeri dam üstə yeri», «Süsən Sünbül», «Ay bəri bax», «Tello» havaları mənim çox xoşuma gəlirdi. «Tello» isə mənim o vaxtkı uşaq yaddaşıma necə həkk olunubsa indi də oxuyanda kövrəlirəm. Bu mahnının ifasında babamın səsini axtarıram. Onun çox da yüksək olmayan fəqət çox lirik, ürəyə yatar səsini xorun içərisindən o vaxt yaxşı ayıra bilirdim.

       Belə yığıncaqda bəzən mübahisələr də baş verərdi. Müğamın çalınması, tərkib hissəsi haqqında uzun söhbətlər olurdu. Babam musiqi tarixini, muğamların yaranması məsələlərini yaxşı bildiyindən nəzəri olaraq onları başa salırdı və bundan sonra məğrur halda tarı yerə qoyardı, mübahisə kəsilərdi, hamı razılaşırdı. Mən də sevinərdim ki, babam bu kişilərdən çox bilir.

       Indi mən çox təəssüf edirəm ki, kaş babam savadlı olaydı. Bildiklərini, öyrəndiklərini, özünün əlavələrini, musiqi aləminə gətirdiyi fikirləri yazıb gələcək nəsillər üçün saxlaya idi. Indi musiqi tariximiz üçün böyük savab iş görmüş olardı. Çox təəssüf ki, o dövrün informasiya vasitələri məhdud olduğundan çox mənəvi xəzinələr ürəklərdə qalıb pünhan dünyaya getdi.

       Tək Mirzə Mansur babamın ürəyinə yol tapmış tarzən idi. O tez-tez bizə gələrdi. Çox vaxt heç tara əllərini vurmazdılar. Ancaq muğam dəstgahları haqqında nəzəri söhbətlər edərdilər. Babam öz sənət sirlərini ancaq sevimli tələbəsi Mansur Mansurova etibar edirldi, ürəklə ona öyrədirdi.

       Sonralar babam həyatda olmayanda bacım Ağabacı ilə mən Mirzə Mansurun sinfində tar dərsi keçəndə o bizə deyərdi ki, «Mirzə Fərəc əjdaha idi. Onun qabağında dayanmağa hər çalanın hünəri çatmazdı».

       Deyilənə görə Mirzə Fərəc də bir sıra başqa görkəmli sənətkarlar kimi öz sənət sirlərini hər yetənə öyrətməzmiş. Onda da bir növ sənətkarlıq qısqanclığı varmış. Lakin mən babamı heç də məzəmmət edə bilmərəm. Bu məsələdə onun yaşayıb yaratdığı dövrün texniki informasiya imkanlarını nəzərə almaq lazımdır. Bu münasibətlə babamın tez-tez danışdığı bir əhvalatı yada salmaq burada yerinə düşər.

       Babam Iran xanlıqlarından birinin məclisinə dəvət olunubmuş. Orada fars çalğıçıları iştirak edirlərmiş. Əvvəl onlardan biri çalmağa başlayır. Ancaq çalan üzünü divara çeviribmiş. Babam başa düşür ki, tarzən istəməyib ki, çaldığı pərdələri, vurduğu barmaqları başqası görsün öyrənsin. Növbə ona çatanda üzünü camaata çevirib açıq halda çalır, hələ yarışda qələbə də qazanır.

       Indiki dövrdə musiqi əsəri nota salınır, lentə yazılır və müəllif hamıya bilinir ki, kimdir. Nəzəriyyəyə aid işlər də çap edilir, fikirlərin kimə məxsus olmsı da hamıya məlum olur. O vaxtlar isə xüsusən Azərbaycanda müəlliflik hüququ daim qorxu altında idi. Əgər sən bildiyini bir başqasının yanında desəydin və ya çalsa idin o, adam deyə bilərdi ki, bu mənim fikrimdir, kəşfimdir, ixtiramdır, müəlliflik iddiasına düşərdi. Əsl müəllif isə kölgədə qala bilərdi. Ona görə də peşəkarlar öz sənət sirlərini, ustalıqlarını başqalarından gizlədirdilər. Ustalar adi çalanlardan bu yolla fərqlənir, məşhurlaşırdılar. Deməli babam və onun kimi sənətkarlar belə düşünürmüşlər. Bununla əlaqədar bir əhvalatın şahidi olmuşam. Bir kişi gəlib babamı toya dəvət etdi. Musiqi aləmində qarma-qarışıq 20-ci illər idi. Bu vaxtlar proletkultçuluq ilə əlaqədar olaraq babamın tez-tez qanı qara olurdu. Hövsələsi olmurdu, toylara getmirdi. Çarpayıda uzanıb nə haqqındasa uzun-uzadı düşünür, öz daxili ad əmində ictimai həyatda baş verən hadisələri çək-çevir edirdi. O, toya dəvət edən kişiyə dedi ki, «keyfim yoxdur, gelə bilmərəm». O, getdi. Bir azdan sonra yaşlı bir kişi ilə yenidən gəldi. Onlar çox təvəqqə etdilər və dedilər ki, biz adamlarımzı toya dəvət edib çağıranda hamı soruşub ki, toyu Mirzə Fərəc aparcaq ya yox? Biz sizin toyda olacağınızı vəd etmişik. Əgək gəlməsəniz toyumuz soyuq keçər, adamları aldatmış olarıq. Babam yenə razı olmadı. Bir azdan sonra toyçular yenə gəlib dedilər ki, biz toyu aparmağa başqa çalan görmüşük, sizdən xahiş edirik ki, bir qonaq kimi gəlib məclisimizdə oturasınız. Babam çox həvəssiz olsa da durub geyindi, onların gətirdikləri faytona minib tarsız toya getdi. Demək toya gələnlər çalanların ustalığına, şöhrətinə baxmağa gəlirlərmiş. Belə toyun xoş sədası, tərifi sonralar uzun müddət xalq içində danışılırmış.

       Babam tək toy şənlik məclisləri deyil teatr, konsert salonlarının da yaraşığı, fəal iştirakçısı olub. Belə ki, o, 1886-cı ildən etibarən Bakıda Hacı Zeynalabdinin tikdirdiyi teatrın – «Tağıyev teatrı»nın səhnəsində göstərilən tamaşalarda, şərq konsertlərində müntəzəm iştirak edib. O, məşhur kamança çalan və dirijor Oqanezaşvili Saşanın rəhbərlik etdiyi orkestrin tarzəni olub, o orkestrdə soloda çalır və xanəndələri müşayiət də edirmiş. Sənətşünaslıq namizədi Oqtay Quliyev öz kitabında bu haqda belə məlumat verir.

        «Xalq tərəfindən çox rəğbətlə qarşılanan şərq gecələrindən sonra ayrı-ayrı cəmiyyətlər də ədəbi-bədii gecələr təşkil etməyə başlayırlar. Belə gecələrdən biri 1907-ci il yanvar ayının 20-də artistlər cəmiyyətinin salonunda «Müsəlman xeyriyyə cəmiyyəti» tərəfindən keçirilmişdir. Dörd şöbədən ibarət olan konsertin üç şöbəsi şərq musiqi ifaçılarına ayrılmışdı. Konsertdə ən yaxşı xanəndə və musiqiçilərdən Cabbar Qaryağdı oğlu, Islam Abdullayev, Ələsgər Abdullayev, Məşədi Zeynal Haqverdiyev, Qurban Pirimov, Məşədi Məmməd Fərzəliyev, Keçəçi oğlu Məhəmməd, Şirin Axundov, Mirzə Fərəc və başqaları iştirak etmişdilər. Gecənin konsert şöbəsinə xalqın maarif və mədəniyyətinin inkişafı yolunda çalışan qabaqcıl ziyalı Bədəlbəy Bədəlbəyli rəhbərlik edirdi»2.

       Şərq konsertləri tək Bakıda deyil, Tiflis şəhərində də verilirdi. Belə ki, 1918-ci ilin oktyabrında Tiflis artistlər cəmiyyəti teatrında keçən gecə çox maraqlı və alqışlarla qarşılanmışdır. Bu konsertdə Mirzə Fərəc orkestrdə birgə çalıb və həm də tarda solo ifa edib (afişa var). 1921-ci ildə Azrbaycan Rus Dram teatrında verilən Şərq konsertində də Mirzə Fərəc solo tarda «Hümayun» ifa etmiş, Saşa Oqanezaşvilinin rəhbərliyi ilə orkestrdə də çalmışdır (afişadan). Yetmiş dörd yaşlı babam heç cavanlardan geri qalmırdı. Hansı şəhərə olsa gedirdi, əvvəlki şövqü ilə çalırdı.

       Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra babamın ictimai fəaliyyəti daha da artdı. Bu dəfə küçələrdə, meydançalarda üstü örtülü səhnələr düzəldirdilər. Xalqı mitinqlərə toplamaq üçün adlı-sanlı musiqiçiləri bu işə dəvət edirdilər. Bir dəfə atam məni də özü ilə bərabər belə bir mitinq-toplanışa apardı. Səhv etmirəmsə dəniz kənarındakı parkda idi. Üstü örtülü səhnə vardı. Burada geniş meydanda saysız-hesabsız adam toplaşmışdı. Biz çox uzaqda dayanmışdıq. Atam məni çiyninə qaldırdı. Bu vaxt babam əlində tar, uzun qara milli geyimdə səhnəyə daxil oldu və çalmağa başladı. Bu mənim üçün çox gözlənilməz oldu. Onu görən kimi ağa-ağa deyərək qışqırıb babamı çağırmağa başladım (evdə hamımız ona ağa deyərdik).

       Belə görüşlər tək Bakıda deyil, Azərbaycanın rayonlarında da təşkil olunurdu. Əhali arasında təşviqat-təbliğat işləri aparmaq üçün artist və musiqiçilərdən ibarət xüsusi dəstələr düzəldib rayonlara ezam edirdilər. Əlbəttə elə bir qarışıq vaxtda rayon camaatının heç də hamısı bu mədəniyyət xadimlərini səmimi ürəklə qarşılamırdılar. Düşmənlər, sovet hökumətini sevməyənlər də vardı. Nənəm danışırdı ki, Fərəci bu yoldan saxlaya bilmirdi. Çox pis hadisələr danışırdılar. Elə bilirdim ki, kişi getdi, bir daha evə qayıtmayacaq, onu qaçaq quldurlar vuracaqlar. O vaxtlar doğrudan da xoşa gəlməyən hadisələr çox olurmuş. Ancaq babam yaşı yetmişi keçməsinə baxmayaraq hansı rayona göndərsəydilər gedərmiş. Babama teatr cəmiyyəti tərəfindən onun 40 illik əmək fəaliyyəti haqqında (1886-1926) verilmiş arayışda bir sıra məşhur aktyor imzalarıyla bərabər əməkdar artist Hacıməmməd Qafqazlının da imzası var. Orada adlarını oxuya bildiklərimdən:

Hacağa Abbasov, Mirzağa Əliyev,
Ataməlibəyov
Ağahüseyn Rzayev
Qafqazlı
Ülvi Rəcəb
Tonailidi (22 imza).


       1981-ci il mayın 12-də Qafqazlıdan babam haqqında məlumat verməsini xahiş etdim. O mənə aşağıdakıları söylədi:

        «1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti təzəcə qurulmuşdu. Əhali arasında təşviqat-təbliğat işləri aparmaq üçün artist və musiqiçilərdən ibarət xüsusi dəstələri rayonlara göndərirdilər. Belə dəstələrdən birini də «Işçi teatrı» təşkil etmişdi (bu teatr əvvəllər «Tənqid təbliğ» – «Satiraqit» adlanırdı). Bu dəstəyə teatrın artistlərindən başqa tarzən Mirzə Fərəc Rzayev ilə xanəndə Qənbər Zülalov (Əbdülbaği Bülbülcanın qardaşı oğlu) daxil idi. Bu dəstədə mən də iştirak edirdim. Bizim dəstə Bankədə iki gün qaldı, aktyorlar camaata teatr tamaşaları, musiqicilər isə konsertlər verdilər. Sonra «Xıllıya gəlib bir necə gün qaldıq. Oradan da Salyana keçdik. Əhaliyə tamaşa və konsertlər verdik. Bu yaradıçılıq ezamiyyətində Mirzə Fərəc özünün mahir bir muğam ustası olduğunu göstərdi. Onun yol yoldaşlığı da çox yaxşı idi. Çox maraqlı söhbətlər, xatirələr danışardı».

       Yaşının artması babamı heç vaxt qocaltmırdı. Həyatı qədər sevdiyi tarı nə qədər əlindəydisə o zirvələr aşmağa hazır idi.

       1921-ci ilin mart ayında böyük müğənnimiz Bülbül «Tənqid təbliğ» teatrında (indiki A.Şaiq adna Kukla teatrının binasında) böyük bir konsert təşkil edir və konserti özü idarə edirmiş. Afişa və proqramda yazıldığı kimi tədbirə iki dəstə musiqici çağrılmışdı.

       Birinci dəstəyə Cabbar Qaryağdı oğlu, Saşa Oqanezaşvili və Qurban Pirimov, ikinci dəstəyə Ələsgər Abdullayev, Şirin Axundov və Levon Qaraxanov daxil imiş. Mirzə Fərəc isə tarda solo «Əraq pəncgah» çalır. Onun ifasını tamaşaçılar gurultulu alqışlarla qarşılayırlar. Bülbülə bu hal o qədər təsir edir ki, səhnəyə gəlib Mirzə Fərəci qucaqlayır, iki üzündən öpür. Atam həmin konsertdə oturub qulaq asırmış. Sonralar həmin konseri xatırlayıb şirin-şirin danışardı.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page