ÈÐÑÈÌÈÇ
MIRZƏ FƏRƏC HAQQINDA XATIRƏLƏRIM
(əvvəli jurnalım&

Ruqiyə RZAYEVA
Search

ÈÐÑÈÌÈÇ
ŞƏRQIN 95 YAŞLI ILK OPERASI
Səadət QARABAĞLI
MIRZƏ FƏRƏC HAQQINDA XATIRƏLƏRIM
(əvvəli jurnalım&
Ruqiyə RZAYEVA
BAKININ MUSIQI TARIXINI VƏRƏQLƏYƏRKƏN...
Minirə DILBAZI
XX ƏSR AZƏRBAYCAN MUSIQISININ
DÖVRLƏŞDIRILMƏSINƏ DAIR MÜLAHIZƏLƏR

Fərəh ƏLIYEVA

 


       Görünür, bü münasibətlə həmin şuranın üzvləri sonra bizə toplanardı. Mübahisə-məşvərət edərdilər. Belə vaxtlarda əslində olduqca az danışan babam qarışıq məsələləri başa salmağa, sübut etməyə çalışır, əsəbi halda tarı çalır, dediklərini sübut edirdi. Hamı dağılışandan sonra Mənsur babamın yanında qalardı. O babamın xasiyyətinə yaxşı bələd idi. Ondan bir şeyi öyrənmək üçün böyük hövsələ lazım idi. Çünki o bir məsələni hər necə oldu tez deyib üstündən keçməzdi. Onu nəzəri olaraq məntiqi surətdə hərtərəfli sübut edəndən sonra qəti qərara gələrdi. Mirzə Mənsur istədiyinə nail olub gedərdi. Mən çox yaxşı görürdüm ki, başqalarına nisbətən Babam Mənsuru çox sevir. Ona çox ürəklə yanaşır, bildiklərini ona öyrətməyə səy göstərərdi. Görünür, Mirzə Mənsurun çox təmkinli olması, alicənablığı, düz ürəkli, mədəni, istedadlı olması, nəhayət, Mirzə Fərəci yaxşı başa düşməsi babamı ona bağlamışdı. Yaxşı ki, belə olmuşdu. Yoxsa babamın dərya biliyi özü ilə bərabər dünyadan gedəcəkdi. H eç olmazsa özündən sonra Mənsur onun bildikləini öz tələbələrinə, gənc nəslə çatdırmışdır. Beləliklə, musiqi mədəniyyətimiz, Mirzə Fərəcin şirin xalları nəsildən-nəslə keçmişdir. Odur ki, Əfrasiyab Bədəlbəyli «Musiqi lüğəti» kitabında Mirzə Mənsur haqqında yazıda çox düzgün göstərmişdir ki, «Mirzə Mənsur haqlı olaraq Azərbaycan muğamatının tanınmış nəzəriyyəçisi sayılır». Bu tərifi Mirzə Mənsur öz halal zəhməti ilə qazanmışdı.

       1934-cü ildə bacım Ağabacı ilə mən musiqi məktəbində Mirzə Mənsurun sinfində tar öyrənəndə müəllimimiz tarı əlinə alıb Rast çalardı, Üşşaq yerinə çatanda mizrabı altdan yuxarı vurub çalar və deyərdi ki, bax, bunlar baban Mirzə Fərəcindir. Mirzə Fərəc buna «pişim-pişim» deyərdi. Sonralar xalq artisti Hacıbaba Hüseynov bu melodiyanı «Əllər şüşə, barmaq qələm, dırnaq sədəf başdan başa» sözlərilə ifa edərdi. Üzeyir bəy babamın yaradıcılıq qabiliyyətinə yaxşı bələd idi. Bilirdi ki, onun bir sıra təsnifləri, rəngləri, oyun havaları vardır. Onun, Mirzə Fərəcin muğamlara gətirdiyi guşələr, xallardan xəbəri vardı. Odur ki, babam 1926-cı ildə təqaüdə çıxıb, evdə yatanda o, Asəf Zeynallını Niyazilə onun yanına göndərib tapşırmışdı ki, Mirzə Fərəcin yaradıcılıq irsini nota köçürsünlər ki, özündən sonra itib-batmasın, və özünün adı ilə yaşasın. Ancaq babam xəstəliyi üzündən çox səhv etdi, dedi ki, lazım deyil. Əgər mən ölürəmsə, qoy mənimlə bərabər mənim musiqim də ölsün. Atam nə qədər yalvardı, başa saldı onu, heç cürə razı sala bilmədi. Ancaq özü öldü, musiqisi isə xalq musiqisi kimi hər dəfə səslənir və heç vaxt unudulmayacaq (təsniflər, rənglər, diringələr və s.). Mirzə Fərəc şöhrətpərəst deyildi, ona görə razı olmadı.

       Babam Azərbaycan ədəbi dilini və poeziyasını çox yaxşı bilirdi. Onun ən çox sevdiyi şer forması qəzəl idi. Fars dilində, Azərbaycan dilində saysız qəzəllər bilirdi. Həmkarları ilə bir yerdə olanda həmişə qəzəl deyərdi. Bəzən hər bir muğama aid uyğun qəzəl seçilməsində evdə saatlarla mübahisə edərdilər. Babam bu məsələdə Ağa Səid oğlu Ağabalanın məharətinə üstünlük verərdi. Babam ayrı-ayrı muğamlara aid bildiyi qəzəlləri atama yazdırıb oxuyanlara paylardı.

       Poeziyaya bu sevgi, bu maraq Mirzə Fərəci bir ədəbi məclisə çəkib gətirmişdi. Bu məclis farslar karvansarayının ikinci mərtəbəsində olan Hacızeynal oğlu Mirzə Ağakərimin (1849-1910) hücrəsində toplaşan şer - musiqi məclisi idi. Ağakərim Salik keçən əsrin 80-ci illərində Bakıda yaradılan «Məcmuəüş-şüəra»nın üzvü olub. O gözəl şair olmaqla bərabər Mirzə Səttardan musiqi nəzəriyyəsini yaxşı əxz etmişdi. Odur ki, onun hücrəsində həm şer, həm də musiqi, muğam haqqında geniş müzakirələr olurdu. Muğamlarda oxunan qəzəllər ətrafında çox maraqlı mübahisələr gedirdi. Hansı muğamda məhz hansı qəzəli seçmək çox mühüm şərt idi. Odur ki, böyük bir məclisdə çalınıb oxunan bir muğam dəstgahının 3-4 saat davam etməsi heç kimi yormurdu.

       Sonra bu məclis Mənsurovların evində toplaşan məclislə birləşərək daha da genişləndi.

       20-ci illərdə çalıb-oxuyanların sənət qabiliyyətini artırmaq, bilicilərdən öyrənmək işində belə məclislərin xeyri çox olurdu. O illərdə qəzet redaksiyaları da belə tədbirlərdən geri qalmırdı.

       1925-1930-ci illərdə «Kommunist» qəzetinin nəzdində «oxucular klubu» fəaliyyət göstərirdi. Bu klubun ətrafında Mirzə Muxtar, Cabbar Qaryağdı oğlu, Üzeyir Hacıbəyov, Mirzə Fərəc, Mirzə Mənsur, Seid Şuşinski, Əfrasiyab Bədəlbəyli kimi musiqi xadimləri toplaşaraq muğamatdan, ifacılıq məharətindən söz açır, sənətin estetik problemlərinə aid məsələlər müzakirə edərdilər. Klubun musiqi şöbəsinin rəhbəri Üzeyir Hacıbəyov idi.

       Şərq konservatoriyasında 20-ci ildə babam dərs verəndə bu konservaoriyanın yaradılması təşəbbüsünü irəli sürən çox savadlı, gözəl pianoçu, muğamlarımızın pianoda məharətli ifaçısı Xədicə xanım Qayıbova müdir işləyirmiş. Konservatoriyada kişilərdən əlavə 150 qadın, kişilərdən ayrı yerdə dərs keçirmiş. Odur ki, o illərdə qadınlar arasında pianoda gözəl muğam ifaçıları vardı. Rüxsarə Mirzəbəyova da onların sırasında idi. Sonra o öz öyrəndiklərini tələbələrinə öyrədərdi.

       Xədicəxanım babamı yaxşı başa düşürmüş. Ona tərəfdar dururmuş, baxmayaraq ki, özü muğamları pianoda çalmağı öyrədərdi, ancaq deyərmiş ki, pianinoda muğam əsl muğam kimi səslənə bilməz, ləzzət verməz. Necə babam deyərdi ki; «mənim çaldığım muğamı piano heç vaxt çala bilməz».

       Əldə olan sənədlər göstərir ki, Mirzə Fərəcin pedaqoji fəaliyyəti 1920-ci illərin əvvəllərində yaradılmış Şərq konservatoriyası, daha sonra isə, musiqi texnikumu ilə bağlı olmuşdur. Belə ki, Mirzə Fərəc 1926-cı ildə ağır xəstələnib təqaüdə məhz bu texnikumdan çıxmış və 1927-ci ildə vəfat etmişdir.

       Mirzə Fərəc haqqında əlavə və yeni məlumatlar almaq məqsədilə, çap edilmiş, mötəbər bir kitaba müraciət etdim. 1972-ci ildə, Azərnəşrdə «Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası» adı ilə çap edilmiş və mətbuatda yaxşı tədqiqat əsəri kimi yüksək qiymətləndirilmişdir. Kitabı E.Ə. Abasova, D.X. Danilov, L.V.Karagiçeva, K.K. Səfərəliyeva çapa hazırlamışdır.

       Bu kitabı nə qədər vərəqlədimsə nə Şərq konservatoriyası müəllimləri sırasında, nə də ki, musiqi texnikumu müəllimləri siyahısında Mirzə Fərəcin adına rast gəlmədim.

       Musiqi tariximizdən yaxşı məlumdur ki, tədris ilinin birinci günündən Mirzə Fərəc bu iki musiqi təhsili ocaqlarında muğam dərslərini aparmışdır. Məşhur tarzənimiz Qurban Pirimov Mirzə Fərəcin musiqi mədəniyyətindəki əzəmətli mövqeyini nəzərə alaraq deyirdi ki, Mirzə Fərəc əjdəhadır.

       Üzeyir Hacıbəyov muğam sənətimizlə bağlı məsələlərə (muğam dərsi üzrə də proqramlarının tərtibi, siniflərin təşkili v.s.) həsr edilmiş müşavirələrə həmişə, Mirzə Fərəci dəvət edərdi.

       1922-ci ildə Üzeyir Hacıbəyov musiqi məktəbləri üçün muğam dərsləri üzrə proqramlar tərtib edərkən Mirzə Fərəcin biliyinə və koməyinə arxalanmışdır. Sonuncu muğam proqramını tərtib etmiş, özünü Mirzə Fərəcin tələbəsi hesab edən, görkəmli muğam ustadımız Kamil Əhmədov da, bu işində, Mirzə Fərəcin proqramına əsaslanmışdı.

       Mənim 1986-cı ildə, «Işıq» nəşriyyatında çap edilmiş «Tarzən Mirzə Fərəc haqqında xatirələrim» kitabımda bu məsələlər yaxşı işıqlandırılmışdır. Görkəmli musiqişünasımız Ramiz Zöhrabovun 1991-ci ildə Azərnəşrdə çap edilmiş «Muğam» kitabında Mirzə Fərəcin muğam cədvəllərindən istifadə edilmişdir. Bu cədvəllər isə mənim yazdığım «..Xatirələrim»də çap edilmidir (s. 46-51), təkcə zərbi-muğamlara «Heyratı», «Simai-şəms», «Mənsuriyyə» və «Mani» də əlavə olunmalıdır.



MIRZƏ FƏRƏCIN MUĞAM DƏSTGAHLARI

       Atamın babam haqqında yazıları içərisində muğam dəstgahlarının siyahısı da vardı. Atam Mirzə Fərəcin tələbəsi olduğu üçün (Musiqi məktəbi nəzdində müəllimlər kursunda) onun muğamları nə qayda ilə öyrətdiyini bilirdi.

       Ancaq atam onu da deyərdi ki, - «atam çalanda bu dəstgahlara çoxlu əlavələr də edərdi. Odur ki, çox məclislərdə bir dəstgahı 4-5 saata çalıb qurtarmazdı».

       Bu yazıların üzərində notlar olmasa da bir sıra nəzəri məsələlərin həllində onların, tarixi bir sənəd kimi, əhəmiyyətli rolu vardır.

       Mirzə Fərəc bizim əsrdə yaşamış musiqi xadimlərimizin ən yaşlılarından idi. O, XIX əsrin Şərq musiqi mədəniyyətinin nailiyyətlərini özündə yaşatmış, yeni, qüdrətli musiqiçilər nəslinə qədər gətirib çıxarmış, toy məclislərində, müsabiqələrdə, musiqi məktəblərində təbliğ etmişdir. Babamın təbliğ etdiyi muğamların canı, ruhu ondan qalmış xatirələrdə (bu xatirələrin bəzilərini onun dilindən oğlu Ismayıl yazmışdır) yaşamaqdadır. Şübhəsiz ki, klassik musiqimizə bələd olanlar qarşısında bu xatirələr öz sirrini açacaq, bir çox məsələlərə işıq salacaqdır (onu da deyim ki, atam bu muğamlar siyahısını yazarkən bəzi guşələri yadından çıxarmış, babamın çaldıqlarının hamısını yaza bilməmişdir).

       1890-cı ildə xüsusi bir fonoqrafiyada vala yazılmaq üçün Mirzə Fərəc dəvət edilir. O, solo çalır və bir neçə xanəndəni müşayiət edir.

       1900-cü ildə Mirzə Fərəc xanəndə Mirtağı Mirbabayevlə «Rekord-sport» şirkətində vala yazılıb. Xanəndə Məşədi Məmmədi də müşayiət edib. «Rast», «Simayi Şəms», «Heyratı», «Əraq kabili» və solo tarda «Orta Mahur» və «Bayatı Şiraz» çalıb.

       Bu vallar hamısı bizim evdə saxlanırdı, tez-tez çaldırırdıq. "Lotu Cabbarın valı", «Kəblə Hacı» operettası bu valların içərisində idi.

       1960-cı illərdə Razin qəsəbəsində yaşayan Səftər Rəhimov adlı birisinin evində atam babamın yazdırdığı bir valı çaldırıb qulaq asmışdı. Muğam arasında oxunmuş təsnifin sözlərini yazıb gətirmişdi. Oxuyan xanəndə Mirtağı imiş.

Gəlin gedək xan bağına xəzələ
Gözüm düşüb eyvandakı gözələ
Fərəc çalır Tərlan durur süzməyə
Ölürəm, kimə yalvarım
yanıram kimə yalvarım
yazığam sənə yalvarım!


       Atam Səftərdən valı istəmişdi, ancaq o verməmişdi. Atamın dediyinə görə onun evində mindən çox val toplanıbmış. Bir müddətdən sonra biz atamla həmin ünvana getdik (Revolutsiya küçəsi ¹ 2, Proletar küçəsinin tinində). Ancaq Səftəri tapa bilmədik. Qızı isə bizə heç nə vermədi.

       Təxminən 20-ci illərin axırı idi. Iran əhli olan Həsənxan adlı birisi Bakını və rayonları gəzib qrammafon vallarını alıb Irana göndərirdi. O, bizə də gəldi, əvvəlcə atam ona heç nə vermədi. Ancaq bir neçə gündən sonra yenə gəldi. Bu dəfə elə bil atamı sehirlədi. Valları, hələ üstəlik qrammafonu da aldı apardı. Mən atamın bu böyük səhvi üçün onu bağışlamıram. O vaxtdan ümidlə yaşayıram ki, bəlkə bir evdə babamın valı saxlanır. Haçansa aşkar olacaq və beləliklə mən babamın musiqisini yenidən eşidəcəyəm.

       Mirzə Fərəcin çoxlu xanəndə həmkarları var idi. O, oxuyanı yaxşı müşayiət edirdi. Bir də ki, muğamların quruluşunu, hissə və guşələrini dəqiq bildiyindən xanəndə ondan çox şey öyrənirdi. Odur ki, hamı onunla oxumağa can atırdı. Bir də o, məşhur tarzən olduğu üçün Bakının ən varlı milyonçuları ancaq onu dəvət edirdilər. Mirzə Fərəclə birlikdə olmaq, işləmək, çalmaq sərfəli idi. Həm özü öyrənir, həm də məşhurlaşırdı.

       1901-ci ildə Bakıya gələn, gözəl səsə malik Cabbar Qaryağdı oğlunun Mirzə Fərəclə tezliklə həmkar olması da bundan irəli gəlmişdi.

       Yuxarıda siyahısını verdiyim xanəndələrin hamısı Mirzə Fərəclə həmkar olmuşlar. Onların içərisində Mirtağı Mirbabayev xüsusi yer tuturdu. Ailəvi yaxınlıq Mirtağını böyük sənət aləminə gətirib çıxardı. Mirtağı 1867-ci ildə Bakıda mərsiyəxan ailəsində dünyaya gəlmişdi. Təbiət ona tək-tək adamlara xas gözəl, məlahətli gur səs bəxş etmişdi. Odur ki, o Mirzə Fərəcin nəzər diqqətini cəlb etmişdi. Nə olursa ona kömək edib özünün pərəstiş etdiyi böyük musiqi aləminə onu cəlb etmək lazım idi. Mirtağı ilə muğamlar üzərində gərgin işləmişlər. O, Bakının ən məşhur, gözəl səsə malik olan bir xanəndəsi kimi tezliklə tanındı və sevildi. Dövlətli ailələr bəhsə girib bir-birinin acığına öz musiqi məclislərinə ancaq Mirtağını dəvət edirlər. Pul, hədiyyələr başdan aşırdı. O vaxt «Rekord-sport» qrammofon şirkətində, Varşavada çoxlu qrammofon valları yazıldı, onlar baha qiymətə satılırdı. Təbiət ona gözəl səs kimi gözəl, mehriban xasiyyət də vermişdi. Deməli, Mirtağı çox xoşbəxt bir şəxsi yyət idi. Babamla aralarında ata-oğul məhəbbəti var idi.

       Mirtağı (Mirseyid) bir dəfə həmkarlarilə bərabər Bakı kəndlərindən birinə toya dəvət olunur. Məclisi çox şən aparır. Bəyi tərifləyəndə bütün qohumların adını çəkir, hərə öz düşərliyin verir. Bəyin dayısı çox varlı adammış. Toya qızıl, brilyant içərisində bəzəklə gəlibmiş. Xanəndə: «Gəlsin görüm bəyin varlı dayısı...» deyəndə Dayı yerindən qalxıb deyir: "Babamdan mənə miras qalmış, yerdə qazıtdırdığım neft quyusunu sənə xələt verirəm... nə çıxsa sənin bəxtinə. Quyu başa çatana qədər xərci mənim boynuma, cəddinə qurban olduğum bir «Segah» oxu" .

       Böyük ruh yuksəkliyi ilə Seyid brilyant üzüyü olan sağ əlini qoyur qulağının qənşərinə, elə gözəl, təsirli bir «Segah» oxuyur ki, məclisdəkilər heyran qalırlar. Sonra da quyu neft fontanı vurur... Bu doğrudanmı xoşbəxtlik qapısı idi?!... Xanəndə Mir Seyid dönüb olur neft sahibi, milyonçu Mirtağı Mirbabayev. Sonra da Hacı Zeynalabdinin köməkliyi ilə dəniz kənarında tikilmiş çox səliqəli bir mülkü alır (indiki Neftçilər prospektində olan Azneft binası). Bu münasibətlə Tiflisdə Qori seminariyasının hamiliyini götürür öhdəsinə. Bunu da ona Hacı Zeynalabdin təkid edir ki, padşahlıq yanında üzü ağ olsun. «Səni tanıyırlar, həm də biz Azərbaycandan ora oxumağa çox uşaq göndərə bilərik. Bu da xəlqinə xidmət idi»5.

       Indi sahibkar Mirtağının qramafon valını oxutdurub ona keçmişə görə irad tutanların qarşısını almaq üçün Mirbabayev bütün vallarını aldırır, sındırıb atır, «uğursuz» keçmişilə olan əlaqəsini bir dəfəlik qırır.

       Mirtağı milyonçu olsa da babam və ailəmizlə əlaqəsini kəsmir. Həmkar olmasa da dostluğu davam etdirir.

       Yuxarıda dediyim kimi elektrik qatarında bağa gedəndə, I-ci Zabratdan əvvəl mədənləri keçəndə atam onların bəzilərini göstərib deyirdi ki, «bu neft buruqları ağanın idi (o, atasına ağa deyərdi), o biriləri isə Mirtağınınkılardır. Mən Mirtağının yanında hesabdar kassir işləyəndə burada işləyən fəhlələrə maaş verərdim». Bu mədən yerlərinə atam «Muxtarov» deyərdi.

       Babamın toyda bağışlanmış neft mədənləri olması sübut edir ki, bəzi tədqiqatçıların yazdığı kimi həmin uğurlu toyda Mirtağı Şirin Axundovla yox, Mirzə Fərəclə oxuyubmuş. Milyoner tərəfindən bağışlanmış neft buruqları isə, tədqiqatçıların dediyi kimi Sabunçuda yox, Muxtarovda imiş.

Onu da deyim ki, bizim evdə olan dəmir kassanın-sandığın içərisində, o vaxtdan qalma, qiymətli kağızlar da saxlanırdı. 1937-ci ildə, repressiya dövründə, atam bu kassadan xanəndə Kəblə Ağabalanın adına bir veksel və babamın adına olan, imperatorun gerbi ilə yaraşıqlı kağızda yazılmış, neft mədənlərinin küpçüsünü çıxarıb yandırdı. Bu vaxt o, dedi ki, bu kağızlara görə məni tutarlar, onların yanmağı yaxşıdır. Onsuz da neft buruqları daha bizim deyil. Anam gülüb dedi ki, «Bəlkə də qaytardılar!».

       Mirtağı ailəmizlə olan dostluğunu milyonçu olandan sonra da qoruyub saxlamışdı. Bu dostluq atamla əlaqədar idi. Bu ailəvi dostluq ənənəsinin nəticəsidir ki, mən bu yaxında Mirtağının qardaşı qızını – Fatma xanımı axtarıb tapdım və onunla keçmiş günləri yada saldıq. Onun bizim ailə haqqında yaxşı məlumatı vardı. babam Mirzə Fərəc haqqında yazdığım «Xatirələr» kitabımı və Mirtağının əldə etdiyim şəkilini ona bağışladım. Fatma xanım əmisinin şəkilini görüb çox kövrəldi və dedi ki, «bir neçə il əvvəl mətbuat işçiləri bizə gəlib onun şəkilini istəmişdilər. Lakin onun şəkili heç kəsdə qalmamışdı. DTK-nin qorxusundan hamı onun şəkillərini məhv etmişdi. Yadıma gəlir ki, evimizdə, vaxtilə, böyük bir albomda Mirtağının çoxlu şəkilləri vardı. O albom mənim qardaşım arvadında qaldı.

       Fatma xanım Mirtağının ailəsi haqqında mənə, bilmədiyim, bəzi məlumatları da verdi: Mirtağının atası Hacı Mirbabanın 4 oğlu olur.

       1. Hacı Miribrahim. O, axund imiş.

       2. Hacı Mirkərim. O, Mirtağının idarəsində işlər müdiri işləmişdi. Ona görə də onu tutmuşdular.

       3. Mirtağı. O, əvvəlcə xanəndə sonra isə milyonçu olmuşdur.

       4. Hacı Mirəbdülvahab. O, 22 il Kərbəlada dini təhsil alıb, müctəhid olub, orada Bakıdan – Içəri şəhərdən müctəhid atası ilə Kəlbəlaya gəlmiş Məsumə adlı bir qızla evlənib Bakıya gəlirlər. Mirtağı böyük sevinclə onları qarşılayıb aparır öz evinə – Azneft binasına; 3-4 gün qonaq saxlayıb onların şərəfinə böyük ziyafətlər verir. Sonra onlar Kamo ilə Mustafa Sübhi küçələrinin tinindəki baba evinə gəlib orada yaşamışlar. Məsumə xanım (Fatma xanımın anası) ərəb dilində çox savadlı, oxumuş qadın idi. Onda, heç kəsdə olmayan, ərəb dilində Quran və s. kitablar vardı. Onun dörd qızı və iki oğlu olur (Xədicə, Böyükxanım, Zəhra, Fatma, Həsən, Hüseyn). Fatma xanım 1918-ci ildə anadan olduğu üçün əmisi Mirtağı yadına gəlmir. O, ilk dəfə əmisi Mirtağının Parisdə yaşadığını Bakı milyonçusu Rəhim bəyin yazdığı məktubdan bilmişdi.

(ardı var)

__________ 1. Azərbaycan Elmlər Akademiyasının Tarix Muzeyi elmi arxivi. Inv.386 və etnoqrafiya fondu. Dik ¹ 10288. 2. O. Quliyev. Azərbaycan xalq çalğı alətləri orkestri. B. Işıq, 1980, səh. 6. 3. Əvəz Rəhmətov. «Əhməd Bakıxanov». Bakı, Işıq, 1977, səh. 16. 4. Ə. Bədəlbəyli. «Musiqi lüğəti». Bakı, Elm nəşriyyatı, 1969. səh. 171-172. 5. Manaf Süleymanov. Eşitdiklərim, oxuduqlarım, gördüklərim. Azərb.Döv.Nəşriyyatı. Bakı, 1987, s. 118-119.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page