ÈÐÑÈÌÈÇ
BAKININ MUSIQI TARIXINI VƏRƏQLƏYƏRKƏN...
Minirə DILBAZI
Search

ÈÐÑÈÌÈÇ
ŞƏRQIN 95 YAŞLI ILK OPERASI
Səadət QARABAĞLI
MIRZƏ FƏRƏC HAQQINDA XATIRƏLƏRIM
(əvvəli jurnalım&
Ruqiyə RZAYEVA
BAKININ MUSIQI TARIXINI VƏRƏQLƏYƏRKƏN...
Minirə DILBAZI
XX ƏSR AZƏRBAYCAN MUSIQISININ
DÖVRLƏŞDIRILMƏSINƏ DAIR MÜLAHIZƏLƏR

Fərəh ƏLIYEVA

 


FYODOR ŞALYAPININ
BAKI QASTROLLARI

(anadan olmasının 130-illiyi münasibətilə)

«...Rus incəsənətində Puşkin kimi, Şalyapin də bir epoxadır».
M.Qorki.

       XIX əsrin ikinci yarısından başlayaraq Bakının musiqi həyatında Avropa və rus musiqisinə artan maraq xüsusilə diqqəti cəlb edir. Bu isə neft sənayesinin sürətlə inkişafı nəticəsində şəhərdə əhalinin durmadan çoxalması, Azərbaycana dəmir yolu çəkilməsi, dəniz və çay nəqliyyatının genişlənməsi və Bakının birinci dərəcəli limana çevrilməsi ilə bilavasitə əlaqədar idi. Bütün bunlar şəhərin mədəni yüksəlişinə səmərəli təsir göstərmiş, Zaqafqaziyada yaşayan xalqların rus xalqı ilə qarşılıqlı mədəni əlaqələrinin möhkəmlənməsinə səbəb olmuşdu. Həmin dövrdə rus və xarici ölkə artistləri Bakıya tez-tez qastrola gəlirdilər.

       XIX əsrin sonunda və XX əsrin əvvələrində I.Qofman, Nikolay və Medeya Fiqnerlər, S.Raxmaninov, L.Sobinov, J.Tsimbalist, L.S.Auer, Vanda Landovskaya kimi məşhur musiqi xadimlərinin Bakıda müvəffəqiyyətlə çıxış edib konsertlər verməsi şəhərdə musiqi həyatının nə qədər yüksək səviyyədə olduğuna parlaq sübutdur. Dahi rus müğənnisi və artisti Fyodor Ivanoviç Şalyapinin çıxışları isə inqilabdan əvvəlki illərdə Bakının musiqi həyatının gözəl səhifələrini təşkil edir.

       Öz xatirələrindən məlum olduğu kimi, Şalyapin ilk dəfə 1891-ci ilin yay aylarında V.N.Lyubimov-Derqaçın kiçik operetta kollektivi ilə Bakıda olmuş və xorda oxumuşdur. Truppa Bakıdan gedəndən sonra Şalyapin şəhərdə qalmışdır. Lakin afişaları oxuyub xəbər tutmuşdur ki, J.Lassalın fransız operettası Bakıda çıxış edir. O, bir artist kimi həmin kolektivdə müvəqqəti işə düzəlmişdir. Şalyapin yazır ki, həmin truppaya 3-4 fransız və bizim «həmyerlilərimiz» daxil idi. J.Lassal truppasının tamaşaları 1891-ci il, oktyabrın 9-da başlanmışdır. («Artist» jurnalı, 1892, ¹ 19, səh.191). Rəngarəng repertuarlı bu truppa təkcə operettaları deyil, opera əsərlərini də, («Traviata», «Karmen», «Faust» və «Qalka») müvəffəqiyyətlə tamaşaya qoymuşdur. Şalyapinin «Traviata»da Jermonun bütün partiyasını cəmi dörd günə öyrənib əzbərlədiyini gördükdə hamı heyran qalmışdı. Onun ilk çıxışı müvəffəqiyyətlə keçdi, alqışlarla qarşılandı.

       Lakin çox çəkmədi ki, truppa dağıldı. Şalyapinin dolanışığı çətinləşdi. Ağır ehtiyaclar onu vağzalda, limanda yük daşımağa da məcbur etdi.

       ...1900-cü ildə ikinci dəfə Bakıya gəldikdə yerli qəzetlərin səhifələrində məşhur bir müğənni kimi tanınan Şalyapinin qastrolları haqqında çoxlu xəbərlər dərc olunmuşdu. Həmin il fevralın axırından Bakıda opera səhnəsi ustaları və müğənniləri Izabella Zvixer, Mikuçi, L.M.Klementiyev, Lonqobardı, L.Q.Yakovlev, I.V.Tartakov və başqalarının iştirakı ilə tamaşalar göstərilməyə başlandı. Orkestri italiyalı dirijor S.Barbini idarə edirdi. Truppanın repertuarı «Ivan Susanin», «Rusalka», «Knyaz Iqor», «Yevgeni Onegin», «Demon», «Aida», «Faust», «Karmen» və başqa operalardan ibarət idi.

       Bakının musiqi həvəskarları ötən illər ərzində Rusiyada kamilləşmiş bir sənətkar kimi dinləyicilərin və tamaşaçıların ürəyinə yol tapan Şalyapinin çıxışlarını səbirsizliklə gözləyirdilər. Onların bu arzusu 1900-cü il, martın 27-də həqiqətə çevrildi, böyük müğənninin ecazkar səsini bir daha heyran-heyran dinlədilər. Bu dəfə müğənni beş operada iştirak etdi. Birinci olaraq «Rusalka» operasında Dəyirmançı rolunu oynadı.

       O zaman gənc müğənninin ifaçılıq məharətindən bəhs edən yazılara mətbuat səhifəsində tez-tez rast gəlmək olurdu. Şalyapin qısa bir müddətdə bütün Rusiyada gözəl müğənni və səhnə ustası kimi şöhrət qazandı. O, həm konsert estradalarında, həm də opera səhnəsində böyük müvəffəqiyyətlə çıxış edirdi. Səsi daha gur, daha xoş və məlahətli idi, tələffüz tərzi təkmilləşib rəvanlaşmışdı; operada köhnəlmiş, çeynənmiş, şablon vərdişləri alt-üst edib sənət aləmində təzə çığır açan yenilikçi kimi tanınmışdı.

       Şalyapin yaradıcılıq meydanına qədəm qoymazdan əvvəl, onun yaşadığı musiqi mühitində operalarda çıxış edən müğənnidən, hər şeydən əvvəl, yalnız məlahətli səs və avaz tələb edirdilər. Şalyapin isə gözəl oxumağı ilə kifayətlənmirdi, eyni zamanda öz rolunu görkəmli dram artistlərindən daha yaxşı ifa edirdi. Beləliklə də, xatirələrdə həkk olunan orijinal, mənalı, insani hisslərlə zəngin və təkraredilməz səhnə obrazları yaratmışdır. Onun səhnədə ilk çıxışı Bakı tamaşaçılarını möhkəm inandırdı ki, müğənni haqqında yazılan rəylərdə heç bir mübaliğə yoxdur, «Kaspi» qəzeti Şalyapinin yaradıcılıq istedadına yüksək qiymət verərək, 1900-cü il 30 mart tarixli nömrəsində yazmışdır:

        «Şalyapinin simasında həm zahiri görünüş, nadir səs, səhnə texnikası, hər bir hərəkət və davranış nəhayət, geyim və qrim həmahəng olub bir-birini tamamlamışdır...».

       Həmin qastrol vaxtı o, Rimki-Korsakovun «Motsart və Salyeri» operasında çıxış etmişdir. O, operada paxıl Salyerinin faciəsini fövqəladə bir ustalıqla, mənalı və təsirli şəkildə açıb göstərmişdir.

       Şalyapinin üçüncü çıxışı 1900-cü il, martın 29-na təsadüf edir. Bu dəfə onun iştirakı ilə Qlinkanın «Ivan Susanin» operasının dördüncü pərdəsi (monastır və meşə səhnələri – Susaninin ölümü) tamaşaya qoyulmuşdur. Bu faciəli səhnəni Şalyapin fövqəladə istedadla ifa etmiş, tamaşaçıları vəcdə gətirmişdi.

       Məlum olduğu kimi, Susanin rus müğənnilərinin repertuarında geniş yer tutan, dramatik müdriliyinin dolğünlüğü baxımından klassik obrazlardan biridir. Şalyapinin məharətli ifasında Susanin öz varlığında bütün bir dövrü əks etdirir, xalq təcəssümünə çevrilirdi. «Kaspi» qəzeti həmin il, 1 aprel tarixli nömrəsində yazmışdı ki, «Şalyapinin səsi itaətkar bir qul kimi onun iradəsinə tabe olurdu. Müğənni öz avazının tam ağası idi. O, oxuduğu ariyaları sözlə ifadə edilməsi çətin olan boyalarla zəniginləşdirirdi».

       Müğənninin 4-cü çıxışı martın 3-da Musorqskinin «Boris Qodunov» operası ilə başladı. Bu opera Bakıda ilk dəfə səslənirdi. Şalyapin bu operada Borisin obrazını da özünə məxsus yüksək səviyyədə yarada bildi.

       F. Şalyapinin Bakıda qastrolu 1900-cü il, martın 31-də son benefis çıxışı ilə başa çatmışdır. Bu dəfə «Faust» operasında Mefistofel rolunu ifa etmişdir. Şalyapin – Mefistofel arasıkəsilmədən dəyişən əhval-ruhiyyənin, rəngdən-rəngə girən xarakterin təcəssümüdür. O, bu obrazın üzərində daim işləmiş, təkmilləşdirmişdir.

       Bu səfərindən sonra on il müddətində Şalyapinin Qafqaza yolu düşməmişdir. 1910-cu ilin sentyabrında isə Rusiyanın cənub şəhərlərinə qastrola çıxarkən o, yenə də Bakıya gəlməyi yaddan çıxarmamışdır. Onu skripkaçalan N.Avyerino və pianoçu F.Keneman müşayiət edirdi. Müğənni 1910-cu il, sentyabrın 22-də Nikitin qardaşlarının sirki yerləşən binada (indiki Nizami küçəsi, 23) yalnız bir dəfə konsert proqramı ilə çıxış edib, pərəstişkarlarını sevindirmişdir. Proqramına, əsasən, rus bəstəkarlarının romans və mahnıları daxil idi.

       ...1915-ci ilin mayı. Şalyapinin Bakıya son səfəri. Bu da təsadüfi deyildi. Çünki hər dəfə onun yubileyi qeyd olunanda, Qafqaza gəlməyi özünə borc bilirdi. Axı, yaradıcılıq meydanına ilk qədəmləri bu diyarla bağlı idi. 1900-cu ildə səhnə fəaliyyətinin 10 illiyi, 1910-cu ildə 20 illiyi yubileyləri təntənəli surətdə bayram edilərkən də Qafqazı yaddan çıxarmamışdı. 1915-ci ildə isə opera teatrında yaradıcılıq fəaliyyətinin 25 illiyi qeyd olundu.

       F. Şalyapin həmin il may ayının 8 və 11-də Mayılov qardaşlarının teatrında (indiki M.F.Axundov adına Opera və Balet Teatrı) konsertlər verdi. Bu iki konsert axşamında müğənni repertuarında geniş yer tutan rus bəstəkarlarından Qlinkanın, Rimski-Korsakovun, Darqomıjskinin, Musorqskinin, Arenskinin, Rubinşteynin, Çaykovskinin, Raxmaninovun, Qlazunovun, Ippolitov-Ivanovun əsərlərini ifa etdi. O, yenə də alqışlarla qarşılandı.

        «Kaspi» qəzeti 1915-ci il 13 may tarixli nömrəsində Şalyapinin konsertlərindən bəhs edərək yazmışdır: «Elə oxudu..., elə müvəffəqiyyət qazandı ki, buna yalnız Şalyapin nail ola bilərdi».

       Dahi müğənni və artist F. Şalyapini bircə dəfə teatr səhnəsində görən, onun səsini eşidən adam, çətin ki, bütün salonu bürüyən sevinci, dərin həyəcanlar aləmini, təşəkkür hissini unuda bilsin.

       Şalyapin sənətinin şöhrət və qüdrəti özündən sonra da yaşamışdır və yaşayır. Artıq, müğənninin təkrarolunmaz səsi çoxdan susmuşdur. Buna baxmayaraq, yeni nəsillər yetişdikcə Şalyapinin həyat və yaradıcılığına maraq daha da qüvvətlənmişdir. Sənətkarın parlaq müvəffəqiyyətlər qazandığı Azərbaycanda onun adı inqilaban əvvəlki Bakının musiqi salnaməsində möhkəm və şərəfli yer tutur.



   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page