ÏÎÐÒÐÅÒËßÐ
MILLI MUSIQI IRSIMIZIN GÖRKƏMLI TƏDQIQATÇISI
Ariz ABDULƏLIYEV
AQŞIN ƏLIZADƏ
Fərəh Əliyeva
DƏYƏRLI ÖMRÜN SƏHIFƏLƏRINDƏN
Kamilə Dadaşzadə
YENILIYIN EHTIRASLI MÜDAFIƏÇISI
Səadət SEYIDOVA
|
|
Bayatı – Azərbaycan bədii-ədəbi təfəkkürünün qədim və cilalanmış məhsuludur. Nədənsə bayatını oxuyanda istər-istəməz onun musiqisini də eşidirsən, onda anlayırsan ki, nəyə görə Azərbaycan dilində oxumaq sözünün iki mənası var; qubarlı niskil də, könül dilləndirən həzinlik də, şimşək kimi çaxan qəzəb də narahat bir ürəyin döyüntüsündən qüvvət alır. Bayatıda xalq öz sevincini, dərdini, bəla və faciəsini, arzu və diləyini, duzlu-məzəli yumorunu, kinayəsini səsləndirib. Nəğmələr, oxşamalar, laylalar, ağılar bayatı üstündə oxunur. Xalq musiqi yaradıcılığının formayaradıcı prinsiplərində, janr təsnifatında da poetik əsas kimi bayatıların «sözü» tutarlı və əhəmiyyətlidir.
A.Əlizadə bayatını təkcə şer forması kimi yox, özündə musiqi ahəngini, əlaqədar olduğu musiqi janrlarının da əlamətlərini, ənənəvi təcəssüm formalarını gəzdirən çoxmənalı forma kimi götürərək, onların müəllif təxəyyülündəki musiqisini «eşitmək», el bayatılarını müasir kökdə və üslubda səsləndirmək istiqamətində uğurlu addım atmışdır. «Bayatılar» kimi «folkor» əsərinin yaranmasının məhz 60-cı illərə təsadüf etməsi də qanunauyğun idi. Müasir musiqi dilinin əlifbasına yiyələnib yeni səpkidə xəlqilik ruhu yaratmaq – «Bayatılar» bu bədii məqsədi yüksək səviyyədə həll etdi.
Beləliklə, 3 mühüm keyfiyyət - klassikçəsinə aydın, mütənasib biçim, ölçü hissi, üslub zövqi, dərindən, kökündən duyulan xəlqilik və bu komponentlərin yeni kəsişmə müstəvisinə yol göstərən unikal intuisiya -A.Əlizadə yaradıcılığının uğurunu təmin etmişdir.
Aqşin Əlizadənin musiqisində insanı cəlb edən gözəlliyin, səmimilik və həyatiliyin sirri onun xalq musiqi sənətinə bağlılığındadır. Milli musiqi nəfəsini, zənginliyini və özünəməxsusluğunu öz əsərlərində hifz edən Aqşin Əlizadə heç vaxt bu zəngin sərvətə qarşı istismarçı, passiv mövqe tutmamışdır. O, xalq musiqi xəzinəsinə xammal ehtiyatı kimi yox, xalqın bədii təfəkkürünün dühası ilə yaranmış, cilalanmış yüksək sənət aləmi kimi pərəstiş edərək ona sonsuz sevgi və qayğı hissi ilə, əsl övlad nəvazişi ilə yanaşır. Aqşin Əlizadənin musiqisində müdrik muğamlarımızın təsirli avazı, döyüşkən cəngilərin harayı, həzin nəğmələrimizin ahəstə zümzüməsi, odlu rəqslərin oynaq ritmləri, aşıq musiqisinin həyatsevər ruhu yaşayır, səslənir. Bəstəkar xalq musiqisinin səciyyəvi məqam – intonasiya dönmələrini, ritmik naxışlarını, janr əlamətlərini böyük məharətlə fərdi üslub konsepsiyasına daxil edir. Aqşin Əlizadə təbiəti, təfəkkür tərzi baxımından lirik bəstəkardır. Onun əsərlərində dolğun, lirik melodiyaların bolluğunu
, təbiət lövhələrinə böyük yer verilməsini də bununla izah etmək olar. Aqşin Əlizadənin lirikası daxilən zəngin və əlvan bir aləmdir. Lirik təbiət peyzajları, məişət səhnəciklərinin sakit əhval-ruhiyyəsi ilə son əsərlərinin lirik səhifələrindəki faciəvi boyalar, çağlayan hisslərin dramatizmi arasında necə də böyük fərq var.
Aqşin Əlizadə daim axtarışda olan, yaradıcılıq üfüqlərini genişləndirən, sənətkarlığını kamilləşdirməyə can atan narahat qəlbli bəstəkardır. Onun musiqi üslubu zaman keçdikcə cilalanır, yeni təmayüllərin və həyat təcrübəsinin təsiri ilə yeniləşir, haradasa başqalaşır; miniatür, yığcam formalar, lirik-pastoral boyalar yerini miqyaslı kompozisiyalara, dramatik-faciəvi ovqatlara verir. Lakin Aqşin Əlizadənin ən müxtəlif dövrlərdə yazılmış əsərlərinin hamısını bir ümumi cəhət birləşdirir: səmimilik, təbiilik, həyata, insana inam, xalqına məhəbbət.
Aqşin Əlizadə vətəninin, doğma torpağının nəğməkarıdır. Onun əsərləri Azərbaycan xalqının qəhrəmanlıq tarixinin səhifələrini canlandırır, füsunkar vətən təbiətini vəsf edir, sadə, qonaqpərvər, məğrur insanlardan söhbət açır. Kamera orkestri üçün şux, oynaq «Aşıqsayağı», odlu nəfəsli «Cəngi», fortepiano üçün yazılmış müdrik düşüncəli «Dastan», əziz xatirə səhifəsi olan «Qoca xanəndə» orqan pyesi, xor üçün xalq poeziyasının gözəlliyini tərənnüm edən «Bayatılar» silsiləsi, vətənə sonsuz sevgi və vurğunluq hissi ilə aşılanmış «Kənd süitası», musiqisində ağrılı-acılı keçmişimizin, mübarizəmizin nəfəsini duyduğumuz Üçüncü, Dördüncü, Beşinci simfoniyalar... Nəhayət həm A.Əlizadənin yaradıcılığında, həm XX Azərbaycan mısiqisində tarixi bir əsər-ilk milli qəhrəmanlıq baleti - "Babəkin" premyerası.
A.Əlizədə XXI əsri yeni əsərlərlə qarşılamışdır. 2002-ci ildə Azərbaycan Dövlət Opera və Balet teatrının səhnəsində bəstəkarın ikinci baleti-«Qafqaza səyahət» tamaşaya qoyulmuş və böyük uğur qazanmışdır. Azərbaycan haqqında bu lirik-poetik hekayəti bəstəkar böyük fransız yazıçısı A.Dümanın dilindən söyləyir. Məlum olduğu kimi,XIX əsrdə Şərq ölkələrinə səyahətə çıxmış A.Düma Qafqazı gəzmiş, Şuşada, Bakıda, Şamaxıda gördüklərini qələmə almışdır. Macəra romanlarının ustasını Azərbaycan xalqının qonaqpərvərliyi, incəsənəti, səfalı təbiəti, tanış olduğu insanlar heyrətə gətirmişdi. A.Əlizadə Dümanın təssüratlarını baletin üç iri səhnəsində canlandırır. «Azərbaycan muğamı», «Atəşgah», «Dümanın xan qızı Natəvan və Xasay xanla görüşü» səhnələri ümumi musiqi dramaturqiyası lövhə prinsipi ilə qurulmuş bir aktlı kompozisiyada əsas məzmunu dolğun açır. Bəstəkar burada da milli musiqi ənənələrinin rəngarəng qaynaqlarından, muğam, mahnı və rəqslərin tanış avazlarından hörülmüş musiqi çələngi yaratmışdır. Dümanı səc
iyyələndirən Avropa qiyafəli, Fransız ruhlu musiqi mövzusu da ümumi musiqi axınında olduqca təbii və həmahənq səslənir. Bəstəkar bu əsərdə müasir xoreoqrafik konsepsiyanın iki mühüm tələbini yüksək səviyyədə reallaşdırmışdır: yadda qalan, yığcam, orijinal süjet xətti və yüksək bədii ümumiləşdirmə dərəcəsinə, teatral obraz konkretliliyinə malik «ümumi hərəkət formullarından» uzaq dinamik musiqi partiturası.
A.Əlizadə ölkəmizin ictimai, musiqi həyatında fəal iştirak edən ziyalılarımızdandır. Keçmiş Sovetlər dövründə Azərbaycanın Ali Sovetinin deputatı kimi o, daim öz xalqının mənafeyindən çıxış edirdi. 1990-cı il yanvar faciəsindən sonra sözün düzünü ən yüksək səviyyələrdə, açıq deməkdən çəkinməyənlər arasında bəstəkar A.Əlizadə də var idi. Yanvar faciəsindən sonra milyonlarla azərbaycanlının qəzəb və etirazını ifadə edən tarixi sessiyanın qərarına səs verənlər sırasında Aqşin Əlizadə də var idi.
A.Əlizadə Azərbaycan musiqi mədəniyyətinin inkişafında ictimai xadim kimi də böyük işlər görür. O, 1979-1985-ci illərdə Azərbaycan Bəstəkarlar Ittifaqı Idarə Heyətinin katibi, 1985-1990-cı illərdə birinci katibi olmuşdur. 30 ildən artıq Bakı Musiqi Akademiyasında, Y.Məmmədəliyev adına Naxçıvan və Türkiyənin Van universitetlərində dərs deyən bəstəkarın musiqiçilər nəslinin yetişməsində böyük xidmətləri var.
Aqşin Əlizadən bəstəkar, şəxsiyyət kimi müasir Azərbaycan cəmiyyətində xüsusi bir nüfuza malikdir. Onun kimi insanlara bu gün böyuk ehtiyac var.
|