ÏÎÐÒÐÅÒËßÐ
MILLI MUSIQI IRSIMIZIN GÖRKƏMLI TƏDQIQATÇISI
Ariz ABDULƏLIYEV
AQŞIN ƏLIZADƏ
Fərəh Əliyeva
DƏYƏRLI ÖMRÜN SƏHIFƏLƏRINDƏN
Kamilə Dadaşzadə
YENILIYIN EHTIRASLI MÜDAFIƏÇISI
Səadət SEYIDOVA
|
|
Azərbaycan musiqi elminin görkəmli nümayəndələri arasında Zemfira Həsən qızı Qafarovanın öz dəsti-xətti, öz yeri var.Böyük Vətən müharibəsinin ağrılı-acılı günlərində dünyaya göz açan həyatın həm xoş, şirin həm də sərt günlərini böyük sevgi,maraq və mətinliklə,mərdliklə qarşılayaq Zemfira xanım ən əvvəl gözəl insani keyfiyyətlərə malik parlaq bir insandır. Hər bir insanı onun vəzifəsindən, həyatındakı tutduğu yerdən asılı olmayaraq sevən və sevməyənlər olur. Mənə belə gəlir ki,hamı üçün can yandırmağı bacaran,başqasının dərdini duyaraq özününki kimi qəbul edən Zemfira xanımı sevənlər əksəriyyət təşkil edir.
Həyatı minnətdarlıqla qarşılamağı bacaran, onun dumanlı günlərinə belə nikbinliklə yanaşan Zemfira xanıma Allah geniş ürək, böyük qəlb, zəka və istedad bəxş etmişdir. O, təbiətən sözün geniş mənasında yaradıcı şəxsdir. Hər bir işə ürəklə yanaşan həmkarımın icrasında görülən iş mütləq öxünəməxsusluğu ilə nəticələnir. Həmişə axtarışlarla dolu, ciddi fikir, duyum, məntiq sahibi olan alim-pedaqoq Zemfira xanım daxilən musiqiliyi, artistizmi ilə seçilir.
Belə bir fikir mövcuddur ki, hər bir insan öz dövrünün yetişdirməsi, ictimai məhsuludur. Zemfira xanımın boya-başa çatıb, musiqişünas-pedaqoq-alim kimi formalaşdığı dövr XX əsrin ortasına, Azərbaycan musiqisinin və elminin gur çiçəklənən dövrünə təsadüf edir. 20-ci əsrin əvvəllərindən başlayan bu prosesdə musiqiçi və musiqişünas kadrların yetişməsi üçün böyük Üzeyir bəyin başçılığı altında bir sıra səmərəli işlər görülmüşdü. Zemfira xanım da mənimlə yaşıd olan həmkarlarımın yaddaşına həkk olmuş həmin zəfərli 60-cı illərin yetişdirmələrindəndir.
Bu gün respublikamızda müvəffəqiyyətlə fəaliyyət göstərən musiqişünaslarımızın əksəriyyəti kimi Zemfira xanım həmin illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil almışdır. Hər bir insanın həyatında keçib gedən günlərin təəssüratı vaxtaşırı canlanır. Onu uzaqlara, gənclik illərinə aparır, həm şirin, həm də nastolji hisslər oyadır. 60-cı illərdə görkəmli bəstəkar Cövdət Hacıyevin rektorluq etdiyi Azərbaycan Dövlət Konservatoriyasının böyük axtarışlara yol açan, işgüzar, yaradıcı hisslərlə dalğalanan abu-havası mənim və həmkarımın yaddaşından silinməzdir.
Zemfira xanım bu cür elm, bilik, musiqi, yaradıcılıq iddiası ilə çulğalanan atmosferdə böyük müəllimlərindən dərs alıb yetkinləşmişdir. Mühit əhatəsi və məktəblə yanaşı hər bir insanın həyatında onun sima kəsb etməsində ailənin rolu əvəzsizdir. Respublikanın adlı sanlı rəssamları olan Zemfira xanımın atası Haqverdiyev Həsən Əli oğlunun və anası Mustafayeva Güllü xanımın bədii yaradıcı istedadları onların uşaqlarının peşə seçimini müəyyənləşdirir. Qeyd etməliyik ki, Güllü xanımın qardaşı Ramiz Mustafayev də Respublikamızın görkəmli bəstəkarıdır. Musiqi, rəsm mühitində böyüyən uşaqlar musiqiyə üstünlük verirlər. Dünyasını çox tez, vaxtsız dəyişən qardaşı Əli Həsən oğlu Haqverdiyev həm gözəl rəssam, həm də peşəkar vokalçı, M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının nadir səsə malik olan solisti idi. Zemfira xanımın bacıları da musiqiçidirlər.
Zemfira xanım 1961-ci ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib, həmin ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tarix-nəzəriyyə şöbəsinə daxil olur.1966-cı ildə əla qiymətlərlə musiqişünas diplomuna layiq görülür. 30 ildən artıqdır ki, Zemfira Qafarova Bakı Musiqi Akademiyasının musiqi tarixi kafedrasının aparıcı müəllimi, professorudur. O, 10 il müddətində (1981-1991) tarix-nəzəriyyə fakultəsinin dekanı vəzifəsində çalışıb.Bu vəzifədə çalışdığı illərdə tələbələrə göstərdiyi qayğı indi də o dövrün məzunlarının yadındadır. Onun adı sevilən,seçilən müəllimlər cərgəsindədir. Xasiyyətinin mülayimliyi, iş başında ciddi addım atmaq bacarığı onun özünəməxsus insanpərvər prinsiplərə bağlılığına, mövqeyinə dəlalət edir.Bu kimi cizgiləri ona həmkarlarının hörmətini qazandırıb. Zemfira xanımın simasında ana, müəllim, alim xüsusiyyətləri cəmlənmişdir. Dərin biliyini tələbələrindən əsirgəməyən onlara göstərilən valideyin qayğısı, Azərbaycan musiqisinin milli nailiyyətlərini açıb
tanıtmaq,bəstəkarlarımızı ardıcıllıqla öz yazılarında təbliğ etmək onun pedaqoji və elmi fəaliyyətini səciyyələndirir.
O, 1984-cü ildə müvəffəqiyyətlə namizədlik dissertasiyasını müdafiə edərək sənətşünaslıq namizədi dərəcəsinə layiq görülür, pedaqoji fəaliyyətlə yanaşı elmi fəaliyyətini də genişləndirir. Musiqişünas Zemfira Qafarovanın istedadlı qələmi bir sıra bəstəkarlarımızın həyat yaradıcılıqlarını, əsərlərinin üslub xüsusiyyətlərini işıqlandırmışdır. Onun Ramiz Mustafayevə, Tofiq Bakıxanova, Hacı Xanməmmədova, Şəfiqə Axundovaya həsr etdiyi monoqrafiyaları, Ü.Hacıbəyovun «Koroğlu» operası üzrə tədqiqat işi və sonradan onun əsasında hazırlanan «Koroğlu» dərs vəsaiti, bir sıra məruzə çıxışları və məqalələri peşəkar musiqiçilərin və musiqisevərlərin nəzər diqqətində olub Azərbaycan milli musiqisinin təbliğinə qulluq edir.
Gözəl insan, yüksək səviyyəli musiqişünas bu gün Türkiyənin Ederne şəhərində çalışır. Orada da türk balalarına musiqi, bilik aşılayır.
Mən Zemfira xanımı 60 illik yubileyi münasibətilə «Musiqi dünyası» jurnalının səhifələrindən təbrik edib öz arzularımı ona çatdırmaq istəyirəm.
Arzu edirəm ki,onun həyatsevərliyi daimi olsun, nikbinlik onu tək buraxmasın.Bu gün etikanın tükəndiyi bir vaxtda onun daxili və elmi etikası tükənməz, elmi axtarışları uzunmüddətli və uğurlu həyat aktivliyi daha da dinamik olub, onun yaxınlarını və onu sevənləri daha da sevindirsin.
Mən Zemfira xanımın ailəsini də təbrik edir, onlara Zemfira xanımla birlikdə uzun və xoşbəxt ömür diləyirəm.
|