T.M.: – Sizcə, bu qədər musiqiçinin işlə təminatı məsələsində çətinlik yaranmayacaqmı?
S.K.: - Biz musiqiçi yetişdirəndə kəmiyyəti deyil, keyfiyyəti düşünməliyik. Qəbul imtahanlarında da abituriyentlərin hazırlıq səviyyəsinə çox ciddi yanaşırıq. Uşaq musiqi məktəblərini deyil, onbirillik orta ixtisas məktəblərini və musiqi texnikumunu bitirmiş gəncləri Milli Konservatoriyaya qəbul edirik. Mütləq harmoniya və solfeciodan imtahan verməlidirlər, dirijorluq ixtisasına qəbul olunanlar polifoniyanı bilməlidir.
Belə bir fikrimiz var ki, rayonlarda musiqi məktəblərinin səviyyəsini qaldırmaq üçün məzunlarımızı təyinatla rayonlara işləməyə göndərək. Bu təcrübədən qabaqlar istifadə olunurdu, yaxşı nəticələr verirdi. Indi də Mədəniyyət Nazirliyi və Təhsil Nazirliyi ilə bunun həyata keçirilməsi haqqında danışıqlara başlamışıq.
T.M.: – Əlbəttə ki, bütün bunlar yaxşı başlanğıcdır. Bəs milli musiqi mədəniyyətinin qorunması və gələcək nəsillərə ötürülməsini nədə görürsünüz?
S.K.: – Milli Konservatoriya barədə söhbət düşəndə çox adam bizim fəaliyyətimizin yalnız muğamatla məhdudlaşdığını düşünür. Lakin biz tədricən yeni ixtisas sinifləri açmağı planlaşdırırıq – milli caz, milli estrada və s. Bu il bəstəkarlıq ixtisasına qəbul üçün elan vermişik. Bakı Musiqi Akademiyasından fərqli olaraq, bizdə bu ixtisasa qəbul olunmaq istəyən abiturientdən muğamı bilməsi və onun hər hansı bir alətdə ifa edilməsi tələb olunur. Əlbəttə ki, muğamı bir-iki günə əzbərləyib imtahana gəlmək olmaz. Onu qəlbən hiss etmək və illərlə öyrənmək lazımdır. Yalnız bu yolla milli musiqimizi dərindən duyan və onu irəli apara bilən bəstəkarlar, musiqiçilər yetişdirmək olar. Beləliklə, biz bu il bəstəkarlıq, dirijorluq, milli nəfəs alətləri ixtisaslarına da digər xalq çalğı alətləri ixtisasları ilə yanaşı, qəbul keçirəcəyik. Ancaq hələlik saz və aşıq sənəti üzrə qəbula hazır deyilik.
T.M.: – Texniki bazanız nə vəziyyətdədir?
S.K.: – Bizim bir neçə binamız var. Musiqi gimnaziyasının binası yaxşı vəziyyətdədir. Musiqi texnikumunu da yeni binaya köçürmüşük. Milli Konservatoriyanın əsas binası keçmiş tibb işçiləri mədəniyyət sarayında yerləşir. Həmin binanı təmir etməyi, yeni yüksək tələblərə cavab verən səviyyəyə çatdırmağı, otaqları müasir avadanlıqlarla, səsyazma texnikası ilə, kompüterlərlə təmin etməyi nəzərdə tutmuşuq. Artıq təmir üçün vəsait ayrılıb, layihələr hazırlanıb, inşallah, yetirsək, bu sentyabrda binanın açılışını təntənəli surətdə keçirmək fikrindəyik.
Müvəqqəti olaraq, biz Musiqi Kollecinin köhnə binasında işləyirik. Gələcəkdə isə bu binada milli musiqi mədəniyyəti mərkəzini yaratmağı planlaşdırmışıq.
T.M.: – Elmi baza nəyə əsaslanır?
S.K.: – Biz hələlik tədris işlərini sahmana salmaqla məşğuluq. Hələlik elmi işlər üzrə prorektorumuz yoxdur. Lakin Təhsil Nazirliyinin razılığı ilə elmi laboratoriya təşkil etmişik. Hələ ki, fəaliyyətimizi genişləndirməmişik. Çünki cəmi 6-7 aydır ki, işə başlamışıq. Ancaq bu müddət ərzində Beynəlxalq musiqi festivalı və elmi konfrans keçirmişik. Tədricən işlərimizi sistemə salırıq. Planlarımız, əlbəttə ki, çox böyükdür. Bütün bunların həyata keçməsi üçün vaxt lazımdır. Ilk növbədə, savadlı, bacarıqlı tələbələrdən musiqiçi kadrlar yetişdirməliyik.
Qeyd edim ki, Daşkənddə, Türkiyənin, Almaniyanın, Fransanın bir sıra şəhələrində milli konservatoriyalar vardır. Biz onların işi ilə maraqlanırıq, əlaqələr yaradırıq, onların təcrübəsindən bəhrələnməyə çalışırıq.
T.M.: – «Harmoniya» və «Solfecio» fənlərinin tədrisi necə, o da milli melos əsasında qurulur və yaxud ümumi klassik musiqiyə əsaslanır?
S.K.: – Əlbəttə ki, biz bu fənlərinin tədrisində ənənəvi olaraq, klassik musiqiyə əsaslanırıq, o cümlədən, milli musiqidən də istifadə olunur. Düzdür, belə bir fikir kök salıb ki, Azərbaycan musiqisi birsəslidir. Lakin mən deyərdim ki, bizim musiqinin harmonik imkanları da çox genişdir. Mənim belə bir ideyam var. Belə ki, mən Mərakeşdə ud alətində akkordlarla çalğı tərzini eşitmişəm. Çox istərdim ki, bunu bizdə də tətbiq edək. Düzdür, bunun üçün xaricdən mütəxəssis dəvət etmək lazımdır, bu da çox böyük pul vəsaiti tələb edir. Hələlik bu, mümkün deyil. Ancaq nə vaxtsa mən bu ideyanı həyata keçirmək fikrindəyəm.
T.M.: – Siz bəstəkar və ifaçı kimi də fəaliyyət göstərirsiniz. Vaxtilə görkəmli sənətkarlarla çalışmısınız. Onların sizə təsiri haqqında bir qədər danışardız.
S.K.: – Bu baxımdan mənim bəxtim gətirib. Çünki mənim ilk müəllimim görkəmli tarzən Əhsən Dadaşov olub. Təbii ki, onun dərsləri, sənət haqqında söhbətləri mənə çox böyük təsir göstərib. Sonra dahi bir sənətkarla – Rəşid Behbudovla birgə işləmək səadəti mənə nəsib olub. Rafiq Babayevlə isə biz günün çox hissəsini bir yerdə olurduq, məşq edirdik. Mənim musiqiçi kimi yetkinləşməyimdə onun zəhməti, rolu böyükdür. Bundan sonra mən Polad Bülbüloğlu ilə, «Aşıqlar» qrupu ilə uzun müddət çalışmışam. Bütün bu sənətkarlar mənimçün bir etalon olub.
Son illərdəki ifaçılıq fəaliyyətimdə isə mən daha çox xarici musiqiçilərlə əlaqə yaratmağa çalışıram. Belə hallar çox olur ki, bizim muğam ifaçıları müxtəlif ölkələrdə, müxtəlif millətlərdən olan dinləyicilər qarşısında çıxış edirlər. Sonra isə onların muğamı necə gözəl başa düşdüyü haqqında danışırlar. Ancaq bu belə deyil axı. Xaricilər muğama ekzotika kimi baxırlar. Onu başa düşmürlər. Mən çalışıram ki, milli musiqimizi digər xalqların musiqisinə inteqrasiya edim. Məsələn, Latın Amerikası xalqlarının musiqiçiləri ilə əlaqə yaradaraq, bu yolla başqa ölkənin dinləyicisini bizim musiqini qavramaq üçün hazırlayım. Bu sahədə bəzi işlər görmüşəm. Məsələn, Norveç xoru ilə yaradıcılıq əlaqəmiz gözəl bəhrəsini verib, bu ölkədə Azərbaycan musiqisinə böyük maraq yaranıb.
T.M.: – Müasir qloballaşma dövründə kompüter texnologiyasının inkişafı, internetin imkanları dünyanın müxtəlif xalqları arasında əlaqə yaranmasına yardım göstərir. Kommunikasiya ikişaf etdikcə, insanların ünsiyyəti də artır. Belə bir dövrdə milli dəyərlərimizin qorunması və sonrakı nəsillərə ötürülməsi məsələsinə siz necə baxırsınız. Çünki qərb mədəniyyəti bizim informasiya məkanına total şəkildə daxil olur. Beynəlmiləlçilik simbiozu yaranır. Qərb mədəniyyətinin güclü təsiri altında formalaşan bu günkü nəsil sabah milli dəyərlərimizə qarşı biganə qalmayacaqmı?
S.K.: – Mənə belə gəlir ki, musiqi bütün dövrlərdə öz sözünü deyəcək. Biz isə professional musiqiçilər kimi, Azərbaycan musiqisinin qüdrətini bütün dünyaya nümayiş etdirməliyik. Indi musiqi mədəniyyətinin səviyyəsinin endiyi barədə çox söhbətlər gedir. Bir amili yaddan çıxarmaq olmaz: xalqın musiqi zövqünü düzgün tərbiyələndirmək lazımdır. Dövlətimiz tərəfindən mədəniyyət sahəsinə ciddi diqqət yetirilir. Çünki mədəniyyət xalqı dünyaya tanıdan birinci amildir. Biz öz mədəniyyətimizi yüksəltməliyik və bu yolla özümüzü dünyaya tanıtmalıyıq.
T.M.: – Bizim «Musiqi Dünyası» jurnalımızın da bu işdə müəyyən rolu var. Jurnalın 200 tirajla çıxmasına baxmayaraq, internetdə, son göstəriciyə görə, bu jurnalın müxtəlif ölkələrdə 4270 oxucusu var. Sizin «Musiqi Dünyası» jurnalına arzularınız?
S.K.: – Ilk növbədə, mən bu jurnala daha böyük auditoriya arzulayıram. Və istərdim ki, Milli Konservatoriya haqqında məlumatlara da jurnalın səhifələrində yer ayırasınız. Siz, əlbəttə ki, çox xeyirxah iş görürsünüz, musiqi mədəniyyətimiz haqqında informasiyaları bütün dünyaya yayırsınız. Bu, çox təqdirəlayiqdir. Bizim çox zəngin mədəniyyətimiz var. Musiqimiz isə mədəniyyətimizin tacıdır.
Materialı hazırladı:
Çəmilə HƏSƏNOVA