Yeri gəlmişkən, bəstəkarın 1983-cü ildə çap olunmuş əsərlər toplusunda getmiş bu mahnının mövzu aktuallığı artıq arxaikləşibdi. Görünür, nə şair, nə də bəstəkar bu seçimi edəndə bu tarixi amili nəzərə ala bilməmişdir. Bu zaman belə əsərlər artıq sovet himnoqrafikasından çıxmaqda idi. Başqa sözlə, bu illərdə «kommunizmin günəşi» artıq çoxdan zenit nöqtəsini keçmiş və qüruba yaxınlaşırdı. Görünür, totalitar düşüncə tərzinin taleyini vaxtında anlayıb, ondan uzaqlaşmaq fəhmi dahi D.Şostakoviç kimi hər sənətkara müyəssər olmamışdır. Əlbəttə, bu asan iş deyildir. Çünki bu, musiqidə dünyagörüşü problemidir. Lakin həll edilməyən problem yoxdur, yalnız onu həll edə bilməyənlər var. Bizcə, bu postulatı bəstəkarlarımızın xeyli hissəsinə müncər etmək olar. Çünki totalitar-siyasi tilsimə düşmək çoxlarının yaradıcılığına xas olmuşdur. Lakin hər halda keçən əsrin 80-ci illərində çap olunmuş aşağıdakı misraların tilsiminə düşmək faktı tənqidə layiqdir:
M. Mirzəyev "Bizim nəsillər"
M. Mirzəyev "Qardaşlığın qüdrəti"
M.Mirzəyev "Bakı haqqında mahnı"
Bilir ana yurdumuz
Gənc Leninçi ordumuz
Kommunistlər nəsli tək
Mətin boy atacaqdır.
Sabah ulduza, aya,
Neçə uzaq dünyaya
Yerdən salam aparıb
Yenə qayıdacaqdır.
Bəli, bu primitiv leksika yalnız keçən əsrin
50–60-cı illərində mümkün idi.
Eyni iradı M.Mirzəyevin «Bizim nəsillər», «Gənclik ordusu», «Qardaşlığın qüdrəti», «Bakı haqqında mahnı» və bu tipli ritorik mahnılarına aid etmək olar.
Totalitar mədəniyyət metodologiyasına-qabaqcadan yuxarıdan ideokratik istiqamətdə sifariş verilmiş, onun rəsmi təhrikinə, şirnikləndirilməsinə, nəzarətinə və mükafatlandırılmasına əsaslanan sənət əsərlərinin sovet epoxasında meydana gəlməsi sindromundan yaxa qurtarmaq heç bir görkəmli sənətkara-bəstəkara, yazıçıya, şairə və s. müyəssər olmamışdır. Əlbəttə, bu rəsmi-total, ümumi, tipik vəziyyətin hakim olduğu sovet dövründə də sənət inciləri yaradılmışdır. Istedadlı sənətkarlar həyatın qeyri-siyasi və qeyri-totalitar istiqamətlərində, xalqın mənəvi-ekzistensial mənliyini, bütövlüyünü əks etdirən əsərlər ortaya çıxarmışlar. Əgər faklara differensial meyarlardan yanaşsaq Ü.Hacıbəyovun, Q.Qarayevin, Niyazinin, F.Əmirovun, V.Adıgözəlovun və başqalarının qeyri-totalitar məzmunlu əsərləri şedevrlər kimi əbədi yaşayacaqlar. «Leyli və Məcmun», «Arşın mal alan», «O olmasın, bu olsun», «Yeddi gözəl», «Min bir gesə», «Məhəbbət əfsanəsi» və s. bu qəbildəndir. T.Quliyevin m
ənəvi-ekzensial mahnıları əbədi həyat kəsb etmişdir. Lakin bu dahi mahnınəvisin «Lenin ordenli Bakı» mahnısı, R.Hacıyevin «Gəncliyimiz», M.Mirzəyevin «Bakı haqqında mahnı»sı, A.Rzayevin «Kommunizmə gedən yollar» mahnısı və s. bu növ siyasi-totalitar məzmunlu əsərlər artıq arxaiq hadisələr kimi tarixə düşmüşdür.
Artıq belə ritorika müasir, liberal düşüncəli insanların leksikasına və estetik zövqünə nüfuz edə bilməz. Məsələn, aşağıdakı parçada olan kimi:
T. Quliyev. "Lenin ordenli Bakı"
R. Hacıyev "Gəncliyimiz"
A.Rzayev. "Kommunizmə gedən yollar"
Kommunizmə gedən yollar
xalqın vüqarından keçər
Kommunizmə gedən yollar
ömrün baharından keçər…
Rəşadətlə, səadətlə doludur,
Ən müqəddəs, ən şərəfli yol odur.
Yer üzündə milyonların yoludur,
Kommunizmə gedən yollar…
Bəstəkar və şairlərimizin Lenin, partiya, Oktyabr, komsomol, rus xalqı və s. haqqında çoxsaylı nəğmələri Azərbaycan musiqisinin inkişaf tarixində çox böyük bir mərhələnin mentalitetini, spesifikasını özündə əks etdirmişdir. Bu tarixi amili nəzərə almasaq, musiqi mədəniyyətimizin bu dövründəki sosial-siyasi sifarişə məruz qalmasının səbəb-nəticə əsaslarını öyrənməsək, mənəvi dünyamızın sənət təzahürlərinin differensiallaşdırıb təhlil etməsək, musiqişunaslığımız və sənət estetikamız öz tarixi adekvatlığını tapmayacaqdır.
(ardı var)